Bakıda II Qlobal Açıq Cəmiyyətlər Forumunun rəsmi açılışı olmuşdur

 

Azərbaycan Prezidenti İlham Əliyev Forumun açılışında iştirak etmişdir

 

Aprelin 28-də Bakıda İkinci Qlobal Açıq Cəmiyyətlər Forumunun rəsmi açılışı olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev forumun açılışında iştirak etmişdir.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı, BMT, Dünya Elmlər və Mədəniyyət Akademiyası, Roma Klubu, İsgəndəriyyə Kitabxanası və digər təşkilatların birgə əməkdaşlığı çərçivəsində keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumu 2015-ci il və ondan sonrakı mərhələdə dünyanın davamlı inkişafına həsr olunmuşdur. İki gün davam edəcək bu mötəbər beynəlxalq tədbirdə 30 ölkədən sabiq dövlət və hökumət başçıları, ümumilikdə 200-dək tanınmış siyasi və ictimai xadim, ekspert və elm adamı iştirak edir.

II Qlobal Açıq Cəmiyyətlər Forumunun açılışında çıxış edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi idarə heyətinin həmsədri, Misirin İsgəndəriyyə Kitabxanasının direktoru İsmail SERAGELDİN bildirdi ki, dünyada insanları bir araya gətirməyi, onlar üçün daha yaxşı həyat şəraitinin yaradılması ilə bağlı təşəbbüslərin irəli sürülməsinə nail olmağı əsas məqsədinə çevirən bu forum qloballaşma dövründə açıq cəmiyyətlərin qurulmasına xüsusi əhəmiyyət verir. İsmail Serageldin dedi:

- Zati-aliləri!

 Xanımlar və cənablar!

Belə bir möhtəşəm toplantıya xoş gəlmisiniz. Bizim buraya toplaşmaqda məqsədimiz bütün dünyada yaşayan insanları bir araya gətirmək, onların arasında təmaslar yaratmaq, onlar üçün daha yaxşı həyat tərzini və səviyyəsini təmin etməkdir.

Bu gün biz dünyada olan vəziyyətə, havanın qlobal istiləşməsi, münaqişələr, müharibələr, su resurslarının idarə edilməsi və digər problemlərə diqqət yetirəcəyik. Cəmiyyətlər daxilindəki təcridolunma hallarına nəzər yetirsək görə bilərik ki, açıq cəmiyyətlərin qurulması xüsusi əhəmiyyət kəsb edir. Buna görə biz diqqətimizi məhz tariximizin səhifələrinə yetirməliyik, özümüz üçün müəyyən etməliyik ki, həyatın cövhəri nədir, biz həyati dəyərlərimizi nə dərəcədə qoruyub saxlaya bilmişik, yoxsa biz onları itirmişik,  yoxsa biz onları diqqətdən kənarda qoymuşuq?! Buna görə bu il  yenidən bizim Bakıda toplaşmağımız 2013-cü ildə keçirilmiş birinci forumda qaldırılmış məsələləri daha ətraflı şəkildə müzakirə etmək imkanı yaradır.

Hər zaman biz belə bir mühüm tədbirləri ilk növbədə ev sahibinə, Zati-aliləri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıq sözləri ilə başlayırıq.

* * *

Dövlət başçısı Forumda nitq söylədi.

İsmail SERAGELDIN: Sağ olun Zati-aliləri cənab Prezident!

Sizin olduqca ətraflı çıxışınıza görə Sizə təşəkkür edirik. Siz təbii ki, nitqinizin sonunda bizi xüsusi olaraq belə bir müdrik mövqedən çıxış edərək dəyərli tövsiyələrimizi tərtib və təqdim etməyə dəvət etdiniz. Buna görə Sizə minnətdarıq, biz buna da çalışacağıq.

