Meşələr - dünyanın yaşıl “kəmər”i

 

Kür qırağında bu “kəmər”ə xal düşüb...

 

 

Hələ bir vaxtlar Kür qırağı öz seyrəngahı ilə ədəbiyyatın da mövzusuna çevrilmişdi. Onda bu yerləri dolaşanlar torpağın altını tükənməz xəzinə, üstünü muzey adlandırmışlar. Kür qırağı boyunca uzanıb gedən Tuqay meşələrinin ucu-bucağı bilinməzdi, ölçüyə-biçiyə gəlməzdi. Araşdırmaçıların yazdığına görə, Tuqay meşələri Orta Asiyadan - Amudərya və Sır-dərya çaylarının sahillərindən başlayıb bizim ölkəmizdə Kür boyunca uzanıb gedir.  Amma bu meşələr uzun müddət baxımsızlığın güdazına gedib, seyrələ-seyrələ seyrəngahlığını itirib. Təbiətşünas alim, böyük maarifpərvər Həsən bəy Zərdabi Tuqay meşələrini gəzib dolaşandan sonra xatirələrində yazır ki, bu yerlərdə ağaclara - təbiətin yaşıl heykəlinə divan tutublar. Aran bölgəsində Kürqırağı qoruqlar az qala mal-qaranın örüş yerinə çevrilib. Ona görə də çay yatağının sahili boyunca uzanıb gedən meşəlik adicə bir talanı xatırladır. Qovağın, palıdın, qızılağacın, akasiyanın, xan çinarın kökünü elə kəsiblər ki, meşə örtüyündən əsər-əlamət qalmayıb. Meşə zolaqlarının belə seyrəlməsi  Kür boyunca yeni dövlət təbiət qoruğunun mühafizəsinə zərurət yaradıb.

1978-ci ildə Ağstafa rayonunun ərazisində Kür qırağının sol sahilində ümumi sahəsi 486 min kvadratmetr olan Qarayazı Dövlət Təbiət Qoruğu yaradıldı. Bu yolla düzən meşələrin məhv olmaq təhlükəsi sovuşdu. Nəzərə almalıyıq ki, dünyada meşə örtüyünün sahəsi o qədər də böyük deyil - cəmi 4 milyard hektardır. Bunun da çoxu - 809 milyon hektarı Rusiya Federasiyasının payına düşür. Son 200 ildə dünyada meşə ərazilərinin sahəsi iki dəfədən çox azalmışdır. Alimlərin tədqiqatına görə, üç əsr  əvvəl Azərbaycan ərazisinin 35 faizi meşə ilə örtülü olub. Amma illər ötdükcə təbiətə münasibət sərt şəkildə dəyişib. Bunun nəticəsidir ki, hazırda ərazimizin yalnız 11,8 faizini meşə örtüyü təşkil edir. Daha doğrusu, ölkəmizdə adambaşına 0,12 hektar meşə sahəsi düşür. Acınacaqlı haldır ki, Azərbaycanın meşə fondunun 261 min hektarı Ermənistan tərəfindən işğal olunub. Təkcə Zəngilanda dünyanın ən böyük meşələrindən birinə vəhşicəsinə divan tutulub.

Ermənilər bizim qoruduğumuz, daha çox sevdiyimiz ağaclarla da əsirlikdə qalan adamlar kimi davranırlar. Cəbrayılın mərkəzində bir xan çinar vardı. Gövdəsində iri bir çayxana yerləşirdi. Bura həm qonaqların, həm də yerli adamların görüş yeri sayılırdı. Cəbrayıl işğal olunandan sonra bu tənha xan çinarı da güllə-baran etdilər, zədələdilər. Sən demə, ermənilər bizim müqəddəs saydığımız ağaclara da düşmən gözü ilə baxır, onları da cəzalandırırlar. Qəzəbin, nifrətin həddinə bax, İlahi!

Bir vaxtlar Azərbaycanın düzən meşələrində, xüsusən Kür çayı boyunca yerləşən ərazilərdə elə bil ağacların kütləvi məhvinə start verilmişdi. Hektarlarla meşə sahəsi ərazisində pambıqçılıq təsərrüfatı yaradılırdı. Belə bir yarıtmaz ənənənin qarşısını almaq üçün təbiətşünas alim, akademik Həsən Əliyev bu məsələyə ciddi müdaxilə edir. Neftçaladan, Salyandan, Sabirabaddan üzü o tərəfə İmişliyə, Zərdaba, lap Bərdəyə qədər Tuqay meşələrinin bir ucdan qırılması az qala yarışa çevrilmişdi. Həsən Əliyev Mərkəzi Komitənin birinci katibinə məlumat verməli oldu. Onda ulu öndər Heydər Əliyev dərhal tapşırdı ki, meşəni pambığa dəyişmək olmaz. Ona görə də bu yarıtmaz ənənəyə son qoyulmalıdır. Akademik Həsən Əliyev nəticəni öyrənmək üçün yerlərə səfər edir. Sonuncu dayanacağı Bərdə rayonu olur. Raykomun birinci katibi Rüstəm Səfərəliyev onu qarşılayanda dərhal məlumat verir ki, nigaran qalmayın, artıq sizin komissiya işə başlayıb. Akademik təmkinini pozmadan: - Bu, mənim yox, Mərkəzi Komitənin komissiyasıdır, - deyir. Bu məsələ akademikin cəhdi ilə uğurla həll olunur.

