Həştərxanda Heydər Əliyev Fondunun dəstəyi

ilə yeni uşaq bağçasının tikintisinə başlanmışdır

 

Həştərxanda  Heydər Əliyev Fondunun dəstəyi ilə yeni uşaq bağçasının tikintisinə başlanmışdır.

Həştərxan vilayətinin Beynəlxalq və Xarici İqtisadi Əlaqələr  Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, Həştərxan meriyasında Heydər Əliyev Fondunun dəstəyi ilə yeni uşaq bağçasının  tikintisinə həsr olunmuş geniş müşavirələr keçirilmişdir.

Müşavirələrdə uşaq bağçasının tikintisinin başlanması  ilə bağlı olan təşkilati məsələlər müzakirə olunmuş, bütün zəruri sənədlər təsdiq edilmişdir. Hazırda inşaat yerində binanın özülünə svayların vurulması işləri tam sürətlə gedir.

Layihəyə əsasən,  240 yerlik nəzərdə tutulan uşaq bağçasının  120 yerlik birinci növbəsini  2014-cü ilin sentyabrında  IV Xəzər zirvə görüşünün açılışına qədər  başa çatdırmaq planlaşdırılır.  Bundan əlavə, Heydər Əliyev Fondunun yaradılmasının  10-cu ildönümü münasibətilə bayram tədbirlərinin  keçirilməsi məsələsi müzakirə edilmişdir.  Azərbaycan Respublikası Prezidenti Administrasiyasının  İctimai-siyasi  məsələlər şöbəsinin müdiri  Əli Həsənovun  rəhbərliyi ilə  rəsmi Azərbaycan nümayəndə heyəti  həmin tədbirlərdə iştirak etmək üçün  2014-cü il mayın 11-12-də Həştərxana gələcəkdir.

Müşavirələrdə Həştərxan meri vəzifəsini icra edən İrina Yeqorova, merin müavini Rəsul Sultanov, Bakının Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının müavini Rəşid Ağayev, Ümumrusiya Azərbaycanlılar Konqresinin  regional  bölməsinin sədri Ədalət Hüseynov və Həştərxan administrasiyasının  struktur rəhbərləri  iştirak etmişlər.

 

Fəridə ABDULLAYEVA,

AzərTAc-ın xüsusi müxbiri

 Moskva

Azərbaycan.-2014.- 16 aprel.- S.7.