Tarixi keçmişin yadigarları

 

18 aprel Beynəlxalq abidələr və tarixi yerlər günüdür

 

"Biz tarixi keçmişimizə nəzər salarkən ulu babalarımız yaratdığı və indiyə qədər yaşayan abidələrlə, qalalarla, şəhərlərlə, heykəllərlə, yollarla - yaradılan hər şeylə fəxr edir və bunları yaradanları daim xatırlayır, onlara öz minnətdarlığımızı bildiririk".

Heydər ƏLIYEV

 

Tarixi abidələr hər bir xalqın konkret coğrafi məkanda min illiklər, əsrlər ərzində formalaşdığını, təşəkkül tapdığını təsdiq edən yeganə mənbələrdir. Bu abidələr keçmişin yadigarları, xalqın milli varlığının maddi sübutları olmaqla yanaşı, gələcəyə uzanan böyük bir yolun ən mühüm bağlantısıdır. Ona görə də bütün dünyada tarixi abidələrin mühafizəsi, gələcək nəsillərə çatdırılması hər bir ölkənin  və beynəlxalq təşkilatların  qarşısında duran əsas vəzifələrdəndir. Təsadüfi deyil ki, UNESCO-nun Abidələrin mühafizəsi məsələləri üzrə Beynəlxalq Şurasının 1983-cü ildə qəbul edilmiş qərarı əsasında aprel ayının 18-i Beynəlxalq abidələr və tarixi yerlər günü kimi qeyd olunur. Bununla əlaqədar dünyanın demək olar ki, bütün ölkələrində tarixi abidələrlə, onların mühafizəsi və turizm məqsədi ilə istifadəsi yönümündə geniş tədbirlər həyata keçirilir.

Azərbaycan ərazisində minlərlə tarixi, arxeoloji və memarlıq abidələri aşkar edilmiş, uzun illər ərzində tədqiqat işləri həyata keçirilmişdir. Aparılan tədqiqatlar nəticəsində ölkəmizin bütün dünyada ən qədim insan məskənlərindən, erkən sivilizasiya mərkəzlərindən biri olması elmi əsaslarla sübuta yetirilmişdir. Qarabağdakı Azıx mağarasında aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan ərazisində ibtidai insanlar hələ iki milyon il əvvəl məskunlaşmışlar. Erkən əkinçilik mədəniyyətlərinə aid yaşayış məskənləri, tunc dövrünün erkən şəhər tipli abidələri, yüzlərlə müxtəlif tipli qəbirlər, antikorta əsrlərə aid şəhərlər və s. çoxsaylı abidələr tədqiq edilmişdir. Bütün bu araşdırmalar Azərbaycanın yazıya qədərki qədim dövr tarixinin və yazılı mənbələrin kifayət qədər yetərli olmadığı antikorta əsrlər dövrünün, eyni zamanda, dövlətçilik ənənələrimizin tarixinin tədqiq edilməsinə mühüm töhfələr vermişdir.

Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə maddi-mədəni irsimizin qorunması, tədqiqi və təbliği işi yüksək inkişaf səviyyəsinə çatmışdır. Ötən əsrin 70-80-ci illərində arxeolojietnoqrafik ekspedisiyalar fəaliyyət göstərmiş, xalqımızın maddi-mədəni irsinə dair yüz minlərlə qədim nümunələr aşkar edilib toplanmışdır. Böyük şəhərlərlə yanaşı, Azərbaycanın demək olar ki, bütün rayonlarında tarix diyarşünaslıq muzeyləri yaradılmış, qədim və yaxın tariximizin ən nəfis nümunələri nümayiş etdirilmiş, arxeoloji qazıntı işlərinin fəaliyyətinin daha da yaxşılaşdırılması üçün arxeoloji bazalar yaradılmışdır. Ulu öndər Heydər Əliyev tarixi abidələrə və arxeoloji qazıntı sahələrinə şəxsən səfərlər etmiş, onların tədqiqi və təbliği zəruriliyi dəfələrlə qeyd olunmuşdur.

Ümummilli liderin respublikamıza rəhbərlik etdiyi illərdə tarixi abidələrin mühafizəsinin çox mühüm hüquqi bazası yaradılmışdır. Belə ki, 1998-ci ildə "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında", 1999-cu ildə "Arxeoloji irsin mühafizəsi haqqında Avropa konvensiyasına Azərbaycan Respublikasının qoşulması barədə" qanunlar qəbul edilmişdir. Eyni zamanda, ulu öndər 2003-cü ildə "Şabran" və "Çıraqqala" qoruqlarının yaradılmasını və "İçərişəhər" qoruğunun fəaliyyətinin təkmilləşdirilməsini nəzərdə tutan xüsusi sərəncamlar imzalamışdır.

