İnnovativ modernləşmə yeni dövrün qlobal çağırışlarına əsaslanır

 

"Cəmiyyətlərin formalaşması ilə bağlı problemlərin həllində əvvəlki yanaşmalar artıq effektiv deyildir. İndi güclü inkişafa stimul verən yeni innovativ metodlar və mənbələr tələb olunur. Baş verən qlobal dəyişikliklər millətlərdən mütəşəkkil olmağı, nizamlılığı və mövcudluğunu qorumağı, dövlətin rəqabət qabiliyyətini təmin edəcək yeni sosial-iqtisadi forma və dəyərlər yaratmaq üçün səmərəli yollar axtarmağı tələb edir. Bu hədəflərin lokomotivi rolunda yeni dəyişikliklərə müvafiq olaraq formalaşan millət özü, onun intellektual səviyyəsi və yaradıcı qabiliyyəti çıxış edir".

 

Ramiz MEHDİYEV,

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik

 

Zaman anlayışı müəyyən vaxt çərçivəsində keçirilən yolun adekvat dəyərləndirilməsi kimi mürəkkəb prosesi özündə ehtiva edir. İntibah yolunda olan hər bir xalq çağdaş dünya reallıqlarına nəzərən gələcək inkişaf prioritetlərini düzgün müəyyənləşdirmək üçün, ilk növbədə konkret zaman və məkan daxilində keçdiyi yolun səhvlərindən öyrənməyə, uğurlu nəticələrindən isə bəhrələnməyə çalışır. Fəlsəfi nöqteyi-nəzərdən emprik təhlilə söykənən bu qiymətləndirmə üsulu həm də zamanı mənsub olduğu xalqın təminatlı gələcəyi baxımından idarə edərək uzaq hədəflərə hesablanmış praqmatik, əməli siyasət yeridən, milli inkişaf üçün dayanıqlı əsasların müəllifinə çevrilən fenomenal liderlərin tarixi xidmətlərini ön plana çəkir.

Tanınmış alman filosofu Fridrix Nitsşe yazırdı ki, tarix şəxsiyyətləri deyil, şəxsiyyətlər tarixi yaradır. Hakimiyyətdə olduğu fərqli ictimai-iqtisadi formasiyalarda daim milli maraq və mənafeləri uca tutan, perspektivə hesablanan çevik siyasət yeridən dünya şöhrətli ictimai-siyasi xadim, ümummilli lider Heydər Əliyev də məhz belə şəxsiyyətlərdən olaraq zamanın fövqünə qalxmağı bacarmış, elmi-nəzəri əsaslara söykənən sosial-iqtisadi strategiya əsasında uğurlu iqtisadi inkişaf strategiyası magistralı müəyyənləşdirmişdir. Ulu öndər Heydər Əliyev qlobal dünya nizamı fonunda tamamilə fərqli - xalqın demokratik idealları və milli dövlətçilik təfəkkürü ilə uzlaşan, hər bir mərhələ üçün konkret fəaliyyət prioritetləri, taktiki və strateji məqsədləri olan milli inkişaf strategiyasını irəli sürərək uğurla həyata keçirmişdir. Bu məqsədlə dövlət idarəetmə sistemində institusional xarakterli islahatların həyata keçirilməsini təmin edən, iqtisadi inkişaf üçün etibarlı zəmin hazırlayan, qanunçuluğu, hüquq qaydalarını möhkəmləndirən böyük strateq demokratiyanı üstqurum kimi dəyərləndirərək onun bazisində, ana axarında iqtisadiyyatın dayandığını böyük müdrikliklə vurğulamışdır.

Azərbaycanda demokratik proseslərin iqtisadi islahatlara adekvat şəkildə tətbiqi bu modelin diktə etdiyi başlıca şərtlərdən biri olmuşdur. Ulu öndər iqtisadi artıma, habelə vətəndaşların yaşayış tərzində əsaslı dəyişikliklərə nail olmadan, təşəbbüskarlığa və maddiləşən işgüzar fəallığa təkan verən əlverişli biznes mühiti formalaşdırmadan, insanlarda qanuna riayət vərdişi aşılamadan hüquqi dövlət yaratmağın mümkünsüzlüyünü diqqətə çəkmişdir. Azərbaycan xalqı son 20 ildə məhz ümummilli lider Heydər Əliyevin böyük müdrikliklə müəyyənləşdirdiyi dövlətçilik fəlsəfəsinə tapınaraq demokratiya və azad bazar iqtisadiyyatı prinsiplərini özündə maksimum dərəcə ehtiva edən ümumbəşəri yolla irəliləmişdir.

