HEYDƏR ƏLİYEV YOLU: Naxçıvan reallıqları

 

Naxçıvan Muxtar Respublikası-90

 

Azərbaycan tarixinin ən şərəfli dövrü olan dövlət müstəqilliyi mərhələsinin taleyində, möhkəmləndirilməsində və gələcək inkişafında ümummilli lider Heydər Əliyevin milli dövlətçilik təlimi dayanır. Hələ keçmiş sovet hakimiyyəti illərində görkəmli dövlət xadimi Heydər Əliyev böyük uzaqgörənliklə həyata keçirdiyi düşünülmüş tədbirlərlə ölkəmizi və xalqımızı dövlət müstəqilliyinə doğru hazırlamışdır. Heydər Əliyevin Sovetlər İttifaqı dövründəki müdrik və cəsarətli siyasəti milli dövlətçilik təliminin möhkəm bünövrəsini təşkil edir.

Eyni zamanda Heydər Əliyevin böyük dühası ilə Azərbaycan xalqının müstəqil dövlətçiliyinin konsepsiyası formalaşdırılmışdır. Tale Heydər Əliyevə möhkəm strateji əsaslara malik olan həmin konsepsiyanı həm də həyata keçirmək imkanı yaratmışdır. Böyük dövlət xadimi Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin əsaslarını hazırlamaq mərhələsində olduğu kimi, bu tarixi milli missiyasını həyata keçirmək yollarında da qeyri-adi cəsarət, müdriklik və uzaqgörənlik nümayiş etdirmişdir.

Qətiyyətlə demək olar ki, çox çətin, mürəkkəb, keşməkeşli yollardan keçərək Azərbaycanın dövlət müstəqilliyinin formalaşdırılması, bütün sahələr üzrə inkişafın ən mühüm təməllərinin yaradılması, milli ideologiyanın, azərbaycançılıq siyasi təfəkkürünün meydana qoyulması və azərbaycançı cəbhənin mövqeyinin möhkəmləndirilməsi Heydər Əliyev iradəsinin real təzahürləridir. XX əsrin sonları, XXI yüzilliyin başlanğıcında Azərbaycanın dövlət müstəqilliyinin taleyində Heydər Əliyevin çoxcəhətli, qəti və məqsədyönlü fəaliyyəti ilə müqayisə oluna biləcək başqa bir qüvvə, siyasi şəxsiyyət və ya konkret bir cəbhə təsəvvür etmək mümkün deyildir. Dövlət müstəqilliyinin formalaşdırılması və möhkəmləndirilməsi baxımından Azərbaycan xalqının üzərinə hansı məsuliyyətli vəzifələr düşürdüsə, görkəmli dövlət xadimi Heydər Əliyev hamısını həyata keçirmiş, ölkəsi və xalqı adından tələb olunan bütün hünərin və fədakarlıqların, sözün əsl mənasında qəhrəmanlığın nümunəsini göstərmişdir. Bütün bunlara görə müstəqil Azərbaycan dövlətinin qazandığı tarixi nailiyyətlər, böyük zəfərlər ümummilli lider Heydər Əliyev dühasının təntənəsidir. Azərbaycan Prezidenti İlham Əliyev həm beynəlxalq münasibətlər səviyyəsində, həm də ölkə reallıqları miqyasında Heydər Əliyev yolunun yaradıcılıqla, dünyada və ölkəmizdə gedən proseslərlə üzvi əlaqədə davam və inkişaf etdirilməsinin möhtəşəm nəticələrini dünyaya təqdim edir.

Möhtərəm Prezident İlham Əliyevin Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Respublikasına səfəri, həmin səfər çərçivəsində baş verən mühüm hadisələr, muxtar respublikanın 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdəki nitqi, hər şeydən əvvəl, ölkəmizin inkişafında Heydər Əliyev yolunun rolunu və əhəmiyyətini bir daha real şəkildə nümayiş etdirməyə böyük imkan yaratmışdır. Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə söylədiyi fikirlər ölkə miqyasında, o cümlədən də Naxçıvanda Heydər Əliyev yolunun dərin mənasını, böyük mahiyyətini ümumiləşmiş şəkildə ifadə edir: "Ulu öndərin Azərbaycan tarixində rolu əvəzsizdir. Şəxsiyyətlərin tarixdə rolu haqqında çoxlu kitablar, elmi əsərlər yazılmışdır. Ulu öndərin həyat və fəaliyyəti onun siyasəti şəxsiyyətlərin tarixdə rolu haqqında kifayət qədər geniş material verir. Bu böyük şəxsiyyətin rolu o qədər əhəmiyyətli və dəyərlidir ki, bu gün müstəqil Azərbaycan dövləti ulu öndərin siyasəti, cəsarəti, uzaqgörənliyi sayəsində inkişaf edir, yaşayır".

