Görkəmli şair Teymur Elçinin 90 illik yubileyi qeyd edildi

 

Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında görkəmli şair və tərcüməçi, ictimai xadim, Dövlət mükafatı laureatı Teymur Elçinin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.

Yubiley mərasimində elm və mədəniyyət xadimləri, mərhum şairin ailə üzvləri və ədəbi ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

Tədbirdə Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi Teymur Elçinin həyat və yaradıcılığından ətraflı  danışılmış, onun milli uşaq ədəbiyyatının zənginləşməsində böyük xidmətləri xüsusi vurğulanmışdır. O, ötən əsrin ortalarında Azərbaycan TeleviziyaRadio Verilişləri Komitəsinə rəhbərlik etdiyi dövrlərdə həmişə ana dilimizin saflığı keşiyində dayanan bir ziyalılardan olmuşdur. Sağlığında 15-ə yaxın kitabı işıq üzü görmüş, əksər şeirlərinə mahnılar bəstələnmiş, mənzum pyesləri Gənc Tamaşaçılar Teatrında səhnələşdirilmişdir. Teymur Elçinin ədəbi xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, 1975-ci ildən 1988-ci ilədək Azərbaycanın mədəniyyət nazirinin müavini vəzifəsində işləmişdir.

Şair Teymur Elçinin şeirlərinin dili sadə, təbii və yaddaqalandır. Ona görə də şeirlərinə yazılmış mahnıların bu günuşaqlar tərəfindən sevilərək oxunması şairin poeziyasının həmişəyaşar olmasından xəbər verir.

Mərasimdə T.Elçinin müxtəlif xalqların uşaq yazıçılarının əsərlərini də böyük ustalıqla dilimizə tərcümə etməsi diqqətə çatdırılmışdır.

Tədbirdə Azərbaycan Milli Kitabxanası tərəfindən "Azərbaycanın görkəmli şəxsiyyətləri" seriyasından hazırlanmış "Teymur Elçin. Biblioqrafiya" kitabı da təqdim edilmişdir. Teymur Elçin irsini geniş oxucu kütləsinə çatdırmaq məqsədilə tərtib olunmuş bu biblioqrafiya 1938-ci ildən 2014-cü ilədək olan dövrü əhatə edir. Biblioqrafiyada şairin əsərləri, tərcümələri, sözlərinə bəstələnmiş mahnıların not əlyazmaları, şeirlərinə yazılmış musiqi əsərləri, filmoqrafiyası haqqında internet mənbələri öz əksini tapmışdır. Kitabda Teymur Elçinin həyat və yaradıcılığının əsas tarixləri, görkəmli şəxsiyyətlərin onun haqqında fikirləri də verilmişdir.

 

Azərbaycan.-2014.- 25 aprel.- S.7.