Sosial inkişafa yönəldilən tədbirlər davamlı xarakter daşıyır

 

Nazirlər Kabinetinin son iclasında bu məsələdən də ətraflı bəhs edilmişdir

 

İlin ötən üç ayının nəticələri göstərir ki, Azərbaycan öz dinamik inkişaf sürətini qoruyub saxlaya bilir. Bütün sahələrdə işlər uğurla gedir. Dövlətin prioritet sahə elan etdiyi qeyri-neft sektorunda birinci rübdə 8,8 faiz artım olub. Kənd təsərrüfatında artım 3 faizdən çoxdur. İlin əvvəlindən  ölkədə 10 milyon 562 min ton xam neft, 7 milyard 677 milyon kubmetr təbii qaz hasil edilib. Bu da keçən ilin  müvafiq dövründə olduğundan artıqdır.

Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə həyatının bütün sahələrində olan vəziyyət ətraflı təhlil edilmiş, nailiyyətlər göstərilmiş, həlli vacib məsələlərə diqqət yönəldilmişdir. Bir daha vurğulanmışdır ki, köklü  iqtisadi islahatların və ciddi sosial proqramların həyata keçirilməsi bir-biri ilə sıx bağlıdır. Məsələn, birinci rübdə orta aylıq əməkhaqqı təxminən 7 faiz artmışdır. İndi Azərbaycanda orta aylıq əməkhaqqı 430 manat, yaxud 550 dollar təşkil edir. Buna zəmanət və əsas verən isə, təbii ki, iqtisadi inkişafdır. Prezident İlham Əliyev sözügedən tədbirdə bu vacib məsələ üzərində bir daha dayanmışdır: “Əməkhaqqı ildən-ilə artır və artacaqdır. Gələcəkdə görüləcək işlər, iqtisadi inkişaf, neft-qaz sektorunun inkişafı sayəsində, eyni zamanda, maaşların və pensiyaların qaldırılması nəticəsində orta əməkhaqqı və orta pensiya daha da artmalıdır, artacaqdır”.

Əməkhaqqının artması isə əhalinin güzəranının daha da yaxşılaşdırılmasını göstərən əyani faktdır. Əhalinin banklardakı əmanətlərinin 20 faizdən çox artması da deyilənləri təsdiqləyir. Dövlət başçısı bunu giriş nitqində belə səciyyələndirib: “Bu, ilk növbədə onu göstərir ki, insanların maddi vəziyyəti yaxşılaşır. Digər tərəfdən, bu hal banklara inamın təzahürüdür. Eyni zamanda, bu, imkan verir ki, banklarımız ölkəmizin iqtisadi inkişafında daha da fəal iştirak etsinlər”.

Sosial tədbirlərdən söhbət düşəndə son iki-üç ayda böyük vüsət almış bir təşəbbüsü xüsusilə vurğulamaq lazımdır. İndi ölkədə əhalinin dispanserizasiya proqramı icra edilir. Bu elə bir layihədir ki, möhkəm əsas, bünövrə olmadan həyata keçirilə bilməz. Son illərdə ən müasir tibb mərkəzlərinin yaradılması, onların ən yeni avadanlıqlarla təchiz olunması insanların sağlamlığı ilə bağlı belə bir tədbirin reallaşmasına imkan yaratdı. Həm də sevindirici haldır ki, bu, ölkənin hər yerində mümkündür. Ona görə də cəmi iki ayda 4 milyondan çox insan həkim müayinəsindən keçə bilib.

Ölkədə son illərdə 500-dən çox xəstəxana, 2 mindən artıq məktəb tikilib. Bununla belə, həmin istiqamətdə işlər davam etdirilir. Buna ehtiyac olduğunu  qeyd edərək dövlət başçısı 2018-ci ilin sonunadək sözügedən sahədə bütün təmir-bərpa və tikinti işlərini yekunlaşdırmağın, sosial infrastrukturun yenilənməsinin vacibliyini vurğulamışdır.

