Uzunmüddətli məşğulluq konsepsiyası hazırlanır

 

Prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasında yüksək demoqrafik artım şəraitində belə bir konsepsiyanın hazırlanması zərurətini önə çəkmişdir

 

Müstəqil Azərbaycanın son illərdə bütövlükdə regionun aparıcı dövlətlərindən birinə çevrilməsi ilk növbədə elmi əsaslar üzərində gerçəkləşdirilən milli iqtisadi inkişaf modelinə əsaslanır. Beynəlxalq maliyyə qurumlarında da maraqla qarşılanaraq ciddi elmi müzakirələrə səbəb olan bu model özünəməxsus cəhətləri ilə əlverişli coğrafi və geoiqtisadi məkanda yerləşən respublikamızı yeni iqtisadi fenomenə çevirmiş, sabit inkişaf yoluna çıxarmışdır.

2003-cü ildən ölkəyə rəhbərlik edən dövlət başçısı İlham Əliyevin elmi təmələ əsaslanan iqtisadi siyasəti respublikanın inkişafı prosesində dinamizmi və məqsədyönlülüyü təmin etmiş, qarşıda duran vəzifələrin həllinə real imkanlar açmış, cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunmasına etibarlı zəmin formalaşdırmışdır. Dövlət başçısı müasir dünyada iqtisadi inkişaf potensialının hər bir dövlətin gücünü şərtləndirən başlıca amil qismində çıxış etdiyini ilk gündən düzgün müəyyənləşdirmiş, rəhbərlik etdiyi komandanın bütün səylərini də məhz bu istiqamətdə səfərbər etmişdir. Cənab İlham Əliyevin elmi əsaslarla yeritdiyi sosial-iqtisadi strategiya nəticəsində cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunması inkişaf prosesində yüksək dinamizmi və məqsədyönlülüyü təmin etmiş, hər bir mərhələ üçün qarşıda duran vəzifələrin həllinə real imkanlar açmışdır.

Hakimiyyətin mütəmadi olaraq gördüyü işlərlə bağlı xalqa hesabat verməsini  mütərəqqi ənənə kimi formalaşdıran Prezident İlham Əliyev bunu həm də şəffaf, səmərəli və demokratik idarəetmənin mühüm formulu hesab edir. Artıq bir neçə ildir ki, bu cür hesabatlar həm də konkret dövr ərzində əldə edilmiş nailiyyətlərin qiymətləndirilməsi, müstəqil dövlətimizin əldə etdiyi uğurların ictimaiyyətə düzgün, obyektiv çatdırılması, mövcud problemlər ətrafında müzakirələrin aparılması, bu problemlərin həlli yollarının tapılması üçün səmərəli vasitəyə çevrilmişdir.

Azərbaycan Prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclası Avratlantik məkana inteqrasiya kursunu uğurla davam etdirən, transmilli enerji və kommunikasiya layihələrinin lokomotivinə çevrilən, demokratikləşmə yolunda atdığı ardıcıl addımlarla Cənubi Qafqazın ən nüfuzlu ölkəsi kimi tanınan respublikamızın bütün sahələrdə dinamik inkişaf etdiyini təsdiqləmişdir. Bir sıra Avropa ölkələrində qlobal iqtisadi böhranın təsirlərinin hələ də duyulduğu bir dövrdə Azərbaycanın 2014-cü ilin birinci yarısında mühüm nailiyyətlərə imza atması - makroiqtisadi sabitliyin qorunub saxlanılması, ümumi daxili məhsulun, qeyri-neft sektorunun nəzərəçarpacaq dərəcədə artması dövlət rəhbərinin həyata keçirdiyi inkişaf strategiyasının səmərəliliyinin əyani göstəricisidir.

