İlham Əliyevin çoxvektorlu geoiqtisadi siyasətinin növbəti uğurları

 

"Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyası fəaliyyətdədir

 

 

Bu dövrdə Aİ ilə Azərbaycanın investisiya əməkdaşlığı artan dinamika ilə inkişafı davam etmişdir. 1999-2003-cü illərdə Aİ (Almaniya, Böyük Britaniya, Fransa) Azərbaycanın iqtisadiyyatının qeyri-neft sektoruna 296 mln. dollar həcmində birbaşa investisiya qoymuşdur ki, bu da əvvəlki dövrlə (1992-1998) müqayisədə 2,5 dəfə çoxdur. 2003-cü ildə Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna qoyulan birbaşa xarici investisiyaların ümumi həcmində Aİ-nin  xüsusi çəkisi 38% təşkil etmiş və bu göstəriciyə görə o, Türkiyəni (24%),  ABŞ-ni (14%) üstələyərək lider mövqeyinə yüksəlmişdir. Eyni zamanda qeyd olunan dövrdə əsas kapitala yönəldilən xarici investisiyalarda da Aİ üstün mövqeyə sahib olaraq 40%-dən çox xüsusi çəkiyə malik olmuşdur.

Üçüncü mərhələ (2004-2008) Azərbaycanın AQS-yə daxil edilməsi ilə başlanmışdır. 2004-cü ildə Şərqə doğru 10 ölkənin hesabına genişlənən Aİ yeni qonşuluq strategiyasını təklif edərək qonşu ölkələrlə, o cümlədən Azərbaycanla əməkdaşlığı yeni formatda davam etdirməyə başladı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Avropa İttifaqı Şurasının Baş katibi Xavyer Solana ilə Brüsseldəki görüşündə (2004-cü ilin mayında) bir daha bəyan etdi ki, "Azərbaycan gələcəyini Avropa ailəsində görür. Əlbəttə ki, biz əlimizdən gələni edəcəyik ki, Avropanın bütün meyarlarına cavab verə bilək".

Azərbaycan Respublikasını Avropa Qonşuluq Siyasətinə daxil etmək haqqında Aİ Şurasının 14 iyun 2004-cü il tarixli qərarı ikitərəfli əməkdaşlıqda irəliyə doğru mühüm addım olmuşdur. Aİ ilə əlaqələrdə daha yüksək səviyyəli siyasi və iqtisadi inteqrasiya vəd edən AQS tərəfdaşlığın gələcək inkişafı baxımından yeni mərhələ kimi qiymətləndirilə bilər. AQS ölkəmiz üçün aşağıdakı imkanları yaratmışdır:  1) siyasi, iqtisadi və inzibati islahatların həyata keçirilməsi və birgə dəyərlərə hörmət edilməsində konkret irəliləyişə nail olunması məqsədilə Aİ-nin daxili bazarında müəyyən paya sahib olma imkanı;  2) vətəndaşların, əmtəələrin, xidmətlərin və kapitalın sərbəst dövriyyəsini təmin etmək məqsədilə gələcək inteqrasiya və liberalizasiya proseslərində iştirak; 3) Aİ-nin üzv ölkələri ilə daha səmərəli siyasi dialoq və əməkdaşlıq, güzəştli ticarət əlaqələri və açıq bazar, miqrasiya, narkotik və mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq, sərmayələrin təşviqi, yeni maliyyə mənbələrinin əldə edilməsi və ölkəmizin Ümumdünya Ticarət Təşkilatına üzv olmasının dəstəklənməsi.

2007-ci ilin 1 yanvarından etibarən TACİS Proqramı Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti (AQTA) mexanizmləri ilə əvəz olundu. Daha geniş mandat və əhatə dairəsinə malik olan AQTA AQS Fəaliyyət Planlarının həyata keçirilməsi üçün əsas maliyyə aləti kimi təsdiqləndi. AQTA 3 başlıca strateji məqsədi özündə ehtiva edirdi: demokratiya və insan hüquqlarının təşviqi; bazar iqtisadiyyatına keçidin asanlaşdırılması və davamlı inkişafın təşviqi; qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığın inkişafı. Ümumiyyətlə, 2004-2008-ci illər ərzində Azərbaycana Aİ-nin yuxarıda göstərilən proqramları ilə yanaşı,  bərpa proqramı, piyadalar əleyhinə minaların təmizlənməsi proqramı, Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti, QHT və qeyri-hökumət iştirakçılarına dəstək proqramı, ətraf mühitə dəstək proqramı çərçivəsində maliyyə və texniki yardım kimi 73 mln avro həcmində vəsait ayrılmışdır.

 2004-2008-ci illəri əhatə edən 5 il ərzində Azərbaycanın Aİ-nin üzv-dövlətləri ilə xarici ticarət əlaqələri xeyli artmışdır. Xüsusilə dünya bazarında neftin qiymətinin sürətlə yüksəlməsi ilə əlaqədar olaraq 2008-ci ildə Azərbaycanın Aİ-yə ixracı özünün pik nöqtəsinə - təqribən 27 milyard dollar həcminə çatmışdır. Başqa sözlə, 2004-2008-ci illərdə  Azərbaycanın Aİ-yə ixracı 15 dəfədən də çox artmışdır. Bu dövrdə Aİ Azərbaycanın əsas ticarət tərəfdaşı kimi üstünlüyünü daha da möhkəmləndirərək, bütövlükdə xarici ticarət dövriyyəsində 52,8%, o cümlədən ixracda 56,5%, idxalda isə 28,4% xüsusi çəkiyə malik olmuşdur. 2007-ci il istisna olmaqla sözügedən mərhələnin bütün illəri üzrə ticarət əlaqələri müsbət saldo ilə nəticələnmişdir. Bunun əksinə olaraq, MDB ölkələri ilə xarici ticarət dövriyyəsinin xüsusi çəkisi xeyli azalaraq 2008-ci ildə cəmi 6,2%, o cümlədən ixracda 2,4%, idxalda 31,9%, Gömrük İttifaqına üzv olan ölkələrlə isə müvafiq olaraq  1,9%  və 22,9% təşkil etmişdir.  2008-ci ildə Azərbaycanın ümumi idxalında Aİ-nin xüsusi çəkisi MDB-dən 3,5% aşağı olsa da, qeyd edilən mərhələdə onun mütləq həcmi 71% artmışdır.