Bu sözlərdə bütövlükdə Azərbaycan üçün, tarix və gələcək üçün mühüm əhəmiyyətə malik böyük reallıqlar əksini tapmışdır. Bununla belə, Prezident İlham Əliyevin iştirak etdiyi və nitq söylədiyi dövlət əhəmiyyətli tədbirlərin demək olar ki, hamısında səsləndirdiyi və əsas leytmotivi, ana xətti təşkil edən bu fikirlərin ölkəmizin mühüm bir parçası olan Naxçıvan Muxtar Respublikasında ifadə edilməsinin özünəməxsus böyük mənası və tarixi əhəmiyyəti vardır.

İlk növbədə ona görə ki, Azərbaycanın dövlət müstəqilliyi taleyində görkəmli dövlət xadimi Heydər Əliyevin həyatı və fəaliyyətinin Naxçıvan dövrü xüsusi əhəmiyyətə malikdir. Əvvəla, ulu öndər Heydər Əliyev hələ sovet hakimiyyəti dövründən etibarən Azərbaycanın ən həssas nöqtələrinə, ölkənin paytaxtında dövlət strukturlarında milli kadrların yerləşdirilməsinin genişləndirilməsinə, beləliklə, azərbaycançılıq düşüncəsinə real təminat əldə olunmasına, Dağlıq Qarabağın sosial-iqtisadi inkişafının möhkəmləndirilməsinə xüsusi diqqət yetirdiyi kimi, Naxçıvan Muxtar Respublikasının inkişaf etdirilməsinə də ümummilli vəzifələr səviyyəsində böyük qayğı göstərib, ölkənin maraqlarını qorumuşdur.

İkincisi isə müstəqillik dövründə Heydər Əliyevin Naxçıvanda yaşayıb çalışdığı, Naxçıvan Muxtar Respublikasının rəhbəri olduğu illərdə Azərbaycan üçün çox əhəmiyyətli olan ölkənin ərazi bütövlüyünün təmin edilməsində böyük tarixi vəzifələri şərəflə həyata keçirmişdir.

Azərbaycanın bu diyarının - Naxçıvanın mürəkkəb hərbi-siyasi şəraitdə işğaldan xilas olmasının ən başlıca səbəbi Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi xalqı öz ətrafında birləşdirərək, region dövlətləri ilə əlaqələri möhkəmləndirərək, böyük güclərin təcavüzünə qarşı müqavimət hərəkatına bacarıqla rəhbərlik etməsi idi. Sözün böyük və gerçək mənasında işğaldan xilas edilib, Azərbaycan torpağı kimi qorunub saxlanılan Naxçıvan Muxtar Respublikası görkəmli dövlət xadimi Heydər Əliyevin müstəqil dövlətimizə çox mühüm ərmağanı, ölkə və xalq qarşısında böyük xidmətidir.

Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunmuş təntənəli mərasimdəki nitqində həmin tarixi proseslərin mühüm nəticələrini ümumiləşmiş şəkildə bir daha yada salması Heydər Əliyev yolunun milli tariximizdəki rolunun əhəmiyyətinə diqqəti cəlb etmək üçün ibrətamiz faktlardır: "Məhz 1990-cı illərin əvvəllərində Naxçıvanın taleyi həll edilirdi. Əgər o illərdə Heydər Əliyev Naxçıvanda olmasaydı və naxçıvanlılar ulu öndərin ətrafında sıx birləşməsəydilər, Naxçıvanın taleyi çox ağır ola bilərdi. Çünki artıq erməni millətçiləri Azərbaycana qarşı işğalçı siyasətini başlamışdılar və onların məkrli planlarında Naxçıvanın işğalı da var idi... O vaxtkı Azərbaycan rəhbərliyi də Naxçıvana ögey münasibət bəsləyirdi... Naxçıvanda sabitliyi pozmaq və vəziyyəti gərginləşdirmək üçün çox çirkin əməllər edirdi. Ancaq naxçıvanlılar həmişə olduğu kimi müdrikliyini göstərərək ulu öndərin ətrafında yumruq kimi sıx birləşdilər və həm erməni işğalına tutarlı cavab verdilər, onları yerində oturtdular, həm də Azərbaycanın mərkəzi hökumətinə də öz etiraz səslərini qaldıraraq bildirdilər ki, Naxçıvanda o məkrli ssenari keçməyəcəkdir".