70 il inzibati-amirlik sistemində yaşamış, iqtisadiyyatı səmərəsiz, köhnə texnologiya və infrastruktur üzərində qurulmuş bir respublikanın cəmi 20 il ərzində qazandığı nailiyyətlərin miqyası hazırda Azərbaycanla genişmiqyaslı əməkdaşlığa maraq göstərən beynəlxalq təşkilatlarda, habelə aparıcı Qərb dövlətlərində də heyrət doğurur. Respublikanın inkişafının hazırkı dinamik mərhələsində qət edilmiş böyük yolun ayrı-ayrı mərhələlərini elmi-politoloji cəhətdən əsaslandırmaq, ulu öndərin bir əsrə sığmayan fəaliyyətinin elmi-nəzəri əsaslarını formalaşdırmaq istəyi müasir fəlsəfi elmin aparıcı təmayüllərindən birinə çevrilmişdir. Təsadüfi deyildir ki, son illər ictimai və humanitar elm sahələrinin ayrı-ayrı tədqiqatçıları - iqtisadçılar, tarixçilər, sosioloqlar, filosoflar Azərbaycanın unikallığı ilə fərqlənən milli iqtisadi inkişaf strategiyasını konkret elmi postulatlar üzərində əsaslandırmağa, respublikamızda modernləşmə və demokratikləşmə xəttinin spesifik cəhətlərini, habelə növbəti inkişaf mərhələləri üçün qarşıda duran strateji vəzifələri elmi-konseptual əsasda müəyyənləşdirməyə çalışırlar.

"Modernizasiya" sözünü lüğətlər ən ümumi şəkildə hər hansı obyektlərin yeniləşdirilməsi kimi izah edirlər. İnnovasiya da ingilis sözü olub (innovation) yenilik, yeniçilik, novatorluq deməkdir. Fikrimizcə, modernizasiya elə yeniləşdirmədir ki, bu zaman iqtisadi obyekt - maddi, idarəetmə və sosial-istehsal - keyfiyyətcə yeni, müvafiq olaraq daha müasir səviyyədə olanla əvəzlənir. Deməli, modernizasiya iqtisadi sistemin müvafiq yerində innovasiyaların yaradılması və tətbiq edilməsinə əsaslanır, onun innovasiya inkişafı isə modernizasiyanın, onun keyfiyyətcə yeni vəziyyəti - ümumi (əgər söhbət sistemdən gedirsə) investisiya-innovasiya prosesinin nəticəsi kimi, səbəb amili olur. Belə şərhi təqdim edəndə biz, bir tərəfdən, innovasiya prosesi ilə iqtisadiyyatın modernizasiyası arasında qarşılıqlı əlaqəni göstərmək, digər tərəfdən isə, bu hadisə və anlayışları fərqləndirərək, onların tam eyniləşdirilməsini aradan qaldırmaq, elm və praktikada onların paralel işlədilməsini saxlamaq məqsədi güdürük.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin son illər gərgin əmək hesabına ərsəyə gətirdiyi əsərlər bu mənada özünün elmi sanbalı ilə xüsusilə diqqət cəlb edərək məhz çağdaş fəlsəfi-ictimai düşüncənin düzgün məcrada istiqamətləndirilməsində, respublikanın keçdiyi mütərəqqi inkişaf yolunun obyektiv və dolğun tədqiqində mühüm rol oynamışdır. Həmin əsərlərin elmi-fəlsəfi dəyəri həm də onların cəmiyyətdə bir qayda olaraq böyük maraqla qarşılanması, yeni polemikalara, diskussiyalara yol açması ilə ölçülür. Uzun illər dövlət idarəetmə sistemində yüksək vəzifələrdə çalışmış görkəmli filosofun nəzəri mülahizə və düşüncələrini təcrübi fəaliyyətlə əlaqələndirmək və uzlaşdırmaq, müqayisəli təhlillər aparmaq qabiliyyəti onun həm də yeni dünya nizamının incəliklərini yetərincə düzgün dəyərləndirən yüksək erudisiyalı, peşəkar tədqiqatçı olmasından irəli gəlir. Filosof ağır zəhmət bahasına ərsəyə gətirdiyi əsərlərdə təkcə Azərbaycanın son 20 illik inkişaf kursunun elmi-nəzəri mənzərəsini yaratmamış, eyni zamanda yeni dövrdə qloballaşma tendensiyasının müsbət və mənfi məqamları, müasir dünyanın əsas inkişaf vektoruna çevrilmiş demokratiyanın universal dəyərlərinin konkret məkanda suveren səciyyə daşıması, modernləşmənin əsas xüsusiyyətləri, totalitarizmdən demokratiyaya keçid problemi və digər maraqlı məsələlər ətrafında düşüncələrini açıqlamışdır.