Aİ-nin Azərbaycanın xarici ticarət əlaqələrində, xüsusilə ixracda rolunun belə sürətlə yüksəlməsi əsasən Bakı-Tbilisi-Ceyhan (BTC) əsas neft ixrac boru kəmərinin 2005-ci ildən fəaliyyətə başlaması ilə əlaqədar olmuşdur. BTC Azərbaycanın açıq dənizlərə çıxışını asanlaşdırmaqla yanaşı, Orta Asiyanın neft hasil edən dövlətləri üçün Rusiya ərazisindən keçməklə Qara dənizə çıxan neft kəmərlərinə alternativ marşrut kimi çıxış edir. BTC-nin əhəmiyyəti həm regionun neft istehsalçı-dövlətləri, həm də Avropanın neft istehlakçı-dövlətləri üçün ildən-ilə yüksəlır. BTC layihəsi üzrə yaradılmış konsorsiumun da əsas iştirakçıları məhz, Avropa şirkətləridir. Belə ki, bu layihədə BP şirkəti (Böyük Britaniya) 30,1%, "Statoil" (Norveç) 8,71%, "Total" (Fransa) 5% və ENI (İtaliya) 5% paya malikdir.

Əhəmiyyətinə görə Azəri-Çıraq-Günəşli neft yatağı ilə müqayisə oluna biləcək, "Şahdəniz" təbii qaz yatağının işlənilməsi üzrə bağlanmış müqavilədə də Avropa ölkələri mühüm iştirakçılardır. Belə ki, bu layihədə Böyük Britaniyanın BP şirkəti 25,5%, Norveçin Statoil şirkəti 25,5% və Fransanın Total şirkəti 10% paya malikdir. Konsorsiumun "Şahdəniz" yatağından hasil etdiyi mavi yanacaq 2007-ci ildən istifadəyə verilən Bakı - Tbilisi - Ərzurum (BTƏ) qaz kəməri vasitəsilə dünya bazarlarına göndərilir və həmin dövrdən etibarən Azərbaycan təbii qaz idxal edən ölkədən ixrac edən ölkəyə çevrilmişdir. Bununla da alternativ enerji mənbələri axtarışında olan Avropa İttifaqı ölkələri BTƏ qaz kəmərinə və Azərbaycan qazına xüsusi əhəmiyyət verməyə başlamışlar.

Bununla yanaşı, ikitərəfli ticarət əlaqələrinin artımına Avropa İtifaqının Ümumiləşdirilmiş Preferensiyalar Sistemi çərçivəsində 2001-ci ildə qəbul etdiyi qərarına əsasən, balıq və polad məhsulları istisna olmaqla Azərbaycandan ixrac olunan digər mallara güzəştlərin tətbiq edilməsi də ciddi təsir göstərmişdir. 2005-ci ildən isə Azərbaycana yuxarıda qeyd olunan məhsullar üzrə tətbiq olunan məhdudiyyətlər də aradan qaldırılmışdır. 2009-cu ilin yanvarın ayının 1-dən etibarən Azərbaycan Avropa İttifaqının təqdim etdiyi güzəştli ticarət sisteminin ən üst pilləsi olan "GSP+" proqramına benefisiar (faydalanan) ölkə statusu ilə daxil edilmişdir.

Bu dövrdə Aİ ölkələri tərəfindən əsas kapitala yönəldilən birbaşa xarici investisiyaların həcmi təqribən 8 mlrd manatdan çox olmuşdur ki, bu da ölkə iqtisadiyyatına yatırılan ümumi investisiyaların 51% - ni təşkil etmişdir. Qeyd edilən beş il ərzində Aİ ölkələri - Niderland, Almaniya, Böyük Britaniya, Fransa və İtaliya tərəfindən Azərbaycanın qeyri-neft sektoruna qoyulan xarici investisiyaların həcmi 531 mln dollar təşkil etmişdir ki, bu da əvvəlki beş illə müqayisədə 1,8 dəfə çoxdur. Bu dövrdə sözügedən göstərici üzrə Aİ 33% paya sahib olmaqla əsas investor kimi liderliyini qoruyub saxlamışdır.

