İkinci Qlobal Açıq Cəmiyyətlər Forumu

 işini sessiyalarla davam etdirmişdir

 

Aprelin 28-də Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumu açılış mərasimindən sonra işini sessiyalarla davam etdirmişdir.

AzərTAc xəbər verir ki, "Sosial sütunlar. Açıq cəmiyyətin əsasları" mövzusunda keçirilən birinci sessiyada "Arxanda heç kimsəni buraxma: yeni davamlı inkişaf məqsədlərində sosial inteqrasiyanın vacibliyi" məsələsi müzakirə olunmuşdur.

Sessiyanın moderatoru olan Açıq Cəmiyyət Layihəsinin məzmun və siyasət əlaqələndiricisi Klem Makkartni foruma yüksək səviyyədə ev sahibliyi edən Azərbaycana təşəkkürünü bildirmişdir. O vurğulamışdır ki, mükəmməl cəmiyyətin üzləşdiyi problemlərin aradan qaldırılmasında əsaslı iqtisadiyyatın yaradılması və bu məsələdə bütün ölkələrin resurslarının səfərbər olunması, əhalinin bütün qrupları və təbəqələri üçün bərabər imkanların təmin edilməsi zəruridir.

Şri-Lankanın sabiq Prezidenti (1994-2005), Madrid Klubunun üzvü Çandrika Bandaranaike Kumaratunga açıq cəmiyyət üçün dövlətin yürütdüyü siyasətin inkluziv xarakter daşımasının vacibliyini vurğulamışdır. Bildirilmişdir ki, dövlət əhalinin bütün qruplarının cəmiyyətin həyatında fəal rol oynamalarına, onların qərar qəbulunda iştirakına şərait yaratmalıdır. Buna görə də əhalinin müxtəlif qruplarının cəmiyyətdən təcrid olunmasına imkan verilməməlidir. Bu məsələdə şəffaf və səmərəli idarəçiliyin mühüm rol oynadığını diqqətə çatdıran sabiq Prezident açıq cəmiyyətlərin Minilliyin İnkişaf Məqsədlərinə daxil edilməsinin əhəmiyyətini vurğulamışdır.

Albaniyanın sabiq Prezidenti (1997-2002), Madrid Klubunun üzvü Recep Meidani çıxışında açıq cəmiyyətlər üçün birgə əməkdaşlığın vacibliyindən danışmışdır. Əgər bir yerdə işləməsək cəmiyyətdə təcridolunma baş verə bilər. Millətçi çıxışlarla vəziyyətdən çıxmaq mümkün deyildir. Biz ziddiyyətləri aradan qaldırmaq üçün bir yerdə işləməli, qarşılıqlı anlaşma içərisində olmalı, aramızda sıx əməkdaşlıq qurmalıyıq. Düzgün idarəçilik bu prosesdə çox böyük əhəmiyyət daşıyır. Əgər liderlər bu istiqamətdə səy göstərsələr, onda bütün dünya əhalisi özünü bəlalardan qurtulmuş hesab edə bilər.

Belçikanın sabiq Baş naziri (2009-2011), Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü İvs Leterme demişdir ki, hər bir cəmiyyətdə qəbul edilmiş qərarların düzgün icra olunması və bütün təbəqələri əhatə etməsi ciddi nəzarətdə saxlanılmalıdır. Belə ki, əhalinin bütün təbəqələrinin təhsil, səhiyyə və digər imkanlarla bərabər səviyyədə əhatə olunması çox vacib məsələdir. Çünki açıq cəmiyyətdə davamlı inkişafın və sosial rifahın bütün əhali arasında bərabər bölünməsi çox önəmlidir. Bu, açıq cəmiyyətin əsasını təşkil edən prinsiplərdən biridir, - deyən Y.Leterme bu istiqamətdə əhalinin bütün təbəqələrinin təmsil olunduğu müzakirələrin aparılmasının, qurumların yaradılmasının vacibliyini diqqətə çatdırmışdır.

