Xalqımızın mənəvi sərvəti

 

Ümummilli lider Heydər Əliyevin 2001-ci ildə imzaladığı fərmana əsasən avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Müstəqil Azərbaycan dövləti bütün sahələrdə olduğu kimi, dil siyasətində də ulu öndərin strateji kursuna sadiq qalaraq onun siyasi xəttini uğurla davam etdirir. Dövlət dilinin qorunması və işləkliyinin təmin edilməsi ölkəmizdə müstəqil dövlət quruculuğunun prioritet istiqamətlərindəndir. Ümummilli lider sovet dövründə mərkəzin ciddi nəzarətinə baxmayaraq, respublikamızda Azərbaycan dilinin dövlət dili statusunun 1978-ci il Konstitusiyasında təsbitinə nail ola bilmişdi.

Ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycan dilinin hərtərəfli inkişafına, onun rəsmi dövlət dili statusuna malik olmasına, beynəlxalq münasibətlər sisteminə yol tapmasına, zənginləşməsinə və nüfuz qazanmasına respublika rəhbərliyi səviyyəsində diqqət yetirilirdi. "Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır, bunlarsız isə vətənpərvərlik formulu yoxdur" - söyləyən Heydər Əliyev gənc nəsildə bu cür nəcib hisslərin tərbiyə edilməsini həmişə ön plana çəkirdi. Ümummilli lider ana dilini sadəcə öyrənmək yox, onu ürəkdən sevməyi də tələb edirdi. Ulu öndər deyirdi: "Xatirimdədir, 70-ci illərdə mən bir neçə dəfə çox narahatlıqla göstərişlər verdim ki, rusdilli məktəblərdə Azərbaycan ədəbiyyatına çox yer verilsin.

...Mən arzu edərdim ki, Azərbaycan gənci Şekspiri ingilis dilində oxusun, Puşkini rus dilində oxusun, Nizamini, Füzulini, Nəsimini isə Azərbaycan dilində oxusun".

Heydər Əliyev Azərbaycan dilini təkcə ölkəmizdə, soydaşlarımızın yaşadığı yerlərdə deyil, beynəlxalq mühitdə də səsləndirməyi lazım bilirdi. Ulu öndər deyirdi: "Mən hər yerdə Azərbaycan dilində danışıram. Qoy tərcüməçilər mənim danışdıqlarımı öz dilimdən tərcümə etsinlər. Biz daha keçmişdəki kimi sovet imperiyasının daxilində deyilik ki, rus dilində danışaq. Qoy hamı, o cümlədən dünyaya yayılmış soydaşlarımız da bilsinlər ki, bizim öz dilimiz varbiz öz dilimizdə də danışırıq". Ümummilli lider bütün fəaliyyəti boyu Azərbaycan dilinin dövlət dili kimi həyatda, danışıqda və təcrübədə inkişafı üçün var gücü ilə çalışmışdır. Dünyaya səpələnmiş azərbaycanlılar arasında bir daha ünsiyyət vasitəsi, milli-mənəvi körpülər olması üçün daim mübarizə aparmışdır.

Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi təsdiqləyir ki, xalqımız dünyanın ən qədim xalqlarındandır. İstər danışıq, istərsə də yazılı şəkildə işlətdiyimiz Azərbaycan dili mürəkkəb və ziddiyyətli bir yol keçmişdir. Əlbəttə, dilin əsas yaradıcısı millətin özüdür. Elə ifadələr, kəlmələr var ki, xalq onu necə işlədibsə, bu gün də elə qəbul edilməlidir. Bir sözün yerinə düşməməsi onun mənasının itməsinə, təhrif olunmasına gətirib çıxarır. Nahaq demirlər ki, dil söz sərvətinin yaradıcısıdır. Bəlkə də Tanrının insana bəxş etdiyi ən qüdrətli sərvətlərdən biridir. Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsində böyük rol oynayan Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında"kı fərmanında deyilir: "Azərbaycan dili bu gün dərin fikirlərin ən incə çalarlarınadək olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir. Düşüncələrdəki dərinliyi, hisslərdəki incəlikləri bütünlüklə ifadə etmək kamilliyinə yetişə bilməsi üçün hər hansı xalqlardan bir neçə minillik tarixi yaşaması lazım gəlir". Bu mənada biz xoşbəxtik ki, Azərbaycan xalqı həqiqətən də dünyanın ən qədim xalqlarından biridir. Ümummilli lider Heydər Əliyevin məşhur bir fikrini dönə-dönə xatırlamaqla duyduğumuz qürurun bir aləm mənası var: "Millətin milliliyini saxlayan onun dilidir".

