Baş Prokurorluqda geniş əməliyyat müşavirəsi keçirilib

 

 

İyulun 31-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda prokurorluq orqanları tərəfindən 2014-cü ilin birinci yarımilində “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və bu məsələnin bölgə müşavirələrində müzakirələrinin nəticələrinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

Əməliyyat müşavirəsində məruzə ilə çıxış edən baş prokuror Zakir Qaralov bildirib ki, 2014-cü ilin birinci yarımilində ölkə həyatının bütün sahələrində dinamik inkişaf yüksək templərlə davam edib və vətənimizin iqtisadi qüdrətinin daha da möhkəmləndirilməsi, bütövlükdə Azərbaycanın və hər bir regionun hərtərəfli sosial-iqtisadi inkişafına, əhalinin layiqli həyat səviyyəsinin təmin edilməsinə istiqamətləndirilmiş dövlətçilik siyasəti öz müsbət nəticələrini verib. Əldə edilən nailiyyətlərin əsasını xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xəttə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müasir məzmunlu daxilixarici siyasət təşkil edib. Prezident İlham Əliyevin iyulun 10-da Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında qaldırılan məsələləri diqqətə çatdıran baş prokuror dünyanın əksər ölkələrində ciddi iqtisadi problemlərin yaşandığı bir şəraitdə Azərbaycan iqtisadiyyatının uğurla inkişaf etdiyini, mühüm infrastruktur layihələrin reallaşdırıldığını, ölkəmizin dünya dövlətləri üzrə reytinqinin yüksəldiyini və nüfuzlu beynəlxalq maliyyə qurumları tərəfindən hərtərəfli dəstəklənməsi ilə nəticələnən makroiqtisadi göstəricilərə nail olunduğunu, valyuta ehtiyatlarının və iqtisadiyyata sərmayə qoyuluşu səviyyəsinin yüksək olduğunu, o cümlədən iqtisadiyyatımızın gələcəkdə neft amilindən daha az asılılığını təmin edəcək sahələrin artan templərlə inkişaf etdiyini xüsusi vurğulayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, Zakir Qaralov Azərbaycan Respublikasının Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyinin və beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsinin ölkəmizdə həyata keçirilən sürətli sosial-iqtisadi inkişafın, vətəndaşların sosial rifahının ilbəil daha da yaxşılaşmasının, beynəlxalq standartlara uyğun müasir dövlətin və vətəndaş cəmiyyətinin qurulması zəminində reallaşdırılan, beynəlxalq sülhün və təhlükəsizliyin saxlanmasına və möhkəmlənməsinə nail olmağa yönəlmiş xarici siyasətin nəticəsində mümkün olduğunu qeyd edib.

Diqqətə çatdırılıb ki, ölkənin ictimai-siyasi həyatında mühüm hadisələrlə zəngin olan hesabat dövründə Azərbaycan Respublikası Prokurorluğu tərəfindən digər hüquq mühafizə orqanları, ilk növbədə Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri ilə əlaqəli şəkildə ölkədə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin daha da gücləndirilməsi, dövlət müstəqilliyinin, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlərin görülməsi təmin olunub, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılması, mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib.

Əvvəlki illərdə olduğu kimi, cari ilin birinci yarısında da qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd cinayətlərinin açılması və onları törətmiş şəxslərin müəyyənləşdirilib məsuliyyətə cəlb edilməsi istiqamətində fəaliyyətin səmərəliliyinin artırılması üçün zəruri tədbirlər həyata keçirilib. Prokurorluğun digər hüquq mühafizə orqanlarının əməliyyat qurumları ilə həyata keçirdiyi əlaqəli işin nəticəsidir ki, hesabat dövründə qeydə alınmış 95 qəsdən adam öldürmə cinayətinin (2013-cü ilin müvafiq dövründə 106 hadisə) 84-nün, o cümlədən qeyri-aşkarlıq şəraitində törədilmiş qəsdən adam öldürmə cinayətlərindən 19-nun isti izlərlə açılması təmin olunub.