Biz çox yaxşı anlayırıq ki, dostlarımız, həmkarlarımız ətrafımıza baxmalıyıq və bilməliyik ki, biz hansı regiondayıq, hansı ölkələrdəyik və hansı yerdə yaşayırıq. Biz bütövlükdə bəşəriyyət üçün ən yaxşı məqsədləri formalaşdırmalıyıq və gələn onilliklər və ondan sonrakı dövr üçün məhz inkişaf məqsədlərimizi müəyyən etməliyik. Bununla belə, biz real tərəqqiyə bu məqsədlər istiqamətində nail olmalıyıq.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü, Finlandiyanın keçmiş Prezidenti Tarya HALONEN dünyanın bir çox ölkələrinin sabiq dövlət və hökumət başçılarının bir yerə toplaşıb çox vacib müzakirələr aparmağa şərait yaradılması baxımından Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə fəaliyyətini yüksək dəyərləndirdi, növbəti dəfə belə müzakirələrə şərait yaratdığına görə Azərbaycan Prezidentinə minnətdarlıq etdi. O, BMT çərçivəsində Minilliyin İnkişaf Məqsədlərinə uyğun olaraq ideal cəmiyyət yaratmaq istiqamətində Azərbaycanın nümunəsindən danışaraq dedi:

- Hörmətli Azərbaycan Respublikasının Prezidenti, hörmətli həmkarlarım, hörmətli dostlar!

 Bu qədər çox sayda bu gün qonaqlarımız və dostlarımız qarşısında çıxış etməkdən şərəf hissi duyuram. Burada bütün həmkarlarımı təbrik edirəm ki, biz Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubu çərçivəsində əməkdaşlıq nəticəsində bu sayda keçmiş hökumət və dövlət başçılarını bir araya yığırıq və burada açıq cəmiyyətlər mövzusunda ümumi müzakirələr aparırıq.

Mən bu fürsətdən istifadə edərək ev sahibinə - Azərbaycan hökumətinə və təşkilatçılarına Bakı şəhərində bizə göstərilmiş gözəl, səmimi qonaqpərvərliyə görə təşəkkürümüzü bildirmək istəyirəm. Bizim bir çox dərin minnətdarlığımızı hamınız adından  izhar edirəm.

Hörmətli dostlar, burada bizim qarşımızda duran vəzifə ondan ibarətdir ki, biz 2015-ci ildən sonra inkişafın hansı məsələləri barədə daha çox söhbət aparacağıq. Sizin qarşınızda etdiyim çıxışın əsas məqsədlərindən biri ondan ibarətdir ki, biz hamımız dərk etməliyik üzərimizə düşən məsuliyyət hansı dərəcədə olmalıdır. Gələcək illər ərzində biz bu məsuliyyəti necə icra etməliyik. Çünki BMT-nin Minilliyin Sammitində çox məşhur olan Minilliyin İnkişaf Məqsədləri qəbul edildikdən sonra biz bir çox işləri görmüşük. Bilirik ki, bizim üçün müəyyən mühit yaradılıb və bu mühitin əsas məqsədi məhz əməkdaşlıq olubdur. BMT çərçivəsində məhz dövlət və hökumət başçıları bəyan etdilər ki, onlar da bu minillik ərzində daha yaxşı cəmiyyətlər yaratmaq istəyirlər. Təbii olaraq bizim də qarşımızda eyni  bir məqsəd var idi ki, biz öz gələcək nəsillərimiz üçün daha yaxşı cəmiyyəti, gələcəyi təmin etməliyik. Zənnimcə, biz buna müəyyən mənada nail ola bildik. Hətta onu qeyd edək ki, bəlkə də məqsədlərin hamısı hələ tam şəkildə icra olunmadıqda belə biz israrlıyıq, biz əzmkarıq. Biz istəyirik ki, bundan sonra da öz siyasi fəaliyyətimizlə bu məqsədlərə nail olunmasında, məsələn, təhsilin təmin edilməsində və digər vacib vəzifələrin həllində irəliyə doğru gedək. Bu gün ev sahibliyi edən məhz Azərbaycandır.