Akademik Ramiz Mehdiyevin aktuallığı, elmi-fəlsəfi və praktik əhəmiyyəti ilə cəmiyyətdə böyük rezonans doğuran "Demokratiya yolunda: irs haqqında düşünərkən" əsəri qeyd olunan istiqamətlərin tədqiqi baxımından xüsusi maraq doğurur. Azərbaycanda fəlsəfi fikrə böyük töhfə olan bu əsərdə bəşəriyyətin demokratik təkamül yolu, tarixi inkişafın ayrı-ayrı mərhələlərində demokratiyaya münasibət, ona maneçilik törədən qüvvələrlə demokratiyaya can atan insanlar arasındakı mübahisələr və mübarizələr araşdırılmışdır. Akademik dünyada cərəyan edən demokratikləşmə prosesləri fonunda Azərbaycanda bu idarəetmə modelinin formalaşma və inkişaf xüsusiyyətlərini də fəlsəfi-analitik rakursdan təhlil etmişdir.

Filosofun "Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşmə xətti" əsərində iqtisadi tərəqqi və demokratikləşmə prosesi respublikanın davamlı konsepsiyasının mühüm vektorları kimi əsaslandırılmış, modernləşmə mərhələsinə keçidin səciyyəvi xüsusiyyətlərinə toxunulmuşdur. Əsərin qayəsində yer almış əsas fikirlərdən biri də məhz bundan ibarətdir ki, Azərbaycanda demokratikləşmə prosesi müəyyən yol keçmiş, respublikamız bir sıra sınaqlardan uğurla çıxaraq keçid dövrünün son mərhələsinə adlamışdır. Müəllif bildirir ki, sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsinin bir sıra gerçəklikləri fonunda ölkə iqtidarı da cəmiyyəti yeni metodlarla idarə etməyin zəruriliyini dərk edir.

Hər bir dövlətdə demokratikləşmə prosesinin uğurla həyata keçirilməsi üçün, ilk növbədə, insanın azadlığını təmin edən iqtisadi mühit olmalıdır. Fərdiyyətçiliyə əsaslanan iqtisadi münasibətlər sisteminin geniş təşəkkül tapması, orta sahibkarlar sinfinin mövqelərinin möhkəmlənməsi, eyni zamanda bu iqtisadi faktorların inkişafı üçün ümumi daxili məhsulun müəyyən bir həddə yüksəlməsi vacib amillərdəndir. Amerikada nəşr olunan "Foreign Affairs" jurnalının redaktoru Fərid Zəkəriyyədən iqtibas gətirən akademik Ramiz Mehdiyev yazır: "İqtisadi inkişaf prosesi, adətən liberal demokratiyanın uğur qazanması üçün həlledici əhəmiyyət daşıyan iki elementin yaranmasına gətirib çıxarır. Əvvələn, o, cəmiyyətin əsas seqmentlərinə, ilk növbədə, özəl biznesə və bütövlükdə burjuaziyaya güc toplamaq və dövlətdən asılı olmamaq imkanı verir. İkincisi, bu cür ictimai qruplarla işləyən dövlət daha az dərəcədə yırtıcı və şıltaq olur; o, müəyyən qaydalara riayət edilməsinə və cəmiyyətin tələbatına, ən azı, onun elitasının tələbatına get-gedə çox istiqamətlənir".

Akademik Ramiz Mehdiyevin "Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşmə xətti"nin davamı olaraq yüksək peşəkarlıqla qələmə aldığı "Modernləşmə xətti yenə də gündəlikdədir" əsərində respublikamızda inkişaf prosesinin çağdaş meyilləri, habelə modernləşmə strategiyasının mahiyyəti müfəssəl elmi təhlil süzgəcindən keçirilmişdir. Müəllif əsərdə bir daha bu tezisi önə çəkir ki, ölkənin iqtisadi cəhətdən güclənməsi və vətəndaşların maddi rifahının təmin edilməsi vasitəsilə cəmiyyətin mərhələli demokratikləşməsindən və keçid demokratiyasından möhkəmlənmiş, yəni konsolidasiya olunmuş məkana transformasiyası barədə danışmaq olar.