Həyata keçirilmiş çoxsaylı istintaq-əməliyyat tədbirlərinə baxmayaraq, hesabat dövründə 11 qəsdən adam öldürmə cinayətinin, o cümlədən Bakının Suraxanı rayonunda, Naxçıvan, Gəncə və Sumqayıt şəhərlərində, habelə İmişli, Neftçala, Tərtər, Qax, Salyan, Xaçmaz və Xızı rayonlarının hər birində 1 belə cinayətin bağlı qalması həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirlərinin ciddi nöqsanı kimi dəyərləndirilib. Baş vermə müddətindən asılı olmayaraq, əvvəlki illərdə törədilməklə bağlı qalan bütün qəsdən adam öldürmə cinayətlərinin açılması üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarına zəruri tədbirlərin görülməsi, daxili işlər orqanları ilə qarşılıqlı əlaqədə konkret hadisələr üzrə istintaq və əməliyyat-axtarış işlərinin real vəziyyətinin öyrənilməsi yolu ilə onların intensivliyinin artırılması, səlahiyyət dairəsində olan bütün imkanlardan istifadə olunmaqla təqsirkar şəxslərin müəyyənləşdirilməsinin təmin edilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Əməliyyat müşavirəsində qeyd edilib ki, 2014-cü ilin birinci yarımilində istintaq işiibtidai araşdırmaya prosessual rəhbərliyin səmərəliliyinin artırılması, bu sahədə mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində görülən tədbirlər də müsbət nəticələrini verib. Belə ki, istintaq fəaliyyətini həyata keçirən prokurorluq, Daxili İşlər, Ədliyyə, Vergilər və Fövqəladə Hallar nazirlikləri, Dövlət Gömrük Komitəsi və Sərhəd Xidmətinin istintaq qurumları tərəfindən hesabat dövründə 7135 (2013-cü ilin müvafiq dövründə 6538) cinayət işinin istintaqı yekunlaşdırılmaqla, 6330 aidiyyəti üzrə baxılması üçün məhkəmələrə göndərilib, müddət pozuntusu ilə istintaq olunma 9,6 faizə enib (2013-cü ilin birinci yarımilində 10,8 faiz).

Hesabat dövründə prokurorluq orqanları üzrə istintaqı tamamlanmış işlər üzrə vurulmuş ziyanın 6 milyon 484 min manatının və ya 39,3 faizinin, daxili işlər orqanları üzrə isə 6 milyon 600 min manatının və ya 71,2 faizinin ödətdirilməsi təmin edilib.

İbtidai araşdırmaya prosessual rəhbərliyin və istintaq üzərində prokuror nəzarətinin gücləndirilməsinə yönəldilmiş tədbirlərin nəticəsi olaraq, hesabat dövründə 173 cinayət işinin icraatına xitam verilməsi və 449 üzrə icraatın dayandırılması barədə qanunsuz və əsassız qərarlar ləğv edilib, bu fəaliyyət sahəsi üzrə mövcud olan qanunsuzluq hallarının aradan qaldırılması və pozuntulara yol vermiş əməkdaşların cəzalandırılması məqsədilə 398 təqdimat verilib.

Müşavirədə dövlətimizin başçısı İlham Əliyevin siyasi iradəsinə müvafiq olaraq korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilən təşkilati və institusional tədbirlərin məntiqi nəticəsi olaraq Azərbaycan Hökuməti və Avropa Şurası tərəfindən Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupu və Beynəlxalq Antikorrupsiya Akademiyasının iştirakçılığı ilə cari il iyunun 30-dan iyulun 1-dək Bakıda keçirilən yüksək səviyyəli beynəlxalq konfransın əhəmiyyəti xüsusi vurğulanıb.

Hesabat dövründə mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürü kimi korrupsiyaya qarşı kəsərli və yüksələn xətlə həyata keçirilən mübarizənin təşkili məsələsinin Azərbaycan Respublikası Prokurorluğunun qarşısında duran mühüm vəzifələrdən biri olduğu qeyd edilib. Ölkə səviyyəsində həyata keçirilən tədbirlər nəticəsində fəaliyyəti daha da müasirləşdirilən, ixtisaslaşmış cinayət təqibi orqanı kimi səlahiyyətləri, ştat tərkibi artırılmaqla strukturu təkmilləşdirilən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti daha səmərəli və çevik olub, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində idarə tərəfindən konkret zəruri tədbirlər həyata keçirilib.

