Ermənistan beynəlxalq təşkilatların qərarlarına hörmətsizlik edir

 

Onlar isə işğalçı ölkənin hərəkətlərinə göz yumurlar

 

Son altı gündə işğalçı Ermənistan ordusunun atəşkəs rejimini pozması nəticəsində Azərbaycan Silahlı Qüvvələri 13 hərbçisini itirdi. Bunun qarşılığında düşmənə layiqli cavab verildi. Amma heç kim soruşmadı, erməni əsgərinin Azərbaycan torpağında nə işi var ki, orada həlak olurlar? Həmişəki kimi, yenə də işğalçı ölkəyə heç bir sanksiya tətbiq olunmur.

Əksər beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünü tanıması haqqında qərar və qətnamələri var. Amma bunların heç biri icra olunmur. Çünki bu gün beynəlxalq ictimaiyyət Ermənistanın danışıqlarda qeyri-konstruktiv mövqe nümayiş etdirməsinə, status-kvonun qorunub saxlanması cəhdlərinə, danışıqların pozulmasına yönəlik addımlarına kəskin iradını bildirmir. Halbuki Ermənistan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri başda olmaqla, nüfuzlu beynəlxalq qurumların qərar və qətnamələrini də icra etməyərək onlardan boyun qaçırır. Eyni zamanda, Ermənistan ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatında əks olunmuş status-kvonun saxlanmasının yolverilməzliyi, hərbi əməliyyatlardan çəkinməsi və münaqişənin sülh yolu ilə həlli təkliflərini də saymır.

Cəbhə xəttində baş verən hadisələrə bəzi beynəlxalq təşkilatların rəhbərləri, ayrı-ayrı ölkələrin rəsmi qurumları münasibət bildirərək öz narahatlıqlarını ifadə edirlər.  ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən olan Fransanın Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir  ki, Dağlıq Qarabağ münaqişəsi yalnız danışıqlar yolu ilə həll oluna bilər: "Fransa tərəfləri atəşkəs haqqında sazişə əməl etməyə, yeni insidentlərdən qaçmaq üçün gərginliyin azaldılması istiqamətində təcili tədbirlər görməyə çağırır".

NATO-nun Cənubi Qafqazda əlaqələndirici nümayəndəsi Uilyam Lahuebildirir ki, təmsil etdiyi qurum son günlər Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verən gərginlikdən narahatdır. Uilyam Lahue deyir ki, NATO Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləməkdə davam edəcək: "NATO Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinin tərəfdarıdır. Münaqişədə gərginliyin yaranması yalnız Azərbaycan və Ermənistan üçün deyil, bütün regionun sabitliyi üçün təhdiddir və hər iki tərəf bu gərginliyi aradan qaldırmaq üçün tədbirlər görməlidir".

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Cen Psaki isə deyir ki, ABŞ təmas xəttində insan itkisinə yol açan zorakılığın artmasından narahatdır. Dövlət rəsmisi tərəfləri gərginliyin azaldılmasına yönəlik addımlar atmağa və atəşkəs sazişinə əməl etməyə çağırır: "Münaqişənin hərbi yolla həlli mümkün deyil. Cavab tədbirləri və perspektivdəki zorakılıqlar münaqişənin dinc yolla nizamlanmasını çətinləşdirəcək". O, ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın tərəflərə yardım etməyə hazır olduğunu deyir.

Göründüyü kimi, baş verən hadisələrə münasibət bildirənlərin hər biri sadəcə narahatlıqlarını ifadə edir. Təəssüflə qeyd etməliyik ki, bu fikirlərdə işğalçının və işğala məruz qalanın adı konkret çəkilmir. Onların hər biri Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini bildiyi halda işğalçı sözünü dilə gətirmir.

Son aylarda Ukraynada baş verən proseslər göstərdi ki, beynəlxalq təşkilatlar və ayrı-ayrı ölkələr sanksiyalarla təzyiq metodunu işə sala bilərlər. Ancaq Ermənistana gəldikdə beynəlxalq təşkilatlar və Qərb ölkələri susmağa üstünlük verir, heç bir təzyiq metodu barədə düşünmək istəmirlər. Bu da onların Dağlıq Qarabağ məsələsinə yanaşmada ortaya qoyduqları ikili standartların göstəricisidir.

Bu məsələ ilə bağlı fikirlərini bölüşən siyasətçilər hesab edirlər ki, işğalçı ölkəyə qarşı yeni sanksiyalar tətbiq edilməlidir. Amma beynəlxalq təşkilatlar hələ də susur.

Milli Məclis Sədrinin müavini, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyir ki, son günlər baş verən olaylar hər kəsdə çox ciddi narahatlıq hissi yaradıb. Ermənistanın çirkin əməlləri göz önündədir, lakin buna qiymət verilmir: "Dünya ictimaiyyətini Ermənistanın artan bu kimi hərəkətlərinə qiymət verməyə çağırırıq. ATƏT-in Minsk qrupunun həmsədrləri, ATƏT-in Minsk qrupuna üzv olan ölkələr, eləcə də vasitəçilik missiyasını daşıyan dövlətlər bu məsələ ilə bağlı kəskin münasibət bildirməlidirlər. Çünki bu, səngərdə dayanmış əsgərlər arasında deyil, dinc insanların da həlak olmasına səbəb olur.  Azərbaycan ərazilərinin atəşə tutulması, gülləbaran edilməsi bütün ölkə vətəndaşları kimi, dünya ictimaiyyətini də narahat etməlidir".

Vitse-spiker hesab edir ki, Azərbaycan vətəndaşları, müvafiq qurumların rəhbərləri, siyasətlə məşğul olan insanlar bütün imkanlardan istifadə edərək qüvvələrini ölkə vətəndaşlarını həmrəy olmağa, Azərbaycan dövləti ətrafında sıx birləşməyə, eləcə də bütün imkan və səylərimizi Ermənistanın təcavüzkar siyasətini ifşa etməyə və onu durdurmağa yönəltməlidir.

"Beynəlxalq ictimaiyyət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində acizlik nümayiş etdirir". Bunu isə Milli Məclisin deputatı Asim Mollazadə söylədi. Deputatın sözlərinə görə, beynəlxalq təşkilatlar boş bəyanatlarından və həmsədrlərin beynəlxalq turist səfərlərindən başqa heç nə etmirlər. Təcavüzkarın siyasətinə qiymət verilmir, Ermənistanın üzərinə müvafiq sanksiyalar həyata keçirilmirbuna görə də Azərbaycan münaqişənin sülh yolu ilə həllinə nail ola bilmir. Ukrayna, Gürcüstan, Moldovadakı hadisələr Dağlıq Qarabağın analoqudur. Bu münaqişələrin həlli də beynəlxalq hüquq normaları çərçivəsində həllini tapmalıdır: "Bütün beynəlxalq təşkilatlardan BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icrası istiqamətində müvafiq addımların atılmasını və təcavüzkara qarşı sanksiyaların tətbiq edilməsini tələb edirik. Əks halda həm Ukrayna, həm də digər bölgələrdə gərginlik artacaq. Ermənistan Azərbaycana yeni təzyiqlər edilməsinə nail olmağa çalışır. Biz qətiyyətlə bütün həmsədr ölkələri münaqişənin həlli ilə bağlı BMT-nin qəbul etdiyi qətnamələri yerinə yetirməyə çağırırıq".

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan. - 2014.- 6 avqust.- S. 4.