Həqiqətən də 1990-1993-cü illərdə həm Ermənistan tərəfindən ardıcıl olaraq hərbi həmlələrə məruz qalan, həm də o zamankı ölkə rəhbərliyi tərəfindən sıxışdırılan, təzyiq göstərilən Naxçıvan tarixin ən çətin sınaqlarını yaşamalı olmuşdur. Böyük dövlətlərdən güc və yardım alan Ermənistanın hərbi müdaxilələrlə yanaşı, muxtar respublikaya enerji verilməsini kəsməsi şəraitində 1992-ci ilin çox sərt keçən qışının çətin sınaqları, mərkəzi hökumətin ikinci cəbhə açmaq adı ilə Naxçıvanı hərbi oyunlara cəlb etmək niyyətini həyata keçirtmək üçün atdığı addımlar, Naxçıvanı "kor bağırsaq" kimi kəsib atmaq çağırışları, ölkə üzrə yaranan iqtisadi böhranı Naxçıvanda daha dərinləşdirmək cəhdləri kimi hadisələr həmin dövrün tarixi reallıqlarıdır. Yaranmış mürəkkəb hərbi-siyasi və ağır iqtisadi vəziyyətdən xalqı çıxarmağın ən mümkün, arzuolunan real və şərəfli yolu zəngin təcrübəyə, möhkəm siyasi iradəyə malik olan böyük xilaskar Heydər Əliyevin liderliyi ətrafında birləşməkdən və onun rəhbərliyi ilə mübarizə aparmaqdan ibarət idi.

Həmin tarixi proseslərin yaşandığı bütün gərginliklərin içərisində olmuş, böyük öndərin sınaqlardan çıxmış sadiq silahdaşı, Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi əsl sədaqət və əməlpərvərlik nümunəsi göstərən Ali Məclisin Sədri Vasif Talıbov da rəsmi dövlət mərasimindəki çıxışında keçilmiş 90 illik yola mərhələlər üzrə nəzər salarkən ümummilli lider Heydər Əliyevin mühüm xidmətlərini dərin məntiqlə və ümumiləşmiş şəkildə, böyük borc duyğusu ilə ifadə etməyi zəruri hesab etmişdir: "1990-cı ilin iyul ayında Moskvadan Naxçıvana gəlməsi, burada siyasi fəaliyyət göstərməsi muxtar respublikanı siyasi oyunlardan, ərazisini erməni işğalından, muxtariyyatını isə ləğv olunmaq təhlükəsindən xilas etdi".

Üçüncüsü isə Naxçıvan Muxtar Respublikasının 90 illik yubiley tədbirlərində haqlı olaraq dəfələrlə etiraf olunduğu kimi, Heydər Əliyevin həyatı və fəaliyyətinin Naxçıvan dövründə həyata keçirdiyi tale yüklü tədbirlər, qəbul etdiyi tarixi qərarlar, imzaladığı qiymətli siyasi sənədlər bütövlükdə Azərbaycan Respublikası üçün əhəmiyyətli və zəruri idi.

Müstəqilliyin başlanğıc illərində Heydər Əliyevin simasında Naxçıvan Azərbaycanın əsl dövlətçilik məktəbi funksiyasını həyata keçirmişdir.

Heydər Əliyevin həyatı və fəaliyyətinin Naxçıvan dövrü Azərbaycanın dövlət müstəqilliyinin baş məşqinə çevrilmişdir.

Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dərsləri geniş mənada Azərbaycanda müstəqil dövlətçilik ideyasının əsas konsepsiyası kimi qəbul olunmağa layiqdir.