Diqqətə çatdırılıb ki, 2014-cü ilin birinci yarısında idarə tərəfindən vətəndaşların 1603 müraciətinə baxılıb, həmçinin 169 cinayət xarakterli material araşdırılıb. Həmin materialların 53 faizi üzrə cinayət işi başlanıb. İlin ilk altı ayında idarə tərəfindən 147 şəxs barəsində 103 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

Hesabat dövründə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin 161 nömrəli “Qaynar xətt” əlaqə mərkəzinə 2864 müraciət daxil olub. Əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində daxil olmuş müraciətlərin əksəriyyətinin müsbət həll olunması təmin edilməklə vətəndaşların pozulmuş hüquqları bərpa edilib, aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması məqsədilə müvafiq təşkilatlara təqdimatlar göndərilib.

Müşavirədə Baş Prokurorluğun əlaqədar struktur qurumlarına, ilk növbədə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə korrupsiya hallarına qarşı mübarizənin gücləndirilməsi, bu mənfi təzahürlərin qarşısının alınması və onları doğuran səbəblərin aradan qaldırılması istiqamətində zəruri tədbirlərin görülməsi barədə tapşırıqlar verilib.

Ötən ilin ikinci yarımilində 100 ştat vahidi üzrə elan edilmiş müsabiqənin tam şəffaflıq və obyektivlik şəraitində qısa müddətdə başa çatdırılması barədə Baş Prokurorluğun əlaqədar qurumlarına müvafiq tapşırıqlar verən Zakir Qaralov 2002-ci ildən başlayaraq keçirilən müsabiqələr nəticəsində işə qəbul edilməklə prokurorluğun kadr korpusunun 52 faizini təşkil edən gənc mütəxəssislərin müxtəlif vəzifələrdə səmərəli fəaliyyət göstərməsini ölkəmizdə dövlət gənclər siyasətinin reallaşdırılmasının müsbət nəticəsi və prokurorluqda aparılan islahatların böyük uğuru kimi dəyərləndirib.

Hesabat dövründə xidməti, icra və əmək intizamının pozuntusu hallarına qarşı, işində və xidmətdən kənar fəaliyyətində qanunsuzluqlara münasibətdə prinsipial mübarizə xətti davam etdirilib, müxtəlif pozuntulara yol verdiklərinə görə 11 (2013-cü ilin müvafiq dövründə 17) əməkdaş şiddətli töhmət, töhmət və irad növündə intizam məsuliyyətinə cəlb olunub. Baş Prokurorluğun təşkilat-analitik və kadrlar idarələri, habelə bütün struktur qurumların rəhbərlərindən tələb edilib ki, bundan sonra da əməkdaşların fəaliyyətlərində aşkara çıxarılan mənfi təzahürlərə qarşı barışmaz mübarizə xətti qətiyyətlə davam etdirilsin, xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi məsələlərində prinsipiallıq daha da artırılsın.

Diqqətə çatdırılıb ki, prokurorluq orqanları tərəfindən 2014-cü ilin birinci yarımilində görülmüş işlərin vəziyyəti təsdiq edilmiş qrafikə uyğun olaraq bölgələr üzrə keçirilən əməliyyat müşavirələrində müzakirə edilib, baş prokurorun müavinləri, Baş Prokurorluğun kollegiya üzvlərinin sədrliyi, tabe şəhər və rayon prokurorluqlarının bütün əməkdaşlarının iştirakı ilə Gəncə və Sumqayıt şəhərləri, Ağcabədi, Şamaxı, Sabirabad, Biləsuvar və Yevlax rayonlarında keçirilmiş geniş əməliyyat müşavirələrində hesabat dövründə görülmüş işlərin real vəziyyəti, mövcud nöqsanlar və çatışmazlıqların yaranma səbəbləri hərtərəfli və prinsipial təhlil edilib, “Prokurorluq haqqında” Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılması, tabe struktur qurumların fəaliyyəti üzərində Baş Prokurorluğun nəzarətinin daha da gücləndirilməsi üçün konkret tədbirlər müəyyənləşdirilib. Əməliyyat müşavirələrində qaldırılan və işin səmərəliliyinə mənfi təsir göstərən problemlərin aradan qaldırılması və həlli vacib məsələlərin tənzimlənməsi istiqamətində qarşıda duran konkret vəzifələr müəyyən olunubBaş Prokurorluğun əlaqədar struktur qurumlarına müvafiq tapşırıqlar verilib.

