Qədim Gəncənin zəngin maddi-mədəniyyət abidələri dünənimizdən bu günümüzə uzanan körpüdür

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq ”Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində lənkəranlı şagirdlərin Gəncə ilə tanışlığı davam edir.

AzərTAc xəbər verir ki, avqustun 2-də şagirdlər dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini ziyarət etdilər. Burada Lənkəran məktəbliləri dahi şairin həyat və yaradıcılığı, eləcə də məqbərə ətrafında aparılan yenidənqurma işləri barədə ətraflı məlumat verildi.

Məqbərənin qarşısında ucaldılmış Nizami muzeyi ilə tanışlıqdan sonra məktəblilər burada xatirə şəkli çəkdirdilər.

Şagirdlər Bakı istiqamətindən Gəncəyə girişdə ucaldılmış möhtəşəm qala- muzey kompleksi ilə də böyük maraqla tanış oldular. Sonra lənkəranlı məktəblilər Gəncənin mərkəzində ucaldılmış Cavad xan türbəsini ziyarət etdilər, XVII əsrdə inşa edilmiş Şah Abbas məscidinə, çökək hamama baxdılar. Bildirildi ki, qədim Gəncənin zəngin maddi-mədəniyyət abidələri dünənimizdən bu günümüzə uzanan körpüdür. Bu tarixi abidələr haqqında geniş məlumat əldə edən qonaqlar Xan bağında istirahət etdilər və həmyaşıdları ilə maraqlı görüşlər keçirdilər.

Avqustun 3-də lənkəranlı şagirdlər Göygöl və Şəmkirə səfər edəcək, hər iki rayonun tarixi, mədəniyyəti, adət-ənənələri, eləcə də son illər aparılan abadlıq və yenidənqurma işləri ilə tanış olacaqlar.

 

Azərbaycan. - 2014.- 3 avqust.- S. 3.