O dövrdə həyata keçirilmiş qərarlar həm Naxçıvan Muxtar Respublikasının taleyində, həm də bütövlükdə Azərbaycanın gələcək inkişafı üçün böyük tarixi hadisələrdir. Ona görə də Heydər Əliyev mərhələsinin dərsləri diqqət mərkəzinə çəkilmədən nəinki Naxçıvan Muxtar Respublikasının 90 illik inkişaf və mübarizə yolunu, ümumiyyətlə Azərbaycanın müstəqil dövlətçilik tarixini düzgün qiymətləndirmək mümkün deyildir. Bu, Azərbaycan naminə, müstəqil Azərbaycan dövləti uğrunda aparılan böyük mübarizənin əsas tərkib hissəsi olan möhtəşəm tarixdir. Bu mənada Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi tədbirləri Azərbaycanın müstəqil dövlətçilik tarixinin Heydər Əliyev epoxasının təhlili və qiymətləndirilməsi, ölkə ictimaiyyətinə, yeni nəsillərə çatdırılması baxımından daha böyük meydandır. Ölkə rəhbərinin təntənəli yubiley mərasimində diqqət yetirdiyi hadisələr və faktlar müasirlik işığında Azərbaycanın yaxın tarixinin siyasi-analitik təhlili vasitəsilə ictimai-siyasi proseslərin tam, bütöv halda qavranılmasına uğurla xidmət edir: "O illərdə nəinki Naxçıvan üçün, Azərbaycan üçün də tarixi qərarlar qəbul edilmişdir. Naxçıvan Muxtar Sovet Sosialist Respublikası adlanırdı. O vaxt Naxçıvanın adı dəyişdirildi. Ülü öndərin təklifi ilə "sovet sosialist" sözləri muxtar respublikanın adından çıxarıldı. Naxçıvanda ilk dəfə olaraq 1990-cı illərdə Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi qəbul edildi və Azərbaycanın Milli Məclisi qarşısında vəsadət qaldırıldı ki, Azərbaycan dövləti də bu bayrağı rəsmi dövlət bayrağı kimi qəbul etsin. 1991-ci ildə Sovet İttifaqının saxlanması üçün keçirilən qanunsuz referendumda Naxçıvan iştirak etməmişdir. Yəni bu addımlar ondan sonrakı dövrdə Azərbaycanın dövlət müstəqilliyini şərtləndirirdi. O illərdə də ulu öndər qətiyyət, cəsarət, öz xalqına, millətinə nə qədər bağlı olduğunu göstərmişdir. Bir daha göstərmişdir ki, onun üçün dövlət maraqları, Azərbaycanın maraqları hər şeydən üstündür".

Bəli, bütün bunlar Heydər Əliyev yolunun Naxçıvan reallıqlarıdır. Ulu öndər Heydər Əliyev yolunun Naxçıvan reallıqları Azərbaycanın müstəqillik dövrünün tarixə çevrilmiş hadisələridir. 90 illik yubiley tədbirləri və mərasimlərində həmin istiqamətlərin üzvi vəhdətdə təqdiminə xüsusi diqqət yetirilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin 90 illik yubileylə əlaqədar nitqində Naxçıvanla bağlı Azərbaycan tarixində mühüm yer tutmuş digər hadisələrə nəzər salınmış, istiqamətlər müəyyən olunmuşdur. Bu məqamda cənab Prezident Azərbaycanın qədim torpağı olan Zəngəzurun Ermənistana verilməsi məsələsinə ilk dəfə olaraq mükəmməl aydınlıq gətirmişdir. Etiraf etmək lazımdır ki, Zəngəzur məsələsi tarixi fakt olaraq məlum olsa da bu hadisənin siyasi mahiyyətinin bütün fəlsəfəsi açılmamışdı. Prezident İlham Əliyev Naxçıvanın tarixi reallıqları ilə əlaqədar olan Zəngəzur hadisələrinə aydın və obyektiv şərh vermişdir. Bu tarixi yanaşma təkcə Naxçıvanın muxtariyyat tarixini doğru təsəvvür etmək üçün yox, həm də Azərbaycan tarixində həmin məsələləri müstəqillik baxımından yenidən araşdırarkən məsələyə obyektiv qiymət verilməsinə, baş vermiş hadisələrin mahiyyətinin qlobal səviyyədə açıqlanmasına da xüsusi diqqət yetirməyin zəruriliyini irəli sürür: "Bu böyük ədalətsizlik idi. Çünki Zəngəzur tarixi, əzəli Azərbaycan torpağıdır. Zəngəzurun o vaxtkı əhalisinin mütləq əksəriyyəti azərbaycanlılar idi. Zəngəzurun bütün yaşayış məntəqələrinin adları Azərbaycan adları idi. Ona görə də bu qərarın qəbul edilməsində Azərbaycan xalqına qarşı böyük ədalətsizlik və qərəz əsas rol oynamışdır. Bu qərarla Azərbaycan coğrafi baxımdan iki yerə bölünürdü. Eyni zamanda böyük türk dünyası iki yerə bölünürdü. Bu ədalətsizlikdir, sağalmayan yaradır. Ancaq mən əminəm ki, vaxt gələcək və biz azərbaycanlılar bütün tarixi torpaqlarımızı qaytaracağıq".

