Türkiyə ordu generalı: Ehtiyatda olan türk hərbçilər Azərbaycan xalqı ilə hər zaman həmrəydir

 

Ermənistan silahlı qüvvələrinin son günlər Ermənistan-Azərbaycan dövlət sərhədi və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozaraq Silahlı Qüvvələrimizin mövqelərinə basqınına etiraz edən Türkiyə ictimaiyyətinin nümayəndələri xalqımızla həmrəyliklərini müxtəlif formalarda davam etdirirlər.

Türkiyənin ehtiyatda olan ordu general-mayoru Necdet Timur AzərTAc-a müsahibəsində son illər Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi inkişaf yolundan qürur duyduğunu bildirərək qeyd edib ki, Azərbaycan ordusunun yüksək peşəkarlığa, hərbçilərimiz mənəvi-psixoloji üstünlüyə malikdir.

“Azərbaycan müasir modernləşmiş, hərtərəfli təchizata malik qüdrətli orduya malikdir. Lakin təcavüzkar Ermənistan dövləti Azərbaycanın sülhməramlı siyasətindən öz çirkin məqsədləri üçün istifadəsini davam etdirir. İşğalçı tərəf anlamalıdır ki, Azərbaycan xalqı heç zaman öz torpaqlarının itirilməsi ilə barışmayacaq. Azərbaycan ordusu işğal altındakı torpaqlarını azad etməyə qadirdir və Türkiyə ictimaiyyətinin bütün təbəqələri, o cümlədən ehtiyatda olan hərbçilər hər zaman Azərbaycan xalqı ilə həmrəydir”.

 

Sabir Şahtaxtı

AzərTAc-ın xüsusi müxbiri

İstanbul

 

Azərbaycan. - 2014.- 7 avqust.- S. 7.