Nazirlər Kabinetinin son iclasında Prezident İlham Əliyevin xüsusi qeyd etdiyi kimi, ilin birinci yarısının yekunları ölkəmiz üçün uğurludur: "Birinci altı ayda iqtisadi göstəricilərimiz çox müsbətdir - iqtisadiyyat 2,1 faiz artmışdır. Bəlkə də əvvəlki dövrlərlə müqayisədə bu, o qədər də böyük rəqəm deyildir. Ancaq bu gün dünyada, bölgədə və Avropada yaşanan iqtisadi çətinliklər fonunda hesab edirəm ki, bu, çox gözəl göstəricidir. Ən sevindirici hal ondan ibarətdir ki, - mən bunu sevinc hissi ilə qeyd edirəm, - son illər ərzində qeyri-neft sektorumuz uğurla artır və qeyri-neft sektorumuzda inkişaf 7 faiz səviyyəsindədir. Bu da, əlbəttə ki, dediyim məsələlərin nəticəsidir. Çünki əgər biz vaxtilə neft kapitalını insan kapitalına, infrastruktur layihələrinə yönəltməsəydik, bu gün qeyri-neft sektorumuz bu qədər arta bilməzdi. Bəlkə də tənəzzülə uğrayardı və onda biz ancaq neft amilindən asılı ola bilərdik. Gələcək illərdə ayrılan vəsait və aparılan islahatlar qeyri-neft sektorunun daha da böyük çəkiyə malik olmasına gətirib çıxaracaqdır".

Ölkə başçısının qeyd etdiyi kimi, ötən illərdə neft-qaz gəlirlərindən səmərəli istifadə yolu ilə respublikanın bölgələrində tarazlığın təmin edilməsinə təkan verən regional inkişaf üzrə dövlət proqramları əhalinin işgüzar fəallığının artmasına,  sahibkarlıq fəaliyyətinin genişlənməsinə, infrastruktur layihələrinin həyata keçirilməsinə, beynəlxalq tələblərə cavab verən rəqabətqabiliyyətli, ixracyönümlü məhsullar istehsal edən yeni müəssisə və obyektlərin yaradılmasına səbəb olmuşdur.

Xatırlatmaq yerinə düşərdi ki, Azərbaycan Respublikası Prezidentinin hələ 2004-cü il 11 fevral tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər)" əsas məqsədi qeyri-neft sektorunun davamlı inkişafı, ölkə regionlarının tarazlı inkişafının təmin edilməsi, bölgələrdə kommunal xidmət və sosial infrastruktur təminatının yaxşılaşdırılması, yeni iş yerlərinin və müəssisələrin yaradılması nəticəsində əhalinin məşğulluq səviyyəsinin artırılması, həyat səviyyəsinin yüksəldilməsi olmuşdur. Dövlət Proqramının uğurlu icrası regionların inkişafında yeni mərhələnin yaranmasına səbəb olmuş, formalaşmış əlverişli iqtisadi mühit ölkənin sosial-iqtisadi inkişafı sahəsində başlanmış tədbirlərin davam etdirilməsi zərurətini yaratmışdır. 2004-cü ildən reallaşdırılan tədbirlərin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli fərmanı ilə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" təsdiq edilmişdir. Bu Dövlət Proqramının uğurlu icrası nəticəsində ölkədə makroiqtisadi göstəricilərin yüksək artımına nail olunmuş, sosial-iqtisadi inkişaf sahəsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasında mühüm rol oynamışdır. Regional inkişaf üzrə hər iki dövlət proqramlarının icrası dövründə bütün inzibati ərazilərə daxil olan şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə 240 sərəncam imzalanmışdır.

Ümumilikdə ötən 10 il ərzində regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən siyasət ölkənin makroiqtisadi göstəricilərinin sürətlə yaxşılaşmasına səbəb olmuş, ümumi daxili məhsul (ÜDM) 3,2 dəfə, adambaşına ÜDM-in həcmi 2,8 dəfə, qeyri-neft sektoru 2,6 dəfə artmış, ölkədə orta illik iqtisadi artım 12,9 faiz təşkil etmişdir. Son 10 ildə strateji valyuta ehtiyatları 31 dəfə, xarici ticarət dövriyyəsi 6,6 dəfə, ixrac 9,3 dəfə, idxal 4,1 dəfə, qeyri-neft ixracı 4,7 dəfə artmışdır.

