Təklə tayfasının keçmişinə və bugününə həsr edilən tədqiqat əsəri

 

Kitablar da insanlar kimidir: hansınınsa ömrü çiçək qədər qısa olur, hansısa əbədiyaşarlıq qazanır. Bu günlərdə oxucu rəğbəti qazanmış bir sıra kitabların müəllifi şair-publisist Süleyman Əlisanın "Təklə eli, tərəkəmə dünyası" ensiklopedik xarakterli kitabı ilə tanış oldum. Müəllifin mənbələrdən və tarixi əsərlərdən yararlanma qabiliyyəti, hadisələrə yanaşma və onları təhlil etmək bacarığı, yazı tərzi məndə böyük maraq yaratdı. Təklə elinin yetirməsi olduğumdan qeyri-ixtiyari olaraq müəlliflə fikirlərimi paylaşmaq zərurəti duydum.

Bu, yaşlı nəslin hər bir nümayəndəsinin şəxsən şahid olduğu tarixi reallıqdır ki, uzun illər sovet ideologiyası xalqların, xüsusilə türkdilli millətlərin mənşəyinin tədqiq edilməsinə, müəyyən istisnalar nəzərə alınmazsa, imkan verməmişdir. Halbuki Azərbaycan xalqının etnik mənşəyinin öyrənilməsi, bununla əlaqədar tarixi mənbələrin ortaya çıxarılması həmişə aktual olmuşdur. Yalnız respublikamız müstəqillik qazandıqdan sonra tarix boyu baş verən prosesləri kompleks halında təhlil etmək, xalqımızın ən qədim dövrdən bugünə qədər keçdiyi yolu araşdırmaq imkanı yaranmışdır.

Əsər müxtəlif tarixi hadisələrin təsiri altında dünyanın ayrı-ayrı yerlərinə səpələnmiş və bugünümüzə gəlib çıxan təklə tayfasının Azərbaycan xalqının etnogenezi prosesində iştirakının və yerinin müəyyən edilməsi baxımından və milli tarixi təfəkkürün canlandırılması nöqteyi-nəzərindən uğurlu alınmışdır. Təklə toponiminə və təklələrin yayılma arealına diqqət çəkən müəllif bu vaxta qədər çoxlarına məlum olmayan dəyərli tarixi faktları aşkara çıxarmışdır. Ən qədim mənbələrdən başlayaraq müasir tədqiqatları da əhatə edən əsərin tarixşünaslıq bazası çox zəngindır. Bu, müəllifə təklələrin türk tarixində oynadığı rolu, yayılma coğrafiyasını və ona təsir edən amilləri açmağa imkan vermişdir.

Təsadüfi deyildir ki, kitabda Səfəvilər dövrünə geniş yer ayrılmışdır. Şah İsmayılın və onun varislərinin fəth hərəkatını aparıcı tayfalardan təşkil olunmuş müzəffər ordu həyata keçirmişdir. Tarix böyük fəthlərdən heçaz əhəmiyyətli olmayan ikinci mühüm amilin də unudulmamasını vacib sayır. Belə ki, böyük imperiyaların uzunmüddətliyini təmin etmək üçün fatehlər fəth etdikləri bölgələrdə ictimai, milli dayaq yaradaraq inandığı tayfaların nümayəndələrini yerləşdirirdilər. Hər qələbədən sonra tayfa başçıları müxtəlif titullara layiq görülər, onlara tiyul olaraq torpaqlar verilərdi. Bu baxımdan Təklə-Təkəli tayfası Səfəvilər dövründə müstəsna rol oynamış, Səfəvilər xanədanının ən çox etibar etdiyi tayfalardan biri olmuşdur. Buna görə də Səfəvilər imperiyasının müxtəlif ərazilərində təklələr açıq və gizli formada məskunlaşmışdılar. Yaxın Şərq ölkələrinin əksəriyyətində təklələrin yayılması məhz Səfəvilərin fəthini əbədiləşdirmək, yaxud uzunömürlü etmək ehtiyacından yaranmışdı. Maraqlıdır ki, Səfəvilər imperiyası zəiflədikdən sonra da təklələr yaşadıqları bölgənin əsas əhalisini təşkil etmişlər. Bu da belə bir qənaətə gəlməyə əsas verir ki, Azərbaycan xalqının etnogenezinin formalaşmasında iştirak edən Təklə tayfası həqiqətən böyük, igidqorxmaz tayfa olmuşdur. Onlar tarixi zərurət üzündən gündoğandagünbatanda məskunlaşmış, turk tayfaları arasında əlaqələrin möhkəmlənməsində mühüm rol oynamışlar.