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 90 illik yubiley mərasimindəki çıxışı da tarix və müasirlik baxımından son dərəcə əhəmiyyətlidir. İlk dəfə olaraq bu çıxışda Naxçıvanın muxtariyyat tarixinin konkret tarixi mərhələlər üzrə elmi-siyasi təsnifatı verilmişdir. Naxçıvan Muxtar Respublikasının keçdiyi çətin, keşməkeşli və şərəfli 90 illik inkişaf yolunun əsas konturlarının 5 tarixi mərhələ əsasında təqdim olunması, bu mərhələlərdən hər birinin ictimai-siyasi cəhətdən əsaslandırılması, bütün proseslərə müasirlik baxımından qiymət verilməsi ilə yubiley mərasimində ciddi bir nəzəri-ideoloji baxış meydana qoyulmuşdur.

Ümumiyyətlə, Prezident İlham Əliyevin tarixi nitqində tarix və müasirlik işığında yanaşmalara üstünlük verilməsi Naxçıvan Muxtar Respublikasının keçdiyi inkişaf yolunun, muxtariyyat statusunun mahiyyətinin, habelə müasir mərhələnin nailiyyətlərinin və vəzifələrinin dərin və əsaslı şəkildə təqdimatına şərait yaratmışdır. Prezident İlham Əliyevin müxtəlif vaxtlarda Azərbaycan tarixinin ciddi problemləri haqqındakı əsaslandırılmış mülahizələrində olduğu kimi, Naxçıvan Muxtar Respublikası və onun ətrafında baş vermiş hadisələrə münasibətində də proseslərə çoxaspektli analitik yanaşmalar, obyektivlik, siyasi mahiyyətin dəqiq müəyyən olunması və müasirlik ruhu qabarıq şəkildə ifadə olunur. Bütün bunlar Azərbaycanın, onun tarixinin və gələcəyinin dövlət başçısı təfəkkürü səviyyəsində konkret və ümumiləşdirilmiş şəkildə qiymətləndirilməsinin örnəkləridir.

Bu mənada Prezident İlham Əliyevin 90 illik yubiley mərasimində ifadə etdiyi düşünülmüş müddəalar Naxçıvan Muxtar Respublikasının, bütövlükdə Azərbaycanın XX-XXI əsrlər tarixini öyrənənlər, yazanlar, tədqiq edənlər, təbliğat işləri ilə məşğul olanlar üçün açardır. Doxsan ildə keçilmiş yolun bütün dolğunluğu ilə təqdim olunmasının hesabatı kimi meydana çıxmış Naxçıvanın muxtariyyat tarixinin mərhələlər üzrə təqdimi də tarixşünaslar, Azərbaycan tarixini tədris edənlər üçün mühüm əhəmiyyətə malik əsaslı bələdçidir. Bundan başqa, Zəngəzur hadisələri ilə təxminən eyni vaxtda qəbul edilmiş Moskva və Qars müqavilələrinə xüsusi diqqət yetirilməsi də təsadüfi olmayıb, mürəkkəb şəraitdə həmin beynəlxalq müqavilələrin Naxçıvanın muxtariyyat statusu qazanmasındakı, regionun sonrakı taleyindəki müstəsna əhəmiyyətinə verilən siyasi qiymətin obyektiv ifadəsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin çıxışında XX əsrin əvvəllərində bu diyarda Naxçıvanın ərazisinin Erməni işğalından xilas edilməsində böyük igidlik göstərmiş, muxtariyyat uğrunda fəal mübarizə aparmış və yerli əhali içərisindən çıxmış şəxsiyyətlərin, Azərbaycan oğullarının adlarının çəkilməsi, xidmətlərinə yüksək qiymət verilməsi də yubiley tədbirinin tarixi hesabatı kimi səslənmişdir: "Məşhur Naxçıvan xanlarının nəslindən olan Cəfərqulu xan, Kalbalı xan və Rəhim xan yerli silahlı dəstələrə ümumi komandanlığı həyata keçirirdilər. Şərur taborunun komandanı Fətulla Hüseynov, Sədərək taborunun komandanı Kəblə Muxtar, Cəhri taborunun komandanı Kəblə Kərm erməniləri geri oturda bilmiş, Vətənə xidmət nümunələri göstərmişlər.

