SINAQDAN KİM NECƏ ÇIXDI

 

Baş Redaktordan

 

Avqustun ilk günlərinin lap başlanğıcında daim baş verən hadisə növbəti dəfə təkrar olundu!

Cəbhə bölgəsində yenə də atəşkəs pozuldu!

Amma bu dəfə daha ciddi və daha miqyaslı şəkildə: Ağdamdan tutmuş Tərtər-Ağdərəyədək olan ərazidə!

Hadisələrin gedişi göstərdi ki, düşmən budəfəki təxribata əvvəlcədən və ciddi şəkildə hazırlaşmışdı!

Həm də budəfəki "pozmada" uzaqgedən məqsəd güdülürdü!

Azərbaycan əsgəri isə qəfil hücuma qabaqcadan hazırlaşmamışdı!

"Gözləmirdi" də demək olmazdı! Çünki ordumuz xain və məkrli düşmənlə üzbəüz dayandığını heç zaman unutmur!

Həm də dünyada qarış-bulaş hadisələr baş verəndə ermənilərin "məqamdan bəhrələnmək" hiyləsini yaxşı bilirik.

Ermənilərin "dünyanın başının qarışdığı"  zamanda  nəyisə qamarlamağı bacardığı artıq kimsəyə də sirr deyil!

Düşmənə verilən cavab göstərdi ki, artıq Azərbaycan əsgəri iyirmi il bundan qabaqkı əsgər deyil!

Heç ordumuz da (təbii ki, 20 il bundan əvvəl nizami ordumuz yox idi) iyirmi il bundan qabaqkı ordu deyil!

Əslində Azərbaycanın özü də iyirmi il əvvəlki Azərbaycan deyil!

Dövlətin iqtisadi və hərbi gücü dəfələrlə artıb!

Siyasi nüfuzu və dünyaya inteqrasiyası qat-qat yüksəlib!

İnsanlarımızın özünə və dövlətinə inamı və güvənci son dərəcə çoxalıb!

Bəs bu dəfə atəşkəsin pozulmasına, düşmənin "iştahalı təxribatına" kim necə reaksiya verdi?!

Başqa sözlə, sonuncu sınaqdan kimlər necə çıxdı?!

  İrəlicədən qeyd edək ki, atəşkəsin budəfəki pozulması son on illin ən böyük təxribat əməli sayılır - həm cəbhə xətti boyunca miqyasına, həm də itkilərin miqdarına görə! Təbii ki, cəmiyyətin bütün təbəqələrinin və bir sıra qurumların, hətta ayrı-ayrı insanların (mövqeyindən və statusundan asılı olmayaraq) baş verənlərə fərqli münasibətləri oldu.

Bütövlükdə budəfəki münasibət daha təkmil və müstəqil dövlətçilik baxımından daha yetkin görünürdü.

AMMA...

Bəzi  məqamlara birlikdə baxaraq milli maraqlarımız nöqteyi-nəzərindən dəyərləndirməyə ehtiyac duyulur.

AZƏRBAYCAN ƏSGƏRİ  növbəti dəfə də mərdliyini və qəhrəmanlığını göstərdi!

"Lazım gələrsə, Vətən uğrunda canımdan belə keçməyə hazıram!" andını müqəddəs tutduğunu bütün varlığı ilə sübut etdi!

Həm də şəhidliyin ən ali məqamına yüksələrək bütün xalqın məhəbbət və hörmət ünvanına çevrildi!

Biz təkcə şəhidlərimizin taleyinə ağrımadıq, həm də onlarla fəxr etdik, sonsuz qürur duyduq!

Hər bir şəhidimiz təkcə valideynlərinin, doğulduğu el-obanın yox, bütün Azərbaycanın, hər bir ölkə vətəndaşının  əzizinə və doğmasına çevrildi!

MİLLİ ORDUMUZ hər bir hücum və təxribatların qarşısını almağa daim hazır olduğunu bir daha nümayiş etdirdi!

Eyni zamanda  sübut etdi ki, ordumuz təlimlər vaxtı göstərdiyi peşəkarlığı real döyüş şəraitində də hər zaman təkrarlamağa hazırdır!

ÖVLADLARI ŞƏHİD OLMUŞ VALİDEYNLƏR VƏ ONLARIN DOĞMALARI dərd və kədərdən, itkinin ağırlığından üzülsələr də, özlərini itirmədilər, böyük dözüm, səbir və təmkin göstərdilər.

İgid balalarının həm də vətən övladı olduğunu dərk edərək "Vətən sağ olsun" deməyi bacardılar!

Eşq olsun belə ata-analara, şəhid övladlarına!

