Sosial siyasətin hədəfi hər bir vətəndaşın rifahının yüksəldilməsidir

 

Əhalinin aztəminatlı təbəqəsinə qayğı ilə yanaşılması, yoxsulluğun aradan qaldırılması, bütövlükdə isə hər bir vətəndaşın etibarlı sosial təminatı Azərbaycan dövlətinin sosial siyasətinin əsas mahiyyətlərindən biridir. Təbii ki, sosial sferada qarşıya qoyulan hədəflərin dəf edilməsi iqtisadi yüksəlişdən əhəmiyyətli dərəcədə asılıdır. Fərəhlə qeyd etməliyik ki, son illərdə iqtisadi müstəqilliyini daha da gücləndirən Azərbaycan dayanıqlı və dinamik iqtisadi artımını təmin etməklə həm də vətəndaşların sosial rifahının xeyli yüksəlməsinə nail olub.

Ölkəmizin dinamik iqtisadi inkişafının sosial sahəyə təsirsiz ötüşməməsi son illərin əsas reallıqlarından biridir. Prezident İlham Əliyevin iqtisadi sferada həyata keçirdiyi siyasətin və kompleks inkişafın özünü qabarıq göstərən ən önəmli cəhətlərindən biri sosialyönümlülük faktorunun daim ön planda olmasıdır. Dövlət başçısının sosial siyasətinin də fəlsəfəsi əsasən ondan ibarətdir ki, ölkəmizdə aztəminatlı təbəqə olmamalıdır.  Fərəhli haldır ki, cənab İlham Əliyevin həm birinci, həm də ikinci prezidentlik müddəti sosial problemlərin aradan qaldırılmasına xidmət edən kompleks tədbirlərin işlənib hazırlanması və uğurla reallaşması ilə əlamətdar olub, aparılan islahatların sosial yönümü təmin edilib.

Bu illərdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün zəruri addımların atılması ölkəmizin sosial sahədəki nailiyyətlərinin ana xəttini təşkil edib. İqtisadiyyatda həyata keçirilən köklü dəyişikliklər bu sferada dinamik və davamlı inkişafı təmin etməklə bərabər, əhalinin sosial təminatının gücləndirilməsinə və maddi rifah halının yaxşılaşdırılmasına geniş imkanlar açıb. Artıq iqtisadi inkişafın, uğurla həyata keçirilən yeni neft strategiyasının elə bir mərhələsini yaşayırıq ki, indi nəinki problemlər həll edilir, həmçinin ən mütərəqqi sosial layihələr həyata keçirilir. Sosial sahəyə diqqət və qayğısının nəticəsidir ki, artıq neçə illərdir Azərbaycanın dövlət büdcəsi təsdiq olunarkən sosialyönümlülük prioritet olaraq qalır. Bu da onu göstərir ki, həyata keçirilən siyasətin mərkəzində insan amili dayanır və ölkə rəhbərliyinin sosial siyasətinin hədəfi hər bir vətəndaşın həyat şəraitinin yüksəldilməsidir.

Sosial siyasətdəki uğurlardan söz açarkən diqqəti çəkən əsas məsələlərdən biri aztəminatlı ailələrə dövlət qayğısının ilbəil yüksəldilməsi və yoxsulluğun səviyyəsinin son illərdə dəfələrlə aşağı düşməsidir. Prezident İlham Əliyev bu istiqamətdə dövlət proqramını təsdiqləyib. 2015-ci ilədək dövrü əhatə edən bu proqramın qarşısında duran məqsədlərin vaxtında yerinə yetiriləcəyi şübhəsizdir.

İqtisadi inkişaf həm də sosial sferada çoxşaxəli islahatlar aparmağa, bir sıra ölkələrdə təcrübədən uğurla çıxmış təkmil sosial mexanizmləri tətbiq etməyə imkan verir. 2005-ci il oktyabrın 21-də dövlət başçısının aztəminatlı əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə "Ünvanlı dövlət sosial yardımı haqqında" imzaladığı qanun ölkənin aztəminatlı təbəqəsinin maddi rifah halının yüksəlməsində mühüm rol oynamağa başlayıb. İldən-ilə bu yardımın verilmə mexanizmi daha da təkmilləşdirilir. Ünvanlı sosial yardım təyin edilərkən yoxsulluğun mənfi nəticələrinin yüngülləşdirilməsi, bu yardımın real olaraq ehtiyaca uyğun müəyyən edilməsi və subyektin dəqiq seçilməsi vacib faktor kimi nəzərdə tutulur. Minimum əməkhaqqının, pensiya və müavinətlərin davamlı olaraq artırılması ilə yanaşı, ünvanlı sosial yardım mexanizminin tətbiqi nəticəsində ölkədə adambaşına düşən orta aylıq gəlir davamlı olaraq artmaqdadır. Belə ki, bu ilin birinci yarısında respublikamızda 559 min 834 nəfər ailə üzvü olan 128 min 25 ailəyə ünvanlı dövlət sosial yardımı təyin olunub. Bu dövrdə ünvanlı sosial yardımın bir ailəyə düşən orta aylıq məbləği 133,06 manat, bir ailə üzvünə düşən orta aylıq məbləği isə 30,43 manat təşkil edib. 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk yarımilində ünvanlı yardım təyin olunmuş ailələrin sayı 521 ailə (2300 nəfər ailə üzvü) və ya 0,4 faiz azalıb. Onu da qeyd edək ki, bir çox ölkələrdə donorlar hesabına ödənilən ünvanlı yardımlar Azərbaycanda məhz dövlət büdcəsi hesabına yoxsul ailələrə verilir.

