Görkəmli alimin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş konfrans

 

Aprelin 24-də Bakı Dövlət Universitetində (BDU) görkəmli alim, coğrafiya elmləri doktoru, professor Rizvan Xanəmi oğlu Piriyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş "Müasir coğrafiya elminin tətbiqi istiqamətləri" mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.

Tədbirdən əvvəl BDU-nun coğrafiya fakültəsində görkəmli alimin xatirə lövhəsinin açılışı olmuşdur.

Konfransda BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov, coğrafiya fakültəsinin dekanı, professor Fərda İmanov görkəmli alim Rizvan Piriyevin çətin, lakin mənalı ömür yolundan, geniş elmi pedaqoji fəaliyyətindən, Azərbaycan elminə verdiyi töhfələrdən danışmışlar. 

Bildirilmişdir ki, Azərbaycanın geodeziya kartoqrafiya, coğrafiya tarixində özünə şərəfli yer tutan görkəmli alim Rizvan Piriyev 1924-cü il aprelin 10-da anadan olmuşdur.

Öz əməyi ilə övladlarını dolandıran atası Xanəmi kişiyə 1936-cı ildə "kulak" damğası vurulmuş o, həbs edilmiş, 1954-cü ildə, on səkkiz il Sibirin dəhşətli şaxtasında olmazın əzablara məruz qalandan sonra geri qayıtmışdır.

Səkkizillik məktəbi əla qiymətlərlə bitirən R.Piriyev 1938-ci ildə Şamaxı Pedaqoji Texnikumuna daxil olmuş 1941-ci ildə həmin texnikumu bitirmişdir

Bir neçə ay kənd məktəblərində müəllimlik edən R.Piriyev 1941-ci ildə ordu sıralarına çağırılmış, ikinci Dünya müharibəsində iştirak etmiş, 1943-cü ildə Leninqrad ətrafında döyüşlərdə ağır yaralanmışdır.

 Rizvan Piriyev döyüşlərdə igidlik nümunəsi göstərdiyinə görə   "I dərəcəli Vətən müharibəsi" ordeni, "III dərəcəli Şərəf Nişanı"  ordeni çoxlu medallarla təltif olunmuşdur.

1946-cı ildə R.Piriyev Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) geologiya-coğrafiya fakültəsinə daxil olmuş, 1951-ci ildə ali təhsilini başa vurmuşdur. Bir müddət sonra o, geodeziya kartoqrafiya üzrə mühazirə oxumaq üçün Azərbaycan Dövlət Universitetinin fiziki coğrafiya kafedrasına dəvət edilmişdir.

R.Piriyev 1958-ci ildə namizədlik, 1969-cu ildə doktorluq dissertasiyası müdafiə etmiş, ona professor elmi adı verilmişdir.

Alimin elmi tədqiqatlarında əsas istiqamət morfometriya sahəsi olmuşdur. O, Azərbaycan Respublikasının Xəzər dənizi akvatoriyasının morfometrik xarakteristikalarının öyrənilməsi ilə məşğul olmuşdur. Professor R.Piriyev ilk dəfə olaraq relyefin riyazi modelini xarakterizə etmək məqsədi ilə riyazi-statistik üsullarla morfometrik göstəricilərin, o cümlədən relyefin funksional paylanmasını ekstremal yüksəkliklər üzrə tədqiq etmişdir.

Alim respublika ərazisi timsalında ilk dəfə olaraq relyefin parçalanmasını xarakterizə edən morfometrik göstəriciləri təyin etmiş bir sıra orta miqyaslı xəritələr tərtib etmişdir.

R.Piriyev kartoqrafiya, morfometriya sahəsində tanınmış alimdir, Azərbaycan morfometriya məktəbinin əsasını qoymuşdur. Alimin yaratdığı bu məktəb nəinki keçmiş SSRİ-, eləcə bir çox xarici ölkədə məşhur olmuşdur.

Professor R.Piriyev bir çox elmi məqalələrin, morfometrik xəritə kitabların müəllifidir. Onun "Relyefin morfometrik təhlili"  monoqrafiyası, ilk dəfə olaraq Azərbaycan dilində hazırladığı  kartoqrafiya geodeziyaya aid dərsliklərdən elmi-metodik vəsaitlərdən ali məktəblərdə geniş istifadə edilir.

60-dək əsərin müəllifi olan R.Piriyev Azərbaycan Dövlət Universitetində 35 il elmi-pedaqoji fəaliyyətlə məşğul olmuşdur. O, bir neçə il geologiya-coğrafiya fakültəsinin dekanı olmuş, sonra özünün təşəbbüsü ilə açılmış Geodeziya kartoqrafiya kafedrasına rəhbərlik etmişdir.

R.Piriyev 1989-cu ildə dünyasını dəyişmişdir.

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Tofiq Hacıyev, BDU-nun professoru Şövqi Göyçaylı digər alimlər professor Rizvan Piriyevin elmi yaradıcılığının əhəmiyyətindən bəhs etmiş, onunla bağlı xatirələrini söyləmişlər.

Alimin oğlu, Bakı Slavyan Universitetinin Pedaqogika kafedrasının dekanı, professor Eldar Piriyev atasının xatirəsinə göstərilən diqqətə görə tədbirin təşkilatçılarına iştirakçılarına təşəkkürünü bildirmişdir.

Sonra konfransın bölmə iclasları olmuş, müxtəlif mövzularda məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır. 

 

AzərTAc

Azərbaycan.-2014.- 25 aprel.- S.8.