İmzamız imzalar içində...

 

Əməkdar jurnalist, filologiya üzrə fəlsəfə doktoru Faiq Hüsiyevin yeni çapdan çıxmış və oxucuların ixtiyarına verilmiş monoqrafiyası belə adlanır: "Xarici ölkələrdə Azərbaycan mətbuatı: 1990-2005-ci illər" (postsovet məkanında). Monoqrafiyanın adından göründüyü kimi, müəllif 1990-2005-ci illər arasında ölkəmizin xaricində fəaliyyət göstərən diaspor təşkilatlarımızın araya-ərsəyə gətirdiyi mətbuat orqanlarının fəaliyyətini tədqiqata cəlb etmişdir.

Monoqrafiyanın birinci fəslində keçmiş sovetlər birliyindəki sosial-siyasi məqamların gizli qatları açıqlanır. Analitik təhlil əsasında qeyd olunur ki, keçmiş sovetlər birliyinin totalitar rejimi "yer üzünün əşrəfi sayılan" az-çox siyasi hakimiyyətin mahiyyətini doğru-dürüst analiz etməyə cəhd edən insanlar işgəncələrə məruz qalmış, işdən çıxarılmış, ictimaiyyət üçün təhlükəli ruhi xəstə kimi göstərilmişdir. 1956-cı ildən 1982-ci ilə qədər SSRİ-də xeyli insan mühakimə edilmişdir. Müəllif Azərbaycanda o vaxt meydan hərəkatının yaranma səbəblərini elmi-siyasi təfəkkürə istinad etməklə açıqlayır. Fikrini belə əsaslandırır ki, məhz inzibati-amirlik respublikamızda Ermənistanın Yuxarı Qarabağla bağlı Azərbaycana yönəlmiş ərazi iddialarına qarşı etiraz aksiyalarını, meydan hərəkatını formalaşdırdı. Müəllifin qeyd etdiyi kimi, meydan hərəkatı Azərbaycanın istiqlal tarixində şərəfli səhifələrdəndir.

Müəllifin fikrincə, həmin dövrdəki ictimai-siyasi proseslərin təzahürü milli mətbuatdan da yan keçmədi. Leqalya qeyri-leqal nəşrlər meydana çıxdı. Azərbaycan mətbuatında keyfiyyətli dəyişikliklər xarici ölkələrdə yaşayan azərbaycanlıların da öz doğma vətəni ilə əlaqələrini yeni prinsiplər əsasında qurmağa sövq etdi, onlarda qeyri-rəsmi mətbuat orqanları yaratmaq ideyasını doğurdu. Yerli mətbuat "xaricə adlayaraq" həmvətənlərimizi mətbuat quruculuğuna sövq etdi.

Monoqrafiyanın birinci fəslində "Postsovet dövrü və Azərbaycan mətbuatı" yarımbaşlığında Azərbaycan mətbuatı və publisistikası tarixində mühüm rol oynayan "Azərbaycan", "Ulduz", "Qobustan" jurnallarının, "Azərbaycan gəncləri", "Ədəbiyyat və incəsənət" və başqa qəzetlərin milli maraqların və həqiqətlərin ifadəsində oynadığı xidmətlər əsaslı şəkildə öz təsdiqini tapır. O dövrdəki milli mətbuatımızın mütərəqqi və demokratik düşüncələr üzərində inkişaf etdiyi qeyd olunur.

Monoqrafiyanın ikinci fəsli "Postsovet məkanında Azərbaycan mətbuatı" adlanır. Bu fəslin "Rusiya Federasiyasında Azərbaycan mətbuatı" adlanan yarımbaşlığında aparılan təhlillər təsdiq edir ki, müəllif kifayət qədər siyasi cəhətdən yetkin və hazırlıqlı olmaqla əsas hədəfi görə bilirona yüksək səviyyədə analiz verməyi bacarır. Bu fəsildə Rusiyada nəşr olunan "Baku" jurnalı haqqında ətraflı məlumat verilir. Müəllif rus dilində 47 min tirajla çap olunan adıçəkilən jurnalı Azərbaycanı dünyaya və dünyanı Azərbaycana tanıtmaq yolunda möhkəm bir körpü hesab edir. Fikrimizcə, bu bənzətmə səbəbsiz deyildir. Çünki həmin jurnalın səhifələrində Bakı şəhərinin tarixi, Azərbaycanın dünyada məşhur olan şəxsiyyətləri, dövlətçilik tarixi, Azərbaycanın neft istehsalında uğurları, kulinariyası haqqında ətraflı məlumat verilir. Müəllifin qənaətinə görə, adıçəkilən jurnal özünün poliqrafiyası, dizayn işi, mövzu müxtəlifliyi baxımından həm Rusiya Federasiyasında, həm də Avropada çap olunan məşhur jurnallara nümunə olası mətbuat salnaməsdir.