...Yazıçı-publisist Əli Səbri Qasımovun və Naxçıvanın ləyaqətli oğlu Behbudağa Şahtaxtinskinin adını xüsusi qeyd etmək istəyirik. Behbudağa Şahtaxtinski Sovet Azərbaycanı hökumətinin Ədliyyə Komissarı olmasına baxmayaraq, Naxçıvanın Ermənistana verilməsi barədə bəyanata etiraz əlaməti olaraq Naxçıvana gəlmiş, yerli əhalinin kütləvi etirazını təşkil edərək mərkəzi hakimiyyətin Ermənistanın xeyrinə qəbul etdiyi qərarın qarşısını almışdı".

Beləliklə, 90 illik yubiley mərasimləri Naxçıvanın timsalında Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizənin real qəhrəmanlarını geniş ictimaiyyətə təqdim etmişdir. Bütövlükdə isə Naxçıvan Muxtar Respublikasının yubileyi geniş mənada Azərbaycanla əlaqədar mühüm məsələlərin ictimai müzakirəsinə, inkişafın yeni mərhələsinin qiymətləndirilməsinə və gələcək vəzifələrin müəyyən olunmasına daha bir meydan açmışdır.

Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi tədbirləri sırasında qədim tarixə malik "Naxçıvanqala Tarix-Memarlıq Muzey Kompleksi"nin açılışı da iki günlük rəngarəng səfərin tarixilik baxımından özünəməxsusluğunu təmin etmək üçün əhəmiyyətli olmuşdur. Müxtəlif rəvayətlərdə Nuh peyğəmbərlə, Makedoniyalı İsgəndərin yürüşlərilə əlaqədar adı çəkilən, tarixi qaynaqlarda izi qalan Naxçıvanqalanın - Nuhdabanın yenidən bərpa edilərək həyata vəsiqə alması bu diyarın qədim tarixinin yaşadılması istiqamətində atılmış mühüm addımlardan biridir. Bu, Naxçıvan diyarının bəşər sivilizasiyasının ilkin beşiklərindən biri olduğunu diqqət mərkəzinə çəkən qiymətli mədəniyyət hadisəsi olaraq yubiley tədbirlərini zənginləşdirmişdir.

Bunlara görə Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi müstəqillik dövrü Azərbaycan tarixinin əlamətdar hadisəsidir. Naxçıvan Muxtar Respublikasında yubiley münasibətilə geniş miqyasda keçirilmiş tədbirlər, böyük quruculuq yolunun yeni inkişaf mərhələsini əks etdirən rəsmi açılışlar geniş mənada Azərbaycanın dövlət müstəqilliyinin reallıqlarından ibarətdir. Naxçıvan Beynəlxalq Hava limanının yeni inzibati binasının açılışı və müasir aviasiya texnologiyalarının təqdimatı blokada şəraitində olan muxtar respublikanın əlaqələrinin genişləndirilməsi imkanlarının daha da artırılmasının əhəmiyyətli göstəricidir. Eyni zamanda bu tədbir regionda dünya strukturlarına uyğun səviyyədə hava nəqliyyatı məkanı yaradılmasına da işıq salır. Naxçıvan Biznes Mərkəzində yaradılan şəraitlə tanışlıq, Naxçıvan Şəhər Su Anbarları və Sutəmizləyici Qurğular Kompleksinin istifadəyə verilməsi, Arpaçay Su Elektrik Stansiyalarının, Kəngərli Rayon Mərkəzi Xəstəxanasının açılışı mərasimləri blokada şəraitində yüksək templərlə inkişaf etməyin nümunəsini göstərən Naxçıvan Muxtar Respublikasının reallıqlarıdır.