Şahidlik etdiyim bir həqiqəti də olduğu kimi xatırlayıram: böyüyüb boya-başa çatdığım Zərdabın Seyidlər kəndi Kür çayının sağ sahilində yerləşir. Tuqay meşələrinin bir zolağı da bu yerlərdən keçir. Çay boyunca söyüd, palıd, akasiya, daimi yaşayan və köçəri quşlar Tuqay meşəsində bir zənginlik yaradırdı. Amma bu gözəlliyə, təbii mənzərələrə də qənim kəsilənlər tapıldı. Raykom katibinin göstərişi ilə meşənin böyük zolağı məhv edildi. Onda kəndin-kəsəyin harayı, həyəcan təbili eşidilmədi. Ona görə ki, birinci katib üçün pambıq meşələrdən dəyərli idi. Amma unudurdu ki, meşə adamların sağlamlığına, gümrahlığına daimi zəmanət və təminat yaradan ən qiymətli milli təbii sərvətdir. Onu məhv etmək, zədələmək gələcəyə balta çalmaq qədər təhlükəlidir. Axı hər hektar meşə sahəsi il ərzində 10-20 ton karbon qazını udaraq əvəzində oksigen ixrac edir. Bir hektar meşə sahəsi isə saatda 8 kiloqram karbon qazı udur.  Bu da bir saatda 200 nəfərin nəfəsi ilə havaya buraxılan karbon qazının həcminə bərabərdir. Ona görə də naşı qərarlarla, sərt hökmlərlə meşələri şikəst etmək tarix qarşısında  ağır cinayətdir. Sonralar öyrəndik ki, bu yerləri də ciddi təhlükələrdən qoruyan akademik Həsən Əliyevin təşəbbüskarlığı və alim cəsarəti olub. Onun həyəcan təbili bütün ölkədə əks-səda doğurdu...

Bir vaxtlar alman jurnalistləri Azərbaycan təbiətindən silsilə yazılar hazırlamaq məqsədilə ölkəmizə ezam olunmuşdular. Yolları Göyçayın Çərəkə kəndindən düşəndə gördükləri mənzərələrə heyran qalmışdılar. Bu yerlərdə yöndəmsiz çəpərləri boylu-buxunlu ağaclar əvəz edir. Belə bir sıralanma rəssam işi qədər cazibədar və maraqlıdır.  Alman jurnalisti “Göyçaylı mister Mustafa” adlı yazısında gördüyü mənzərələrə təəccübünü gizlədə bilmirdi: “Elə Çərəkə gölü qədər, Çərəkə çəpərləri də maraqlıdır. Əsgər düzümü ilə sıralanan bu ağaclar kəndə xüsusi görkəm verirdi”...

Əlbəttə, almanların dediyi kimi, kənddə Mustafa kişinin başladığı bu ənənə varisliklə davam etdirilməli, yeni nəsillərə çatdırılmalıdır. Onda ağac əkənlərin sayı ağac kəsənlərin sayını qat-qat üstələyər, meşələrin mühafizəsi hər kəsi ciddi düşündürər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin son məlumatlarına görə, meşələrin bərpası işinin təkmilləşdirilməsi üçün yeni mərhələ başlanıb. Özübu bütün regionları əhatə edəcək. Azərbaycan hökumətinin  2014-2018-ci illərdə ekoloji vəziyyətin yaxşılaşdırılması və təbii sərvətlərdən səmərəli istifadəyə dair tədbirlər planına əsasən, Tuqay meşələrinin tam bərpası ilə bağlı yeni layihə hazırlanıb. Ən qısa müddətdə bu layihənin ilk mərhələsi həyata keçiriləcək. Təki nazirliyin yaydığı bu bəyanat layihə şəklində ildən-ilə ötürülməsin. Yoxsa Tuqay meşələri yenə baxımsızlığın, laqeydliyin güdazına gedə bilər. Təbiəti belə bəlalardan qoruyaq!..

 

Bəşir ŞƏRİFLİ,

Azərbaycan.-2014.- 20 aprel.- S.5.