Cəlilabadda şəhid Əhməd Abdullayevə həsr olunmuş sənədli film təqdim edildi

 

Avqustun 1-də Cəlilabad Rayon İcra Hakimiyyətinin akt zalında Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş Azərbaycan Ordusunun zabiti mayor Əhməd Abdullayevin həyat yolundan bəhs edən filmin təqdimatı keçirilib. Təqdimat mərasimində şəhidin doğmaları ilə yanaşı, Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı Əziz Əzizov, Azərbaycan  Mətbuat Şurasının sədri Əflatun Amaşov, layihənin rəhbəri taninmiş jurnalist Bəxriyar Qaraca, ssenari müəllifi Kəmalə Mirzəyeva və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan torpaqları uğrunda şəhid olan əsgər və zabitlərin xatirəsini əziz tutduğuna görə filimin yaradıcı kollektivinə bütün rayon sakinləri, o cümlədən şəhid zabitin ailəsi adından təşəkkürünü bildirib. Daha sonra sənədli film nümayiş etdirilib. Film Əhməd Abdullayevin uşaqlıq, gənclik və hərbi xidmətdə olduğu illəri əks etdirir. Şəhid haqqında onun dostlarının, yaxınlarının və müəllimlərinin xatirələri canlandırılıb .

Əhməd Abdullayevin atası Hüseynağa Abdullayev göstərilən diqqətə görə yaradıcı kollektivə təşəkkürünü çatdırıb. Qeyd edək ki, Abdullayev Əhməd Hüseynağa oğlu 30 iyul 1976-cı ildə Cəlilabad rayonunda, ziyalı ailəsində anadan olub.1983-cü ildə Cəlilabad rayon, 8 saylı orta məktəbin birinci sinfinə gedib. 1991-ci ildə Cəmşid Naxçıvanskiadına hərbi məktəbə daxil olub və həmin məktəbi müvəffəqiyyətlə bitirib.1992-ci ildə təhsilini davam etdirmək məqsədilə İstanbul şəhər hərbi məktəbinə daxil olub. 1996-cı ildən Ankara Hərbi Akademiyasında təhsilini davam etdirib.Dünyanın bir çox ölkələrində (Almaniya, İsveçrə) keçirilən hərbi təlimlərdə iştirak edib. 2001-ci ildən 2010-cu ilədək Azərbaycan Respublikasının Xüsusi Təyinatlı dəstəsində qrup komandiri vəzifəsində çalışıb. 2010-cu ilin mart ayından Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətini davam etdirib. Azərbaycan Ordusunun mayoru Əhməd Abdullayev 2010-cu ilin sentyabr ayının 4-də erməni qəsibkarlarının hücumunun qarşısını almaq məqsədilə xüsusi dövüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına həlak olub. İki oğlu var. 28 dekabr 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında igidlik göstərdiyinə görə kapitan Əhməd Hüseynağa oğlu Abdullayev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilmişdir.

 

Azərbaycan. - 2014.- 2 avqust. - S. 4.