İqtisadiyyat inkişaf etdikcə dövlətin, habelə cəmiyyətin sosial və institusional strukturu da dəyişir. Əhalinin alıcılıq qabiliyyətinin artması, eləcə də ölkəyə investisiyaların axını nəticəsində milli iqtisadiyyatın daha çox fəaliyyət qabiliyyətli və səmərəli olması təsərrüfat həyatının mərhələli modernləşməsinə şərait yaradır. Ümumiyyətlə, modernləşdirmə dedikdə, filosof üç məsələnin həlli vacibliyini diqqətə çəkir: vətəndaş həmrəyliyinin təmini və demokratik təsisatların və ənənələrin təkmilləşdirilməsi, habelə müvafiq sosial sistemlərin formalaşdırılması; səmərəli və möhkəm iqtisadi sistem yaradılması və onun ümumavropa strukturuna daxil edilməsi, habelə milli iqtisadiyyatın rəqabət qabiliyyətinin gücləndirilməsi; nəhayət, azərbaycançılığın və milli "Mən"in mahiyyətinin başa düşülməsinin üstünlük təşkil etdiyi möhkəm sosiomədəni mühitin qurulması. Cənab Ramiz Mehdiyevin qənaətincə, bu üç məsələ milli inkişaf strategiyasında birinci dərəcəlidir və yaxın gələcəkdə Azərbaycanın intensiv inkişafına, innovasiya mədəniyyəti bazisinin formalaşmasına təkan verməlidir.

"Azərbaycan 2003-2008: reallığa çevrilən qeyri-adi zaman" əsərində isə müəllif konkret zaman intervalında Azərbaycanın ictimai-siyasi həyatında baş verən proseslərin dərin elmi-fəlsəfi təhlili ilə yanaşı, sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində qarşıda duran mühüm vəzifələrdən söz açılır. Əsərin giriş hissəsində "zaman" və "sürət" kateqoriyaları ilə bağlı özünə yer almış dərin elmi mühakimələr isə daha çox simvolik səciyyə daşıyaraq, Azərbaycanın qısa müddətdə əldə etdiyi sürətli dəyişikliklərin miqyası barədə dolğun təsəvvür formalaşdırmaq niyyətinə xidmət edir. Akademik bu reallığa əsaslanaraq "sürət", "dinamika", "temp" anlayışlarının yeni yüzilliyin əsas simvoluna çevrildiyini vurğulayır. Akademik Ramiz Mehdiyev amerikalı nəzəriyyəçi-filosof T.Fridmanın bu fikrini də bölüşür ki, əgər ötən əsrdə böyük dövlətlər kiçikləri udurdularsa, XXI əsrdə "sürətli" dövlətlər "ləng", "astagəl" dövlətləri "həzm edəcəklər".

Əsərdə qeyd olunduğu kimi, son illər Azərbaycanda gerçəkləşdirilən milli layihələr insana, onun rifahının yüksəldilməsinə yönəldilmiş sərmayələrdir. Milli layihələrin səciyyəvi xüsusiyyəti, ilk növbədə, onların innovasiyayönümlü olmasındadır. Dövlət inkişafın elə istiqamətlərini dəstəkləyir ki, onlar qabaqcıl texnologiyalardan istifadə və bu texnologiyaların sənayedə tətbiqi ilə bağlıdır. Müəssisə və məktəblərin kompyuterləşdirilməsi, təhsil və tibb mərkəzlərinin, mədəniyyət obyektlərinin tikintisi və təmiri, onların ən yüksək standartlara cavab verən avadanlıqlarla təchiz edilməsi məsələləri də diqqət mərkəzindədir. Ölkədə yoxsulluğun səviyyəsinin aşağı salınması, əhalinin yüksəkmaaşlı qrupları ilə daha sadə həyat sürən vətəndaşlar arasında fərqin azaldılması hakimiyyətin iqtisadi siyasətinin mühüm istiqamətidir.

Ölkə başçısının 2012-ci il 30 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına əsasən 2020-ci ilədək adambaşına düşən ÜDM-in 13000 dollara çatdırılması, başqa sözlə iki dəfəyədək artımı, həmin artımın da əsasən qeyri-neft sektorunun inkişafı hesabına təmin edilməsi nəzərdə tutulur. Bu məqsədin reallaşdırılması, habelə regional inkişaf tədbirlərinin davamı olaraq 2014-2018-ci illəri əhatə edən yeni Dövlət Proqramı təsdiq edilmişdir. Sənəddə əsasən kənd təsərrüfatının, o cümlədən qeyri-neft-qaz sektorunun inkişafının stimullaşdırılması ilə bağlı çoxsaylı tədbirlər nəzərdə tutulur. Bundan başqa, ümumi daxili məhsulun 2 dəfəyədək artımına nail olmaq məqsədilə turizmin və informasiya-kommunikasiya texnologiyalarının, o cümlədən sənayenin innovasiyayönümlü sahələrinin inkişafının diqqət mərkəzində olacağı gözlənilir.