Dördüncü mərhələ (2009-2013) Aİ AQS çərçivəsində əməkdaşlıq etdiyi Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova və Belarusa münasibətdə 2009-cu ildən etibarən vahid əməkdaşlıq formatının tətbiq edilməsini nəzərdə tutan "Şərq Tərəfdaşlığı" təşəbbüsünü qəbul etdikdən sonra Aİ - Azərbaycan əlaqələrinin inkişafında yeni mərhələ başlandı. ŞT Proqramı Aİ və Şərq tərəfdaş ölkələri, o cümlədən Azərbaycan arasında münasibətlərin daha yüksək səviyyəyə qaldırılmasını, mövcud əməkdaşlığın ikitərəfli və çoxtərəfli formatda davam etdirilərək genişləndirilməsini nəzərdə tutur. Konkret olaraq bu proqramın məqsədi əhatə etdiyi dövlətləri Avropa İttifaqına daha da yaxınlaşdırmaq, sabitlik, səmərəli idarəçilik və iqtisadi inkişafı təşviq etməkdir. Bu təşəbbüs demokratiya, qanunun aliliyi, insan hüquqlarına və əsas azadlıqlara hörmət, bazar iqtisadiyyatı və davamlı inkişaf kimi ümumi dəyərlərə əsaslanır.

 ŞT Proqramı çərçivəsində Aİ hər bir tərəfdaş ölkə ilə daha sıx əlaqələrin yaradılması məqsədilə ikitərəfli münasibətlər müstəvisində mövcud Tərəfdaşlıq və Əməkdaşlıq sazişlərinin əvəzinə yeni, Assosiasiya sazişlərinin imzalanması, tərəfdaş ölkənin Ümumdünya Ticarət Təşkilatına üzv olduğu təqdirdə onunla dərin və müfəssəl azad ticarət zonasının yaradılması, həmçinin vizaların tədricən liberallaşdırılması, tərəfdaş - ölkələrin və Aİ - nin enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində daha dərin əməkdaşlığın həyata keçirilməsini planlaşdırır.

Bu mərhələdə Azərbaycan Avropa İttifaqı ilə iqtisadi , siyasi, mədəni və digər sahələrdə kifayət qədər faydalı və səmərəli əməkdaşlıq nümayiş etdirmişdir. Energetika, iqtisadiyyat, nəqliyyat, logistika və İKT sahəsində əməkdaşlığın səviyyəsi xüsusi məmnunluq doğurur. Sözügedən mərhələdə Aİ-dən Azərbaycana maliyyə və texniki dəstək çərçivəsində 180 mln. avrodan çox vəsait ayrılmışdır.

Qeyd edilən dövr ərzində başlıca investor ölkələr hesab edilən Aİ ölkələrindən Azərbaycana əsas kapitala yönəldilən xarici investisiyaların həcmi 7 mlrd manat təşkil etmişdir ki, bu da xüsusi çəki etibarilə məcmu xarici investisiya qoyuluşlarının 52% -i deməkdir. Bu dövrdə Aİ tərəfindən Azərbaycanın qeyri-neft sektoruna təqribən 1,4 mlrd dollar (əvvəlki dövrə nisbətən 2,6 dəfə çox) həcmində birbaşa xarici investisiya qoyulmuşdur. Bu göstəriciyə görə Aİ-nin xüsusi çəkisi 42% təşkil etmişdir.

2009-2013-cü illər ərzində Azərbaycanın Aİ ilə ticarət əlaqələri 89%, o cümlədən ixrac 80%, idxal isə 2,3 dəfə artmışıdır. Qeyd edilən mərhələdə Aİ Azərbaycanın əsas ticarət tərəfdaşı kimi üstünlüyünü qoruyub saxlamış, xarici ticarət balansı müsbət saldo ilə yekunlaşmış, idxalın strukturunda müsbət dəyişikliklər baş vermişdir.

Təhlil edilən dövr ərzində Azərbaycanda sənaye, ticarət, kənd təsərrüfatı, nəqliyyat, bankçılıq, turizm, otelçilik, xidmət və digər sahələrdə 1122 Avropa şirkəti fəaliyyət göstərmişdir. Aİ-nin 20 ölkəsi ilə ikiqat vergitutmanın aradan qaldırılması, 17 ölkəsi ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər imzalanmış, 13 ölkəsi ilə hökumətlərarası komissiyalar yaradılmışdır. Aİ ilə əməkdaşlığın bütün dövrləri ərzində Azərbaycana təqribən 600 mln. avroya yaxın məbləğdə maliyyə və texniki dəstək göstərilmiş, Azərbaycanda əsas kapitala yönəlmiş xarici investisiyaların 51%-i, qeyri-neft sektoruna qoyulmuş xarici investisiyaların isə 36 faizi Avropa İttifaqı ölkələrinin payına düşmüşdür.

Hazırda Avropa İttifaqı Azərbaycanın ümumi xarici ticarət dövriyyəsində təxminən 40%, ixracda isə 70% xüsusi çəkiyə malik olmaqla ölkəmizin əsas ticarət tərəfdaşıdır. Azərbaycanın 10 ən mühüm ticarət tərəfdaşından 7-si Aİ ölkəsidir. Bu gün Azərbaycanın ixracının 80%-dən çoxunu təşkil edən neft və neft məhsullarının əsas alıcısı da məhz, Avropa ölkələridir.

Müasir dövrdə Azərbaycanın Avropa İttifaqı ilə çoxşaxəli əməkdaşlığı ölkənin xarici siyasət doktrinasında mühüm istiqamətlərdən biri kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının əlverişli geostrateji mövqeyə, zəngintəbii sərvətlərə, xüsusilə karbohidrogen ehtiyatlarına, inkişaf etmiş geniş nəqliyyat infrastrukturuna və ixtisaslı kadr potensialına malik olması, onun Avropa üçün əhəmiyyətini daha da artırır və Avropa İttifaqının bu coğrafiyada həyata keçirdiyi bütün proqramlarında iştirakını zəruri edir. Bu səbəbdən də Azərbaycan Respublikası Avropa İttifaqının nəqliyyat və enerji sahələrində proqramlarının ən fəal iştirakçısıdır. Aİ Azərbaycanın və bütünlükdə Xəzər dənizi hövzəsinin karbohidrogen ehtiyatlarının hasilatında, Avropaya nəqlində, boru kəmərlərinin inşasında və şaxələndirilməsində müstəsna rola malikdir. Müqayisə üçün qeyd etmək yerinə düşərdi ki, Azərbaycanın yanacaq-enerji sektoruna bu gunə qədər yatırılan 27 mird dollar həcmində birbaşa xarici investisiyaların yarıdan çoxu Avropa ittifaqına daxil olan ölkələrin payına düşür.