Azərbaycan son illər ərzində öz sürətli inkişafı ilə çox gözəl nümunələr göstərmişdir. Biz bilirik ki, Azərbaycanda yoxsulluq böyuk dərəcədə azaldılmışdır. Bu, 2012-ci ildə 6 faizə düşmüşdür. Bu da çox mühüm bir hadisədir. Biz bilirik ki, sizin bu sahədə qazandığınız uğurlar, verəcəyiniz məsləhətlər də digər ölkələr üçün dəyərli ola bilər. Ona görə biz BMT çərçivəsində təqdim etdiyimiz proqramımızda göstərmişik ki, Minilliyin sonrakı inkişaf məqsədləri nədən ibarət olmalıdır. Bu haqda da söhbət aparmışdıq. Biz hazırda çalışırıq ki, bu proqramı yüksək səviyyədə təqdim edək. Bununla bağlı məhz İndoneziya Prezidenti ilə birgə çıxış edərək bu təşəbbüsü BMT-nin Baş Məclisinə təqdim etmişik. Biz istəyirik özümüz üçün müəyyən edək ki, gələcək üçün hansı işləri həyata keçirməliyik. Biz 19 əsas fəaliyyət sahəsini müəyyən etmişik. Ümidvarıq ki, qarşıdan gələn iyul ayında bu proqram qəbul olunduqdan sonra Baş Məclis çərçivəsində biz bunun icrasının hüquqi mexanizmləri haqqında düşünməli olacağıq. Burada əhatə olunan müddət əsasən 2015-ci ildən sonrakı dövrə aiddir. Biz bilirik ki, BMT bu sahədə aparıcı rol oynayır. BMT-nin əsas rolu ondan ibarətdir ki, aramızda müxtəlif məlumat mübadiləsini təmin edir. Lakin öz tərəfimdən əminliklə deyə bilərəm ki, hökumətlər, hökumət və dövlət başçıları vardır ki, onlar BMT-nin Baş Məclisində bu məsələni xüsusi olaraq dəstəkləməkdə maraqlı ola  bilərlər. Biz isə öz tərəfimizdən onların bu fəaliyyətinin daha da düzgün istiqamətdə, sürətli şəkildə irəliyə doğru aparılmasına töhfəmizi verməliyik. BMT-nin baş katibi bütün xalqlara, millətlərə müraciət edərək xahiş etmişdir ki, onlar öz gələcəklərini düşünürsə bu yeni inkişaf məqsədlərinin formalaşdırılmasına töhfələrini versinlər.

Azərbaycan isə digər bir neçə ölkə ilə eyni mövqedən çıxış edərək 2015-ci ildən sonra inkişafın prioritetlərinin nədən ibarət olacağı ilə bağlı artıq öz töhfəsini verməyə razılıq vermişdir. Azərbaycan hökuməti artıq 2020-ci ilədək inkişaf proqramını qəbul etmişdir. Bu sənəddə məqsədlər aydın göstərilir. Həmin məqsədləri Minilliyin yeni inkişaf məqsədlərinə daxil etmək olar.

Tarya Halonen əsas siyasi, iqtisadi və humanitar fəaliyyət sahələrində reallaşdırılan layihələrdən danışdı və bu baxımdan Azərbaycanın növbəti illər üçün inkişafa xidmət edən konkret proqramlara malik olduğunu vurğulayaraq bildirdi:

- Azərbaycanın təbii sərvətləri, neft və qaz resurslarına sərmayə yatırılması nəticəsində geniş imkanlar yaradılmışdır. Biz, həmçinin bilirik ki, bu ölkədə neft və qaz gəlirlərindən səmərəli istifadə olunaraq iqtisadiyyatın digər sahələrinə də sərmayələr yatırılır. Cənab Prezident buradakı nitqində iqtisadi sektorun şaxələndirilməsini xüsusi vurğuladı. Bunun sayəsində iqtisadiyyatın informasiya texnologiyaları və digər sektorları da sürətlə inkişaf edəcəkdir. Bütün bu fikirlərdən çıxış edərək bildiririk ki, vətəndaşlarımızın rahat və təhlükəsiz həyatı vacib bir məqam kimi yenə də bizim gündəliyimizdə qalacaqdır. Ona görə də biz hesab edirik ki, bütün bunlar həyatımızın çiçəklənməsinə aparan əsas yollardan biridir. Davamlı enerji mənbələri 2015-ci ildən sonra da hamı üçün inkişaf məqsədlərinin bir hissəsi ola bilər.

