Cənubi Qafqaz regionunun aparıcı iqtisadiyyatına malik olan Azərbaycan Vişeqrad qrupu ölkələrinin ən iri ticarət tərəfdaşıdır

 

Aprelin 29-da Budapeştdə Vişeqrad qrupu və Avropa İttifaqının “Şərq tərəfdaşlığı” ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısı keçirilmişdir.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov toplantıda çıxış edərək demişdir: “Azərbaycanın Vişeqrad qrupu ilə əməkdaşlığının uğurları əlaqələrimizin gözəl nəticələrinə əsaslanır. Biz mütəmadi olaraq qarşılıqlı maraq doğuran məsələlərdə yüksək səviyyəli siyasi dialoqun keçirilməsini dəstəkləyirik. Bizim ölkələr, həmçinin parlamentlərarası əlaqələr çərçivəsində də qarşılıqlı əməkdaşlıq edirlər. Vişeqrad qrupu ölkələrinin əksəriyyəti ilə mövcud olan Birgə Hökumətlərarası komissiyalar iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi üçün yaxşı platformadır”.

Nazir bildirmişdir ki, Azərbaycan Cənubi Qafqaz regionunun aparıcı iqtisadiyyatına malik bir ölkə kimi Vişeqrad qrupu ölkələrinin ən iri ticarət tərəfdaşıdır. Keçən il Azərbaycanın Vişeqrad qrupu ölkələri ilə ticarət dövriyyəsi 1 milyard ABŞ dolları təşkil etmişdir və bunun artmaqda olduğunu məmnuniyyətlə qeyd etmək istərdik. Sevindirici haldır ki, hər iki tərəf ticarət əlaqələrinin şaxələndirilməsi üçün ənənəvi enerji sektorundan kənara çıxaraq qeyri-neft sektorunun yaratdığı kənd təsərrüfatı, tikinti, ağır sənaye və əczaçılıq kimi sahələrdə də imkanlardan yararlana bilmişlər. Həmçinin Azərbaycan qeyri-neft sektoruna investisiyalar baxımından Vişeqrad qrupu ölkələri üçün çox cəlbedici bazar olaraq qalmaqdadır.

Azərbaycan ilə Avropa İttifaqı arasında qarşılıqlı əlaqələrin prioritetlərindən danışan nazir demişdir: “Azərbaycan “Cənub” Qaz Dəhlizinin reallaşmasına imkan yaratmaqla, Avropanın enerji təhlükəsizliyinin təminatını dəstəkləmək üçün öhdəlik götürmüşdür. Azərbaycan ilə Avropa İttifaqı arasında 2011-ci ildə “Cənub” Qaz Dəhlizinə dair strateji baxımdan əhəmiyyətli birgə bəyannamənin qəbul edilməsindən sonra bu xüsusda olan əzmimizin təzahürü kimi dəhlizin imkanlarının daha da artırılması üçün ölkəmiz tərəfindən mühüm addım atılmışdır. Trans-Anadolu qaz kəməri, “Cənub” Qaz Dəhlizinin strateji orta komponenti kimi, tənzimləmə və kommersiya baxımdan müəyyənlik yaradaraq, tərəfdaşlarımızı əmin etmişdir ki, Azərbaycanın təbii qazı Avropaya çatdırılacaqdır. Keçən yay Azərbaycan qazının avropalı tərəfdaşlara çatdırılması üçün Trans-Adriatik boru xətti seçilmişdir. Son olaraq, keçən dekabrda “Şahdəniz-2” layihəsi ilə əlaqədar yekun investisiya qərarları qəbul edilmişdir. Beləliklə, qarşıdan gələn 4-5 ildə istismara veriləcək Trans-Anadolu və Trans-Adriatik boru kəmərləri Cənubi Avropadan olan tərəfdaşlarımızın strateji enerji tələbatını qarşılayacaq və Mərkəzi Avropaya ixrac üçün gələcək yeni həcmləri müəyyən edəcəkdir. “Şahdəniz-2” Avropanın enerji infrastrukturunda qarşılıqlı bağlılığı artıracaqdır”.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı fikirlərini bölüşən nazir demişdir: “Mən Aİ-nin Şərq Tərəfdaşlığı məkanında olan həlli uzadılmış münaqişələrlə əlaqədar mövqeyinə dair bir məqamı vurğulamaq istəyirəm. Xüsusilə, Ermənistan-Azərbaycan münaqişəsi ciddi narahatlıq doğuran məsələ olaraq qalır. BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında münaqişənin ədalətli və tezliklə həlli və bununla da beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası, eləcə də məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtması sülh və sabitliyi gücləndirəcək, hərtərəfli regional əməkdaşlıq üçün imkanlar yaradacaqdır”.

 

Azərbaycan.-2014.- 30 aprel.- S.2.