İkinci Qlobal Açıq Cəmiyyətlər Forumunun yekunları

 ilə bağlı mətbuat konfransı keçirilmişdir

 

Aprelin 29-da II Qlobal Açıq Cəmiyyətlər Forumunun yekunları ilə bağlı mətbuat konfransı keçirilmişdir.

AzərTAc xəbər verir ki, Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa bu nüfuzlu Forumun belə yüksək səviyyədə təşkilinin Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi sayəsində mümkün olduğunu bildirmişdir. O, vurğulamışdır ki, əvvəlki illə müqayisədə builki Forumda müzakirə edilən mövzular daha əhatəli olmuş, daha böyük nailiyyətlər əldə edilmişdir. Sabiq Prezident qeyd etmişdir ki, iki gün davam edən tədbir çərçivəsində müzakirələr zamanı iştirakçıların diqqəti həllini gözləyən bir sıra problemlərə yönəldilmişdir. Bunlardan biri də dondurulmuş münaqişələrdir ki, bu sıraya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də daxildir. Müxtəlif mövzulara həsr edilmiş sessiyalar zamanı bəşəriyyəti narahat edən problemlərin həlli yollarının tapılması məsələsi araşdırılmışdır. Nəticə budur ki, beynəlxalq təşkilatlar, xüsusilə Birləşmiş Millətlər Təşkilatı bu problemlərin həlli istiqamətində daha fəal olmalı və bütün imkanlarını səfərbər etməlidirlər.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin idarə heyətinin üzvü Nazim İbrahimov qeyd etmişdir ki, artıq Azərbaycan qlobal məsələlərin müzakirə olunduğu bir mərkəzə çevrilmişdir. Bu, bizim ölkəmizin inkişafından, dünya dövlətləri arasındakı nüfuzundan xəbər verir. Komitə sədri bildirmişdir ki, Azərbaycan hər il bu cür tədbirlərə ev sahibliyi etməyə hazırdır. N.İbrahimov məlumat vermişdir ki, cari ilin oktyabrında Gəncədə Nizami irsinin öyrənilməsinə həsr olunan beynəlxalq konfransın keçirilməsi planlaşdırılır.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi idarə heyətinin həmsədri, Misirin İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldin Forumda çox vacib məsələlərin müzakirə olunduğunu, iki gündə faydalı fikir mübadiləsinin aparıldığını diqqətə çatdırmışdır. O, tədbirin yüksək səviyyədə təşkilinə görə təşkilatçılara minnətdarlığını bildirmişdir.

Sonda jurnalistlərin sualları cavablandırılmışdır.

 

Azərbaycan.-2014.- 30 aprel.- S.3.