“YARAT” Müasir İncəsənət Məkanın təsisçisi Aida Mahmudova ən nüfuzlu rəssamların siyahısına daxil olub

 

“YARAT” Müasir İncəsənət Məkanın təsisçisi Aida Mahmudova mədəniyyət və incəsənət üzrə aparıcı saytlarından olan “The Culture Trip”in dərc etdiyi Mərkəzi Asiya və Qafqaz regionunun incəsənət sahəsində ən nüfuzlu qadınlarının siyahısına daxil olub.

AzərTAc “The Culture Trip”ə istinadla xəbər verir ki, rəssamdan başqa, siyahıda “Gazelli Art Houseun təsisçisi və direktoru Mila Əsgərovanın, rəssamlardan Almagül Menlibayevanın, Anya Sandın, kuratorlar Sara Razanın, Qayane Umerovanın və Natalya Dyunun da adı var.

Məqalədə Aida Mahmudovanın yaradıcılığından və Azərbaycanda müasir incəsənətin inkişafında göstərdiyi xidmətlərindən bəhs olunur.

Qeyd edək ki, rəssam Londondakı “Central Saint Martins” kollecində incəsənət ixtisası üzrə təhsil alıb. Hazırda o öz vaxtını Bakı və London arasında bölüşür, işləri beynəlxalq sərgilərdə nümayiş etdirilir. O, rəngkarlıqdan tutmuş video-instalyasiyaya kimi müxtəlif üsullardan istifadə edir. Aida Mahmudova Azərbaycanın müasir incəsənətinə milli və beynəlxalq səviyyədə dəstək göstərmək məqsədilə 2011-ci ildə “YARAT” təşkilatının əsasını qoyub.

 

Azərbaycan. - 2014.- 2 avqust. - S. 4.