Uzun ömrün sirri

 

"Gədəbəy Mineral Suları"nın bu sloqanının nüvəsində dayanan sirlərdən biri turşu-qələvi balansı ilə bağlıdır

 

Hazırda ölkəmizdə fəaliyyət göstərən istehsal fəaliyyətli sahibkarlıq subyektləri arasında "Gədəbəy Mineral Suları" MMC öz profilinə görə xüsusi olaraq seçilir. Ölkəmizdəki biznes mühiti və rəhbərlik etdiyi müəssisənin mövcud vəziyyəti haqqında məlumat almaq üçün müəssisənin həmtəsisçisi İlham Əliyevə müraciət etdik.

- Əvvəlcə bir sahibkar kimi Azərbaycanda mövcud olan biznes mühiti haqqında fikirlərinizi bilmək istərdik. Sahibkarlar üçün yaradılan şərait Sizi nə dərəcədə təmin edir?

-   Müəssisəmiz 2010-cu ildə təsis olunub. Şübhəsiz ki, ölkədə normal biznes mühiti olmadan bizim inkişafımız mümkün deyildi. Biz məhz Sahibkarlığa Kömək Milli Fondunun ayırdığı vəsait hesabına Gədəbəy rayonunun Zəhmət kəndində su istehsalı və qablaşdırılması fabrikini yarada bildik. Bulaqlardan nəql olunaraq istehsalat sahəsinə çatdırılan suyun anbarlara yığılması, tam müasir tələblərə uyğun müasir ultrafiltrasiya sistemi və ümumilikdə prosesdə istifadə olunan avadanlıqların hər biri tam müasir tələblərə uyğundur.  Bütün bunlar isə dövlətin dəstəyi sayəsində mümkünləşib. Hazırda müəssisəmizdə işləyənlərin sayı yüz nəfərə yaxındır. Müəssisənin satış imkanları ildən-ilə genişlənir. Bu ilin əvvəlində iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev müəssisədə olub. O, görülən işlərdən məmnun qalmaqla yanaşı, əlavə tövsiyələrini də verdi. Ümumiyyətlə, ümumi fəaliyyətimizi dövlətin bizə verdiyi dəstəyə uyğun şəkildə qurmağa çalışırıq ki, lazımi töhfələrimizi verə bilək.

- Biznes fəaliyyətinə başlayarkən məhz Gədəbəy sularını seçməyiniz hansı səbəbdən qaynaqlanır?

- Biznes fəaliyyətinə başlamazdan əvvəl bir qədər araşdırmalarımız oldu. Biz respublikanın bölgələrinin müəyyən məhsullar üzrə brendləşməsi üzərində dayandıq. Məsələn, Gədəbəy rayonunda yetişdirilən kartof digər regionlarda olanlarla müqayisədə daha keyfiyyətlidir və brendə çevrilib. Göyçayın narı, Şəkinin halvası, Qubanın alması, Xaçmazın pomidoru, İsmayıllının pendiri, cənub bölgəsinin ləvəngisi və bu qəbildən olan digərlərini sadalamaq olar. Bu sıraya brend kimi qəbul olunan Gədəbəyin bulaq suları da daxildir. Araşdırma apardığımız zaman biz öyrəndik ki, Gədəbəydən avtobuslarla xüsusi qablarda bulaq suyu gətirilir və paytaxtın Sabunçu rayonu ərazisində normal satışı təmin olunur. Bu fəaliyyət bizdə ideya formalaşdırdı. Nəzərdə tutduq ki, həmin suyun daha sivil qaydada istehsalat sahəsini yaratmaqla qablaşdıraraq respublika ərazisində kütləvi satışını təşkil edək. Lakin bu çox da asan məsələ deyildi. Çünki "Sirab" və "Badamlı" kimi ölkəmizdə məşhur olan su brendlərinin ardınca yeni brend, marka ortaya qoymaq iddiamız yaranmışdı. Həmin sudan götürülən nümunəni analiz etmək üçün laboratoriyaya verdik. Nəticələr olduqca yüksək və ürəkaçan idi. Ən mühümü bu suyun insan sağlamlığına xeyirli olması idi. Bildiyiniz kimi, insan orqanizminin 75-80 faizindən çox hissəsi sudan ibarətdir. Bütün toxumalar, hüceyrələr bu suyun içərisində fəaliyyət göstərir. Bizim suyun üstün cəhətlərindən biri pH turşu-qələvi balansından ibarət olmasıdır. Suda qələvi çox olduqda daha xeyirli sayılır. Məsələn, pH 8 olduqda daima bu sudan istifadə edənlər daha çox yaşayırlar. Ona görə də sloqanımız "Uzun ömrün sirri"dir. Bu sloqanın nüvəsində dayanan sirlərdən biri pH-la bağlıdır. İkinci mühüm mineral metasilikatdır. Bu element mədə-bağırsaq sistemində həzmlə bağlı böyük əhəmiyyətə malikdir. Oturaq mühitiya qidalanma rejiminin gözlənilməməsi səbəbi ilə bağlı insanlarda qəbizliyə meyillilikxeyli artıb. Mədə-bağırsaq sisteminin normal fəaliyyətində və qəbizliyin aradan qaldırılmasında metasilikatın müstəsna əhəmiyyəti var. Aparılan kimyəvi analizlərin nəticələri bizdə bu suya olan inamı daha da artırdı. Bir daha bu suyun istehsalına başlamağa və niyyətimizin uğurla nəticələnəcəyinə əmin olduq.