Forumda növbəti belə tədbirlər üçün vacib olacaq mühüm fikirlərin səsləndirildiyini vurğulayan Dünya Bankının sosial inkişaf şöbəsinin sosial inteqrasiya üzrə qrup rəhbəri Maitreyi Das sosial inkluzivliyə nail olmaq üçün belə tədbirlərin intensiv keçirilməsinin zəruriliyini qeyd etmişdir. O bildirmişdir ki, açıq cəmiyyətlər üçün qarşılıqlı hörmət çox vacibdir. Qarşılıqlı hörmətə etinasızlıq cəmiyyətin əsas sütunlarının tənəzzülü deməkdir. Buna görə də əvvəlcə insanlarda qarşılıqlı hörmət, ləyaqət hisslərini inkişaf etdirmək lazımdır.

Cəmiyyətdə sosial ahəngdarlığın, siyasi sabitliyin, iqtisadi inkişafın əsasında təhsilin dayandığını vurğulayan Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov bu baxımdan düşünülmüş qərarların qəbul edilməsinin mühüm rol oynadığını demişdir. Nazir açıq cəmiyyətlərdə hər bir fərdin öz məsuliyyətini dərk etməsinin vacibliyini diqqətə çatdırmışdır.

Son illərdə ölkəmizdə təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısından danışan nazir Azərbaycanda orta məktəb binalarının 60 faizinin yenidən qurulduğunu bildirmişdir. Azərbaycan dövləti hesab edir ki, mədəniyyətlər arasında sülh və anlaşma müxtəlif icmaların qarşılıqlı münasibətlərindən asılıdır. Bu məsələdə təhsil çox mühüm rol oynayır.

Azərbaycanın sürətli iqtisadi inkişafından söz açan Mikayıl Cabbarov bu yüksəlişin əsasında ulu öndər Heydər Əliyevin 1990-cı illərin əvvəllərində müəyyənləşdirdiyi düzgün və uzaqgörən siyasətin durduğunu bildirmişdir. Məhz bu siyasətin uğurla həyata keçirilməsinin nəticəsində Azərbaycanda dayanıqlı inkişaf baş vermişdir.

Çıxışlardan sonra mövzu ətrafında müzakirələr aparılmışdır.

Müzakirələrdə daxili iqtisadi artım siyasəti ilə əməli iş, yüksək keyfiyyətli təhsil və digər sosial xidmətlər üçün bərabər imkanların yaradılması, xüsusilə qadınlar, milli azlıqlar, gənclər və digər marjinal qruplar üçün nəzərdə tutulmuş davamlı inkişaf və sosial inteqrasiyanın əsas hədəflərindən söhbət açılmışdır.

Sonra forumun "Qlobal sərhədləri təqdir edərək sosial inteqrasiya dayanıqlı iqtisadi artımın aparıcı qüvvəsi kimi" mövzusunda ikinci sessiyası keçirilmişdir.

"Friedrich-Ebert-Stiftung" Fondunun İsrail filialının icraçı direktoru Verner Pusçranın moderatorluğu ilə keçən sessiyada İsrailin sabiq Baş naziri Ehud Barak, Finlandiyanın sabiq prezidenti Tarya Halonen, Botsvananın sabiq Prezidenti Festus Moqae, Moldovanın sabiq Prezidenti Petru Luçinski, Beynəlxalq Yaşıl Xaç Cəmiyyətinin prezidenti Aleksandr Likhotal, Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova çıxış etmişlər.

İsrailin sabiq Baş naziri Ehud Barak bildirmişdir ki, sessiyada müzakirə olunan mövzular dünya ictimaiyyətinin gələcək inkişafına yönəlmişdir. Sessiyanın məqsədi davamlı iqtisadi artıma nail olmaq üçün sosial inteqrasiyanın nə dərəcədə əhəmiyyətli olduğunu və əldə edilən uğurların da öz növbəsində inteqrasiya, təbii sərvətlər və qlobal sərhədlərdən nə dərəcədə asılı olduğunu daha dərindən dərk etməkdir.

Finlandiyanın sabiq Prezidenti Tarya Halonen vurğulamışdır ki, ölkələrdə sosial tərəqqiyə nail olmaq iqtisadiyyatın inkişafına da öz təsirini göstərir. Bunun üçün xüsusilə təhsil və səhiyyənin inkişafı diqqət mərkəzində olmalıdır. Qlobal cəmiyyətdə insan kapitalının inkişafı ən aktual məsələlərdəndir. Cəmiyyətlərdə qadınların və gənclərin fəaliyyətinin genişləndirilməsi, onların işlə təmin olunması da çox vacibdir. Bəzi ölkələrdə qadınların bilikli olmasına çox önəm verirlir. Lakin onların gücündən istifadə kifayət qədər deyildir. Yalnız insan kapitalının potensialından istifadə edilməsi gələcək nəsillərin həyatını daha da asanlaşdıra və daha inkişaf etmiş cəmiyyətdə yaşamalarına şərait yarada bilər.

