«ADA» Universiteti III «Univision» mahnı müsabiqəsinin qalibidir

 

Aprelin 21-də Heydər Əliyev Sarayında Gənclər və İdman, Mədəniyyət və Turizm nazirliklərinin birgə dəstəyi ilə III "Univision" tələbə mahnı müsabiqəsinin final mərhələsi keçirilmişdir.

Finala vəsiqə qazanmış 14 universitet təmsilçiləri arasında münsiflər heyətinin qərarına əsasən, "ADA" Universitetinin təmsilçisi Günay Bədəlova birinci, Bakı Dövlət Universitetinin tələbəsi Əlihüseyn Quluzadə və Bakı Slavyan Universitetinin tələbəsi Kəmalə Novruzova ikinci, Azərbaycan Dövlət Neft Akademiyasını təmsil edən "Old Academy" qrupu isə üçüncü yerləri tutmuşlar.

Müsabiqənin qalibinə 3 min və müsabiqənin simvolu, ikinciüçüncü yerlərin sahiblərinə isə müvafiq olaraq 2000 və 1000 manat mükafat verilmişdir. "ADA" Universitetinin kommunikasiya departamentindən AzərTAc-a bildirmişlər ki, Günay Bədəlovanı bu qələbə münasibətilə təbrik edən "ADA" Universitetinin rektoru, səfir Hafiz Paşayev ona mayın 14-dən 21-dək Bakıda keçiriləcək II Beynəlxalq "Univision" tələbə mahnı müsabiqəsində uğurlar arzulamışdır.  Qeyd edək ki, Günay Bədəlova  "ADA" Universitetinin beynəlxalq münasibətlər fakültəsinin ikinci kurs tələbəsidir.

 

 

Azərbaycan.-2014.- 23 aprel.- S.3.