Görkəmli Azərbaycan yazıçısı İsmayıl

 Şıxlının 95 illik yubileyi qeyd edilmişdir

 

 

Aprelin 18-də Azərbaycan Yazıçılar Birliynin (AYB) “Natəvan” klubunda görkəmli ədib, Xalq Yazıçısı İsmayıl Şıxlının 95 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir.

AzərTAc xəbər verir ki, yubiley tədbirində elm və mədəniyyət xadimləri, mərhum sənətkarın ailə üzvləri və ədəbi ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan AYB-nin sədri, Xalq Yazıçısı Anar yaradıcılığa təzə başlayan gənclərin həmişə dayağı olmuş İsmayıl Şıxlını böyük yazıçı və sözü bütöv, mərd, cəsarətli bir insan kimi xarakterizə etmişdir. AYB sədri demişdir ki, İsmayıl Şıxlı XX əsr Azərbaycan ədəbiyyatının klassikidir. Bununla yanaşı, o, bir vətəndaş kimi də Azərbaycanın ən çətin günlərində sözünü deməkdən çəkinməmişdir. İsmayıl Şıxlı ömrünün sonunadək qələmə sadiq qalmış və ədəbiyyatımıza dəyərli nəsr əsərləri bəxş etmişdir.

Bildirilmişdir ki, öz təbiiliyi, kişi xarakteri, mərdliyi və özünəməxsusluğu ilə xalq arasında böyük nüfuz qazanmış İsmayıl Şıxlının təkcə “Dəli Kür” romanı onun XX əsr Azərbaycan ədəbiyyatının klassikləri sırasına düşməsinə kifayət edir. Bununla belə, görkəmli yazıçı bütün əsərlərində canlı obrazlar qalereyası yaratmış, orijinallığı ilə daim seçilmiş və oxucuların ürəyində özünə əbədi heykəl ucaltmışdır.

Xalq Şairi Fikrət Qoca isə çıxışında bildirmişdir ki, İsmayıl Şıxlı bizim nəslin öyrəndiyi və pərəstiş etdiyi bir yazıçıdır. Qeyd edilmişdir ki, 70-80-ci illərin ədəbi nəsli onun əsərləri ilə böyümüşdür.

Tənqidçi-ədəbiyyatşünas Arif Əmrahoğlu alimlik taleyində İsmayıl Şıxlının böyük rolu olduğunu qeyd etmişdir. Demişdir ki, bu böyük yazıçı əsl ruh adamı idi, xalqımızın minillik ruhunu bilirdi. Odur ki, o, itirdiklərimiz mənəvi dəyərləri xalqımıza qaytarmaq istəyirdi. Görkəmli ədibin yaratdığı Cahandar ağa obrazı itirdiklərimizin nümunəsi kimi qiymətləndirilə bilər.

Yazıçının tələbəsi, professor Əzizxan Tanrıverdiyev İsmayıl Şıxlının müəllimlik və tərcüməçilik fəaliyyətindən danışmışdır. Diqqətə çatdırılmışdır ki, İsmayıl Şıxlı Azərbaycan Dövlət Pedaqoji Universitetində müəllim, baş müəllim, dosent olmuş, xarici ölkələr ədəbiyyatı kafedrasına rəhbərlik etmişdir. O, bir müəllim kimi öz tələbələrindən qayğısını, xeyirxahlığını, səxavətli əməllərini əsirgəməmişdir. İsmayıl Şıxlı 1970-ci ildə “XVIII əsr xarici ədəbiyyat tarixi” adlı dərs vəsaitini çap etdirmiş, tələbələrin xarici ölkələr ədəbiyyatına olan tələbatını ödəmək üçün 1974-cü ildə “XX əsr xarici ədəbiyyat tarixi” kitabını yazmışdır.

Qeyd edilmişdir ki, İsmayıl Şıxlının yaradıcılığında tərcümə ədəbiyyatı da mühüm yer tutmuşdur. O, XIX əsr fransız realist yazıçısı Gi de Mopassanın hekayələrini ruscadan Azərbaycan dilinə tərcümə etmişdir. Mopassanın yaradıcılığına xas olan kəskin tənqid, öldürücü satiraşirin yumor İsmayıl Şıxlının tərcüməsində çox təbii və təravətli alınmışdır.

Tədbirdə çıxış edən “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, yazıçı Natiq Rəsulzadə, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid və başqaları İsmayıl Şıxlının əsərlərinin ideya-məzmun xüsusiyyətlərindən danışmış, onunla bağlı xatirələrini bölüşmüşlər.

Yazıçının həmişə ədəbi ictimaiyyətin marağına səbəb olmuş tənqidi məqalələri də yada salınmışdır. Qeyd edilmişdir ki, bu qəbildən olan məqalələr sırasında “Gənc nasirlər haqqında”, “Janrın tələbləri”, “Aşıq yaradıcılığı haqqında”, “Sənət xalqla birgə nəfəs almalıdır”, “Səmimi yazıçı, həssas insan”, “Böyük sənətkarın tələbləri”, “Ürəklərə yol tapmalı”, “Müharibə və insanxüsusi əhəmiyyət daşıyır. Bunların hər biri İsmayıl Şıxlının ədəbi-tənqidi görüşləri kimi bütün zamanlarda öz aktuallığını itirmir, böyük sənət əsərləri kimi gənc tənqidçilərə istiqamət verir.

Bildirilmişdir ki, İsmayıl Şıxlının ilk yaradıcılıq nümunəsi olanQuşlarşeiri 1938 - ci ildə “Ədəbiyyat” qəzetində dərc olunmuşdur. O, ədəbi yaradıcılığa 1947-ci ildə “İnqilab və mədəniyyət” jurnalında çap etdirdiyi “Həkimin nağılı” hekayəsi ilə başlamışdır.

Çıxışlarda vurğulanmışdır ki, yazıçı “Ayrılan yollar”, “Bizim qəribə taleyimiz”, “Dəli Kür” və milli düşüncəmizin inkişafına töhfə verən digər sanballı nəsr əsərləri ilə daim qəlblərdə yaşayacaqdır.

Sonda İsmayıl Şıxlının oğlu, tanınmış jurnalist Elçin Şıxlı atasının xatirəsinə göstərilən yüksək ehtiram və hörmətə görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.

 

Azərbaycan.-2014.- 19 aprel.- S.7.