Qeyd edilən dövrdə Azərbaycanın Aİ ilə bütün sahələrdə əməkdaşlığının, xüsusilə ticarət - iqtisadi və nəqliyyat sahəsində əlaqələrinin intensiv olaraq inkişafına və şaxələnməsinə 2004, 2007 və 2013 - cü illərdə Aİ - nin yeni üzvlər hesabına genişlənməsi və ümumilikdə üzv-dövlətlərinin sayının 28-ə çatması da mühüm təsir göstərmişdir.

Avropa İttifaqı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibəti ilə də seçilir. Hələ 1992-1994 - cü illərdə bu münaqişə ilə bağlı Avropa İttifaqı dəfələrlə bəyanat qəbul etmiş, öz rəsmi sənədlərində Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə müdafiə olunmuş, Dağlıq Qarabağda keçirilən seçkilər pislənilmişdir. 2010-cu il mayın 20-də Avropa Parlamenti Avropa İttifaqının Cənubi Qafqaz strategiyasına dair 2009/2216 nömrəli qətnaməsində Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələlərinə xüsusi yer verilmişdir.

Azərbaycanın Aİ ilə iqtisadi əlaqələrində enerji sektoru böyük üstünlük təşkil edir və enerji sahəsində əməkdaşlığın daha da genişləndirilməsi və yeni formatda davam etdirilməsi istiqamətində mühüm addımlar atılır. Belə ki, 1999 - cu ildə kəşf olunan "Şahdəniz" yatağının işlənilməsinin birinci mərhələsi çərçivəsində 2006 - cı ildən Gürcüstan və Türkiyəyə təbii qaz ixrac edilir. "Şahdəniz" yatağının işlənilməsinin ikinci mərhələsi və "Cənub Qaz Dəhlizi" layihələri dünyanın neft-qaz sənayesində indiyə qədər həyata keçirilmiş ən böyük təşəbbüslərdən hesab olunur. "Şahdəniz-2" layihəsi Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsinə xidmət etməklə Trans - Anadolu və Trans-Adriatik qaz boru kəmərləri vasitəsilə Avropaya yeni dəhlizi açacaq. "Şahdəniz 2" yatağının ümumi ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində proqnozlaşdırılmış və layihənin dəyəri 25 milyard dollar həcmində qiymətləndirilmişdir. "Şahdəniz 2" yatağından  ildə 16 milyard kubmetr qaz hasil etmək nəzərdə tutulur  ki, bu hasilatın da 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri isə Avropaya ixrac ediləcək.

Azərbaycanın Avropanın enerji təchizatında oynadığı rol,  onun geostrateji mövqeyi və etibarlı tərəfdaş olması təbii olaraq Avropa rəsmiləri tərəfindən də yüksək qiymətləndirilir.

Beləliklə, 2006-cı ildə enerji məsələləri üzrə strateji əməkdaşlığa dair anlaşma Memorandumunun və 2011-ci ildə "Cənub Qaz Dəhlizi"nin təsis edilməsinə dair Birgə Bəyannamənin imzalanması, Bakı - Tbilisi - Ceyhan neft ixrac kəməri, Bakı - Tbilisi - Ərzurum (BTƏ) qaz kəməri kimi mühüm transmilli layihələrin həyata keçirilməsi, Trans-Anadolu və Trans-Adriatik təbii qaz boru kəmərlərinin inşası ilə bağlı qərarların qəbul edilməsi, eləcə də Bakı -Tbilisi - Qars Dəmir yolu xəttinin inşası bu istiqamətdə əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə qalxmasına gətirib çıxarmışdır. Bunlarla yanaşı xüsusi qeyd olunmalıdır ki, Azərbaycan Aİ ilə strateji tərəfdaşlığı iqtisadi və sosial inkişafın davamlılığının təmin edilməsi, iqtisadiyyatın şaxələndirilməsi, modernləşdirilməsi, qeyri - neft sahələrinin və özəl sektorun inkişafı müstəvisində sistemli şəkildə davam etdirir.

Hazırda Azərbaycanın iqtisadi inkişaf xüsusiyyətlərinin təhlili göstərir ki, yaxın perspektivdə ŞT Proqramı çərçivəsində Azərbaycanda həyata keçiriləcək layihələrdə aşağıdakı istiqamətlərə üstünlük verilməsi olduqca vacibdır: institusional islahatların dərinləşdirilməsi və dövlət qurumlarının potensialının artırılması; müasir menecmentin tətbiqinin genişləndirilməsi; Aİ-nin mütəxəssis, avadanlıq, texnologiya və proqram məhsulları formasında texniki yardımlarının gücləndirilməsi; Avropa bazarlarına qeyri-neft ixracının stimullaşdırılması və ixracyönümlü istehsalın və biznesin dəstəklənməsi; investisiya mühitinin daha da yaxşılaşdırılması; ÜTT - yə üzvolma prosesinin sürətləndirilməsi; vətəndaş cəmiyyəti sektorunun (QHT-lər, müstəqil ekspertlər, tədqiqat mərkəzləri və gənclərin təşəbbüsləri) daha geniş dəstəklənməsi; viza rejiminin sadələşdirilməsi və gələcəkdə tədricən tam aradan qaldırılması; mütəxəssislərin Aİ ölkələrində təhsil və təkmilləşdirmə proqramlarına fəal surətdə cəlb edilməsi; tələbə, magistr və doktorantların Aİ ölkələrinin aparıcı universitetlərində müvafiq təhsil proqramlarına cəlb olunması; elmi və mədəni sahələrdə genişmiqyaslı mübadilə proqramlarının həyata keçirilməsi.

