Azərbaycan-ABŞ hərbi əlaqələri

 müxtəlif proqramlar çərçivəsində uğurla davam edir

 

Aprelin 19-da Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov ABŞ Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin sədri, konqresmen Ed Roysun rəhbərlik etdiyi konqresmenlərdən ibarət nümayəndə heyəti ilə görüşmüşdür.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, nazir Zakir Həsənov Azərbaycan-ABŞ hərbi əlaqələrinin müxtəlif proqramlar çərçivəsində uğurla davam etdiyini, terrorizmə qarşı mübarizə və NATO-nun Əfqanıstanda həyata keçirdiyi Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri üzrə əməliyyatlarına Azərbaycan Respublikası sülhməramlı qüvvələrinin verdiyi töhfəni xüsusi vurğulamışdır.

Müdafiə naziri qonaqlara regiondakı hərbi-siyasi vəziyyət, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etməsi, qaçqın və məcburi köçkünlərin mövcud problemləri, o cümlədən beynəlxalq təşkilatların münaqişənin həlli istiqamətində atdıqları addımların nəticəsiz qalması barədə fikirlərini bildirmişdir.

Görüşdən məmnun qalan konqresmenlər ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən enerji təhlükəsizliyi, terrorizmə qarşı mübarizə və Əfqanıstan ilə bağlı uğurlu əməkdaşlığı yüksək qiymətləndirmişlər.

Sonda qarşılıqlı maraq doğuran regional və ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Görüşdə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar iştirak etmişdir.

 

Azərbaycan.-2014.- 20 aprel.- S.2.