Beynəlxalq Yaşıl Xaç Cəmiyyətinin prezidenti Alexandr Likhotal vurğulamışdır ki, dünyada sağlam cəmiyyətin formalaşdırılması üçün ekoloji amillərə diqqət artırılmalıdır. Təbii resurslardan düzgün istifadə, onların mühafizə edilməsi əsas məqsədlərdən biri olmalıdır. Təmiz texnologiyalar və yaşıl enerjinin vəhdəti daha çox işlə təmin etməyə və beləliklə də, daxili iqtisadi artımı daha da gücləndirməyə  xidmət edə bilər.

Botsvananın sabiq Prezidenti Festus Moqae ölkələr arasında ədavətin yaranmasının dünya iqtisadiyyatına vurduğu ziyanı qeyd etmişdir. Bildirilmişdir ki, birgə səylərlə elə bir dünya formalaşdırılmalıdır ki, insanlar sülh şəraitində yaşasınlar, onların rifah halı yüksək olsun. Bütün bunlara nail olmaq üçün siyasətçilər, ziyalılar çox iş görə bilərlər. Məqsəd gələcək nəsillərə daha gözəl bir dünya miras qoymaqdır.

İqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova bildirmişdir ki, Azərbaycan hazırda sürətlə inkişaf edən ölkələr sırasındadır. Son 10 ildə ölkə çox böyük iqtisadi artıma nail olmuşdur. Yoxsulluğun səviyyəsi xeyli aşağı düşmüş, orta aylıq əməkhaqqı yüksəlmiş, sosial müavinətlərin məbləği artmışdır ki, bu da sosial rifah halının əsas göstəricilərindəndir. Görülən tədbirlər nəticəsində işsizliyin səviyyəsi xeyli aşağı düşmüşdür. Maliyyə böhranının təsirlərindən müdafiə olunmaq məqsədilə həyata keçirilmiş iqtisadi islahatların nəticəsi kimi sosial standart göstəriciləri artmışdır. Nazir müavini  qeyd etmişdir ki, respublikada əmək pensiyalarının baza hissəsi pensiyaçılar üçün yaşayış minimumunun məbləğini neçə ildir üstələyir və bu göstəricilər arasında fərq ilbəil artmaqdadır. Artıq Azərbaycan dayanıqlı iqtisadi artıma qədəm qoymuşdur. Ölkəmizin sürətli və ardıcıl inkişafına təkan verən bütün bu tədbirlər böyük uzaqgörənliklə hazırlanmış inkişaf strategiyasının uğurlu tətbiqinin nəticələridir.

Tədbirdə digər çıxış edənlər sosial tərəqqinin təmin edilməsi sahəsində təmsil etdikləri ölkələrin qazandığı təcrübədən bəhs etmişlər.

Sessiyada ərzaq təhlükəsizliyi, ekoloji problemlərin həlli, insan kapitalının inkişafı, miqrasiya problemləri, əhalinin su təminatı və digər aktual məsələlər müzakirə edilmiş, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

II Qlobal Açıq Cəmiyyətlər Forumu çərçivəsində keçirilən üçüncü sessiya "Açıq cəmiyyətlər mürəkkəb vəziyyətlərdə münaqişələrin həlli kimi" mövzusuna həsr olunmuşdur.

Sessiyada qeyd olunmuşdur ki, münaqişələrə yol verməməklə açıq cəmiyyətlər insanların ümumi rifahına xidmət edən əlverişli mühit yarada bilər. Sessiya iştirakçıları hesab edirlər ki, sülh, stabillik, ədalət və tolerantlıq iqtisadi inkişaf və çiçəklənmə üçün ən yaxşı təminatdır. Məruzəçilər sosial inteqrasiya və açıqlığın mövcud problemlərin aradan qaldırılmasında faydalı ola biləcək əsas prinsiplərini qeyd etmişlər.