2008-ci il fevralın 5-də ölkə Prezidenti İlham Əliyevin imzaladığı "Azərbaycan Milli Elmlər Akademiyasının ArxeologiyaEtnoqrafiya İnstitutu tərəfindən 2008-2009-cu illərdə aparılması nəzərdə tutulan arxeoloji ekspedisiyaların maliyyələşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam Azərbaycan arxeologiya elminin inkişafında yeni mərhələnin başlanğıcını qoymuşdur. Həmin sərəncama əsasən 2008-2009-cu illərdə arxeoloji ekspedisiyaların maliyyələşdirilməsi ilə bağlı xüsusi vəsait ayrılmış, bu da arxeoloji ekspedisiyaların fəaliyyətini xeyli gücləndirmişdir. Yalnız 2012-ci ildə arxeoloji araşdırmalarla bağlı dövlət başçısı iki sərəncam imzalamışdır. Onlardan biri Tovuz rayonundakı Neolit dövrünə aid "Göytəpə" abidəsində geniş tədqiqatların aparılmasını və orada arxeoparkın yaradılmasını, ikincisi isə 2012-2014-cü illərdə respublika ərazisində arxeoloji araşdırmaların aparılması üçün məqsədyönlü vəsaitin ayrılmasını nəzərdə tutur. Bu sərəncamlar əlbəttə ki, arxeoloji abidələrimizin tədqiqinə, təbliğinə və qorunmasına göstərilən ən böyük diqqət və qayğının parlaq təzahürüdür.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın maddi-mədəni irsimizin mühafizəsi, təbliği, dünya ictimaiyyətinə çatdırılması istiqamətində əvəzsiz xidmətləri vardır. Məhz Mehriban xanım Əliyevanın böyük zəhməti və gərgin əməyi sayəsində tarixi, elmi əhəmiyyətinə görə dünyada analoqu olmayan Qobustan Dövlət Tarixi-Bədii Qoruğu UNESCO-nun Ümumdünya irs siyahısına daxil edilmişdir. Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr əsasında "Qala" tarix-etnoqrafiya və "Atəşgah" tarix memarlıq qoruqlarında maddi-mədəni irsimizin sərgilənməsi, ölkə və xarici turizm məqsədi ilə istifadəsi üçün ən müasir tələblərə cavab verən infrastruktur yaradılmışdır. Heç də təsadüfi deyildir ki, Qobustan, İçərişəhər, Qala və Atəşgah abidələri ölkəmizdə səfərdə olan xarici qonaqların və turistlərin çox böyük marağına səbəb olmuşdur.

Heç kəsə sirr deyil ki, tarix və mədəniyyət abidələri mütəmadi olaraq təbii və antropogen təsirlər nəticəsində qismən və ya tam dağıntılara məruz qalır. Müxtəlif təbii fəlakətlər - atmosfer çöküntüləri, zəlzələlər, daşqınlar və s. abidələrə mənfi təsir göstərir. Antropogen təsirlər isə insanların iqtisadi-təsərrüfat fəaliyyətlərinin genişlənməsi, xəzinə axtaranlar, "qara arxeologiya" və s. amillərlə bağlıdır.

Azərbaycan Respublikası hazırda bütün dünyada sürətlə inkişaf edən ölkələrdən biridir. Son 15 ildə ölkəmizdə həm respublika, həm də beynəlxalq əhəmiyyətli iri tikinti işləri həyata keçirilmişdir. Bu gün də belə tikintilər davam etməkdədir. Əlbəttə, hər hansı inşaat işləri zamanı torpağın alt qatlarındakı arxeoloji abidələrin dağıntıya məruz qalmasının qarşısını almaq üçün əvvəla, elmi tədqiqatların aparılması müvafiq qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərdən biridir. Bunun bariz nümunəsi olaraq Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikinti layihəsini göstərmək olar. Bu layihə çərçivəsində həmin kəmərin marşrutunda  AMEA ArxeologiyaEtnoqrafiya İnstitutunun ekspedisiyaları onlarla qədim yaşayış məskənləri və yüzlərlə qəbir abidələrində arxeoloji qazıntı işləri aparmış, 30 mindən artıq maddi-mədəniyyət nümunələri aşkar etmişlər. Bütün bu tapıntılar Azərbaycanın qədim tarixinin bir sıra qaranlıq səhifələrinə işıq salmışdır.