Aztəminatlı əhaliyə dövlət qayğısını əks etdirən göstəricilər içərisində ayrı-ayrı qrup vətəndaşlara müxtəlif güzəştlərin və imtiyazların verilməsi xüsusi qeyd edilməlidir. Son bir neçə ildə sosial müdafiəyə ehtiyacı olan şəxslərin maddi durumunun yaxşılaşdırılmasına yönəldilən tədbirlərlə yanaşı, onların bəzi zəruri tələbatlarının ödənilməsi üçün də dövlət büdcəsindən ayrılan vəsaitlərin miqdarı artırılıb. Bununla da müharibə əlilləri və şəhid ailələri üçün yaşayış evlərinin tikintisi, onların minik avtomobilləri ilə təmini sürətlənib.

Bu ilin birinci yarısında respublika əhalisinin 4,2 faizinə və ya 358 min 293 nəfərə aylıq və birdəfəlik sosial müavinət təyin olunub. Həmin şəxslərin 266 min 570 nəfəri aylıq, 91 min 723 nəfəri isə birdəfəlik sosial müavinətlə təmin ediliblər. Çoxuşaqlı qadınların sosial müdafiəsini yaxşılaşdırmaq məqsədilə Azərbaycan Prezidentinin 27 dekabr 2013-cü il tarixli fərmanına əsasən 2014-cü il yanvarın 1-dən etibarən beşdən çox uşağı olan qadınların 18 yaşına çatmamış hər bir uşağına görə 30 manat məbləğində aylıq sosial müavinət təyin olunaraq ödənilir. Hazırda beşdən çox uşağı olan qadınların 18 yaşına çatmamış uşaqlarının sayı 6340 nəfərdir. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 17 mart 2014-cü il tarixli fərmanına əsasən, müharibə veteranlarının sosial müdafiəsini yaxşılaşdırmaq məqsədilə onlara təyin olunaraq ödənilən aylıq sosial müavinətlərin məbləği cari il aprelin 1-dən 21,6 faiz artırılaraq 37 manatdan 45 manata çatdırılıb. Bu artım ümumilikdə 52959 nəfər belə şəxsin sosial müdafiəsinin yaxşılaşdırılmasına müsbət təsir göstərib.

Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına, onlar üçün yeni mənzillərin inşa olunaraq istifadəyə verilməsinə ümummilli lider Heydər Əliyevin göstərdiyi xüsusi diqqət və qayğı Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilməkdədir. 2014-cü ilədək bu kateqoriyadan olan 4 min 278 əlil və şəhid ailəsi mənzillə təmin edilib. Cari ilin 6 ayında isə ümumilikdə 118 müharibə əlili və şəhid ailəsi üçün (o cümlədən Göygöl rayonunda 5 nəfər, Xaçmaz şəhərində 2 nəfər, Ağdam rayonunda 54 nəfər, Bərdə rayonunda 36 nəfər, Qax rayonunda 21 nəfər) inşa edilmiş yaşayış binalarında mənzillə təmin olunublar.

Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" 20 iyun 2014-cü il tarixli sərəncamı qeyd olunan təbəqələrdən olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində növbəti mühüm irəliləyişlərə nail olunmasını təmin edəcək. Sərəncam 2014-cü il yanvarın 1-dək rayon (şəhər) icra hakimiyyətlərində yaşayış sahəsinə ehtiyacı olan qismində növbəyə dayanmış, ümumilikdə 5 min 731 nəfər Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxsin və şəhid ailəsinin 2014-2018-ci illər ərzində mərhələli şəkildə mənzil və ya fərdi evlə təmin olunmasını nəzərdə tutur.

2014-cü ilin ilk yarımili Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində əlilliyi olan şəxslərin minik avtomobilləri ilə təminatının sürətləndirilməsi ilə də əlamətdar olub. Bu müddətdə Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2013-cü il tarixli və 30 aprel 2014-cü il tarixli sərəncamlarının icrası olaraq ümumilikdə 1200 nəfər minik avtomobili ilə təmin olunub. Ötən ilin müvafiq dövründə bu göstərici cəmi 20 nəfər təşkil edib.

Müasir dövrdə sosial ədalət meyarını rəhbər tutan hər bir dövlətin qarşıya qoyduğu ən ali məqsəd vətəndaş amilinin tərəqqisi, insanlar üçün maksimum firavan yaşayış şəraitinin təmin edilməsidir. Fərəhli haldır ki, ölkəmizdə insanların fiziki, mənəvi, sosial tələbatlarının təminatının ildən-ilə yaxşılaşması beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir, Azərbaycan insan inkişafı indeksinə görə də dünya üzrə böyük müvəffəqiyyətlərə imza atmış dövlətlərdən biri kimi göstərilir. İnsan inkişafı indeksinin orta illik tempinə görə, Azərbaycan keçmiş Sovet İttifaqı ölkələri arasında son 10 il ərzində aparıcı dövlət kimi qəbul olunur. Lakin əldə edilmiş nailiyyətlər son hədəf olmadığından Prezident İlham Əliyev tərəfindən qarşıya Azərbaycanın inkişaf etmiş ölkələr sırasına daxil olması, bütün sahələr üzrə dayanıqlı tərəqqinin qorunub saxlanması kimi mühüm vəzifələr qoyub. Bu məqsədlə sosial sferada da təbii olaraq mühüm addımlar atılacaq. Azərbaycan iqtisadiyyatının sosialyönümlü olması ondan xəbər verir ki, bu sahədə qarşıda duran vəzifələr uğurla reallaşacaq.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan. - 2014.- 2 avqust.- S. 1.