Həyata keçirilən çevik büdcə-vergi siyasəti nəticəsində dövlətin iqtisadi qüdrətinin daha da artırılması, regionların, qeyri-neft sektorunun və sahibkarlığın inkişaf etdirilməsi, istehsal və infrastrukturun müasir tələblərə uyğun yenidən qurulması, xalqın rifah halının yaxşılaşdırılması istiqamətində işlər davam etdirilmişdir. 2003-cü ildə ölkə iqtisadiyyatına qoyulmuş investisiyaların ümumi həcminin yalnız 26,8 faizi daxili mənbələrdən maliyyələşirdisə, 2013-cü ildə daxili investisiyaların xüsusi çəkisi 62,5 faizə çatmışdır. Ümumilikdə 2004-2013-cü illərdə daxili investisiyalar 14,6, qeyri-neft sektoruna investisiyalar 12,9 dəfə artmış, regionlara bütün mənbələr hesabına 50,7 milyard manat vəsait yönəldilmişdir. Ötən 10 il ərzində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,2 milyondan çox yeni, o cümlədən 900 min daimi iş yeri açılmış, 55,6 min yeni müəssisə yaradılmış, açılmış iş yerlərinin 80 faizə yaxını regionların payına düşmüşdür.

Bu müddət ərzində innovasiya xarakterli texnologiyaların tətbiqi, yeni müəssisələrin yaradılması, istehsal potensiallarının gücləndirilməsi nəticəsində sənayedə 2,7 dəfə artım qeydə alınmışdır. Bütün bunlar sənayedə işgüzar fəallığın yüksəlməsinə, kiçik sahibkarlığın inkişafına güclü təkan vermişdir. Qeyri-neft sektorunun davamlı inkişafının təmini, əhalinin istehsal sahəsində məşğulluğunun artırılması baxımından Sumqayıt Texnologiyalar Parkının, Sumqayıt Kimya Sənaye və Balaxanı Sənaye Parklarının, Yüksək Texnologiyalar Parkının yaradılması mühüm əhəmiyyət kəsb edir.

Ölkə başçısının 27 fevral 2014-cü il tarixli müvafiq fərmanı ilə "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın təsdiq edilməsi regionların inkişafı sahəsində 2004-cü ildən başlanmış tədbirlərin uğurlu davamına təminat yaradır. "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb etməklə makroiqtisadi sabitliyin təmin olunmasında, regionlarda sahibkarlıq fəaliyyətinin genişlənməsində, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsində, kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsində, nəticədə əhalinin rifah halının daha da yaxşılaşdırılmasında və yoxsulluq səviyyəsinin aşağı düşməsində müstəsna rol oynayacaqdır. Dövlət Proqramının icrasının əlaqələndirilməsi Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən həyata keçirilir. Proqramda illər üzrə nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi və icrası illik Dövlət İnvestisiya Proqramı əsasında təmin edilməlidir.

"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın əsas məqsədi ölkədə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın diversifikasiyası və regionların inkişafı istiqamətində tədbirlərin davam etdirilməsidir. Dövlət Proqramında müəyyən edilmiş məqsədə nail olmaq üçün bölgələrdə infrastruktur təminatının, o cümlədən əhalinin kommunal xidmətlərlə təminatının daha da yaxşılaşdırılması, ixracyönümlü və rəqabətədavamlı məhsul istehsalı istiqamətində sahibkarlığın inkişafının sürətləndirilməsi, əhalinin, xüsusilə kənd əhalisinin məşğulluq səviyyəsinin artırılması, yoxsulluğun səviyyəsinin azaldılması kimi mühüm vəzifələr nəzərdə tutulmuşdur. Prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasında artıq yeni regional inkişaf proqramının uğurlu nəticələr verdiyini qeyd etmişdir: "Bu il üçüncü regional inkişaf proqramı qəbul edilmişdir. Bu proqramın icrası nəticəsində artıq ilin altı ayında 65 min yeni iş yeri açılmışdır ki, onlardan 52 mini daimi iş yeridir. 2003-cü ildən bu günə qədər - bu proqramlar icra edilməyə başlayandan sonra 1 milyon 300 min iş yeri açılmışdır ki, onlardan təqribən 1 milyonu daimi iş yeridir. Demək olar ki, işsizlik böyük dərəcədə aradan qaldırılmışdır, çox aşağı səviyyədədir. Ancaq onu nəzərə almalıyıq ki, bizim uğurlu iqtisadi və siyasi addımlar nəticəsində Azərbaycanda, - bu da çox sevindirici bir haldır, - əhali sürətlə artır. İldən-ilə artan əhali hökuməti də, əlbəttə ki, daha da fəal olmağa çağırmalıdır. Eyni zamanda, bu, onu deməyə əsas verir ki, yeni iş yerlərinin açılması daimi proses olmalıdır. Biz deyə bilmərik ki, artıq bir milyon daimi iş yeri açılıbdır, gəlin, indi bu məsələyə diqqət yetirməyək. Yox, bu, daimi proses olmalıdır. Sənayeləşmə, kənd təsərrüfatı, yüksək texnologiyalar, digər sahələr sürətlə inkişaf etməlidir ki, biz insanlarımızı gələcəkdə də iş yerləri ilə təmin edə bilək".