İnsanların sağlamlığına təsir göstərən amillərdən biri də ekologiyadır. Təsadüfi deyil ki, Nazirlər Kabinetinin iclasında bu barədə də söhbət getmişdir. Xüsusilə Bakının və Abşeron yarımadasının neftlə çirklənmiş ərazilərindəki gölməçələrə, ekoloji cəhətdən vəziyyəti yarıtmaz olan sahələrə diqqət yönəldilmişdir. Şəhərin mərkəzindəki yod zavodunun çöküntülərinin təmizlənməsi, Balaxanı zibilxanasının ləğv edilməsi, orada müasir zavodun tikilməsi, bütün bu ərazilərdə ağacların əkilməsi təqdirəlayiq hal kimi qeyd olunmuşdur. Yeni yaşıllıqların salınması kampaniyası davam edirbu, ekologiyaya, nəticə etibarilə insanların sağlamlığına xidmət edən tədbirdir. 

Həyata keçirilən sosial tədbirlər sırasında əhalinin qazlaelektrik enerjisi ilə  təminatı xüsusi önəm daşıyır. Qazla təmin edilən rayonların sayı artıq 67-yə çatıb. Bir çox bölgələrdə qaz təminatı bərpa edilib. Bu, əhali üçün rahatlıq yaratmaqla yanaşı, həm də əvvəllər insanların digər yanacaq növlərinin əldə edilməsinə yönəltdiyi xərcləri dəfələrlə azaltmışdır. İndi ölkədə təbii qazla təmin olunan abonentlərin sayının 1 milyon 677 minə çatması olduqca müsbət haldır.

“Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı” qəbul ediləndən və Prezidentin “Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamından sonra  görülən işlər sayəsində əhalinin işıq sarıdan olan çətinlikləri də aradan qalxmışdır. Müasir qaz-turbin tipliŞimalElektrik Stansiyasının istifadəyə verilməsi, bir sıra bölgələrdə modul tipli elektrik stansiyalarının tikilməsi, buxar-qaz tipli “Sumqayıt” və “Cənub” elektrik stansiyalarının işə düşməsi son beş il ərzində Azərbaycan energetika sisteminin generasiya gücünü 30 faizə yaxın artırmışdır.

Bu sahədə də tədbirlər davam edir. Ölkədə enerji potensialına tələbatın  daim qabaqlanması, bu məqsədlə elektrik stansiyalarının tikilməsi, elektrik təsərrüfatının yeniləşməsi, qazlaşdırılmanın 95-98 faizə çatdırılması üçün proqramlar işlənib hazırlanmışdır.

Əhalinin sosial problemlərinin həllinə yönəldilən tədbirlər sırasında məcburi köçkünlərə, Qarabağ müharibəsi veteranlarına qayğı xüsusi yer tutur. Keçən il   20 mindən çox köçkün yeni evlərə və mənzillərə köçmüşdür. Bu il də məcburi köçkünlərin evlərlə təmin olunması proqramının davam etdiriləcəyini bildirən dövlət başçısı demişdir: “Bu il də ən azı 20 min köçkün köçəcəkdir. Bu proqram icra edilir, davam etdirilir. Yerlər müəyyən edilibdir. Burada  heç bir yubanma, ləngimə ola bilməz. Maliyyə problemiola bilməz. Ona görə burada hər şey qrafik üzrə gedir”.

Prezidentin imzaladığı sərəncamlar əsasında Qarabağ müharibəsi veteranlarının və əlillərinin sosial təminatı getdikcə yaxşılaşır. Onlar üçün evlər tikilib, mənzillər paylanır, əlillər üçün minik maşınları nəzərdə tutulub. Növbədə dayanan müharibə əlilləri və şəhid ailələri bu ilminik maşınları ilə təmin olunacaqlar. Dövlətin səyləri  növbəti üç-dörd il ərzində növbədə dayanan şəhid ailələrinin və müharibə əlillərinin hamısını yeni mənzillərlə və fərdi evlərlə təmin etməyə yönəldilmişdir.

Nazirlər Kabinetinin bir neçə gün əvvəl keçirilmiş sözügedən iclasında sosial sahənin dövlətin daim diqqət mərkəzində olduğunubu sahənin inkişafının davamlı xarakter daşıdığı bir daha təsdiqlənmişdir.

 

Azərbaycan $g 2014.- 20 aprel.- S.1.