Finlandiyanın keçmiş Prezidenti daha sonra Azərbaycanın BMT-nin insan kapitalına yüksək qiymət vermək ənənəsinə sadiq qalaraq gender siyasətini uğurla həyata keçirdiyini bildirdi. O, işsizliyin və yoxsulluğun aradan qaldırılması, ətraf mühitin qorunması, çevik enerji siyasətinin yerinə yetirilməsi, təbii sərvətlərin şaxələndirilməsi, alternativ enerji mənbələrindən istifadə olunması sahəsində Azərbaycanda atılan addımları hamı üçün faydalı nümunə kimi dəyərləndirdi.

* * *

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Madrid Klubunun prezidenti, Latviyanın keçmiş dövlət başçısı Vayra VİKE-FREYBERQA da dünyanı narahat edən məsələlərin müzakirəsi üçün bu forumun keçirilməsinə verdiyi dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür etdi. Nizami sənətinin fövqəlbəşər olduğunu deyən Vayra Vike-Freyberqa onun əsərlərinin insanlığı ədalətə və humanizmə səsləyən motivlərlə zəngin olduğunu bildirərək dedi:

- Zati-aliləri hörmətli Prezident Əliyev!

Hörmətli Azərbaycan hökumətinin üzvləri, merlər, diplomatik korpusun nümayəndələri, mənim hörmətli həmkarlarım, keçmiş prezidentlər və keçmiş baş nazirlər, bir çox ölkələrin yüksək rütbəli nümayəndələri və Madrid Klubunun üzvləri!

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Madrid Klubu arasında qurduğumuz bu sistem, bu əməkdaşlıq mexanizmi çox məhsuldar işbirliyinin nümunəsidir. Biz bunu belə qiymətləndiririk. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi bir neçə il öncə yaradılmışdır. Məqsəd nədən ibarət idi? Bu böyük şəxsiyyətin əsrlər öncə yaşayıb-yaratmış ideyalarını bütün dünyada təşviq etmək. Nizami ədəbiyyat şedevrləri yaratmışdır. Onun doğma şəhəri Gəncədə yaratdığı əsərlər Azərbaycan və bütün dünyanın mədəni irsinin vacib hissəsinə çevrilmişdir. Hesab edirik ki, bir halda Nizaminin əsərlərini, onun ideyalarını qəlbimizdə yaşadırıqsa və əgər onun irsinin davamçılarıyıqsa, biz onun yaratdıqlarından istifadə edib stereotiplərin aradan qaldırılmasına çalışmalıyıq. Nizaminin əsərlərinə, yazdığı şeirlərə fikir versək, görərik ki, onlar elə indinin özündə də aktualdır. Biz onu şairlikdən əvvəl məhz həyat ideyalarının, həyat dəyərlərinin formalaşmasına çalışan, bu istiqamətdə işləyən bir mütəfəkkir kimi qəbul etməliyik. O, bizim mədəniyyətimizin böyük simasıdır, qəhrəmanıdır. Onun bizim üçün yaratdığı və qoyub getdiyi irsə böyük hörmətlə yanaşmalıyıq.

Bu gün dünyanın müxtəlif yerlərində müxtəlif millətlər, xalqlar arasında dialoq məsələsi tez-tez səsləndirilir. Bizim Klubumuz bu məqsədlərdən biri uğrunda mübarizə aparır. Əslində biz 10 il öncə Madriddə Klubumuzu yaradanda, keçmiş Baş nazirləri və keçmiş dövlət başçılarını bir araya gətirəndə özümüz üçün bir sual verdik ki, biz demokratiyanı, xüsusən də müstəqilliyini yenicə qazanmış ölkələrdə bu demokratiyanı hansı şəkildə gücləndirməliyik? Ona görə elm adamları da, elm dairələrinin mütəxəssisləri də o fikri yekdil şəkildə dəstəklədilər ki, siyasətçilər və alimlər, yüksək vəzifədə xidmət etmiş şəxslər öz ölkələrində bir çox islahatları həyata keçirmiş, prezidentlik səviyyəsinə çatmış insanlar kənarda qalmalı deyillər, onlar bir araya gəlməlidirlər, həyatlarının sonuna qədər bu təşkilat çərçivəsində fikir mübadiləsi aparıb öz təcrübələrini bölüşməlidirlər. Mən bu gün bu auditoriyaya baxdıqda görürəm burada elə insanlar əyləşiblər ki, onlar bəşəriyyətin gələcək  inkişaf məqsədlərinə sadiq olan şəxslərdir. Onlar istəyirlər ki, daha yaxşı həyat qurulsun, dünya daha təkmil inkişaf etsin.