Azərbaycanın Aİ ölkələri ilə iqtisadi əməkdaşlığının mövcud potensialdan daha yüksək səviyyədə istifadə edilməsi, dünyanın böyük həcmli bazarı, habelə iri maliyyə və güc mərkəzlərindən biri olan Aİ-nin güzəştli ticarət rejimindən, nəhəng investisiya imkanlarından, geostrateji və geoiqtisadi üstünlüklərindən maksimum faydalanması üçün, ölkənin milli maraqlarının və inkişaf perspektivlərinin prioritetliyinə əsaslanan, regionda və dünyada gedən proseslərə çevik reaksiya vermək qabiliyyətində olan, super güclərin geosiyasi və geoiqtisadi maraqlarını nəzərə alan inteqrasiya strategiyasının formalaşdırılması və onun ardıcıl, məqsədyönlü və sistemli şəkildə həyata keçirilməsi dünyanın geoiqtisadi mənzərəsinin sürətlə dəyişildiyi bir şəraitdə həyati əhəmiyyət kəsb edir ki, bütün bunlar da Avropa İttifaqı ilə əməkdaşlığın daha yüksək mərhələyə - strateji modernləşən tərəfdaşlığa keçidinin təmin edilməsini tarixi zərurətə çevirir.

 

Avrasiya Birliyi ideyasının mahiyyəti və təşəkkülü

 

Avrasiya ideyası keçmiş SSRİ məkanında sivilizasiyaların struktur  mürəkkəbliyini əks etdirən bir ideya kimi formalaşıb. Mahiyyət etibarilə bu konsepsiyanın əsasında Avrasiya coğrafiyasının Avropadan fərqli, müstəqil sivilizasiya kimi mövcudluğu dayanır.

Məlumdur ki, Avrasiya termini ilk dəfə ingilis coğrafiyaşünası H.Makkinder (1904) tərəfindən irəli sürülmüşdür. Avrasiyaçılıq ideyası isə keçən əsrin 20-ci illərində meydana çıxmış və qayəsi, o dövrdə  dünyada  gedən proseslərdə Rusiyanın Avropa və Asiyada yerləşən bir dövlət kimi rolu və yerinin müəyyənləşdirilməsi idi. Mahiyyət etibarı ilə  bu ideya tarixə çevrilmiş Rusiya imperiyasının özünəməxsusluğunu əsaslandırmağa xidmət edir və rus fərdiyyətçiliyinin  paradokslarını əks etdirirdi. İdeya müəlliflərinin fikrincə, Rusiya yalnız Avropa yox, həm də Asiya, yalnız qərb yox, həm də şərqdir. Ona görə də Avrasiya - mənəviyyat və polietnikliyinə görə Avropadan da üstün olan, L.Qumilyovun dili ilə desək "super etnos"- kimi təqdim olunurdu. O dövrün avrasiyaçılarının tezisinə görə Avrasiya üzərində xalqların qardaşlığı ruhu gəzir, ki, bunun da əsasında müxtəlif xalqların əsrlərlə təmasları və mədəni qovuşmaları dayanır. Onlar hesab edirdilər ki, Rusiyanı qərbin "ekspansiya"sından qorumaq, onun özünəməxsusluğunu saxlamaq həyati məsələ qədər vacibdir.  Bununla yanaşı onlar qərbdən üz döndərməyi deyil, qərblə əməkdaşlıq etməyi, amma özünəməxsusluğu, qərbdən fərqli bu coğrafiyada əsrlərlə mövcud olmuş digər din və mədəniyyətləri deyil, məhz pravoslav dini və mədəniyyətini saxlamağı təklif edirdilər.

Avrasiya fəlsəfəsi qərbin praqmatikliyindən fərqli olaraq əks təmayüllərə - sinkretikliyə, intuitivliyə, dünyanı vəhdətdə dərk etməyə üstünlük verir. Bəzi müəlliflər tərəfindən "avrasiyaçılıq" və Avrasiya özü bir konsepsiya kimi coğrafi obyekt olaraq Avrasiya materiki ilə məhdudlaşmır. "Avrasiyaçılıq" planetar strategiya kimi qloballaşmanın obyektivliyini etiraf etməklə onun keyfiyyətcə fərqli, orijinal ssenarisini təklif edirlər. Birqütblü dünya vahid dünya dövləti yox, bir neçə qloballaşma zonaları - qütblər təklif olunur ki, bu da mahiyyətcə çoxqütblü qloballaşmadır.