Dövlət başçısı İlham Əliyev haqlı olaraq bildirir ki, neft Azərbaycan üçün məqsəd deyil, davamlı iqtisadi tərəqqini təmin etmək üçün vasitədir. Dünya təcrübəsində iqtisadiyyatın yalnız neft üzərində qurulması, habelə neft gəlirlərinə güvənlik nəticəsində iqtisadi sistemi iflic edən "Holland sindromu" kimi mənfi presedent də var. Respublikamız neft ehtiyatlarına görə dünyada 19-cu, istehsalına görə isə 29-cu ölkə olsa da, hazırda həyata keçirilən siyasətin məqsədi neftdən sonrakı inkişafın təməlini yaratmaqdır. Hökumət hesab edir ki, 2020-ci ilədək ümumi daxili məhsulun artımını təmin edəcək ən prioritet sahə məhz informasiya-kommunikasiya texnologiyaları sektoru olacaqdır. 2003-2013-cü illər ərzində sektorun gəlirləri ildə təxminən 20-25 faiz artaraq 1,9 milyard ABŞ dollarını ötmüş, ümumi daxili məhsulda payı 1,7 faizə, qeyri-neft ÜDM-də isə 3,3 faizə yüksəlmişdir. Sektora investisiya qoyuluşu 2,5 milyard ABŞ dolları təşkil etmiş, bunun 28 faizi dövlət, 72 faizi isə yerli biznes strukturlarının payına düşmüşdür. Özəl sektorun bu sahədə payı 2003-cü ildəki 67,3 faizdən 80 faziə yüksəlmişdir. 2013-cü ilin yekunlarına əsasən, Azərbaycan əhalisinin 70 faizi internet (o cümlədən 50 faizi genişzolaqlı internet) istifadəçisidir.

Prezident İlham Əliyevin 2014-cü il 2 aprel tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya"nın təsdiq edilməsi iqtisadiyyatın davamlı və sabit inkişafı baxımından informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunun roluna yüksək önəm verildiyini bir daha təsdiqləyir. Strategiya "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası" və "Azərbaycan Respublikasında 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı"nda nəzərdə tutulmuş hədəflərin reallaşdırılmasına yeni imkanlar açır. Beynəlxalq Telekommunikasiya İttifaqının, Avropa İttifaqının, UNESCO-nun tövsiyələri, "Açıq hökumət təşəbbüsü" nəzərə alınmaqla hazırlanmış Milli Strategiya İKT sahəsinin qarşısında qoyulan vəzifələrin yerinə yetirilməsi üzrə əsas məqsəd və vəzifələri, prioritetləri müəyyənləşdirir.

Sərəncama əsasən, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Milli Strategiyanın həyata keçirilməsi üzrə əlaqələndirici orqan kimi müəyyən edilmişdir. Nazirlər Kabineti isə "Milli Strategiyanın həyata keçirilməsi üzrə 2014-2017-ci illər üçün Dövlət Proqramı"nın layihəsini 4 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Akademik Ramiz Mehdiyev də "Müasir Azərbaycan millli ideyanın təcəssümü kimi" əsərində 2020-ci ilədək Azərbaycanın iqtisadi cəhətdən inkişaf etmiş ölkələr sırasına daxil olmaq niyyətini milli ideyanın əsas hədəflərindən biri kimi önə çəkmişdir. Əsərdə qeyd olunur ki, Prezident İlham Əliyev 2003-cü ildə dövlətə başçılıq etdiyi ilk günlərdən Azərbaycan iqtisadiyyatının həyat qabiliyyətli strukturunun təmin edilməsi üçün zəruri olan və idarəçiliyə cəlb edilmiş kadrların seçilməsi məsələsinə keyfiyyətcə yeni yanaşma tələb edən genişmiqyaslı infrastruktur layihələri irəli sürmüşdür. Əsərdə həmçinin qeyd olunur ki, sosial modernləşmə olmadan, ölkənin məmur və idarəçi elitasını "cavanlaşdırmadan", həmin elitanı texnokratlar, bu və ya digər fəaliyyət sahəsində uğur rəmzinə çevrilmiş, müvafiq praktik iş təcrübəsinə malik insanlar hesabına genişləndirmədən bu məqsədə çatmaq mümkün deyildir.