Dünyada stereotiplərin, yoxsulluğun, ayrı-seçkiliyin mövcudluğunu nəzərə alaraq bu problemlərin aradan qaldırılmasında bu cür tədbirlərin son dərəcə vacib olduğunu deyən xanım Freyberqa II Qlobal Açıq Cəmiyyətlər Forumunun artıq gözəl ənənəyə çevrildiyini xatırladaraq bildirdi:

- Bəzi hallarda görürük ki, bir çox xalqlar, millətlər bir çox qurbanlar verirlər. Çünki qətlə yetirilən bu insanlar öz ölkələrinin layiqli vətəndaşlarıdırlar və onlar yaşamaq hüququndan məhrum olurlar. Baxın, belə hadisələr XXI əsrdə baş verir. Bu, elə bir əsrdir və əslində biz böyük ümid bəsləyirdik ki, 2000-ci ildə Minilliyin İnkişaf Məqsədləri qəbul olunandan sonra belə hadisələr baş verməyəcəkdir. Lakin stereotiplər, ədalətsizlik, yoxsulluq, ayrı-seçkilik qalmaqdadır və bu hallar baş verir. Bu cür hallara biz diqqətli olmalıyıq. Biz öz töhfəmizi verməliyik ki, bu cür hallar aradan qalxsın. Təbii ki, saysız-hesabsız konfranslar keçirilir. Mən Prezident Əliyevə xüsusi təşəkkürümü bildirirəm ki, Cənubi Qafqazda dayanıqlı inkişafla bağlı ikinci regional Forumun keçirilməsinə öz dəstəyini verib və hazır olduğunu bildirib ki, təşkilati işlər aparıla bilər. Bu, əslində BMT-nin rəhbərliyi ilə həyata keçirilə biləcək bir tədbir ola bilər. Biz, həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzi çərçivəsində bilməliyik ki, məqsədlərimiz hansı şəkildə və nədən ibarət ola bilər? Biz öz aramızda razılaşmaları məhz dialoq vasitəsilə tapmalıyıq. Biz bilməliyik ki, açıq cəmiyyətlərin qurulması nə deməkdir? Bu, dünya üçün hansı məna kəsb edir. Son 7 il ərzində məhz Madrid Klubu da sosial layihələr üzərində işləyibdir və bu irəliləyişin müxtəlif formalarını özü üçün müəyyən edibdir. Biz bununla bağlı səhiyyə sahəsində baş verən dəyişiklikləri də nəzərdən keçirmişik. Araşdırmışıq ki, görək nə qədər insan xəstəlikdən əziyyət çəkir.