Bu gün qloballaşma birölçülü, birvektorlu proses kimi gedir və mahiyyətcə spesifik qərb sivil dəyərlərinin universallaşması xarakterini daşıyır. Bu özlüyündə müxtəlif sosial, siyasi, etnik, dini, konfessional, milli dövlət ukladları və sosial-iqtisadi aspektlərin vahid şablona - standartlara gətirilməsini özündə ehtiva edir. Başqa sözlə, söhbət universal hesab olunan vahid modelin - atlantizm paradiqmasının  dünyaya qəbul etdirilməsindən gedir.  Dünyanın bu gün qərbin diktəsi ilə və senarisi əsasında qurulmaqda olan yeni arxitekturası  atlantizmin qələbəsini nəzərdə tutur, heç bir müxalif (alternativ) fikir qəbul olunmur. Bu, iki qütb arasında gərginlik, yaxud rəqabətlik modelindən (Şərq - Qərb, Şimal - Cənub) "mərkəz - əyalət" modelinə keçid deməkdir ki, burada qərb "zəngin şimal", "qızıl milyard" kimi, qalan dünya isə "əyalət" kimi çıxış edir.

"Avrasiyaçılıq" geniş anlamda birqütblü qloballaşma əleyhdarlarının  layihəsidir. Bu ideya birqütblü qloballaşmanı sadəcə inkar etmir, alternativ, əsaslandırılmış çoxqütblü qloballaşma layihəsini təklif edir. Bu ideya sərt "mərkəz - əyalət" modeli əvəzinə, müstəqil, yaxud yarımuxtar və bir - birinə nəzərən açıq olan "böyük məkanlar"- dan ibarət planeti nəzərdə tutur. Bu cür məkanlar kimi dövlətlərin kontinental federasiyalar şəklində təşkil olunmuş blokları, "demokratik imperiyalar" çıxış edir. Bu kontinental federasiyalar hər biri etnik, mədəni, konfessional və inzibati nöqteyi - nəzərdən mürəkkəb sistem olan çoxqütblü təsisatlar kimi təsəvvür olunur.

Qlobal baxımdan XXI  əsrin avrasiyaçılığı "çoxqütblü dünya" layihəsi hesab oluna bilər. Bu ideya qəbul edir ki, qərbin - Avropa və Amerika sivilizasiyalarının  çoxlu sayda cəlbedici  müsbət cəhətləri və aspektləri olsa da, onlar ümumilikdə lokal dəyərlər sistemidir və tarixi  kontekstdə digər sivilizasiya və sistemlərlə yanaşı yaşamış və yaşamalıdır. Avrasiyaçılıq bu baxımdan dəyər strukturlarının rəngarəngliyini, müxtəlif sivilizasiyaların birgə mövcudluğunu qəbul edir.

1994-cü ildə Qazaxıstan Prezidenti N.Nazarbayev avrasiya ideyasını yenidən gündəmə gətirdi və "Avrasiya Dövlətləri İttifaqı"-nın yaradılması layihəsini təklif etdi. Bu layihədə avrasiyaçılıq ideyası yalnız fəlsəfi - kulturoloji deyil, həm də praqmatik nöqteyi - nəzərdən təklif olunurdu. Nazarbayevin fikrincə bərabərlik, könüllülük və praqmatik maraqlara əsaslanan Avrasiya Birliyi XXI əsrdə dünya iqtisadiyyatı və siyasətinin qlobal amilinə çevrilə bilər.

Avrasiya İttifaqının yaradılması və inkişafı müasir dövr üçün prinsipial əhəmiyyət daşıyan millətlərarası və dövlətlərarası problemlərin sivil qaydada həllini nəzərdə tutur. Nazarbayevin fikrincə, "...dövlətlərin siyasi müstəqillik və etnik unikallığının saxlanılması şərti ilə xalqların inteqrasiyası -Avrasiya məkanının sülh şəraitində inkişafının yeganə düzgün və sivil formasıdır".  Avrasiya İttifaqının yaradılması ideyasının mahiyyətində  dayanan əsas məqam, dünya nizamının birqütblü strukturunun çoxqütblüklə əvəzlənməsidir. Bu ideya dünyada regionallaşmanın sürətlənməsi ilə yanaşı, qloballaşmanın sadə anlamda yox, daha geniş mənada qəbul edilməsini şərtləndirir. Aydındır ki, bu mənada mövcud olan və yaranması nəzərdə tutulan regional qruplaşmaların özünəməxsus xüsusiyyətləri nəzərə alınmalıdır.

Avrasiya məkanında hazırda fəaliyyətdə olan inteqrasiya qruplaşmalarının böyük əksəriyyətində sözün klassik anlamında inteqrasiya prosesləri getmir (ASEAN istisna olmaqla). Yəni, regional bütövlük yarada biləcək yeganə amil - qarşılıqlı iqtisadi tamamlama ya yoxdur, ya da geosiyasi "libasa" bürünmüş halda müşahidə edilir. İfrat müxtəliflik, yaxud müxtəlifliyin kontiniumuna, yəni müvəqqəti vəhdətliyinə yalnız qloballaşmanın daha da dərinləşməsi, liberal dəyərlərin primatlığı şəraitində nail olmaq kifayət qədər müşkül məsələdir.

Həmçinin "Avrasiya məkanı" anlayışına münasibətdə sərhəd müəyyənliyi problemi mövcuddur. Məsələn, Prezident N.Nazarbayev ümumiyyətlə sırf coğrafi anlamda Avrasiya anlayışını şərh etdiyi halda, Rusiya versiyası əsasən sabiq sovet imperiyasının ərazisini nəzərdə tutur və s. Bu sıranı xeyli uzatmaq da olar. Amma, hesab edirik ki, sadalananlar ayrı - ayrı qloballaşma zonalarının, yaxud çoxqütblü dünyanın yaranması aspektindən Avrasiya məkanının heç də "ideal" olmadığını ortalığa qoyur.

