Dövlət Sosial Müdafiə Fondunun

 sədri Gəncədə vətəndaşları qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciət, ərizə və şikayətlərinin müsbət həll edilməsi üçün müvafiq tədbirlər görürlər.

AzərTAc xəbər verir ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev aprelin 23-də Gəncə şəhərində vətəndaşları qəbul etmişdir.

Qəbulda Gəncə şəhərindən, Yevlax, Naftalan, Samux, Göygöl, Goranboy, Xocalı, Daşkəsən və Kəlbəcər rayonlarından olan vətəndaşların müraciətləri dinlənilmişdir.

Vətəndaşların rahatlığının təmin olunması məqsədilə DSMF-in rəsmi internet saytında qəbula əvvəlcədən yazılmaq imkanı yaradılması, eləcə də qəbula gəlmək üçün qurumun rayon şöbələri tərəfindən xüsusi nəqliyyat vasitələrinin ayrılması insanlar tərəfindən razılıq hissi ilə qarşılanmışdır.

Məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçıların iştirakı ilə “açıq qapı” şəraitində keçirilən görüşdə qəbula yazılanlardan əlavə gələn vətəndaşların da müraciətləri dinlənilmişdir.

Qəbulda vətəndaşların sosial sığorta və pensiya təminatı, o cümlədən sosial sığorta stajının müəyyənləşdirilməsi, pensiyaların məbləğinin yenidən hesablanması, başqa dövlətlərin ərazisində qazanılmış müddətlərinin sığorta stajına daxil edilməsi, həmçinin əmək pensiyası növünün dəyişdirilməsi və digər məsələlərlə bağlı müraciətlərinin bəziləri yerindəcə həll edilmiş, bəziləri barədə izahat verilmiş, bəziləri isə fondun səlahiyyətlərinə aid olmadığından aidiyyəti təşkilatlara çatdırılması üçün qeydiyyata alınmışdır.

Vətəndaşlar mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən mütəmadi olaraq bölgələrdə qəbul keçirmələrindən razı qaldıqlarını vurğulayaraq, onlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.

 

Azərbaycan.-2014.- 24 aprel.- S.6.