Pakistanın Lahor şəhərindəki kimsəsiz uşaq evi-Ancuman Süleymaniya məktəbində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi ilə humanitar aksiya keçirilmişdir

 

 

Pakistanın Pəncab əyalətinin Lahor şəhərindəki kimsəsiz uşaq evi-Ancuman Süleymaniya məktəbində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi ilə humanitar aksiya keçirilmişdir.

Bu münasibətlə təşkil olunmuş tədbirdə çıxış edən Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın bütün əyalətlərində səhiyyə, təhsil və humanitar sahələrdə silsilə aksiyalar keçirildiyini diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, Fond xüsusilə kimsəsiz uşaqlara hər zaman diqqət və qayğı göstərir.

Səfir daha sonra fondun adından hər bir uşağa hədiyyələr vermiş, məktəbdə aparılan yenidənqurma işlərinə Heydər Əliyev Fondunun maliyyə yardımını təqdim etmişdir.

Məktəbin vitse-prezidenti Rauf Xalid Mustafa Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Pakistanda həyata keçirilən humanitar tədbirlərə görə minnətdarlığını bildirmişdir. R.X.Mustafa demişdir ki, kimsəsiz uşaqlara göstərilən bu diqqət və qayğı Mehriban Əliyevanın humanistliyinin, islam dəyərlərinə sadiqliyinin, həmçinin qardaş Pakistan xalqına məhəbbətinin göstəricisidir.

İcraçı direktor Şahida Riaz tədbir iştirakçılarına məktəbin fəaliyyəti haqqında məlumat verərək bildirilmişdir ki, kimsəsiz uşaq evində 100 nəfərdən çox şagird təhsil alır. Hazırda məktəbdə yenidənqurma işləri aparılır, ərazidə yeni yaşayış və təhsil binaları tikilir. Heydər Əliyev Fondunun göstərdiyi maliyyə yardımı da məhz bu işlərə sərf olunacaqdır.

Daha sonra uşaqlar səhnəciklər nümayiş etdirmiş, mahnılar oxumuşlar.

Mərasimin rəsmi hissəsindən sonra tədbir iştirakçıları uşaq evinin yaşayış və tədris binaları, burada aparılan yenidənqurma işləri ilə tanış olmuşlar.

Tədbirin sonunda jurnalistlərə müsahibə verən səfir D.Şikarov Azərbaycan və Pakistanın dostluğu, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan uğurlu daxilixarici siyasət və Heydər Əliyev Fondunun fəaliyyəti haqqında danışmışdır.

 

Qulu Kəngərli

AzərTAc-ın xüsusi müxbiri

Lahor

Azərbaycan.-2014.- 15 aprel.- S.6.