Bütün bunların fonunda "Türk Dövlətləri İttifaqının" "nüvə" keyfiyyətində qərarlaşması bu coqrafiyada regional iqtisadi inteqrasiya proseslərinin əsas versiyası kimi qəbul oluna bilər. Dəyərlərin eyniliyi inteqrasiyanı təbii prosesə çevirmək iqtidarındadır. Türk Dövlətləri İttifaqı ətrafında Avrasiya məkanının qloballaşma zonasına çevrilməsi nəinki geoiqtisadi, eləcə də geosiyasi anlamda dünyanın bütövləşməsinə, qlobal iqtisadi sistemin real məzmun kəsb etməsinə effektiv təsir göstərə bilərdi.

Potensial imkanları baxımından Avropa İttifaqı ilə müqayisəyə belə gəlməyən Avrasiya Gömrük İttifaqı, eləcə də onun bir növ varisi olduğu Müstəqil Dövlətlər Birliyi həm geosiyasi, həm də geoiqtisadi maraqlar müstəvisində hər hansı bir effekt verə biləcək real məzmunlu fəaliyyətdən məhrum olan bir qurumdur. MDB fəaliyyət göstərdiyi dövr ərzində (1991-ci ildən bu günə qədər) qarşlıqlı münasibətlərin "konservləşdirilməsindən" savayı heç bir nəticəyə nail ola bilməmişdir. MDB-nin gerçək məzmunu və fəaliyyət xüsusiyyətləri üzv-ölkələrin milli maraqlarından qaynaqlanmadığı üçün sağlam məntiqlə anlaşılması mümkünsüz olan siyasi-fəlsəfi spekulyasiyalara istinadla formalaşmış, praqmatik məna daşıyan hər şeyi ya "sonraya" saxlamış, ya da "zamanın ixtiyarına"  buraxmışdır.  Bir sözlə, bu qurumdan regional iqtisadi inteqrasiya proseslərinin təməlində dayanan real məzmunlu, bərabərhüquqlu, könüllülük prinsiplərinin haçansa reallaşacağını gözləməyə belə dəyməz. Ona görə ki:

- Blokdaxili  qarşılıqlı  münasibətlərin mental məzmununun "bərabərlik" ideyasına söykənməməsi, yəni qruplaşmanın üzv - ölkələrdən birinin birbaşa hegemonluğu və nəzarəti altında olması. Aydındır ki, bu halda söhbət bərabərhüquqlu ölkələrin könüllü birliyindən  deyil,  klassik imperiya məzmunu daşıyan "böyük məkanın avtarkiyasından" gedə bilər;

- Qarşılıqlı münasibətlərin nizamlanmasında klassik geosiyasətin təzyiq arsenalından və geoiqtisadi "şantajdan" çox "effektiv" formada istifadə olunması;

- MDB məkanında  hər an alovlana biləcək müharibə ocaqlarının mövcudluğu. Bu problemin Birlik tərəfindən tam şəkildə görməməzliyə vurulması;

- Birliyin işğal faktına münasibətinin, ümumiyyətlə, anlaşılmazlığı. Üzv - ölkənin ərazisinin 20%-i digər üzv - ölkə tərəfindən işğal olunub, amma Birlik bu faktın üzərindən sükutla keçirsə, bu, əslində işğalın dəstəklənməsi deməkdir;

- MDB - nin keçmişi "olmadığı" kimi, gələcəyi də yoxdur. Əvvəlki sistemlə genetik - funksional bağlılığın çılpaq geosiyasi arsenal üzərində qurulması müasir dünyanın geoiqtisadi tələbləri xaricindədir.

Mahiyyəti, məzmunu və fəaliyyət prinsiplərində kardinal yeniləşmə aparılmadan MDB - nin Avrasiya İqtisadi Birliyinə transferi üzv-ölkələrin milli mənafeləri rakursundan nəyisə dəyişə bilərmi? Avrasiya ideyasının qeyd olunan formatda praqmatik müstəviyə keçidi doğurdanmı zərurət halına gəlmişdir? Təbii ki, mövcud münasibətlər və real proseslər baxımından bu sualların hər ikisinin cavabı mənfidir.

MDB ölkələri arasında  qarşılıqlı  iqtisadi əlaqələri qiymətləndirdikdə yaddan çıxarmaq olmaz ki, bu ölkələrdə faktiki olaraq milli iqtisadi sistemlərin formalaşması hələ davam etməkdədir. Bu dövrün mühüm xüsusiyyəti ondan ibarətdir ki, bu zaman bəşəri inkişaf amilləri, təbii məhdudiyyətlər və xüsusilə də müstəqilliyin əldə edilməsi ilə yaranan şəraitin təzahürləri daha həssaslıqla nəzərə alınmalıdır, yəni onların kumulyativ təsir gücü daha əhəmiyyətlidir. Belə şəraitdə hər hansı səlahiyyətlərin real iqtisadi inteqrasiya tədbirləri çərçivəsində ölkədən kənara ötürülməsi, yaxud Birlik daxilində yaradılan quruma transfer edilməsi mənfi fəsadlarla müşayiət olunur və müstəqilliyin məhdudlaşdırılması kimi qəbul edilir.