Naxçıvan Muxtar Respublikasının hərbi hissələrinə, düşmənin səngəri və süngüsü ilə ilə üzbəüz qalan regionda yeni yaradılmış Naxçıvan Əlahiddə ordusuna daxil olan yeni texnikanın və müasir silahların nümayişi ölkəmizin etibarlı müdafiəsinin təmin edilməsinə ölkə rəhbərinin qayğısının əməli ifadəsidir. Prezident İlham Əliyevin yubiley mərasimində dediyi kimi, "ordu quruculuğu sahəsində aparılan islahatlar, Naxçıvanda əlahiddə ordunun yaradılması, bu ordunun ən müasir silah-sursat, texnika ilə təchiz edilməsi bizim dövlət siyasətimizdir". Və bunlar iyirmi ilə yaxın müddət ərzində Naxçıvan Muxtar Respublikasında ardıcıl olaraq həyata keçirilmiş böyük quruculuq proqramlarının, o cümlədən ordu quruculuğunun genişmiqyaslı infrastruktur layihələrinin, atılmış strateji addımların üzvi tərkib hissəsi, məntiqi davamıdır. Bu, yenidən qurulmuş, bütün istiqamətlər üzrə inkişaf etmiş müasir Naxçıvanın real simasıdır. Rəsmi açılışların ictimai həyatın bütün sahələrini əhatə etməsi Naxçıvan Muxtar Respublikasında hərtərəfli inkişafın daha da genişləndiyini və möhkəmləndiyini nümayiş etdirir. Regionda enerji resursları ilə təmin olunma problemlərinin, ərzaq təhlükəsizliyinin tam həll edilməsi, aqrar sahə ilə yanaşı, sənayeləşməyə geniş meydan açılması, sosial məsələlərə xüsusi diqqət yetirilməsi, hərbi qüdrətin daim artırılması ümumi ahəngdar inkişafın real nəticələridir.

Yubiley tədbirlərində səsləndiyi kimi regionda baş verən böyük dəyişikliklər və yeniliklər ölkəmizin ümumi inkişafına layiqli töhfələrdir, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dinamik inkişaf dövrünün mühüm hadisələridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Arpaçay Su Elektrik Stansiyasının açılışı mərasimində dediyi aşağıdakı sözlər Naxçıvan reallıqlarının müasir Azərbaycan gerçəkliyindəki yerini və rolunu daha aydın şəkildə təsəvvür etməyə imkan verir: "Bu gün Naxçıvanın reallıqları belədir ki, su elektrik stansiyalarının fəaliyyəti sahəsində Naxçıvanın tam enerji təminatı həll edilib... Bu gün Azərbaycan reallıqları bundan ibarətdir: Vaxtilə başqa ölkələrdən elektrik enerjisini almaq üçün səylər göstərmiş Azərbaycan bu gün Naxçıvandan Türkiyəyə elektrik enerjisi ixrac edir... Gələcəkdə Naxçıvanın enerji potensialının artırılması üçün əlavə tədbirlərin görülməsi də nəzərdə tutulur. Buna ehtiyac var, çünki əhali artır, Naxçıvanın əhalisi artıq 430 minə yaxındır. Naxçıvanın sənaye istehsalı artır, yeni müəssisələr isə salınır, sosial məsələlər həllini tapır... Muxtar respublikanın enerji təhlükəsizliyi məsələləri tamamilə həllini tapıbdır... Və deyə bilərəm ki, bu, tarixi hadisədir".

Qeyd olunanlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasında Ali Məclisin Sədri Vasif Talıbovun düşünülmüş, məqsədyönlü rəhbərliyi ilə ardıcıl olaraq baş verən böyük quruculuq hadisələrinə, hərtərəfli ahəngdar və dinamik inkişaf proseslərinə verdiyi yüksək qiymətin ifadəsidir. Naxçıvan Muxtar Respublikası bu yüksək qiyməti Azərbaycan dövləti qarşısındakı sabit mövqeyi, ulu öndər Heydər Əliyevin əbədiyaşar ideallarına dərin sədaqəti, malik olduğu coğrafiyadakı məsuliyyəti, böyük əməllərdən, halal zəhmətdən doğan əzmkarlığı ilə qazanmışdır.

