«Ölkəmizi tanıyaq» tur-aksiyasının ilk ünvanı qədim Lahıcdır

 

"Ölkəmizi tanıyaq" devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində avqustun 1-də Quba rayonunun bir qrup məktəblisi İsmayıllı rayonuna gəldi.

Quba rayonunun ümumtəhsil məktəblərindən 40 nəfər IX-XI sinif şagirdinin və 5 müşayiətçinin daxil olduğu qrupun üzvləri İsmayıllı şəhərindən onlar üçün ayrılmış xüsusi avtobusla Azərbaycanın qədim yaşayış məskənlərindən olan Lahıc qəsəbəsinə yola düşdülər.

Burada səmimiyyətlə qarşılanan qonaqlar Azərbaycanın nadir tarixi məkanlarından sayılan Lahıc qəsəbəsini gəzdilər, onun tarixi, maddi-mədəniyyət abidələri, sənətkarların əl işləri, tarix-diyarşünaslıq muzeyi ilə tanış oldular.

Məktəblilərə Azərbaycanın dilbər guşələrindən olan İsmayıllı rayonu, qədim tariximizin canlı səhifəsi - Lahıc qəsəbəsi barədə geniş məlumat verildi. Bildirildi ki, Lahıc XVIII-XIX əsrlərdə Azərbaycanın misgərlik və silah istehsalı mərkəzlərindən olub. Qəsəbə Azərbaycanın şimalında, Böyük Qafqaz sıra dağlarının cənub yamacında, dəniz səviyyəsindən 1505 metr hündürlükdə yerləşir. Girdiman çayının sahilində olan qəsəbə BabadağNiyaldağ silsilələri ilə əhatə olunub.

Diqqətə çatdırıldı ki, 1980-ci ildən muzey-qoruğa çevrilən Lahıcda uzun illərin yadigarı olan məhəllə məscidləri, su kəməri və kanalizasiya (kürəbənd), Girdiman qalası qayğı ilə qorunur.

Yazıçı Manaf Süleymanov, ilk azərbaycanlı qadın gəmi kapitanı Şövkət Səlimova kimi görkəmli şəxsiyyətlərin Lahıcda dünyaya göz açmaları barədə məlumat qubalı məktəblilərin böyük marağına səbəb oldu.

Eyni zamanda, məlumat verildi ki, Prezident İlham Əliyevin ölkəmizdə turizmin inkişafına göstərdiyi diqqət və qayğı, bu istiqamətdə qəbul olunan müvafiq dövlət proqramı bu gün İsmayıllını, eləcə də Lahıcı daha çox turistin ziyarət etdiyi məkana çevirib. Son beş ildə İsmayıllıya gələn turistlərin sayı 15 min nəfərdən 81 min nəfərə çatıb. Onların təqribən  40 faizi xarici turistlərdir.

Bütün bu məlumatlar qubalı məktəblilər tərəfindən böyük maraqla qarşılandı.

Axşama yaxın qonaqlar Qəbələyə yola düşdülər.

 

Azərbaycan. - 2014.- 2 avqust.- S. 5.