Əsərdə yer almış bu tezis də xüsusi diqqət çəkir ki, modernləşmə müasir dövlətin zəruri funksiyalarından biri olduğundan, Azərbaycan innovasiya modernləşməsinin həyata keçirilməsində çox maraqlıdır. İnnovasiya modernləşməsi tipologiya baxımından inkişafın təkamül yoluna, demokratik transformasiya strategiyasına uyğundur. Prezident İlham Əliyev müasir cəmiyyətin, müasir infrastrukturun yaradılmasını və müasir insanın formalaşdırılmasını modernləşmə prosesində əsas vəzifələr kimi müəyyən etmişdir.

Müəllif əsərdə Azərbaycan iqtisadiyyatının möhkəm təməllər üzərində inkişaf etdiyini və qlobal maliyyə-iqtisadi böhranından uğurla çıxdığını xüsusi vurğulayır: "Azərbaycan iqtisadiyyatı, ölkənin bank sistemi, real sektorun sistemyaradan müəssisələri dünya maliyyə böhranını sənaye cəhətdən inkişaf etmiş bir sıra ölkələrdə və yeni müstəqil dövlətlərdə olduğu dərəcədə hiss etməmişdir. Hətta böhran dövründə Azərbaycan iqtisadiyyatının artım sürəti isə dünya ekspertləri arasında uğurlu strategiya nümunəsi kimi diskussiya mövzusuna çevrilmişdir. 2008-2009-cu illərdə - böhranın ən şiddətli dövründə belə Azərbaycan iqtisadiyyatı 9 faiz artmışdı. Özü də ÜDM-in strukturunda istehsal sektorunun üstünlüyü qorunub saxlanmış, yəni iqtisadi artımın 64 faizi real sektorun, istehsal sahəsinin hesabına təmin edilmişdi. Qonşu Ermənistanda isə 2009-cu ilin yekunlarına görə ÜDM-in həcmi dram ilə götürdükdə 14,4 faiz, dollar ifadəsində 30 faizdən çox aşağı düşmüşdü. Böhranlı 2009-cu ildə Gürcüstanda da ÜDM 3,9 faiz azalmışdı".

Müəllifin qənaətincə, ölkə başçısının strateji baxışları çərçivəsində qarşıya qoyulmuş vəzifələr iqtisadiyyatın müxtəlif sahələrində mövcud istehsal güclərinin modernləşdirilməsini davam etdirməyə, müəyyən edilmiş müddətlərdə onun strukturunu şaxələndirməyə imkan vermişdir. Uzunmüddətli perspektivdə neft-qaz ehtiyatlarının məhdud olacağını nəzərə alaraq Azərbaycan iqtisadiyyatın şaxələndirilməsinə daha çox diqqət yetirir, bu məqsədlə kiçik və orta sahibkarlığın dəstəklənməsinə yönəldilmiş geniş tədbirlər həyata keçirilir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kiçik və orta sahibkarlığın fəal kreditləşdirilməsi, o cümlədən uzunmüddətli kreditlərin ayrılması özəl sektorun inkişafına güclü təkan vermişdir. Kreditlərin 80 faizinin regionlara verilməsi göstərir ki, iqtisadiyyatın təkcə sektorlar üzrə deyil, həm də respublikanın bölgələri üzrə şaxələndirilməsinin zəruriliyinə diqqət yetirilir.

Modernləşmə mərhələsində Prezident İlham Əliyevin qarşıya qoyduğu mühüm vəzifələrdən biri də milli inkişafda intellektual irəliləyişə nail olmaqla, davamlı iqtisadi rifahın təmin edilməsindən ibarətdir. Ölkənin innovasiya inkişafına keçidinin zəruriliyi insan kapitalının reallaşdırılmasına və ümumi rifah səviyyəsinin təkmilləşdirilməsi məqsədi ilə insanların potensial imkanlarının səmərəli tətbiqinə əsaslanan elmi strategiyanın hazırlanmasını zərurətə çevirmişdir. Doğrudur, son illərə qədər belə hesab edilir ki, texnologiyaların, əmək vasitələri və alətlərinin prinsipial yenilənməsinə əsaslanan texnoloji istehsal üsulları ictimai inkişaf dövrlərinin dəyişməsində həlledici rol oynayır. Bu gün isə ümumi qənaət bundan ibarətdir ki, insan kapitalı olmadan ictimai istehsalın bundan sonra da davamlı, dinamik və səmərəli inkişafı, sabit iqtisadi yüksəliş, artan ictimai tələbatın təmini ilə bağlı hər hansı problemləri həll etməyə qabil deyildir. Başqa sözlə, müasir reallıqda isə fokus nöqtəsi insanın, onun intellektinin və vərdişlərinə, innovativ sistemlər yaratmaq qabiliyyətinə, gələcəyini kreativ əsasda modelləşdirmək və qurmaq bacarığına yönəlmişdir.