Baş verən böyük dəyişikliklər və yeniliklər Naxçıvan Muxtar Respublikasının ölkə rəhbərinə, müstəqil Azərbaycan dövlətinə məsuliyyətli və şərəfli bir hesabatıdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü ildə Naxçıvan Muxtar Respublikasının inkişafına dair qəbul etdiyi qərarlar bu qədim və həmişəcavan diyarda tarixinin dərinliklərinə və inkişafının yeni zirvələrinə doğru gedən böyük hərəkata təkan verir, inkişaf proseslərini daha da irəli aparır. Prezident İlham Əliyevin imzaladığı "Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında" (14 yanvar 2014-cü il), "Naxçıvan Muxtar Respublikasında "Arpaçay-2" su-elektrik stansiyasının maliyyələşdirilməsi haqqında" (14 mart 2014-cü il); "Naxçıvan MR-in sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında" (5 aprel 2014-cü il); "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" (10 aprel 2014-cü il); "Naxçıvan Muxtar Respublika Xəstəxanasının müasir tibbi avadanlıqlarla təchiz olunması ilə bağlı tədbirlər haqqında" (11 aprel 2014-cü il) sərəncamları Azərbaycanın ayrılmaz parçası olan və böyük sürətlə inkişafını uğurla davam edən Naxçıvanın yeni həyatına dövlət səviyyəsində göstərilən böyük qayğıdan xəbər verir.

Bunu da xüsusi qeyd etməyi lazım bilirəm ki, Naxçıvan Muxtar Respublikasının rəhbərliyi dövlət qayğısından daha böyük inkişafa xidmət göstərmək baxımından həmişə yaradıcılıqla və maksimum qənaətlə istifadə etməyin, mümkün qədər çox və keyfiyyətli işlər həyata keçirməyin də nümunəsini göstərir. Naxçıvanın daxili imkanlarından, ehtiyatlarından, iqtisadi əlaqələrindən əldə olunan resurslar da ardıcıl olaraq böyük inkişafa və sosial rifahın daha da yaxşılaşdırılmasına ünvanlanır. Naxçıvanda böyük quruculuq proseslərinin əsas hərəkətverici qüvvəsi olan insan amilinin, mənəviyyat faktorunun, məsuliyyət duyğusunun da əsas prinsiplər səviyyəsində formalaşması inkişafa dərin ictimai məzmun gətirir.

Nəticədə həyata keçirdiyi böyük işlərin daxili-mənəvi qürurunu yaşayan insanların əllərilə iyirmi ilə yaxın dövrdə aparılmış genişmiqyaslı quruculuq tədbirlərinin sayəsində Yeni Naxçıvan yaradılmışdır. Böyük sürətlə, zövqlə, ürəkdən gələn doğmalıq hissləri ilə, məqsədyönlü şəkildə hər gün yeniləşən müasir Naxçıvan Yeni Azərbaycanın möhtəşəm əsərlərindən birinə çevrilmişdir.

"Naxçıvan Muxtar Respublikiasının 90 illik yubileyinin keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 2014-cü il tarixli sərəncamında da haqlı olaraq deyildiyi kimi: "Bu gün yüksək potensiala malik muxtar respublika bütün dövlət proqramlarını, infrastruktur layihələrini böyük uğurla həyata keçirməsi sahəsində ölkədə dinamik inkişaf xəttinə uyğun, fasiləsiz aparılan irimiqyaslı quruculuq, abadlıq işlərinin fəal iştirakçısıdır".

Naxçıvan Muxtar Respublikasında müasir səviyyədəki yüksək inkişaf Azərbaycanda Heydər Əliyev yolunun böyük imkanlarının və geniş üfüqlərinin möhtəşəm təntənəsidir.

Heydər Əliyev yolu - Azərbaycanın dünəni kimi, bu gününün də böyük reallıqları və daha parlaq sabahları deməkdir.

Bütün bunlar Azərbaycanın tərkibində Naxçıvan Muxtar Respublikasının bundan sonra da böyük addımlarla irəliləyib inkişaf edəcəyinin real təminatıdır. Bu isə torpağını və məmləkətini sevən hər bir Azərbaycan vətəndaşının böyük arzusu və inamıdır.

 

İsa HƏBİBBƏYLİ,

Azərbaycan Milli Elmlər Akademiyasının

 vitse-prezidenti, Milli Məclisin deputatı, akademik

Azərbaycan.-2014.- 16 aprel.- S.4.