Dil sadəcə ünsiyyət vasitəsi deyil, eyni zamanda ədəbiyyatdır, tarixdir, mahnıdır, musiqidir, millətin taleyidir. Bu gün Azərbaycan dili Azərbaycan dövlətinin dünyada nüfuzunun artması ilə əlaqədar beynəlxalq arenaya çıxıb. Ümummilli lider Heydər Əliyevin bu sahəyə olan xüsusi diqqət və qayğısı sayəsində istər siyasi, ictimai, istərsə də mədəni aspektdə dilin mövqeyinin möhkəmləndirilməsi üçün bir sıra islahatlar həyata keçirilib. Hansı ölkədə yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı öz ana dilini, milli adət-ənənələrini unutmamalıdır. "Nə yaxşı ki, Azərbaycan dili bütün tələblərə cavab verir. Daha doğrusu, onun böyük potensialı imkan verib ki, o, artıq dünya dilləri içərisində öz layiqli yerini tutmuşdur" - deyən Heydər Əliyev dilimizin hərtərəfli və zəngin xüsusiyyətlərə malik olduğunu bir daha diqqətə çəkmişdir. Xalqımızın milli sərvəti sayılan ana dilimizin inkişafına yönələn qərarların qəbulu və həyata keçirilməsi hər birimizdə xoş ovqat yaradır.

Ümummilli liderin dil siyasətini layiqincə davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır. Qətiyyətlə deyə bilərik ki, bu gün dilimizin inkişafının əsas qarantı da məhz ölkə Prezidentinin özüdür. Azərbaycan ədəbiyyatını, azərbaycanlı düşüncəsini əks etdirən sanballı əsərlərin latın qrafikasında yenidən nəşr edilməsi məhz cənab İlham Əliyevin təşəbbüsü ilə baş tutdu. Hələ 10 il bundan öncə Prezidentin (2004-cü il yanvarın 12-də) "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında"kı sərəncamı əlifba ilə bağlı problemləri tamamilə aradan qaldırdı. Kütləvi nəşrlərin latın qrafikasına keçirilməsi baş tutdu. Dövlət başçısının sonrakı sərəncamlarında isə 150 cildlik "Dünya ədəbiyyatı kitabxanası", 100 cildlik "Dünya uşaq ədəbiyyatı kitabxanası", 100 cildlik "Azərbaycan ədəbiyyatı kitabxanası" seriyasından olan nəşrlər respublika kitabxana şəbəkəsinin latın qrafikalı ədəbiyyat fondunu zənginləşdirdi. Bu sahədə  mühümuğurlu tədbirlərdən biri də ölkə başçısının 10 il bundan əvvəl (2004-cü il 13 yanvar tarixdə) imzaladığı "Azərbaycan milli ensiklopediyasının nəşri haqqında"kı sərəncamı oldu. Bu sərəncamların nəticəsində qiymətli kitabların çapı mənəvi xəzinəmizin zənginləşməsində mühüm rol oynadı. Prezident İlham Əliyev milli xüsusiyyətlərimizin saxlanmasında ana dili və ədəbiyyatımızın başlıca amillərdən olduğunu dəfələrlə diqqətə çəkərək demişdir: "Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir".

Ölkə Prezidenti İlham Əliyev müxtəlif çıxışlarında, insanlarla olan söhbətlərində, bölgələrdə keçirdiyi görüşlərdə həmişə dövlət atributlarına, xüsusilə də Azərbaycan dilinə, əlifbasına, mədəniyyətinə, incəsənətinə, milli adət-ənənələrinə xüsusi ehtiramla yanaşaraq onun dəyərlərindən söz açır. Bu nümunədən, örnəkdən hamımız pay götürməliyik. Humanitar elmlərlə bağlı apardığı söhbətlərin birində milli-mənəvi dəyərlərimizə, ana dilimizə toxunaraq bir sıra təqdirəlayiq mədəni hadisələrdən söz açan Prezidentin söylədiyi fikirlər hər kəs üçün önəmlidir: "Ana dilimizə hörmət və qayğı daim olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz - Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir".

Azərbaycan Prezidenti İlham Əliyev ötən ilin aprel ayında respublikanın şimal-qərb bölgəsinə səfəri zamanı Ağstafa şəhərindəki "Yazıçılar Evi"ndə bölgə ziyalıları ilə görüşündə mənəviyyat və dil məsələsinə də toxunaraq uzaqgörənliklə demişdir: "Biz dilimizi qorumalıyıq. Kim bunu qorumalıdır? İlk növbədə ziyalılar, ədiblər, şairlər, eyni zamanda nüfuzlu insanlar, söz sahibləri, bizim televiziya kanalları. Mən də baxıram bizim kanallara. Başqa qüsurlarla yanaşı, bax, bu, məni çox incidir. Bizim dilimizə aid olmayan kəlmələr işlədilir. Nə üçün? Axı bizim eyni məna daşıyan bir neçə kəlməmiz vardır. Sən Azərbaycan sözündən istifadə et. Başqa dil bilmək lazımdır. Mən hesab edirəm ki, bizim vətəndaşlarımız nə qədər çox dil bilsə, o qədər yaxşıdır. Xüsusilə gənclərimiz həm rus dilini, ingilis dilini, həm türk dilini bilməlidirlər. Ancaq biz dilimizi qorumalıyıq. Ona görə ki, bu, çox ciddi məsələdir". Bu tövsiyələrlə əlaqədar ziyalılara xitabən Prezident bir istəyini də bildirmişdir ki, ziyalılar sözlərini desinlər. Təkcə öz əsərlərində, şeirlərində dili vəsf etməsinlər, telekanallarda, mətbuat səhifələrində dilin evini yıxan adamlara qarşı mübarizə aparsınlar..."