Belə bir şəraitdə Azərbaycanın uğurlu gələcəyi, ilk növbədə, elmin, təhsilin, o cümlədən ali təhsilin inkişaf səviyyəsi ilə şərtlənəcəkdir. Təcrübə göstərir ki, təbii sərvətlərin bolluğu dövlətin inkişafının əsas göstəricisi deyil, başlıca məqsəd bu sərvətləri cəmiyyətin hərəkətverici qüvvəsi olan insan kapitalına çevrilməsini təmin etmək olmalıdır. ABŞ, Yaponiya, Cənubi Koreya və digər inkişaf etmiş ölkələr malik olduqları maddi resurslardan daha çox, təhsil sisteminin yetişdirdiyi insan kapitalından böyük gəlirlər əldə etmişlər. Dünya Bankının apardığı tədqiqatın nəticələrinə əsasən, ABŞ-ın milli sərvətinin 76 faizini insan kapitalı, 19 faizini istehsal, 5 faizini təbii resurslar təşkil edir. Avropa ölkələrində isə insan kapitalı 74 faiz, istehsal 24 faiz, təbii resurslar yalnız 2 faiz təşkil edir.

İnsan potensialının inkişaf etdirilməsində böyük əhəmiyyətə malik olan amillərdən biri də gənclərin mobilliliyinin təmin edilməsidir. Tarixən minlərlə Azərbaycan gənci respublikadan kənarda yerləşən nüfuzlu ali məktəblərdə müxtəlif ixtisaslar üzrə təhsil alaraq ölkəmizin iqtisadi, mədəni və elmi potensialının gücləndirilməsinə layiqli töhfələrini vermişlər. 2012-2013-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində dövlət xətti ilə təhsil alan azərbaycanlı tələbələrin sayı 2270 nəfər olmuşdur. Bu tələbələrdən təqribən 877 nəfəri Türkiyədə, 314 nəfər Rusiya Federasiyasında, 267 nəfər Böyük Britaniyada, 278 nəfəri Almaniyada, 36 nəfər ABŞ-da, 27 nəfər Çin Xalq Respublikasında, 41 nəfəri İsveçrədə, digərləri Çexiya, Slovakiya, Rumıniya, Malayziya və s. ölkələrin ali məktələrində müxtəlif ixtisaslar üzrə təhsillərini davam etdirir.

XXI əsrdə elmi biliklərin daha sürətli inkişafı gözlənilir və bu mənada XXI əsri çox vaxt "bilik iqtisadiyyatı" əsri də adlandırırlar. Hazırda inkişaf etmiş ölkələrdə milli sərvətin 60-80 faizini insan kapitalının təşkil etməsi də elmin inkişafının, başqa sözlə, bilik iqtisadiyyatının təzahürüdür. Amerika iqtisadçısı və sosioloqu D.Bell haqlı olaraq gələcəkdə əhalinin (xalqların) yüksək sosial təbəqəyə aid olan və aid olmayan hissələrə bölünməsini onların maddi vəziyyətlərinə görə deyil, intellektual potensialı - yeni bilik daşıyıcıları "knowledge stratum" ilə müəyyən olunacağını qeyd edir. Təcrübə göstərir ki, cəmiyyətdə baş verən hər bir tərəqqi əsasən iki mərhələdən: birincisi, elmin inkişafı və elmi nəticələrin istehsala tətbiqindən; ikincisi, insana kapital qoyuluşunun (burada keyfiyyətli təhsil sistemi və əhalinin sağlamlığı əsas yer tutur) səmərəliliyindən ibarətdir.

Akademikin əsərlərində irəli sürdüyü mühüm tezislərdən biri də məhz budur ki, Azərbaycan iqtisadiyyatının hazırda dinamik inkişaf mərhələsində elmi tədqiqatları gücləndirmək və inkişaf etdirmək, ölkənin sosial-iqtisadi, mədəni-mənəvi inkişafında elmin yaxından iştirakına nail olmaq son dərəcə vacibdir. Dövlət elmi fəaliyyət sahəsinin özünəməxsus spesfikasını nəzərə alaraq, burada kənardan administrativ müdaxilə yolu ilə islahatlar aparılması metodunu məqbul hesab etmir, bu prosesin elmi fəaliyyət sahəsinin öz daxilində təbii yetişməsinə, təşəbbüsün daxili məntiqdən doğmasına üstünlük verir. Akademik Ramiz Mehdiyev "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" əsərində bununla bağlı yazır: "İndi birbaşa ictimai şüura ünvanlanmış humanitar texnologiyalar ən önəmli amilə çevrilmişdir. İnkişafın belə bir zamanında önləyici proqnozlar sistemini müəyyənləşdirmək üçün işlər görülməlidir. Milli elm infrastrukturunun formalaşması üçün dövlətə konkret konsepsiya təqdim edilməlidir. Bu, dünya elminin insanlara, elmə və təhsilə münasibətdə irəli sürdüyü standartlara cavab verən bir konsepsiya olmalıdır".

