Azərbaycan ilə İspaniya arasında əməkdaşlığın

 inkişaf perspektivləri müzakirə edilmişdir

 

Aprelin 23-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizə səfərə gəlmiş İspaniya Krallığının xarici işlər və əməkdaşlıq naziri Xose Manuel Qarsia-Marqalyo ilə görüşmüşdür.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə İspaniya ilə Azərbaycan arasındakı mövcud münasibətlər fonunda iqtisadi əməkdaşlığın səviyyəsinin ölkələrin potensialına cavab vermədiyi qeyd olunmuşdur. Bildirilmişdir ki, bu istiqamətdə qanunvericilik bazasının yaradılması və hüquqi tənzimləmə prosedurlarının hazırlanması, habelə iqtisadi əməkdaşlığa dair ikitərəfli komissiyanın yaradılması əlaqələrimizin genişlənməsinə təkan verəcəkdir. O cümlədən İspaniya nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində işgüzar dairələrin təmsilçilərinin iştirakı ilə keçiriləcək biznes-forumda əməkdaşlığımızın perspektivləri ətraflı müzakirə ediləcək, xüsusən enerji, tikinti, nəqliyyat, kənd təsərrüfatı, infrastruktur, turizm sahələrində birgə fəaliyyətə dair danışıqlar aparılacaqdır.

Daha sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə qonaqlara ətraflı məlumat verən Baş nazir Artur Rasizadə, bəzi beynəlxalq qurumlarda bu problemin həlinə ikili standartlarla yanaşıldığını vurğulamaqla, münaqişəni beynəlxalq hüquq normaları çərçivəsində, sərhədlərin toxunulmazlığı və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi prinsipləri əsasında həllinin vacib olduğuna dair Azərbaycanın mövqeyini bir daha diqqətə çatdırmışdır.

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

 

Azərbaycan.-2014.- 24 aprel.- S.4.