Tarixi mənbələrdə Qafqazda, o cümlədən Azərbaycanda, Muğanda təklələrin sayının artırılmasına aid bir çox sənədlər var. Müəllif kitabında həmin mənbələrə istinad edərək konkret misallar gətirir və qeyd edir ki, "Şahqulu ağanın Səfəvi dövlətinə gələn adamlarının qalanlarının bir hissəsi Muğanda yerləşdirildi". Onların sonralar da təklə tayfası adı ilə tanındıqları da mənbələrə əsasən təsdiqini tapır. Bəzi müəlliflər türklərin Qafqaza və Yaxın Şərq olkələrinə sonradan gəlmə olduqlarını iddia edirbu prosesi cidd-cəhdlə Malazgirt döyüşü (1073) ilə əlaqələndirməyə çalışırlar. Halbuki son zamanlarda aparılan tədqiqatlar təsdiqləyir ki, türklər QafqazdaAnadoluda hələ eramızdan çox-çox əvvəllər yaşamışlar. Kitabda bu məsələ də xüsusi vurğulanır.

Təklələrin Səfəvilər dövlətinin mədəni həyatında mühüm rol oynamalarına dair gətirilən faktlar da çox maraqlıdır. Tədqiqatçılar doğru olaraq qeyd edirlər ki, Azərbaycan xalqının təşəkkülü və formalaşması prosesinin başa çatması Səfəvilər dövlətinin qurulması ilə eyni dövrə təsadüf edir. Milli dövlətin qurulması və xalqın formalaşması prosesi bir-birini tamamlayan proseslərdir.

Kitabda "Təkləlilərin yaylaq həyatı" başlığı altında verilən yazılar da maraqlı və düşündürücüdür. Təkləlilərin azadlıq aşiqi olduqlarını, onların özlərinə güvəndikləri, özlərini müdafiə etməyə gücləri çatdığı da aydın faktlarla təsdiq olunur. Təkləlilərin tarixən yaşadıqları hər yerdə pasportlarının, yəni qəbiristanlıqlarının olmasına aid faktlar onlar haqqında maraqlı fikirlərin meydana çıxmasına səbəb olur. İnsan cəmiyyətinin tarixi göstərir ki, bəzi istisnalar nəzərə alınmazsa, insanlar ölənlərini təsadüfi yerlərdə basdırmazlar, yalnız uzun illər yaşadıqları ərazidə qəbiristanlıq yaradarlar. Dünyanın müxtəlif guşələrinə səpələnmiş təkləlilərin qəbiristanlıqları onların həmin yerlərdə yaşadıqlarının ən mühüm sübutudur.

Kitabda tərəkəmə həyatı ilə əlaqədar maraqlı faktlaronlardan meydana gələn mülahizələr yer almışdır. Tərəkəmələrin həyat tərzi tarixi ədəbiyyatda fərqli şəkildə qiymətləndirilir. Kitabda tərəkəmə təkləlilərin həyat tərzinin müəyyən edilməsində onların iki yurd yeriiki qəbiristanlığının olması haqqındakı faktlar mühüm rol oynayır, yeni fikirlər söyləməyə imkan verir. Bu məqamda köçərilik haqqında bir sıra nəzəri məsələlərin aydınlaşdırılmasına ehtiyac duyuram. Köçərilərin getdikləri yer olur, amma geri dönməli yerləri olmur. Tərəkəmə təkləlilərin tarix boyu iki yurd yeri arasında hərəkət etdiklərini deyən müəllif tutarlı faktlara söykənir. Yeri gəlmişkən, 2004-cü ildə çap olunan "Azərbaycan Avropa dövlətlərinin diplomatiyasında (1747-1829) kitabımda "Azərbaycanda köçərilik məsələsinə dair" başlığı altında materiallar və fikirlərim verilmişdir. Azərbaycanda kəndlilərin oturaq həyata keçmələri Səfəvilər dövründə tamamlanmışdır. Azərbaycan tərəkəmələri heç vaxt yaşadıqları kəndləri boş qoymurdular. Onların bir hissəsi mal-qaranı, qoyun-quzunu yaylağa aparanda bir qismi də kənddə qalıb əkinçiliklə, təsərrüfatla məşğul olurdular. Ona görə də tərəkəmə təklələr köçəri deyil, köçəri maldarlar idilər.

Kitabda təklələrin təsərrüfat həyatını, mətbəx mədəniyyətini, toy adət-ənənələrini, qadının ailədəki rolunu, uşaqların tərbiyəsini əks etdirən faktlar tərəkəmə aləminə və prinsiplərinə aydınlıq gətirir. Ailə həyatına aid gətirilən faktlar isə onların inkişaf etmiş sosial münasibətlərin daşıyıcıları olduğunu söyləməyə imkan verir. Təklələrin musiqi duyumuna (saz və tütək), dini inanclarına dair faktlar qürur hissi doğurur. Təklə yazarlarının əsərlərindən bəzi nümunələri, Təklə elinin söz boxçasını kitabına daxil etməklə müəllif əslində bu elin inkişaf səviyyəsini açıb göstərir.

Bu kimi kitablar azərbaycanşünaslığın mühüm problemlərinin tədqiq və təbliğ edilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Müəllifin bu fədakarlığının və araşdırmalarının davamlı olacağına, yeni tarixi faktları elmi mübadiləyə daxil edəcəyinə inanıram.

 

Həsənbala SADIQOV,

əməkdar müəllim, professor

Azərbaycan.-2014.- 18 aprel.- S.7.