Tariximizin yadigarı

 

Kiş Alban məbədi möhtəşəm keçmişimiz və zəngin

 mədəniyyətimiz barədə maddi sübutlar verən

 unikal tarixi memarlıq nümunəsidir

 

Tarixi abidələr hər bir dövlətin və xalqın keçmişinin, mədəniyyətinin və inkişafının göstəricisi sayılır. Fərəhlə qeyd etməliyik ki, ilk insan məskəni kimi tanınan Azərbaycanın ərazisi yaşı minilliklərə, əsrlərə gedib çıxan maddi mədəniyyət nümunələri ilə zəngindir. Ulu babalarımız həqiqətən çox dəyərli maddi mədəniyyət nümunələri yaradaraq bizlərə miras qoymuşlar. Hazırda Azərbaycan ərazisində 6308 tarix və mədəniyyət abidəsi dövlətin mühafizəsindədir. Ölkəmizdə 27 dövlət tarix-mədəniyyət, memarlıq, bədii və etnoqrafiya qoruğu fəaliyyət göstərir.

Azərbaycan ərazisindəki qədim tarixi abidələrdən biri Şəkinin Kiş kəndindəki qədim Alban məbədidir. Bu məbəd nəinki Qafqaz Albaniyasında, eləcə də bütün Qafqazda təqribən iki min il bundan əvvəl xristianlığın yayıldığını rəmzləşdirən məşhur tarixi abidədir. Azərbaycan torpağının qədim və zəngin mədəniyyəti haqqında müasir nəsillərə maddi sübutlar verən məbəd tarixi-memarlıq abidəsi kimi hazırda dövlət tərəfindən qorunur. Məbədin yerli əhali tərəfindən bu günə qədər qorunub saxlanmasının əsas səbəbi onun müqəddəs sayılmasıdır ki, bu da onun antikliyi ilə üzvü surətdə bağlıdır.

Kiş Alban məbədi eramızın birinci əsrində Qafqaz Albaniyasında geniş yayılan Ay məbədinin özülü üzərində qurulub. Əhəng daşından tikilən bu abidə həm də Erkən Orta əsrlərdə Qafqazda yaranan ilk günbəzli, zal tipli məbəddir. Kəndin Maflar məhəlləsində yerləşən bu unikal tarixi nümunənin ərazisini əhatə edən divarların qalıqları bəzi yerlərdə indi də qalmaqdadır. Bu divar qalıqları məbədin özünün az qala Maflar məhəlləsi boyda bir əraziyə malik olduğunu göstərir.

Hələ 1981-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu tərəfindən aparılan arxeoloji qazıntı məbədin bünövrəsinin kasa şəklində olduğunu sübut edib. Maraqlıdır ki, Misirdəki ehramlar da məhz bu cür bünövrə üzərində inşa olunub. 2001-ci ildən isə məbədin öyrənilməsi, bərpası və muzeyləşdirilməsi ilə əlaqədar olaraq burada "Kiş" layihəsi üzrə tədqiqat-bərpa işlərinə başlanılıb. 2003-cü ilin sentyabr ayında isə bu tarixi abidənin açılışı olub.  Layihə məşhur norveçli alim və səyyah Tur Heyerdalın dəstəyi ilə həyata keçirilib. Dörd mərhələdən ibarət olan layihənin birinci mərhələsi məbədin arxeoloji cəhətdən öyrənilməsinə həsr olunub. Arxeoloji qazıntıların məhdud ərazidə aparılmasına baxmayaraq, Kiş məbədinin tarixinin bütün mərhələlərini izləmək mümkün  olub. Tədqiqatın nəticəsində aydın olub ki, Kiş məbədi 5 tikinti mərhələsi keçib. Abidə dövrümüzə yeniləşdirilmiş görkəmdə gəlib çatıb. Məbədin divarları həm içəridən, həm də çöl hissədən qismən suvaqlanıb. Qapı və pəncərələrə istinadən yenidənqurma işlərinin tikilinin yuxarı hissəsində aparıldığını görmək olar. Bununla belə, məbəd özündə ilkin və sonrakı tikililərin maraqlı detallarını saxlayır. Əhəngdaşından tikilmiş məbədin ən aşağı qatlarının arxeoloji tədqiqi mübahisələrə səbəb olan abidənin ilkin tikinti tarixini təyin etməyə imkan yaradıb. Belə ki aparılan arxeoloji qazıntılar təsdiq edib ki, bu abidə Qafqazda ən qədim məbəddir və əsası Albaniya maarifçisi Yelisey tərəfindən I əsrdə qoyulub. Abidənin memarlıq xüsusiyyətləri Qafqaz Albaniyası memarlığının ilkin xristian mərhələsinə aiddir. Məbədin içərisində və həyətində aparılan qazıntılar zamanı bir sıra maraqlı tapıntılar, o cümlədən abidənin əsrlər boyu mədəni mərkəz olduğunu göstərən keramika qalıqları, qızıl və tunc bəzək əşyaları üzə çıxarılıb.

Vaxtilə məbədin üzərində onun müqəddəs Apostol Yelisey Kilsəsi olduğunu və 1244-cü ildə yenidən qurulduğunu bildirən kitabə olub. XIX əsrin 30-cu illərində Alban kilsəsi ləğv edildikdən sonra bir çox digər alban məbədləri kimi bu məbədin də kitabəsi tamamilə pozulub. Bundan istifadə edən ermənilər 1864-cü və 1930-cu illərdə məbədi öz adlarına çıxmaq üçün məqsədyönlü şəkildə "təmir" işəri aparıblar. Ona görə 2001-ci ildən həyata keçirilən layihənin ikinci mərhələsində məbədin bərpa layihəsi işlənib, XIX əsrin ortalarında ermənilər tərəfindən məbədə edilmiş saxta əlavələr aradan götürülüb. Üçüncü mərhələdə bərpa işləri aparılıb. Dördüncü mərhələdə isə artıq məbəd Qafqaz Albaniyasının tarixi muzeyinə çevrilib.

Ümumiyyətlə, qədim alban məbədlərinin qorunması Azərbaycan dövlətinin qarşıya qoyduğu prioritet məsələlərdən biridir. Son illərdə bu tarixi-mədəni irsin bütün dünyada tanıdılması üçün çox işlər görülüb. Qeyd etdiyimiz kimi, ermənilər daim alban məbədlərini və onlara aid maddi-mədəni nümunələri öz adlarına çıxmağa çalışıblar. Lakin Azərbaycan dövlətinin beynəlxalq ictimaiyyəti də cəlb etməklə həyata keçirdiyi tədbirlər nəticəsində ermənilərin alban tarixini saxtalaşdırmaq cəhdlərinin qarşısı alınıb. Aparılan işlərin nəticəsidir ki, artıq dünya ictimaiyyəti alban məbədlərinin məhz Azərbaycana məxsus olması barədə kifayət qədər məlumatlıdır.

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2014.-27 aprel.-S.11.