Azərbaycan alimlərinin əsəri ABŞ-ın nüfuzlu «Springer» nəşriyyatında çap olunub

 

Akademiklər Cəlal Əliyev, İradə Hüseynova, alimlərdən Nərgiz Sultanova, Ələmdar Məmmədov və  Səftər Süleymanovun həmmüəllifləri olduqları "Biotik stress və kənd təsərrüfatı bitkilərinin yaxşılaşdırılması" adlı fəsil ABŞ-ın nüfuzlu "Springer" nəşriyyatında çapdan çıxmış "İqlim dəyişkənlikləri erasında kənd təsərrüfatı bitkilərinin yaxşılaşdırılması" kitabına daxil edilib.

Azərbaycan Milli Elmlər Akademiyasından AzərTAc-a bildiriblər ki, kitab bitkilərdə virus xəstəliklərinin tədqiqinə həsr olunub. 2008-ci ildən başlayaraq Azərbaycanda ilk dəfə olaraq AMEA Botanika İnstitutunun bioloji məhsuldarlığın fundamental problemləri şöbəsində akademik Cəlal Əliyevin rəhbərliyi altında tərəvəz və paxlalı bitkiləri yoluxduran virus xəstəliklərin molekulyar diaqnostikası və identifikasiyası üzrə tədqiqat işlərinə başlanılıb. Azərbaycanın müxtəlif bölgələrinə çoxsaylı fitopatoloji monitorinqlər zamanı mozaika, cırtdanboyluluq, saralma, soluxma, burulma, buğumlararası qısalmalar və floemanın rəngsizləşməsi kimi virus xəstəliyinin xarakterik simptomlarına əsaslanan vizual diaqnostika nəticəsində bitki nümunələri toplanaraq İFA test-sistemi və ən müxtəlif müasir molekulyar metodlarla təyin edilib. Aparılan tədqiqatlar nəticəsində tərəvəz və paxlalı bitkilərdə RNT-genomlu (ToCV, TMV, CMV, CYSDV, CVYV, CCYV, MNSV, BCMV, BLRV, BYMV) və DNT-genomlu (TYLCV və nanoviruslar) viruslar aşkar olunub və onların növ səviyyəsində identifikasiyası aparılıb. Eyni zamanda, viruslarla yoluxmuş bitkilərin struktur-funksional xüsusiyyətləri kompleks tədqiq edilib.

Patogenez zamanı sərbəst radikalların yaranması və antioksidant müdafiə sistemləri, xloroplastların nativ halı, fotosintetik aparatın fotokimyəvi fəallığı, FS II-nin potensial kvant çıxımı (Fv/Fm nisbəti), tilakoid membranı zülalları və fotosintetik piqmentlər ətraflı öyrənilib.

Kitabda yer alan müvafiq fəsil "Springer" nəşriyyatından daxil olan xüsusi dəvət əsasında hazırlanıb.

 

AzərTAc

 

Azərbaycan. - 2014.- 5 avqust.- S. 5.