Müasir dövrümüzdə Azərbaycanın tarixi abidələrinin mühafizəsinin və istifadəsinin beynəlxalq standartlar səviyyəsində təmin edilməsi zamanın təxirəsalınmaz tələbidir. Bu baxımdan Azərbaycan Prezidentinin 2013-cü il 27 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı" böyük əhəmiyyət kəsb edir. Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli qərarı ilə respublika ərazisində 6300-dən artıq tarix və mədəniyyət abidələri dövlət mühafizəsinə götürülmüşdür. Son illər aparılan tədqiqatlar nəticəsində daha iki minə yaxın abidə qeydə alınmışdır. Onların müasir tələblərə uyğun şəkildə mühafizəsinin, tədqiqinin və təbliğinin təşkil edilməsi mühüm vəzifələrdən biridir. Məhz buna görə də dövlət proqramı abidələrin mühafizə, bərpa, konservasiya, tədqiqat və təbliğat işlərinin təkmilləşdirilməsini bir vəzifə olaraq qarşıya qoyur.

Bu mühüm sənəddə göstərilən tədbirlər bugünkü reallığı, problemləri əhatə etməklə yanaşı, uzunmüddətli gələcəyə hesablanmışdır. Dövlət proqramında digər aidiyyəti qurumlarla yanaşı, Azərbaycan Milli Elmlər Akademiyasının və xüsusilə də, ArxeologiyaEtnoqrafiya İnstitutunun üzərinə böyük vəzifələr düşür. Son illər Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə ayrılan milyonlarla manat vəsait hesabına geniş arxeoloji tədqiqat işləri aparılmış, bir sıra elmi nailiyyətlər əldə edilmişdir.

İnstitutun ekspedisiyaları ünvanları məlum abidələrdə qazıntılar aparmaqla yanaşı, arxeoloji kəşfiyyat-axtarış işlərini də həyata keçirmiş, əvvəllər elmi araşdırmaların olmadığı bölgələr də tədqiqatlara cəlb edilmiş, nəticədə qədim tariximizin bütün mərhələlərinə aid yüzlərlə arxeoloji abidələr aşkara çıxarılmışdır. Bu baxımdan Qarabağın işğal edilməmiş ərazilərində, Mil düzündə aparılan tədqiqat işlərini xüsusilə qeyd etmək lazımdır. Həmin ərazilərdə Azərbaycan - Almaniya beynəlxalq ekspedisiyasının fəaliyyəti nəticəsində e.ə. VI-II minilliklərə aid 100-dən artıq yaşayış məskənləri və qəbir abidələri aşkar edilmiş, onların təsərrüfat işlərinə görə dağıntıya məruz qalma təhlükəsinin qarşısı alınmışdır. Bundan əlavə, Qəbələ, Tovuz, Ağstafa, Şəmkir, Şəki-Zaqatala, Naxçıvan və s. bölgələrdə onlarla arxeoloji abidələr aşkar edilmişdir.

Dövlət proqramında "Azərbaycan Respublikasının ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin yeni siyahısının tərtibi və təsdiqi" nəzərdə tutulur. Abidələrin qorunmasının  ən effektli üsullarından biri həmin yerlərdə tədqiqatların aparılması və bununla da, ictimaiyyətin diqqətinin bu məsələyə cəlb edilməsidir. ArxeologiyaEtnoqrafiya İnstitutunun apardığı çöl-tədqiqat işləri zamanı əvvəllər elmə məlum olmayan yüzlərlə arxeoloji abidələr - Ddaş dövrünə aid ibtidai insan düşərgələri, NeolitXalkolit dövrlərinə aid erkən əkinçilik mədəniyyətlərinə məxsus yaşayış məskənləri və qəbir abidələri, tunc, erkən dəmir, antikorta əsrlərə aid kənd və şəhər tipli yaşayış yerləri, müxtəlif növ qəbir abidələri qeydə alınmışdır. Onların yenidən tərtib və təsdiq olunacaq siyahıya daxil edilməsi vacibdir.

Elmi strukturlarla təhsil müəssisələrinin sıx əməkdaşlıq şəraitində çalışması  dövrün labüd, zəruri tələblərindən biridir. Məhz buna görə də dövlət proqramında qarşıya qoyulan vəzifələrdən biri də dərsliklərə mədəni irs haqqında məlumatların daxil edilməsidir. Son illər respublika ərazisində genişmiqyaslı arxeoloji tədqiqat işlərinin aparılmasına və qədim tariximizə dair yeni faktların aşkarlanmasına baxmayaraq, bunlar tədris vəsaitlərində kifayət qədər əksini tapmamışdır. Tarixi abidələrimiz, maddi-mədəni irsimiz azərbaycançılıq ideyasının əsas təməl daşlarından biri olduğuna görə ortaali təhsil proqramlarında bu məsələlərə xüsusilə geniş yer verilməlidir. Tələbələrin və şagirdlərin tarixi abidələr olan yerlərə turları mütəmadi xarakter almalıdır. Belə tədbirlər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində, abidələrimizin qorunmasına ictimaiyyətin cəlb edilməsi istiqamətində mühüm rola malikdir.