Görkəmli akademikin "XXI əsrdə Azərbaycan ideyası kreativ millət kontekstində" əsərində isə bütün bunların davamı olaraq vurğulanır ki, Azərbaycanın milli strategiyası ölkənin ərazi bütövlüyünün bərpa edilməsinə, dövlət müstəqilliyinin və xalqın təhlükəsizliyinin möhkəmlənməsinə, müasir dövlət, müasir iqtisadiyyat və müasir cəmiyyət yaradılmasına yönəlmişdir. Azərbaycan ərazisinin nisbətən kiçik olmasını və əhalisinin sayının azlığını (qonşu Rusiya və İranla müqayisədə) keyfiyyət və texnologiya baxımından üstünlüyə nail olmaqla kompensasiya etməlidir. Bu strateji hədəfə nail olmaq Azərbaycan cəmiyyətinin hər bir üzvünün müasir inkişafın meyillərini və yollarını dərk etməyə çalışması, özünün tərəqqiyə nail olmaq istəməsi ilə mümkündür: "Bunun üçün öyrənmək, təhsil səviyyəsini artırmaq, düşünmək, əmək vərdişlərini təkmilləşdirmək qabiliyyətini inkişaf etdirmək, sosial məsuliyyəti və nəticə etibarilə şəxsiyyətin, bütövlükdə ölkənin rəqabət qabiliyyətini gücləndirmək lazımdır. Millətin tərkibində kreativ və ağıllı insanların, yaradıcı enerjiyə malik olan intellektualların sayının artması Azərbaycanda müasir cəmiyyət qurulması üçün əsas stimul ola bilər. Millətin bu keyfiyyətləri milli ideyanın formalaşmasının əsas tərkib hissəsi kimi ölkənin innovativ modernləşməsinin əsasını təşkil etməlidir. Bununla bərabər, "Qızıl milyard" dövlətlərinin təcrübəsi göstərir ki, ölkənin innovativ modernləşməsinə, müasir cəmiyyət quruculuğuna nail olmağın daha bir mühüm amili sosialyönümlü liberal iqtisadiyyatın, sosial ədalətin və güclü prezident hakimiyyətinin mövcud olmasıdır. Güclü milli liderin təşkilatçı və istiqamətverici rolu olmadan ölkəni inkişaf etmiş dövlətlər sırasına çıxarmaq üçün göstərilən bütün cəhdlər uğursuzluğa düçar ola bilər".

Bütün bunlar deməyə əsas verir ki, akademik Ramiz Mehdiyevin əsərlərində irəli sürülmüş yeni mülahizə və qənaətlər onun uzunmüddətli dövlət idarəçiliyində toplanmış zəngin təcrübə və peşəkarlığa əsaslanır. Görkəmli filosof ölkədə çoxşaxəli dövlət quruculuğu prosesinin nəzəri əsaslarının yaradılması, təcrübənin nəzəriyyəyə köçürülməsi istiqamətində ciddi addımlar atır.

Ümumilikdə, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin son illər qələmə aldığı elmi əsərlərdə Azərbaycanın fəlsəfi və siyasi elmi çərçivəsində tədqiq olunası bir sıra problemlər qarşıya qoyulmuş, onların tətbiqinə dair dəyərli metodoloji yanaşmalar təklif edilmişdir. Yüksək peşəkarlıqla qələmə alınmış bu əsərlər Azərbaycanın çağdaş tarixinin obyektiv araşdırılması, tədqiqi, öyrənilməsi ilə yanaşı, müasir elmi və fəlsəfi-siyasi düşüncənin düzgün məcrada inkişafının təmin edilməsi baxımından vacib əhəmiyyət daşıyır.

 

Əlican BABAYEV,

Azərbaycan Dövlət İqtisad Universitetinin "İqtisadi nəzəriyyə-1" kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor, Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssislər Təşkilatının Ali Məclisinin sədri

Azərbaycan.-2014.- 17 aprel.- S.5.