«Applied and Computational Mathematics» yenidən 0.697 İmpakt Faktorla ölkəmizin elmini uğurla təmsil edir

 

Mərkəzi ofisi ABŞ-ın Filadelfiya şəhərində yerləşən "Thomson Reuter" təşkilatı Elmi İnformasiya İnstitutunun 2013-cü il üçün hesabatı açıqlanıb.

Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutundan AzərTAc-a bildiriblər ki, 2008-ci ildən bu  təşkilatın siyahısında yer alan yeganə Azərbaycan elmi jurnalı olan "Applied and Computational  Mathematics" ("Tətbiq hesablama riyaziyyatı") yenidən 0.697 İmpakt Faktorla ölkəmizin elmini uğurla təmsil edir. Bu göstərici ilə jurnal nəinki postsovet məkanında, hətta Şərqi Avropada nəşr edilən uyğun profilli jurnalları üstələyir.

Bütün dünya üzrə  elmi jurnalların, alimlərin, universitetlərin, elmi  müəssisələrin s. qiymətləndirmə sistemini həyata keçirən "Thomson Reuter" təşkilatı Elmi İnformasiya İnstitutunun budəfəki hesabatında bir çox tanınmış jurnalların impakt faktorları ciddi şəkildə azalıb, bəziləri isə, ümumiyyətlə, təşkilatın siyahısından çıxarılıb.

Xatırladaq ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, AMEA və BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutu tərəfindən təsis olunan "Applied and Computational Mathematics" jurnalı 2002-ci ildən nəşr edilir. Onu da qeyd  edək ki, jurnalın baş redaktorları akademik Əli Abbasov, akademik Fikrət Əliyev və professor Vladimir Larindir, fəxri redaktoru isə Tamer Başardır.

 

Azərbaycan. - 2014.- 6 avqust.- S. 6.