BP Azərbaycanda keçənilki fəaliyyəti barədə toplu nəşr etdirib

 

BP şirkəti 2013-cü ildə Azərbaycandakı fəaliyyəti barədə hesabatı toplu halında nəşr etdirib. "BP Azərbaycanda. Davamlı inkişaf haqqında hesabat-2013" adlanan həmin toplu şirkətin bu qəbildən sayca 11-ci illik nəşridir.

Toplu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrellin məqaləsi ilə açılır. "BP və onun tərəfdaşları Azərbaycana karbohidrogen ehtiyatlarının ölkənin mənafeyi naminə təhlükəsiz və etibarlı şəkildə işlənilməsi istiqamətində kömək etmək barədə öhdəliyinə sadiqdir" fikrini vurğulayan Q.Birrell keçən il şirkətin ölkəmizdə reallaşdırdığı işlərə yenidən nəzər salır.

Sonra ayrı-ayrı hissələrdə müxtəlif layihə və fəaliyyət sahələrində baş verən hadisələrdən söhbət açılır. Məsələn, "Əməliyyatlarımız" hissəsində 1997-ci ilin noyabrından 2013-cü ilin sonunadək "Azəri-Çıraq-Günəşli" yataqlarından 2,3 milyard barel neft hasil olunduğu bildirilir. Üstəlik, bütün əməliyyatların təhlükəsiz və etibarlı şəkildə yerinə yetirildiyi qeyd edilir.

"Şahdəniz"in uğurları da geniş işıqlandırılır. Burada hasilata 2006-cı ilin sonlarında başlanıb və keçən ilin axırlarınadək 47,3 milyard standart kubmetr qaz alınıb. 2013-cü ilin dekabr ayında yatağın işlənməsinin ikinci mərhələsi üçün yekun investisiya qərarı verilib. Bu, Avropanın enerji xəritəsini dəyişdirəcək bir qərardır.

Toplunun "Əməkdaşlarımız" "Əməyin təhlükəsizliyi", "Ətraf mühit", "Cəmiyyət" hissələri də var ki, onların da hərəsi bir neçə bölmədən ibarətdir.

Toplu yalnız bir il ərzində görülmüş işlər barədə məlumat verməklə kifayətlənmir. "Əsrin müqaviləsi" imzalanandan bəri, yəni 20 il ərzində BP-nin əməliyyatçılığı ilə Azərbaycanın neft-qaz sənayesində baş verən hadisələrə tarixi ekskurs edilir. Topluda, həmçinin ayrı-ayrı yataqlar, terminal, boru kəmərləri haqqında qısa məlumat dərc olunub. Təqdirəlayiqdir ki, bütün materiallar xəritə, diaqram və şəkillərdə müşayiət olunur. Bu rəngarəng tərtibat oxucularda topluya maraq oyadır.

BP-nin Azərbaycanda şəffaflıq və ictimaiyyətə hesabatların verilməsi qrupunun rəhbəri Araz Yusubov toplunu neft mövzusunda yazan jurnalistlərə də təqdim etdi. O bildirdi ki, hər yeni toplunu hazırlayarkən qrup jurnalistlərin əvvəlki toplu haqqında rəy və təklifləri də nəzərə alınır.

 

Azərbaycan. - 2014.- 1 avqust.- S. 5.