Qubalı şagirdlər «Ölkəmizi tanıyaq» devizi ilə keçirilən tur-aksiyadan çox məmnundurlar

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən "Ölkəmizi tanıyaq" devizi altında ölkəmizin şimal-qərb bölgəsinə maarifləndirici tur-aksiyaya yola düşən qubalı şagirdlər bu səfərdən olduqca məmnundurlar.

Bu fikirləri avqustun 1-də Qubadan İsmayıllı-Qəbələ- Şəki marşrutu üzrə maarifləndirici tur-aksiyaya yola düşən qrupun rəhbəri,  rayon təhsil şöbəsinin təşkilatçı metodisti Mehparə Rüstəmova AzərTAc-a müsahibəsində bildirib. Qeyd edib ki, adətən şagirdlər rayon daxilində, ən yaxşı halda isə qonşu rayonlara ekskursiyalara gedirlər. Amma indi Azərbaycan Prezidentinin tapşırığına əsasən onlar üçün bütün Azərbaycanı gəzmək imkanı yaradılıb.

Mehparə Rüstəmova bildirib ki, dörd gün davam edəcək bu tur-aksiya müddətində 40 nəfər qubalı şagird Azərbaycanın dilbər guşələrindən olan İsmayıllı, Şəki və  Qəbələ  rayonlarının qədim tarixi, mədəniyyət abidələrini, turizm mərkəzlərinibaşqa gəzməli-görməli yerlərini ziyarət edəcək.

Qrupun rəhbəri şagirdlər üçün möhtəşəm tur-aksiyanın təşkilinə görə dövlət başçısına minnətdarlıq edərək deyib: "Prezident  İlham Əliyev daim xalqımızın gələcəyi olan uşaqlara qayğı göstərir, onların savadlı, geniş dünya görüşünə malik şəxsiyyət kimi formalaşması üçün əlindən gələni edir.  Şagirdlərimiz üçün Azərbaycanın müxtəlif  bölgələrinə maarifləndirici tur-aksiyaların təşkili barədə son tapşırıq da bunun bariz sübutudur".

 

Azərbaycan. - 2014.- 2 avqust.- S. 5.