DÖVLƏT heç bir vətəndaşının taleyinə biganə qalmadığını, ən çətin və ağır günlərində də hər bir azərbaycanlının yanında olduğunu əməli işi ilə sübuta yetirdi! Dünyasını dəyişən hər bir şəhid böyük hörmət və ehtiramla, hərbi qaydada, ordunun, dövlətin və ictimaiyyətin hörmətli nümayəndələrinin iştirakı ilə dəfn edildi. Hər bir şəhidin sücaət və qəhrəmanlığı dəyərincə qiymətləndirildi, dövlət tərəfindən təltif edildi.

CƏBHƏ BÖLGƏSİNDƏ YAŞAYANLAR heç nədən qorxmadıqlarını, dövlətə və orduya inanıb arxayın olduqlarını söylədilər. Kimsə güllə yağışı altında yaşadığı el-obasını, namərd düşmənin daim hədəf etdiyi ev-eşiyini tərk edib getmək barədə heç düşünmədi də!

Bəzi  çap və elektron kütləvi informasiya vasitələri kəndlərin boşalması barədə yalan məlumatlar yaysalar belə, heç kim bu təxribata və yalana uymadı!

ÖZƏL TELEKANALLARIN çoxu əvvəlki amplualarına sadiq qaldılar. Peşəkarlıq səviyyələrinin və yaradıcılıq imkanlarının məhdudluğu ucbatından hadisələrə dərhal reaksiya verə bilmədilər.

Orucluq günlərində belə fəaliyyətlərini dayandırmayan "mətbəx"lərində "bozbaş qazanını" qaynadaraq toy müğənnilərini oxudub oynatdılar, laqqırtılarla efir vaxtını doldurdular.

Elə bil başqa ölkənin ərazisində yerləşirdilər!

SOSİAL ŞƏBƏKƏLƏR isə telekanallardan "geri qalmamağa" çalışdılar. Ağzına və ağlına gücü çatmayanlar "müdrik fikirlər" söyləməyə, hamıya və hər kəsə "tövsiyə və məsləhətlər" verməyə başladılar!

Xalqın çətin və kədərli durumundan şou düzəltmək cəhdləri, kimlərləsə haqq-hesab çəkmək niyyəti,  cılız iddiaların baş alıb getdiyi məqamlar üstünlük təşkil etdi! Facebookda "utanmasan oynamağa nə var" müdrik deyimini unudanların sayı  normal düşünüb-danışanlardan çox oldu!

BEŞİNCİ KOLON NÜMAYƏNDƏLƏRİNİN çiçəyi çırtlamışdı. Dövləti "ittiham etmək" üçün (nədə və niyə-bilinmir) əllərinə yaxşı fürsət düşdüyünü  güman edirdilər.

Ölənlərin sayının (biz tərəfdən) qat-qat çox olduğunu deməklə, ordu rəhbərliyini və dövləti nədəsə suçlamaqla, cavanları meydanlarda mitinq və piketlərə səsləməklə (hansı münasibətlə?), dövriyyəyə saxta şəkillər və süjetlər buraxmaqla narahatlıq yaratmağa, ermənipərəst mövqelərini göstərməyə çalışdılar!

MÜHARİBƏ VETERANLARI VƏ KEÇMİŞ DÖYÜŞÇÜLƏR əsl vətənpərvər və ləyaqətli insanlar kimi davrandılar!

Yenidən silah götürməyə, ön səngərlərə girərək vətənin müdafiəsinə qatılmağa hazır olduqlarını bəyan etdilər! Vaxtilə Qarabağ uğrunda qanlarını axıdanlar bu gün təkcə gənc əsgər və zabitlərimiz üçün yox, həm də kəmfürsətlər və dönüklər üçün də vətənpərvərlik nümunəsidirlər!

QƏLƏM ƏHLİ isə özünü iki cür apardı: düşünülmüş, dəqiq və məsuliyyətli informasiya hazırlayanlar da oldu, sensasiya yaratmağa çalışanlar da!

Müdafiə Nazirliyinin iş prinsipindən xəbərsiz olanlar, hərbi əməliyyat dövründə informasiya toplamağın və yaymağın elementar qaydalarını bilməyənlər qəzet və saytlarda meydan sulayırdılar. "Sensasiyalı", "daha dəhşətli" xəbərlər "tapıb" vermək həvəskarları susmaq bilmirdi. "Dövləti borclu çıxarmaq", kimlərisə hədəfə çevirmək istəyində bulunanlar "jurnalist məsuliyyəti"ni (hərçənd ki, heç onların əksəriyyəti jurnalist də deyil) tamam unutmuşdular. "Söz azadlığı", "informasiya toplamaq və yaymaq azadlığı" belələrinin əlində "təhlükəli oyuncağa" çevrilmişdi.

Vicdanın senzurası işləməyən qəzet və saytlar başqalarından mənfi mənada fərqləndilər!

Bəzilərində jurnalist savadsızlığı və qeyri-peşəkarlıq aşkar  göründü.