Baş prokurorun hesabat məruzəsində görülmüş müsbət işlərlə yanaşı, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar ətraflı təhlil və ciddi tənqid olunmaqla, istintaq işiibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsində, cinayətkar hərəkətlər nəticəsində hüquqifiziki şəxslərə vurulmuş zərərin ödənilməsi, vətəndaş müraciətlərinə baxılması və onların qəbulu ilə əlaqədar işin təşkilində yol verilən çatışmazlıqların qısa müddət ərzində aradan qaldırılması üçün konkret tapşırıqlar verilib.

Xüsusi qeyd edilib ki, prokurorluq orqanlarında informasiya-kommunikasiya texnologiyalarının, o cümlədən “elektron sənəd dövriyyəsi” və “elektron cinayət” informasiya proqramlarının tam fəaliyyət göstərməsi, bu sahədə həyata keçirilən işin səmərəliliyinin artırılması təmin olunsun.

Müşavirədə, həmçinin yol-nəqliyyat hadisələrinin təhqiqatında və istintaqında, açılması təmin edilməmiş ölümlə nəticələnən bu kateqoriyadan olan cinayətlərlə bağlı istintaq hərəkətlərinin və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində qanunların icrasına nəzarətin gücləndirilməsi, aparılan təhqiqat, istintaqekspertizalar zamanı korrupsiya və digər sui-istifadə hallarına yol verən şəxslərin məsuliyyətə cəlb edilməsinin təmin olunması, eləcə də yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə profilaktiki tədbirlərin görülməsinə dair konkret göstərişlər verilib.

Xüsusi göstəriş verilib ki, Baş Prokurorluğun müvafiq qurumları qaz təchizatı sahəsində fəaliyyət göstərən və bu sahəyə dövlət nəzarətini həyata keçirən müvafiq icra strukturları və dövlət təsisatları ilə əlaqəli şəkildə, insanların ölümünə və yaralanmasına, ölkə iqtisadiyyatına külli miqdarda ziyan dəyməsinə səbəb olan qaz partlayışları və dəm qazından zəhərlənmə faktları üzrə istintaq olunmuş cinayət işlərini ümumiləşdirib hadisələrin baş vermə səbəbləri müəyyənləşdirilməklə, onları doğuran səbəb və şəraitin aradan qaldırılması məqsədi ilə konkret tədbirlərin görülməsi təmin edilsin.

Müşavirədə 2014-cü ilin birinci yarımilində cinayətkarlığa qarşı mübarizənin, istintaq işininibtidai araşdırmaya prosessual rəhbərliyin təşkili, cinayət təqibi çərçivəsində insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində prokurorluq orqanları tərəfindən görülmüş işlər və bu məsələnin bölgə müşavirələrində müzakirəsinin nəticələri barədə baş prokurorun birinci müavini Rüstəm Usubovun, Baş Prokurorluğun 2014-cü il planının icrası və ikinci yarımilin planı barədə təşkilat-analitik idarəsinin rəisi Müqəddəs Sultanovun, prokurorluq orqanlarında informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə əlaqədar görülmüş işlər və qarşıda duran vəzifələr barədə hüquqi təminat və informasiya idarəsinin rəisi Natiq Hüseynovun məlumatları dinlənilib.

Əməliyyat müşavirəsində inam ifadə olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən müasir məzmunlu dövlətçilik siyasətini hərtərəfli dəstəkləyən prokurorluq orqanlarının kollektivi müstəqil dövlətçiliyimizin maraqlarının və insan hüquqları və azadlıqlarının müdafiəsini, cinayətkarlığa qarşı qətiyyətli mübarizə aparılması, xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, xüsusilə prokurorluğa dövlət səviyyəsində göstərilən etimada layiq səviyyədə işin təşkili üçün səlahiyyət hədləri daxilində bütün zəruri tədbirlərin görülməsini təmin edəcəkdir.

 

Azərbaycan. - 2014.- 1 avqust.- S. 3.