Cənab Prezident İlham Əliyev Azərbaycanda sosial sahəyə yüksək dərəcədə diqqət yetirildiyini qeyd etdi. Biz Şimal ilə Cənub arasındakı münasibətləri təhlil etməliyik ki, görək bu sahədə fərqlər var, yoxsa yox? Şərq ilə Qərb arasında münasibətlər necədir? Necə etməliyik ki, bu dialoqdan istifadə edərək hər iki tərəf arasında əlaqələri daha da gücləndirək? Hesab edirəm bu forumun məqsədlərindən biri də o olmalıdır ki, biz yalnız konkret tövsiyələr irəli sürməklə kifayətlənməyək, çünki Madrid Klubu çərçivəsində bu iş görülür. Biz bilirik ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi də bu işdə fəal iştirak edir. Biz hamımız özümüz üçün müəyyən etməliyik ki, bu bir neçə gün ərzində bu tövsiyələrin həyata keçirilməsi üçün hansı üsulları təklif edə bilərik? Biz bunu BMT-yə də təqdim edə bilərik. Biz özümüz üçün müəyyən etməliyik ki, vətəndaş cəmiyyətlərimizi narahat edən məsələlər nədən ibarətdir? Biz bu işi davam etdirməliyik. Bu, çox vacibdir. Biz bütün dünyanı həvəsləndirməliyik ki, yaxşıya doğru dəyişsin. Belə olan halda biz, həmçinin bilməliyik ki, hansı istiqamətlər üzrə gedirik. Ona görə də 2015-ci ildən sonra müəyyən ediləcək məqsədlərə gəldikdə biz anlamalıyıq ki, keçmişdə hansı vəziyyətdə idik, hansı nailiyyətləri əldə etmişik və indi hansı yeni sahələri müəyyən edə bilərik? Bu halda bilməliyik ki, yaxşı nəticələr əldə etmək üçün biz hansı sahələrdə əməkdaşlıq apara bilərik?

Xanımlar və cənablar, mən sizə çox məhsuldar fikir mübadiləsi arzulayıram. Əminəm ki, sizin hər birinizin iştirakı bizim üçün dəyərlidir. Biz çox gözəl bilirik ki, sizin zəngin həyat təcrübəniz, müdrik fikirləriniz vardır.

Mən sizin təmsil etdiyiniz təşkilatlara hörmətimi bildirirəm. Biz elə bir ölkədə toplaşmışıq ki, burada rəy bildirilməlidir. Bu rəyə hörmətlə yanaşırıq. Bu forumun məhz bu səpkidə keçəcəyinə əminəm. Mən sizin hamınıza təşəkkürümü bildirirəm.

Prezident İlham Əliyevə olduqca minnətdaram. Qonaqpərvərliyinə və bizim bu ideyalarımıza dəstək verdiyinə görə Prezidentə "çox sağ ol" deyirəm. Minnətdaram.

İsmail SERAGELDIN:

- Çox sağ olun, xanım Vayra Vike-Freyberqa. İndi isə biz artıq diskussiyalarımıza başlamaq üzrəyik. Mən xüsusilə Vayra Vike-Freyberqaya öz minnətdarlığımı bildirirəm ki, bu müzakirələr məhz Nizaminin Vətənində keçirilir, onun doğulduğu torpaqda baş tutur. Onun qoyub getdiyi irs bizi dəyişikliklərə sövq edir, bizi insan cəmiyyətinin bütün üzvlərinə xidmətə dəvət edir. Mən çox minnətdaram ki, biz Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubu ilə birgə bu forumu təşkil etmişik.

Xanımlar və cənablar, forumumuzun müxtəlif sessiyaları olacaqdır. Bu sessiyalar sizi gözləyir. Biz bütün imkanları araşdırmalıyıq. Özümüz üçün müəyyən etməliyik ki, məhz həqiqət bizim hamımızın öz daxilindədir. Bu, bizi açıq cəmiyyətlərin inkişaf etdirilməsinə, qurulmasına həvəsləndirir. Biz bu yolları araşdırmalıyıq. Biz bu imkanları nəzərdən keçirməliyik. Belə olan halda biz əmin ola bilərik ki, mütləq istədiyimiz mənzilə yetişəcəyik.

Hörmətli cənab Prezident İlham Əliyev, hörmətli xanım sabiq Prezident Vayra Vike-Freyberqa, hörmətli xanım sabiq Prezident Tarya Halonen, bir daha çox sağ olun.

Bütün iştirakçılara "çox sağ olun" deyirik. Biz sizə bu iştirakınıza, töhfənizə görə minnətdarlıq.

* * *

Bununla da forumun əsas plenar iclası başa çatdı.

 

AzərTAc

Azərbaycan.-2014.- 29 aprel.- S.1;2.