Regionların inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarında biznes mühitinin yaxşılaşdırılması ilə bağlı kompleks tədbirlərin əksini tapması təsadüfi olmayıb, bölgələrin tərəqqisi prosesində özəl sektorun imkanlarını səfərbər etmək, sosial xarakterli məsələlərin həllində sahibkarların fəal iştirakına nail olmaq istəyindən irəli gəlmişdir. 2004-2008 və 2008-2013-cü illərdə həyata keçirilmiş proqramlar respublikamızın regionlarında yerli sahibkarlığın, inkişafına işsizlik və yoxsulluq probleminin əsaslı dərəcədə həllinə ciddi təkan vermişdir. Ötən illərdə kiçik və orta sahibkarlığın güzəştli kreditlərlə maliyyələşdirilməsi, sahibkarların fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, özəl sektorda inkişafa mane olan problemlərin həlli məqsədilə yeni mexanizmlər tətbiq edilmişdir.

Ümumilikdə bu proqramların icra olunduğu 10 il ərzində regionlarda qeydiyyata alınan sahibkarlıq subyektlərinin sayı 7,2 dəfə, vergi daxilolmaları 12,7 dəfədən çox artmışdır. Respublikanın şəhər və rayonları üzrə vergi gəlirlərinin artımı 2014-cü ildən Sumqayıt, Şirvan, Mingəçevir şəhərləri ilə yanaşı, eləcə də Abşeron və İmişli rayonlarına öz xərclərini tamamilə yerli gəlirlər hesabına təmin etməyə imkan yaratmışdır.

Regionlarda fiziki və hüquqi şəxslərin say artımına təsir göstərən mühüm amillər sırasında qeydiyyat prosedurlarının sadələşdirilməsi tədbirləri mühüm yer tutur. Təsadüfi deyil ki, Azərbaycan "Doing Business 2014" hesabatında 2012-2013-cü illərdə üç islahat ("biznesə başlama", "tikinti üçün icazələrin alınması" və "beynəlxalq ticarət" sahələrində) həyata keçirən 29 islahatçı ölkə sırasına daxil edilmişdir. Hesabata əsasən, ölkə iqtisadiyyatı 2005-ci ildən bəri biznes mühitinin yaxşılaşdırılması sahəsində 18 tənzimləyici islahat həyata keçirmişdir və qanunvericiliyi təkmilləşdirərək dünya üzrə ilk 15 ölkə sırasına daxil olmuşdur.

Biznesin elektron qeydiyyatının tətbiqinın genişləndirilməsi nəticəsində "Biznesə başlama" göstəricisi üzrə Azərbaycan altı pillə irəliləyərək ilk dəfə olaraq dünya ölkələrinin ilk onluğuna düşmüş, Sinqapur, Yeni Zelandiya, Honkonqla bərabər, dünyada ən yaxşı təcrübəyə malik ölkələr kimi səciyyələndirilmişdir. Bununla yanaşı, Tikinti Məcəlləsinin tətbiqinin nəticəsi olaraq Azərbaycan "tikinti üçün icazələrin alınması" göstəricisi üzrə islahatçı ölkə kimi tanınmış, Fransa, Çin, Tayvan və Estoniya kimi bu sahə üzrə dünyada nümunə göstərilmişdir. "Doing Business 2013" hesabatında ölkəmiz "Vergilərin ödənilməsi" indikatoru üzrə də iki pillə irəliləmişdir.

