Bişkekdə Türkdilli Ölkələrin Parlament

Assambleyası komissiyalarının iclasları keçirilmişdir

 

Qırğızıstan parlamenti - Joqorku Keneşin mətbuat xidmətinin verdiyi məlumata görə, Bişkekdə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Beynəlxalq əlaqələr komissiyasının üçüncü iclası keçirilmişdir.

Tədbirdə Qırğızıstan parlamenti sədrinin müavini Torobay Zulpukarov, TürkPA-nın Baş katibi Jandos Asanov, Türk Dünyası Bələdiyyələr İttifaqının prezidenti Mustafa Başkurt, Qazaxıstandakı Türk Akademiyasının təmsilçiləri, quruma üzv ölkələrin - Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın nümayəndə heyətləri iştirak etmişlər.

Azərbaycanı bu iclasda ölkəmizin Qırğızıstandakı səfiri Hidayət Orucov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, deputatlar, TürkPA-nın Beynəlxalq əlaqələr komissiyasının sədri Əhliman Əmiraslanov və Sədaqət Vəliyeva təmsil etmişlər.

Torobay Zulpukarov TürkPA-nın xətti ilə mədəniyyət sahəsində əlaqələrin durmadan inkişaf etdiyini bildirmiş, bu əməkdaşlığın dərin kökləri olduğunu demişdir.

Əhliman Əmirsalanov TürkPa-nın üzvü olan ölkələr arasında əlaqələrin dərinləşdirilməsi, beynəlxalq və regional problemlərin həlli istiqamətində qarşılıqlı inamanlaşma prinsiplərinin rolundan danışmışdır. O, üzv ölkələr arasında iqtisadiyyat, elektroenergetika, turizm, mədəniyyət və səhiyyə sahələrində müxtəlif layihələrin həyata keçirilməsinin vacibliyinə toxunmuşdur.

İclasın yekununda TürkPA-nın beynəlxalq təşkilatlarla əlaqələrinin gücləndirilməsi, türkdilli dövlətlər arasında informasiya sahəsində əməkdaşlığın dərinləşdirilməsi, üzv ölkələrin diasporları arasında əlaqələrin yaradılması, beynəlxalq əlaqələrin birgə modelinin hazırlanması ilə bağlı yekun tövsiyələr sənədi qəbul edilmişdir.

* * *

Aprelin 15-də Bişkekdə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Sosial, mədəni və humanitar məsələlər üzrə komissiyasının üçüncü iclası keçirilmişdir.

Tədbirdə TürkPA-nın baş katibi Jandos Asanov, üzv ölkələrin nümayəndə heyətləri, Qırğızıstan parlamentinin üzvləri - komissiyanın sədr müavinləri Urmat Amanbaeva, Tursunbay Bakir uulu, TÜRKSOY-un baş katibinin müavini Fırat Purtaş, Türk Dünyası Bələdiyyələr İttifaqının prezidenti Mustafa Başkurt, Qazaxıstandakı Türk Akademiyasının nümayəndəsi Şakir İbraev iştirak etmişlər.

Azərbaycanı iclasda ölkəmizin Qırğızıstandakı səfiri Hidayət Orucov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, TürkPA-nın Sosial, mədəni və humanitar məsələlər üzrə komissiyasının üzvü Nizami Cəfərov və deputat Sədaqət Vəliyeva təmsil etmişlər. İclasda çıxış edən Urmat Amanbaeva türk dillərinin inkişafına dəstək verməyə və bu istiqamətdə fəallığı artırmağa çağırış səsləndirmişdir.

Nizami Cəfərov türk dillərinin formalaşması tarixi haqqında ətraflı məlumat vermiş, türkdilli dövlətlər arasında qarşılıqlı münasibətlərin möhkəmləndirilməsi üçün türk dilləri və yazısı gününün keçirilməsi ilə bağlı fikirlərini bildirmişdir.

Yığıncaqda tərcüməçilik fəaliyyətinin qaydaya salınması, xüsusi lüğətin nəşr olunması, həmçinin türk dilləri və yazısı gününün keçirilməsi ilə bağlı müzakirələr aparılmışdır.

Türk dilləri və yazısı gününün keçirilməsi ilə bağlı təklifin araşdırılması üçün TürkPA-nın Katibliyinə göndərilməsi qərara alınmışdır.

Komissiyanın dördüncü iclasının bu ilin ikinci yarısında Bakıda keçirilməsi qərara alınmışdır.

 

Qulu KƏNGƏRLİ,

AzərTAc-ın xüsusi müxbiri

 Bişkek

Azərbaycan.-2014.- 16 aprel.- S.5.