Ədliyyə naziri Abşeron rayonunda vətəndaşları qəbul etmişdir

 

Ədliyyə naziri Fikrət Məmmədov bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq aprelin 17-də Xırdalan şəhərində yerləşən Abşeron Rayon Mədəniyyət Evində Sumqayıt şəhəri, Abşeron və Xızı rayonları sakinlərinin, habelə Şuşa şəhərindən və Qubadlı rayonundan olan məcburi köçkünlərin qəbulunu keçirmişdir.

Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, vətəndaşların rahatlığının təmin edilməsi üçün nazirin qəbuluna yazılış qabaqcadan başlanılmış, nazirliyin elektron xidmətlər portalında xüsusi olaraq birbaşa yazılmaq imkanı yaradılmışdır.

Gün ərzində aparılmış qəbul zamanı ədliyyə və məhkəmə fəaliyyəti, habelə digər müxtəlif məsələlərlə bağlı hər bir vətəndaş diqqətlə dinlənilmişdir. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapmış, digər müraciətlər üzrə nazirliyin qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilmişdir.

Eyni zamanda, ədliyyə və məhkəmə fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərə baxılmış, onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunmuşdur.

Ədliyyə naziri, həmçinin rayon məhkəməsinə və ədliyyə orqanlarına baş çəkərək, hakimlər və ədliyyə işçiləri ilə görüşmüşdür.

Nazir Fikrət Məmmədov onların fəaliyyəti və şəraiti ilə tanış olmuş, problemlərlə maraqlanmış, vətəndaş-məmur münasibətlərinin Azərbaycan Respublikası Prezidentinin tələblərinə uyğun olaraq sağlam zəmində qurulması, etik davranış qaydalarına ciddi riayət edilməsi, korrupsiyaya şərait yaradan hallara yol verilməməsi və digər aidiyyəti tövsiyə və tapşırıqlarını vermişdir.

 

Azərbaycan.-2014.- 18 aprel.- S.3.