Sahibkarlığın inkişafı məqsədilə həyata keçirilən mühüm tədbirlərdən biri də hökumət qurumlarının fəaliyyətində e-xidmətlərin geniş tətbiqinin təmin edilməsidir. Ölkə başçısının 26 oktyabr 2011-ci il tarixli "Müəyyən sahibkarlıq fəaliyyəti növləri ilə məşğul olmaq üçün tələb edilən xüsusi razılıq (lisenziya) və icazə sistemi ilə bağlı bəzi məsələlər haqqında" fərmanına əsasən yaradılmış icazələrin elektron informasiya portalı (www.icazeler.gov.az) ölkə vətəndaşlarının, eləcə də sahibkarların icazələrlə bağlı məlumatlılıq səviyyəsinin yüksəldilməsini təmin edir. Sayt sahibkarları icazələr haqqında ətraflı məlumatlandırmaqla yanaşı, sahibkarlıq fəaliyyətinə başlamaq, fəaliyyətini genişləndirmək istəyən sahibkarlara tələb olunan icazə xarakterli sənədlər, onların alınması prosedurları, təqdim edilməli sənədlər, icazələrin verilmə və qüvvədə olma müddətlərinə dair məlumatları vahid mənbədən əldə etməyə imkan verir.

2013-cü ildə Milli Məclisdə qəbul olunmuş "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanun ölkə başçısının sahibkarların qanuni mənafelərinin təminatçısı olduğunu bir daha təsdiqləyir. Qanun sahibkarlıq fəaliyyəti sahəsində yoxlamaların vahid qaydalarının müəyyən edilməsini və yoxlamaların aparılması zamanı sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısının alınmasını nəzərdə tutur. Sənəddə sahibkarlıqla məşğul olan insanların fəaliyyətinə əngəl törədən neqativ halların aradan qaldırılması ilə bağlı təsirli və operativ tədbirlərin görülməsinə dair müddəalar əksini tapmışdır. Burada sahibkarlıq fəaliyyəti ilə bağlı tələb olunan icazə xarakterli sənədlərin azaldılması, yoxlayıcı orqanların səlahiyyətləri, eləcə də yoxlamaların sayının azaldılması, sahibkarların fəaliyyətinə mane olan icra orqanlarının məsuliyyəti və cəzalandırılması məsələləri yer almışdır.

Nazirlər Kabinetinin son iclası deməyə əsas verir ki, "Sənaye ili" çərçivəsində respublikamızın paytaxtı ilə yanaşı, tarixi ənənələri olan regionlarında - şəhər və rayonlarda sənayenin müxtəlif sahələrinin inkişafı da  diqqət mərkəzindədir. Hazırda Azərbaycanda ümumi daxili məhsulun tərkibində əsas yer sənaye məhsullarının payına düşür. Azərbaycan sənayenin sürətli inkişafına görə MDB dövlətləri arasında nəhəng sənaye komplekslərinə malik Rusiya və Ukrayna ilə rəqabətə davam gətirir. Zəngin təbii ehtiyatlara malik olmağımız sənaye potensialından maksimum faydalanmağa zəmin yaradır. Xüsusilə Gəncə şəhərində və bura yaxın zonalarda xammal bazasının mövcudluğu yeni sənaye müəssisələrinin yaradılmasına əlverişli imkanlar açır. Gəncədə polad kompleksinin  və "Detal" alüminium zavodunun inşası da bu layihələrin başlanğıcı kimi qiymətləndirilə bilər.

Hökumət sənayenin inkişafını stimullaşdıracaq tədbirləri də diqqət mərkəzində saxlayır. Orta və uzunmüddətli perspektivdə texnoparkların inkişafını stimullaşdırmaq üçün ölkənin vergi qanunvericiliyində sənaye və texnologiyalar parklarında çalışan fiziki və hüquqi şəxslərə, eləcə də parkların idarəedici təşkilat və operatorlarına gəlir, mənfəət, ƏDV, əmlak və torpaq vergiləri üzrə 7 illik vergi güzəştləri nəzərdə tutulub. 2013-cü il yanvarın 1-dən qüvvəyə minmiş Vergi Məcəlləsinə texnoparklarla bağlı edilmiş əlavə və dəyişikliklər iqtisadiyyatın inkişafına müsbət təsir göstərməklə bu sahəyə investorların cəlb olunmasına, yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli, elmtutumlu sənaye məhsullarının istehsalına, yeni iş yerlərinin açılmasına imkan verir.