Bu ciddi irad və tapşırıqdan sonra gözləmək olardı ki, dilçiliklə məşğul olan aidiyyəti qurumlar, dilçi alimlər, ədəbiyyatşünaslar, mütəxəssislər dillə bağlı üzləşdiyimiz qüsurnöqsanlar haqqında öz qətiyyətli sözlərini deyəcəklər. Amma hələ də susqunluq davam edir. İş o yerə çatıb ki, özəl kanallar dil məsələsini şou-proqramlarına gətirərək lağlağılıq edirlər. "Səni sevəjəyəm, elə sənin ajığına" deyə dilinə, kökünə, kəndinə "sədaqət"  nümayiş etdirmək istəyənlərə, "demokratiyadır, mən bu cür danışıram" - söyləyənlərə, ilk növbədə Azərbaycan dilinin öz tələb və qaydaları əsasında danışmasını aşılamaq lazımdır.

Sovet dönəmində Azərbaycan dilçilərinin dünya elmində gedən proseslərdən təcrid olunması ilə əlaqədar ölkəmizdə dilçilik sahəsində müəyyən boşluqlar yaranmışdı və bunları aradan qaldırmaq üçün ölkə başçısı İlham Əliyev ötən il mayın 23-də "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" sərəncam imzalamışdı. Sərəncamda deyilir: "Son dövrlərdə müasir Azərbaycan ədəbi dilinin tükənməz imkanlarından lazımınca və düzgün istifadə edilməməsi diqqət çəkir. Ədəbi dilimizin özünəməxsus inkişaf qanunauyğunluqlarına xələl gətirə biləcək yad ünsürlərin üzə çıxarılması və qarşısının alınması istiqamətində mütəxəssislər heç də həmişə çeviklik nümayiş etdirə bilmirlər. Nəticə etibarilə dövlət dilimizin tətbiqi sahəsində bir sıra problemlər özünü qabarıq şəkildə büruzə verir".

Ana dilimizi böyük ictimai-siyasi hadisə kimi dəyərləndirən Prezident İlham Əliyev onun həyatımızın mühüm amili olduğunu diqqətə çatdıraraq bəzi mətbuat orqanlarında, radioteleviziya kanallarında ədəbi dil normalarının pozulmasının adi hal aldığını bildirir. Həqiqətən də film dublyajından, tərcüməsindən başlayaraq küçə və meydanlardakı reklamlarda, afişalarda, mətbuat səhifələrində, telekanallarda Azərbaycan dilinin adi leksikqrammatik qaydaları pozulur. Qəzetimizdə dəfələrlə ana dili ilə bağlı müxtəlif mövzulara, problemlərə toxunmuş, dilimizə xələl gətirən nöqsanları göstərmiş, dilçi alimləri, ziyalıları, jurnalistləri ana dilimizin keşiyində dayanmağa səsləmişik. Yeri gəlmişkən onu da etiraf etməliyik ki, bəzən də dilin qayda-qanunlarını pozanlar məhz onu qorumağa borclu olanlardır. Mətbuat səhifələrində, ekran-efir məkanında bu məsələ hələ də qüsurlu olaraq qalır. Bəzi televiziya aparıcılarının səs ahəngindəki əcaiblik, diqqəti çəkmək üçün yersiz hay-küylü çıxışlar, əl-qolla danışmaq, yerinə düşməyən ifadələr, tələffüz, ləhcələr dilimizi korlamaqdadır.

Bir məqamı da yada salaq ki, bir çox mətbuat səhifələrində dərc edilən şeirlərdə, bədii yazılarda durğu işarələri qətiyyən qoyulmur, abzasdan istifadə edilmir, hətta bütün sözlər kiçik hərflərlə yazılır. Halbuki Azərbaycan dilinin yazılış qaydası var. Jurnalist təhsilli mütəxəssislər yaxşı bilirlər ki, qəzet dili, jurnal dili, efir-danışıq dili, televiziya danışıq dili və aparıcılıq qaydaları mövcuddur... Qəbul edilmiş normalara əməl etmək hamının borcudur. "Mən belə yazeyram", "Mən belə danışajam" demək dilin qayda-qanunlarına, qrammatikasına məhəl qoymamaqdır. Odur ki, dövlət proqramı haqqında  sərəncamda ana dilinin istifadəsinə, tədqiqinə diqqətin artırılması nəzərə çatdırılır. Unutmaq olmaz ki, Azərbaycan dili dövlətçiliyimizin başlıca rəmzlərindəndir, onun tətbiqində qarşıya qoyulan vəzifələrə mütləq riayət olunmalıdır. Azərbaycan dili xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməlidir. Bu səbəbdən də onu qorumaq, inkişaf etdirmək hər bir azərbaycanlının müqəddəs borcudur.

 

Rəhman SALMANLI

 

Azərbaycan.- 2014.- 1 avqust.- S. 2.