Türkiyənin keçmiş xarici işlər naziri Hikmət Çətin demişdir ki, təhlükəsizlik və sabitlik olmadan dayanıqlı insani və iqtisadi artıma nail olmaq çox çətindir. Münaqişələrdən danışarkən o bildirmişdir ki, ilk növbədə, Dağlıq Qarabağ münaqişəsindən başlamaq lazımdır. H.Çətin demişdir: "Dağlıq Qarabağ münaqişəsi regionda sülhə əsas maneə olaraq qalır. Qarabağ münaqişəsi sovet dövrünün mirasıdır. Dünyanın bu hissəsində ən uzun sürən münaqişələrdən biridir".

Hikmət Çətin vurğulamışdır ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Nəinki Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, hətta onun ətrafındakı 7 rayon Ermənistan tərəfindən işğal olunmuşdur. Münaqişənin həlli üçün ilk addım olaraq Dağlıq Qarabağ ətrafındakı rayonlardan Ermənistan ordusu çıxarılmalıdır. Bu, sülh və sabitlik üçün müsbət addım olardı. Vəziyyət daim belə davam edə bilməz. Ermənistan düşünsün, onlar indiyədək nəyi itirmişlər və bu münaqişə həll edildikdən sonra nə əldə edə bilərlər. Ermənistan iqtisadi cəhətdən acınacaqlı vəziyyətdədir.

Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin terrorizm, ksenofobiya, insanların dözümsüzlüyü hallarının münaqişələrə gətirib çıxardığını demişdir. O, ərəb ölkələrində baş verən çaxnaşmalarda bir sıra qrupların sülhü qoruyub saxlamağa çalışdığını bildirmişdir. Lakin sabitliyi tam bərpa etmək üçün bütün cəmiyyət buna səy göstərməlidir. Sülh üçün milli barış lazımdır.

Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlardan danışmışdır. O qeyd etmişdir ki, bu münaqişə Cənubi Qafqazda ən təhlükəli münaqişələrdən biridir. Regionda sabitlik əldə etmək üçün Dağlıq Qarabağ münaqişəsinin həlli çox vacibdir. Araz Əzimov danışıqlar prosesində ATƏT-in roluna toxunaraq demişdir ki, bu təşkilat münaqişələrin həllində daha mütərəqqi mexanizmlər hazırlamalıdır.

Rumıniyanın sabiq Prezidenti Emil Konstantinesku münaqişələrin həllində etnik və dini icmaların iştirakı məsələsinə toxunmuşdur. O qeyd etmişdir ki, münaqişələr bu icmalar arasında dialoq qurmaqla aradan qaldırıla bilər. Rumıniyanın sabiq Prezidenti vurğulamışdır ki, icmalar arasında dialoq, ümumiyyətlə, münaqişələrin yaranmasının da qarşısını ala bilər. Cəmiyyətin təhlükəsizlik modelinin əsasında qarşılıqlı hörmət, tolerantlıq dayanır.

Serbiyanın sabiq Prezidenti Boris Tadiç qeyd etmişdir ki, hazırda dünyada ərazi bütövlüyü əsasında bir çox münaqişələr mövcuddur. O demişdir ki, belə münaqişələrin səbəbləri siyasi maraqlar və tarixi hadisələrlə bağlı olur. Boris Tadiç Serbiyanın keçdiyi müharibələrdən danışmışdır. O bildirmişdir ki, hər bir münaqişə özlüyündə nadirdir və düşünülmüş yanaşma tələb edir. Siyasi gərginliyə yol verməmək üçün bütün aspektlər nəzərə alınmalıdır.

Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Madrid Klubunun prezidenti Vayra Vike-Freyberqa bildirmişdir ki, hazırda dünya qarşısında duran əsas məsələ 2015-ci ildən sonra insanlığın daha nə ilə üzləşəcəyini əvvəlcədən proqnozlaşdırmağa çalışmaqdır. İqtisadi yüksəlişin əsasında cəmiyyətdə insanların təhlükəsizliyinin artırılması durur. Yalnız belə olduqda insanlarda yaradıcılığa meyil yüksəlir, biznes üçün əlverişli şərait yaranır.

Sessiya iştirakçıların mövzu ilə bağlı müzakirələri ilə başa çatmışdır.

 

Azərbaycan.-2014.- 29 aprel.- S.6;7.