Regionların inkişafına və qeyri-neft sektorunun ümumi daxili məhsuldakı xüsusi çəkisinin davamlı şəkildə artırılmasına çalışan Azərbaycan hökuməti bu məqsədlə aqrar sektorun inkişafını xüsusi diqqət mərkəzində saxlayır. Rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsulları istehsal etməklə daxili bazarı qorumaq, ekoloji təmiz məhsullarla xarici bazarlara çıxış imkanları əldə etmək, kənd yerlərinin tarazlaşdırılmış inkişafına nail olmaq bu sahədə yürüdülən siyasətin əsas hədəfləridir. Həmin hədəflərə çatmaq məqsədilə islahatların davam etdirilməsi respublikanın uzunmüddətli inkişafının strateji istiqamətlərini özündə ehtiva edən "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında da dolğun əksini tapmışdır.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasında bununla bağlı demişdir: "Elektron kənd təsərrüfatı sistemi, yeni texnikanın, damazlıq mal-qaranın alınması - bütün bunlar bir məqsədi güdür ki, biz fermerlərin həyatını yüngülləşdirək, onlar üçün əlavə gəlir mənbəyi təmin edək. Əlbəttə ki, bu, məsələnin bir tərəfidir, sosial məsələdir, çünki əhalimizin təxminən yarısı kənd təsərrüfatı ilə məşğuldur, aqrar zonalarda yaşayır. Biz bu məsələyə sosial məsələ kimi baxırıq, eyni zamanda, bu, böyük iqtisadi potensiala malik olan məsələdir. Hələ ki, biz ondan tam şəkildə istifadə etmirik və birinci mərhələdə özümüzü əsas kənd təsərrüfatı məhsulları ilə 100 faiz səviyyəsində təmin etməliyik. Biz buna yaxınlaşırıq. Hər il regional inkişaf proqramının müzakirəsi zamanı biz bu məsələyə toxunuruq. Ondan sonra da kənd təsərrüfatı məhsullarının dünya bazarlarına çıxarılması bununla paralel olaraq təmin edilməlidir".

2014-cü ilin birinci yarısında regionlarda aqrar sektorun inkişafının stimullaşdırılmasına xidmət edən tədbirlər daha da intensivləşmişdir. Ölkə başçısının qanunvericilik təşəbbüsü əsasında kənd təsərrüfatı məhsulları istehsalçılarına tətbiq olunan vergi güzəştlərinin müddətinin 2014-cü il yanvarın 1-dən daha beş il müddətində uzadılması deyilənləri əyani təsdiq edir. Xatırladaq ki, 2001-ci il yanvar ayının 1-dən qüvvədə olan qanuna əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi şəxslər Vergi Məcəlləsi ilə müəyyən edilmiş hüquqi şəxslərin mənfəət vergisini, əlavə dəyər vergisini, sadələşdirilmiş sistem üzrə vergini və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən, fiziki şəxslər isə əlavə dəyər vergisini və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən azaddırlar.

Ölkə başçısının 2014-cü il 16 yanvar tarixli "Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında" sərəncamında isə kənd təsərrüfatında yüksək məhsuldarlığın təmin edilməsinin, yerli məhsulların rəqabət qabiliyyətinin artırılmasının, fermerlərə dövlət dəstəyinin daha səmərəli təşkili və ərzaq təhlükəsizliyinə nail olunmasının zəruriliyi bir daha önə çəkilmişdir. Sənəddə məhsulun istehsalçıdan istehlakçıya çatdırılması mərhələsində mövcud maneələrin aradan qaldırılması, ərzaq bazarında süni qiymət artımının qarşısının alınması, məhsulların qəbulu və saxlanması üçün ixtisaslaşdırılmış terminalların və anbarların yaradılması, müvafiq nəqliyyat infrastrukturunun təşkili, xüsusi ərzaq mağazaları şəbəkəsinin genişləndirilməsi istiqamətində təxirəsalınmaz tədbirlər görülməsi ilə bağlı aidiyyəti dövlət qurumlarına tapşırıqlar verilmişdir.