- Bu gün respublikamızda su biznesi ilə məşğul olan sahibkarlar çoxdur. Siz rəqabətə davam gətirmək və eyni zamanda daha da inkişaf etmək üçün hansı tədbirləri görürsünüz? Konkret olaraq Sizin satdığınız suyun digərlərindən fərqli üstünlükləri hansılardır?

- Biz suyun istehsal sahəsində həm suyun, həm də bu prosesdə istifadə olunan avadanlıqların sanitar-gigiyenik normalara uyğunluğuna çalışırıq. Onun üçün tez-tez sular laborator analizə cəlb olunur. Bundan başqa, suyun təmizlənməsində ultrafiltrasiya sistemindən istifadə edilir ki, bu da mexaniki proses olduğu üçün suyun tərkibində olan elementlərə mənfi təsir göstərmir. Nəticədə suyun təbiiliyi qorunur. Vacib məsələlərdən biri insanlara suyun çatdırılması üçün servisin yüksək səviyyədə qurulması, işçilərin vəzifələrini şərəflə yerinə yetirmələridir. Malın çatdırılması ilə paralel müştəri məmnuniyyətinin qazanılması da vacib məsələdir. Həm işinə, həm xidmət göstərdiyin insanlara, həm dövlətə sevgi olanda sanki Tanrı adamın bütün işlərinin irəli getməsinə kömək edir. Xüsusi cəhətlərdən biri bulaq sularının axıb töküldüyü anbarda bütün sutka ərzində müqəddəs Quran ayələrinin oxunmasıdır. Uzun illər su üzərində tədqiqatlar aparmış yapon alimi Massarinin bir deyimi var. O deyir ki, suyun çox güclü enerji yaddaşı var. Onu qəbul edin təsirini hiss edin. O, suyu qablara dolduraraq müxtəlif otaqlarda yerləşdırır fərqli musiqilər qoyur. Sular donandan sonra mikroskop altında onların kristal quruluşuna baxır. Məsələn, Çaykovskinin musiqisi səslənən otaqdakı suyun çox gözəl mozaikası var. Rok musiqi altında dondurulan suda isə burulğan effekti hiss olunur. Beləliklə o, suyun informasiya yaddaşının olmasını isbat edir. Biz istehsalat sahəmizdə müqəddəs Quran ayələrini səsləndirməklə insanlara ünvanladığımız suyun onlara xoş ovqat müsbət enerji verməsini istəyirik.

- Deyilənə görə, hazırda növbəti istehsalat müəssisənizin açılması istiqamətində ciddi işlər görülür. Yeni müəssisənin istifadəyə verilməsi Sizə verəcək?

-  Biznesi velosipedə bənzədirlər. Gərək o, daim hərəkətdə olsun. Əks halda heç bir uğurdan söhbət gedə bilməz. Ona görə dövlətimizin dəstəyi ilə ikinci fabrikimizin tikintisini aparırıq. Burada istehsal həcmi quraşdırılan texnologiyalar daha böyük olacaq. Bu fabrikdə saatda 16 min ədəd 0,5 litrlik qabda su istehsalı mümkün olacaq. Eyni zamanda, müxtəlif növ limonadların da istehsalı nəzərdə tutulur. Məqsəd ölkənin istehlak bazarına daha keyfiyyətli ağız dadına uyğun limonadlar cəlb etməkdir. Bu da istehsal satış həcminin artmasına təkan verəcək. Beləliklə işçilərin sayı təxminən 60 nəfərə qədər artacaq. Dağlıq relyefə malik, Ermənistanla sərhəd bölgədə yerləşən  bir rayonda yeni yerlərinin açılması çox vacib məsələdir.

- "Gədəbəy Mineral Suları" MMC-nin məhsulları artıq ölkə hüdudlarından kənara ixrac edilməkdədir. Yaxın perspektiv üçün ixracın həcmini hansı səviyyəyə çatdırmağı proqnozlaşdırırsınız?

- İlk fabrikimizi açanda bazarın tələbatını tam bilmədiyimiz üçün oradakı texnologiyalar böyük həcmdə məhsul istehsal etməyə imkan vermirdi. Yeni fabrikdə  isə istehsal artacaq. Hazırda ixrac yalnız Rusiyayadır. Sonrakı mərhələdə isə məhsullarımız Orta Asiya ərəb ölkələrinə ixrac olunacaq. Artıq bu istiqamətdə danışıqlar gedir. Qarşı tərəflər götürülən nümunələrə uyğun olaraq suyun keyfiyyətindən razıdırlar. Əgər əvvəl ixrac ümumi istehsalın 10 faizini təşkil edirdisə, sonradan bu həcm orta hesabla 20-30 faizi keçəcək.   

 

Müsahibəni apardı:

Əli SƏLİMOV

 

Azərbaycan. - 2014.- 6 avqust.- S. 7.