Böyük Vətən müharibəsinin veteranı təltif olunmuşdur

 

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov 416-cı alayın topçusu olmuş Zərdab rayon sakini, 93 yaşlı Muradalı Heydərov ilə görüşmüşdür.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAc-a bildirmişlər ki, A.Rəhimov Böyük Vətən müharibəsi iştirakçılarının, eləcə də Qarabağ müharibəsi veteranlarının sosial müdafiəsinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin daim diqqətində olduğunu, göstərilən dövlət qayğısının daim artdığını vurğulamışdır.

Arzu Rəhimov Böyük Vətən müharibəsi veteranı Muradalı Heydərovun keçdiyi döyüş yolundan söz açaraq, onun həyatının gənclər üçün bir nümunə olduğunu bildirmişdir.

Gənclərin ordu sıralarına hazırlanmasında, döyüş əzmi ruhunda və hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərinə görə Muradəli Heydərova təşəkkürünü bildirən general-leytenant Arzu Rəhimov onun bu fəaliyyətinə görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəxri fərmanı ilə təltif olunduğunu diqqətə çatdırmışdır. Xidmət rəisi fəxri fərmanı Muradalı Heydərova təqdim edərək, ona möhkəm cansağlığı və uzun ömür arzulamışdır.

Böyük Vətən müharibəsinin veteranı Muradalı Heydərov bu qayğı və diqqət üçün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə minnətdarlığını bildirmişdir. O, bundan sonra da yorulmadan veteranların nümunəsini gənc nəsil arasında təbliğ edəcəyini demişdir.

 

Azərbaycan.-2014.- 24 aprel.- S.6.