Aydındır ki, bazar münasibətləri şəraitində resursların rasional bölgüsü sistemi kimi sadələşdirilmiş, dar məzmunlu liberal yanaşma milli maraqları yetərincə nəzərə almaya bilər. Əslində postsovet məkanında müşahidə etdiyimiz milli iqisadi inkişaf modellərinin fərqliliyi buradan qaynaqlanmışdır. Hesab edirik ki, belə şəraitdə "avrasiya" ideyasının əsas müsbət təsiri, bu məkana daxil olan ölkələr arasında etibarlı geosiyasi və geoiqtisadi əlaqələr sisteminin formalaşması ola bilər. Belə sistem bir tərəfdən dünyada baş verən qlobal proseslərə münasibətdə adekvat reaksiyanın formalaşması, digər tərəfdən isə nəzərdə tutulan inteqrasiya məkanında ikitərəfli maraqlara xidmət edən separatist xarakterli sövdələşmələrin qarşısının alınmasını təmin edə bilər. Eyni zamanda nəzərə almaq vacibdir ki, müstəqillik illərində yenidən formalaşan və sürətlə inkişaf edən Azərbaycan iqtisadiyyatının Gömrük İttifaqı ölkələri ilə iqtisadi əlaqələrini xarakterizə edən qarşılıqlı ticarət dövriyyəsinin xüsusi çəkisi cüzi bir rəqəmlə (cəmi 10%) ifadə olunmaqla ölkəmizin iqtisadi inkişafında strukturyaradıcı amilə çevrilə bilməmişdir və gələcəkdə də onun baş tutacağı ehtimal olunmur. İqtisadiyyatların qarşılıqlı tamamlanmasından isə danışmağa belə dəyməz.

 

Azərbaycan - Avrasiya Birliyi münasibətlərinin real məzmunu

 

Müasir dövrdə Azərbaycanın Avrasiya ideyasına münasibəti hər şeydən əvvəl, bu birliyə daxil olan ölkələr tərəfindən bəzi prinsipial müddəaların əməli baxımdan nəzərə alınması ilə şərtlənir. Məlumdur ki, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının 822 (30 aprel1993-cü il) 853 (23 iyun 1993-cü il), 874 (14 oktyabr 1993-cü il) və 884 (11 noyabr 1993-cü il) saylı qətnamələrində Azərbaycan Respublikasının ərazi bütövlüyünün tanınmasına və işğal olunmuş Azərbaycan ərazilərinin qeyd - şərtsiz azad edilməsi tələblərinə baxmayaraq, Ermənistan respublikası hazırda işğalçılıq siyasətini davam etdirməkdədir. Bunlarla yanaşı  BMT Baş Məclisinin "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı 14 mart 2008-ci il tarixli qətnaməsi, Avropa Şurası Parlament Assambleyasının Azərbaycan ərazilərinin erməni hərbi qüvvələri tərəfindən işğal edildiyini və Dağlıq Qarabağ regionunun separatçı qüvvələr tərəfindən idarə olunmasını təsdiq edən 1416 saylı qətnaməsi və 1690 saylı tövsiyəsinə və digər qərar və qətnamələrin qəbul olunmasına baxmayaraq, bu məkanda yerləşən bəzi MDB ölkələri fərqli mövqe sərgiləyir, kollektiv təhlükəsizliyə daxil olan ölkələrin (bir-neçəsi istisna olmaqla) fəaliyyəti isə ümumiyyətlə, Azərbaycanın ərazi bütövlüyünün bərpasına xidmət etmir. Xəzərin bu günə kimi hüquqi statusunun müəyyənləşməməsi, bu birliyə qoşulmayan ölkələrə qarşı açıq - aşkar ayrı - seçkilik siyasəti, müxtəlif xarakterli siyasi təzyiqlər və digər bu kimi problemləri də əlavə etsək, onda Azərbaycanın Avrasiya Birliyi çərçivəsində geniş miqyaslı, effektiv iştirakının mümkünsüz olduğunu təsdiq etmək olar. Ən azı ona görə ki, mövcud geosiyasi situasiya ölkəmizin milli təhlükəsizlik maraqlarına tam cavab vermir. Halbuki Avrasiya inteqrasiyasının inkişafı ilk növbədə ölkələr, millətlər arasında BMT - nin qəbul etdiyi normalara uyğun olaraq sülh, təhlükəsizlik, xeyirxah qonşuluq münasibətlərinin bərqərar olmasına əsaslanmalıdır. Bu, mövcud infrastrukturdan, tranzit potensialından, regionun təbii, o cümlədən dəniz resurslarından qarşılıqlı maraq və mənafe əsasında istifadə olunmasına imkan verərdi. Aydındır ki, yalnız iqtisadi əməkdaşlığa istinadla Avrasiya ideyasını effektiv şəkildə reallaşdırmaq mümkün deyil. Bu ideyanın reallaşması eyni zamanda siyasi, mədəni, etnik, dini, ətraf mühitin qorunması, elmi - texniki və ümumən yuxarıda qeyd etdiyimiz prinsiplərin gözlənilməsini tələb edir.

Beləliklə, Avrasiya məkanında əməkdaşlığın inteqrasiya yönümlü inkişafı hər şeydən əvvəl qonşu ölkələrin milli təhlükəsizliyinin gözlənilməsinə və bütünlükdə regionun və hər bir ölkənin sosial-iqtisadi tərəqqisinə xidmət etməlidir. Təbii ki bütün bunların təmin olunmadığı şəraitdə tam məzmunlu inteqrasiyadan və onun yarada biləcəyi əlavə üstünlüklərdən danışmağa belə dəyməz. 

 

(Ardı var)

 

ŞƏMSƏDDİN HACIYEV,

Milli Məclisin Elm və təhsil komitəsinin sədri, iqtisad elmləri doktoru, professor

Azərbaycan.-2014.- 30 aprel.- S.6.