Ümumilikdə son illər ölkədə uğurla reallaşdırılan dövlət dəstəyi tədbirləri kənd təsərrüfatı məhsulları istehsalının və ixracının artmasına, özünütəminetmə səviyyəsinin yüksəlməsinə səbəb olmuşdur. 2003-2013-cü illərdə kənd təsərrüfatı məhsulları istehsalı 3,3 dəfə, o cümlədən meyvə-tərəvəzin emal məhsullarının ixracı 2,5 dəfə artmışdır.

"Sənaye ili" ilə bağlı təsdiq edilmiş Strateji Plana müvafiq olaraq ölkədə aqrar-sənaye komplekslərinin yaradılması istiqamətində də tədbirlər həyata keçirilir. Xüsusən də regionlarda aqrar sənayenin inkişaf etdirilməsi məqsədilə potensial imkanlardan daha səmərəli istifadə edilməsi, yerli xammala əsaslanan kənd təsərrüfatı məhsulları emalı məsələləri xüsusi diqqət mərkəzindədir. "Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında" sərəncamda göstərildiyi kimi, kənd təsərrüfatında yüksək məhsuldarlığın təmini, yerli məhsulların rəqabət qabiliyyətinin artırılması, fermerlərə dövlət dəstəyinin daha səmərəli təşkili, ərzaq təhlükəsizliyinə nail olunması hazırda aqrar sahədə dövlət siyasətinin mühüm istiqamətlərini müəyyənləşdirir. Sərəncamla kənd təsərrüfatı məhsulları ixracının artırılması, istehsalçı və istehlakçıların maraqlarının qorunması, ərzaq bazasının səmərəli fəaliyyətinin təmini məqsədilə əlavə tədbirlər hazırlanmışdır. Bu tədbirlərin həyata keçirilməsi üçün Nazirlər Kabinetinə Kənd Təsərrüfatı Nazirliyinə, İqtisadiyyat və Sənaye Nazirliyinə və digər əlaqədar dövlət qurumlarına müvafiq tapşırıqlar verilmişdir. Sərəncam əsasında kənd təsərrüfatının inkişafında strateji hədəfləri və prioritet istiqamətləri özündə əks etdirən "Azərbaycan Respublikasında aqrar-sənaye kompleksinin inkişafı strategiyası" layihəsi hazırlanaraq hökumətə təqdim edilmişdir.

2014-cü ilin birinci yarısında kənd təsərrüfatında 2,3 milyard manatlıq məhsul istehsal olunmuşdur və  bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 5,8 faiz artım deməkdir. Bu dövr ərzində bitkiçilik məhsulları istehsalının həcmi 973 milyon manat, heyvandarlıq məhsulları istehsalının həcmi isə 1,3 milyard manat təşkil etmiş, keçən ilin müvafiq dövrü ilə müqayisədə 10,1 və 3 faiz artıma nail olunmuşdur. Digər sahələrdə müşahidə edilən dinamik artımlar da kənd təsərrüfatı sahəsindəki inkişafa adekvat olmuşdur. Kənd təsərrüfatı məhsulları istehsalının ümumi daxili məhsulda payı əvvəlki ildə olduğu kimi sabit qalaraq 4,4 faiz təşkil etmişdir. Kənd təsərrüfatı məhsullarının ixrac bazarının genişləndirilməsi və məhsul istehsalçıları üçün münbit şəraitin yaradılması nəticəsində meyvə-tərəvəz məhsullarının ixracı keçən ilin müvafiq dövrü ilə müqayisədə 27,9 faiz artaraq 68,9 milyon ABŞ dollarına çatmışdır. Həyata keçirilən tədbirlər nəticəsində respublikamız 2013-2014-cü illərdə Beynəlxalq İqtisadi Forumun hesabatında "Kənd təsərrüfatı siyasətinin dəyəri" indeksi üzrə 21 pillə irəliləyərək 148 ölkə arasında 49-cu yerə yüksəlmişdir.

Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr edilmiş iclası göstərir ki, Azərbaycanda regional inkişafa xidmət edən iqtisadi islahatların mühüm hədəflərindən biri də məşğulluğun səviyyəsinin yüksəldilməsi, yeni iş yerlərinin açılması, əhalinin yüksək rifah halının təmin edilməsidir. Prezident İlham Əliyev yüksək demokratik artımı nəzərə alaraq yeni məşğulluq strategiyasının hazırlanmasını da xüsusi önə çəkmişdir.