Dövlət proqramında ölkəmiz üçün tale yüklü məsələlərdən biri - "Azərbaycanın işğal altında olan torpaqlarında yerləşən daşınmaz mədəni irsi haqqında kitabların çap etdirilməsi" əksini tapmışdır. Bu mühüm vəzifənin yerinə yetirilməsi üçün ilk növbədə, işğal zonasındakı tarix və mədəniyyət abidələrinin dəqiq siyahısı tərtib edilməli, onlar haqqında maksimum elmi informasiya bazası yaradılmalı, həmin abidələrin elektron xəritələri tərtib edilməli, Azərbaycan və müxtəlif beynəlxalq dillərdə bu abidələr haqqında geniş elmi informasiyanın əks olunduğu kitablarkataloqlar nəşr edilməlidir. Bu nəşr məhsulları müvafiq beynəlxalq təşkilatlara göndərilməlidir. İşğal edilmiş bölgədəki tarixi-arxeoloji abidələrimiz, xalqımızın etnoqrafiyasını əks etdirən dağıdılmış maddi-mənəvi irsimizə həsr olunmuş beynəlxalq konfransın keçirilməsi və bu məsələyə dünya ictimaiyyətinin diqqətinin artırılması əsas vəzifələrdən biri olmalıdır.

Bu gün yüzlərlə abidələrimiz erməni vandalları tərəfindən kütləvi surətdə məhv edilirya özününküləşdirilir. Dünyanın nadir abidələrindən olan Azıx mağara düşərgəsi erməni işğalçıları tərəfindən əvvəllər hərbi sursat anbarına çevrilmiş, sonra isə orada qeyri-qanuni "arxeoloji qazıntılarla" dağıdılmışdır. Siyasi mübarizə arenasında tam məğlubiyyətini dərk edən Ermənistan işğal faktına tarixi-hüquqi don geyindirmək məqsədi ilə həmin ərazilərdəki qədim abidələrin guya ermənilərə məxsus olması barədə cəfəngiyat dolu təbliğat aparır. Hələ ötən əsrin 90-cı illərinin əvvəllərində ArxeologiyaEtnoqrafiya İnstitutunun əməkdaşları, görkəmli arxeoloqlar mərhum Məmmədəli Hüseynov və Rəşid Göyüşov ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarında tarixi abidələrimizi məhv etməklərinin qarşısının alınması üçün UNESCO-ya müraciət göndərmişdilər. Sonrakı illərdə də dövlət qurumları tərəfindən belə müraciətlərin olmasına baxmayaraq beynəlxalq təşkilatların bu məsələyə biganə münasibəti davam etməkdədir. Ermənistan "Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyası və ona dair 1954 və 1999-cu il protokollarının üzvüdür. Bu konvensiyada işğal olunmuş ərazilərdə hər hansı arxeoloji qazıntıların aparılması, mədəni mülkiyyətə dəyişikliklər edilməsi, mədəni, tarixielmi dəlillərin gizlədilməsi və ya məhvi məqsədilə onların istifadəsi qadağan edilmişdir. Buna baxmayaraq Ermənistan tərəfi işğal olunmuş Azərbaycan ərazilərində qeyri-qanuni arxeoloji qazıntı işlərini davam etdirirlər. Ağdamın işğal olunmuş ərazisindəki elmə çoxdan məlum olan qədim abidələrimizi ermənilər "Tiqranakert" elan edərək orada "arxeoloji qazıntılar" aparırlar. Halbuki "Tiqranakert" adlı qədim şəhər bütövlükdə Cənubi Qafqaz ərazisində mövcud olmamışdır.

Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin ideoloji bazasının əsas sütunlarından birini məhz tarixi abidələrimiz təşkil edir. Ona görə də müasir dövrdə Azərbaycanın hərtərəfli və davamlı inkişafı fonunda tarixi abidələrin qorunması işi qarşıda duran mühüm vəzifələrdəndir.

 

Nəcəf MÜSEYİBLİ,

AMEA ArxeologiyaEtnoqrafiya

 İnstitutunun elmi işlər üzrə direktor müavini

Azərbaycan.-2014.- 18 aprel.- S.6.