Xoşbəxtlikdən hadisələrdən düzgün baş çıxaran, vətənpərvər və məsuliyyətli qələm əhli üstünlük təşkil etdi!

Sonrakı dövrlərdə isə "emosiya və sensasiya" xəstəliyinin yerini təmkin və ağıl tutmağa başladı.

Hamı ABŞ-ı demokratiyanın "etalonu", "ən stajlı demokratik dövlət" kimi tanıyır. ABŞ İraqda müharibəyə başlayanda hərbi əməliyyatlar gedən ərazilərlə jurnalistlər arasında "məsafə" (bu, hərbi dövrdə senzuranın yeni forması idi) yaratdı. Jurnalistlər və operatorlar istədikləri vaxtda istədikləri yerə gedərək müstəqil şəkildə yaza və çəkə bilməzdilər! Onlara hərbi əməliyyatlar barədə "süzgəcdən" keçirilmiş materiallar verilirdi!

Heç kəs də ABŞ-ı "mətbuat  söz azadlığını boğmaqda" ittiham etmirdi.

Müharibənin tələbləri belədir və bunu anlamaq gərəkdir!

Bizdə isə az qala hər qəzet və telekanal cəbhə bölgəsinə öz müxbirini ezam etmişdi. Hər müxbir də öz ezamiyyətini "doğrultmaq üçün" nəsə tapıb yazmalı idi. Bəzən mənasız mövzularda reportajlar hazırlanırdı.

Amma təyyarə uçuşlarının və zirehli texnikanın yerdəyişməsinin (hələ bilinmir ki, təyyarə harada uçur, tank hardan-hara gedir) çəkilib göstərilməsini başa düşmək çətindir!

Lap tutaq ki, orduda nəyəsə hazırlıq gedir! Axı, sən bunları çəkib göstərməklə satqınlıq etmış, vətənə xain çıxmış olursan! Bir düşünsənə!!!

Erməni informasiya mənbələrinə istinadən düşmənin dezinformasiyasını yaymaq, yalandan şəhidlərin sayını çox söyləmək, ölkədə hərbi səfərbərliyin keçirilməsi barədə yalan xəbərlər vermək, dövləti matəm elan etməyə çağırmaq, Müdafiə Nazirliyini qınayaraq "açıq informasiya" verməyə az qala məcbur etmək  məqsədi şübhəli görünən yaramaz əməllərdir!

Bəziləri facebook yazışmalarını "sosial jurnalistika" adlandırmaqla onlara "qanuni status" verməyə çağırırlar. Belələri unudurlar ki, məsuliyyətsiz və mənəviyyatsız jurnalistika  ola bilməz!

Əsl jurnalistika "KİV haqqında qanun"un və Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının prinsipləri əsasında  fəaliyyət göstərir. Bunlardan kənarda isə yalnız dedi-qodu, qərəz, şər-böhtan, şəxsi maraq və dərəbəylik mövcuddur!

Bunlar isə jurnalistika deyil!

Ermənistan tərəfindən atəşkəsin ciddi şəkildə pozulması və təxribat əməllərinə beynəlxalq reaksiyalar da oldu. Azərbaycanın dostları, bir sıra qurumlar və siyasi xadimlər hadisəyə düzgün və obyektiv yanaşaraq Ermənistanı sülh danışıqlarını pozmaqda günahlandırdılar!

AMMA

ATƏT-in Minsk qrupu yenə də ikili standartların əsiri, susqun və fəaliyyətsiz göründü!

HƏMSƏDR DÖVLƏTLƏR yalnız narahatlıqlarını bildirməklə bu dəfə də baş verənlərin fövqünə yüksəlmədilər!

BMT də növbəti açıqlaması ilə qəbul etdiyi dörd qətnamənin icrasını yada salmadan neçənci dəfədir ki, aşağı düşmüş nüfuzunun qayğısına qalmadı!

AZƏRBAYCAN XARİCİ İŞLƏR NAZİRLİYİNİN mövqeyi isə qətiyyətli və prinsipial səsləndi! Xarici İşlər Nazirliyinin bəyanatında deyilir:

"Danışıqlarda qeyri-konstruktiv mövqe nümayiş etdirən, status-kvonun qorunub saxlanmasında maraqlı olan və həmçinin Madrid sülh planından boyun qaçıran işğalçı Ermənistanın BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əməl etməməsi, qanlı etnik təmizləmə siyasəti həyata keçirməsi, 1 milyondan artıq insanı öz yurdundan qovması və sonunda sülh prosesinə xələl gətirən bu cür təxribatçı addımlar atması bu ölkəyə qarşı beynəlxalq  ictimaiyyət tərəfindən ciddi sanksiyaların tətbiq edilməsi üçün əsas verir!"

 

Azərbaycan. - 2014.- 6 avqust.- S. 3.