Əgər ölkə vətəndaşları bir zamanlar

iş axtarmaq üçün Rusiya və digər MDB ölkələrinə üz tuturdularsa, son illərdə əks proses başlamışdır. Nəinki MDB-dən, ümumilikdə dünyanın bir çox ölkələrindən işaxtaranlar iqtisadi baxımdan cəlbedici ölkə kimi respublikamıza üz tuturlar. Vaxtilə iş tapmaq ümidi ilə başqa ölkələrə gedən vətəndaşlarımızın son illər geri qayıtması, habelə əcnəbi miqrantların leqal, bəzən də qeyri-leqal şəkildə respublikanın əmək bazarına can atmaları sahibkarlıq subyektlərinin və yüksək gəlirli iş yerlərinin sayının artması ilə izah olunur. Yeni iş yerlərinin açılması bilavasitə regionlarda sahibkarlığın inkişafı və kapital qoyuluşlarının həcminin artması ilə sıx bağlı proses olduğundan hökumət iş adamları üçün ildən-ilə daha yaxşı imkanların yaradılmasına çalışır.

Regionlarda məşğulluğun səviyyəsinin yüksəlməsinə təsir göstərən mühüm amillərdən biri də bu sahədə qəbul olunmuş çoxsaylı dövlət proqramlarıdır. Son 10 ildə qəbul olunmuş "2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı", "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı", "Azərbaycan Respublikasının Məşğulluq (2006-2015-ci illər) Strategiyası", "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı", "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı" və digər sənədlər paxtaxt Bakıda və bölgələrdə işsizliyin aradan qaldırılması baxımından əhəmiyyətli olmuşdur.

"Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı" isə əhalinin məşğulluğu sahəsində dövlət siyasətinin ardıcıllığını təmin edərək "Azərbaycan Respublikasının Məşğulluq (2006-2015-ci illər) Strategiyası"nın ikinci mərhələsinin reallaşdırılmasına yönəldilmişdir. Proqramda işçi qüvvəsinə tələbatın stimullaşdırılması, səmərəli işgüzarlıq mühitinin formalaşdırılması, struktur islahatlarının dərinləşdirilməsi, investisiya fəallığının artırılması və insan kapitalının yüksək inkişaf səviyyəsinin təmini məsələləri əksini tapmışdır.

Regionların sosial-iqtisadi inkişafına xidmət edən dövlət proqramları da yeni iş yerlərinin açılmasında mühüm rol oynamışdır. Bu proqramlar çərçivəsində ötən 10 il ərzində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,2 milyondan çox yeni, o cümlədən 900 min daimi iş yeri açılmış, 55,6 min yeni müəssisə yaradılmış, habelə açılmış iş yerlərinin 80 faizə yaxını regionların payına düşmüşdür.

Nazirlər Kabinetinin son iclasında bildirildiyi kimi, hazırda əmək bazarının mövcud iqtisadi inkişaf templərinə və xüsusiyyətlərinə uyğunlaşdırılması üsullarının təkmilləşdirilməsi, əmək potensialından daha dolğun istifadə olunması, yeni iş yerlərinin açılması, müvəqqəti sərbəstləşmiş işçi qüvvəsinin sosial müdafiəsi hökumətin diqqət mərkəzində olan başlıca məsələlərdəndir. Son bir il ərzində ölkədə iqtisadi fəal əhalinin sayı 1,5 faiz artaraq 2014-cü ilin 1 iyul tarixinə 4 milyon 794 min nəfərə, məşğul əhalinin sayı isə 1,7 faiz artaraq 4 milyon 556 min nəfərə çatmışdır.

Ümumilikdə 2014-cü ilin birinci yarısında iqtisadiyyatın ən müxtəlif sahələri üzrə qazanılmış uğurlar Prezident İlham Əliyevin rəhbərliyi altında yürüdülən islahatlar kursunun reallığa adekvat olduğunu və səmərəliliyini bir daha təsdiqləyir. Əldə olunmuş uğurlar "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası ilə qarşıya qoyulmuş hədəflərin reallaşdırılmasına da etibarlı zəmin yaradır.

 

Müşfiq ATAKİŞİYEV,

iqtisad elmləri doktoru, professor

 

Azərbaycan. - 2014.- 2 avqust. - S. 3.