Monoqrafiyanın ikinci fəslinin bölümlərindən biri də "Ukraynada Azərbaycan mətbuatı" adlanır. Bu bölümdə müəllif tarixə ekskursiya edərək hələ XX əsrin əvvəllərində tanınmış yazıçımız Tağı Sahbazi Simurqun Xarkov şəhərində yaşamasına və orada "Cənub səsi" adlı qəzet buraxdığına toxunur. Eyni zamanda Azərbaycan ilə Ukrayna arasında çoxşaxəli iqtisadi-mədəni əlaqələrin inkişaf dinamikasından yazır. Azərbaycan - Ukrayna əlaqələri baxımından maraq doğuran mətbuat orqanlarına ("Millət", "Savalan", "Qolos Azerbaydjana - Azərbaycanın səsi") münasibət bildirir. Məsələn, müəllif  "Millət" qəzeti haqqında yazır ki, Krım - Azərbaycan cəmiyyətinin mətbu orqanı olan "Millət" qəzeti ilk sayını 20 Yanvar hadisələrinin ildönümünə həsr edən qəzet olmaqla Ukraynada Azərbaycan dilində ilk olanıdır.bu qəzet Krımda güclü mövqeyə malik olan erməni diasporunun dəfələrlə hədə-qorxuları ilə üzləşməsinə baxmayaraq, fəaliyyətini daha da genişləndirmişdir. Hətta qəzetin baş redaktoru Rəhim Hümbətov ermənilərin sifarişi ilə Krım Vilayət Komitəsinə dəvət olunmuş, milli zəmində yazılarla çıxış etdiyi üçün ona xəbərdarlıq edilmişdir. Ancaq R.Hümbətov işğalçı bir millətin - erməni separatçılarının çirkin əməllərini ifşa edəcəyini söyləmişdir.

Monoqrafiyanın "Gürcüstanda Azərbaycandilli nəşrlər" bölümündə müəllif müasir dövri mətbuatdan bəhs etməzdən öncə XIX əsrin sonu XX əsrin əvvəllərində Səid və Cəlal Unsizadə qardaşlarının Tiflisdə nəşr etdirdikləri "Ziya", "Ziyayi - Qafqaziyyə" və "Kəşkül" jurnallarının fəaliyyətinə toxunmuşdur.

Monoqrafiyanın ikinci fəslinin "Orta Asiya respublikaları ilə Azərbaycanın mədəniyyət və mətbuat əlaqələri" adlı bölümü ədəbi-mədəni əlaqələr baxımından yeni bir mərhələ kimi səciyyələnir. Bu bölümün girişində müəllif haqlı olaraq qeyd edir ki, Orta Asiya respublikaları ilə əlaqələrin güclənməsi ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün oldu. Ümumtürk dastanı olan "Manas"ın 1000 illik yubileyində, o cümlədən ulu öndərin Qazaxıstanın paytaxtı Astana şəhərinin beynəlxalq təqdimat mərasimində iştirakı və çıxışları buna bariz nümunədir. Həmin bölümdə ən geniş məlumat "Turan Ekspress" qəzeti haqqındadır. Bu qəzet 2004-cü ilin iyun ayında Astana şəhərində nəşr olunmuşdur. Qəzetin əsas məramı və məqsədi ondan ibarətdir ki, oxuculara Azərbaycanın və Qazaxıstanın ortaq dəyərləri haqqında geniş məlumat versin. Odur ki, bu qəzet Azərbaycanın və Qazaxıstanın tarixiortaq dəyərləri barədə çoxsaylı məqalələr çap etmişdir.

Monoqrafiyanın üçüncü fəsli "Postsovet məkanında Azərbaycan jurnalistikasının sənətkarlıq problemləri" adlanır. Bu fəsildə Azərbaycan jurnalistikasının ideya-siyasi axtarışlarına, xarici ölkələrdə Azərbaycan publisistikasının sənətkarlıq xüsusiyyətlərinə xüsusi önəm verilir.

F.Hüsiyevin bu monoqrafiyası Azərbaycan mətbuatı və jurnalistikası tarixində bir neçə cəhətdən önəm kəsb edir. Birincisi, bu monoqrafiya Azərbaycan mətbuatının və jurnalistikasının tarixi mənzərəsini, yayım coğrafiyasını, beynəlxalq əlaqələrini araşdırmaq baxımından əhəmiyyətli rol oynayır. İkincisi, milli mətbuatımızın tarixini, tarixi təcrübəsini, təkamül mərhələlərini öyrənmək baxımından elmi-nəzəri cəhətdən bu istiqamətdə tədqiqat aparanlara bir istiqamət verir. Üçüncüsü, müasir dövrdə müstəqil dövlətlərlə sosial-siyasi, iqtisadi və mədəni əlaqələrin qurulmasında mətbuatın böyük rol oynadığını zərurətə çevirir. Dördüncüsü, Azərbaycanda diaspor jurnalistikasının mətbuat tarixində oynadığı rolu əhəmiyyətli və gərəkli bir həqiqət kimi ön plana çəkir. Beşincisi, 1990-2005-ci illərdə postsovet məkanında çap olunmuş qəzet və jurnalların Azərbaycan həqiqətlərinin yayılmasında yaratdığı imkan, şərait milli kimliyimizin, varlığımızın, eləcə də dövlətimizin tanınmasında, təbliğində oynadığı rolu əvəzsiz, təbii ki, qiymətli edir.

 

Buludxan XƏLİLOV,

filologiya elmləri doktoru, professor

Azərbaycan.-2014.-27 aprel.-S.10.