Ermənistan təcavüzkar siyasətindən əl çəkməyə məcbur edilməlidir

 

Dağlıq Qarabağ münaqişəsinin sülh danışıqları yolu ilə həlli istiqamətində atılan siyasi addımlar beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri, ATƏT-in, Avropa Şurasının və digər beynəlxalq təşkilatların müvafiq sənəd və qərarlarına əsaslanır. Lakin təəssüflə qeyd etməliyik ki, Minsk qrupu vasitəsilə aparılan sülh danışıqları 1994-cü ildəki atəşkəs razılaşmasından bəri nəticəsiz qalır. Bu təşkilatların müvafiq sənədlərində işğalçı qoşunların Azərbaycan Respublikasının zəbt etdikləri bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilsə də, Ermənistan dünyanın gözü qarşısında buna məhəl qoymur.

Bu müharibədə Azərbaycanın torpaqları işğal edilsə də, sonrakı dövrdə daha çox uduzan məhz Ermənistan olub. Öz təcavüzkar siyasətinin qurbanı olan Ermənistan bütün regional və beynəlxalq layihələrdən kənarda qalıb. Qonşuları ilə normal münasibətlər yarada bilməməsi səbəbindən iqtisadi blokadada qalıb və 20 il əvvəl necə idisə, indi də səfalət içində yaşayır. Əhalisi sürətlə azaldığından hətta orduya əsgər çağırışında hər il ciddi problemlərlə üzləşir.

Azərbaycanda isə vəziyyət fərqlidir. Son illərdə dinamik inkişaf edən Azərbaycan regionun aparıcı dövlətidir. Azərbaycanın iştirakı və razılığı olmadan bölgədə hər hansı iqtisadi layihənin reallaşması mümkün deyil. Dünyanın enerji təhlükəsizliyinə, terrorizmlə mübarizəyə böyük töhfələr verən Azərbaycan həm də dünya birliyində özünə layiqli yer tutub. İndi Azərbaycanın strateji valyuta ehtiyatları 50 milyard dollardan çoxdur. Azərbaycanın hərbi büdcəsi isə Ermənistanın dövlət büdcəsini üstələyir. Bütün bu müqayisələrdən sonra məlum olur ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvonun dəyişməsi Azərbaycan üçün nə qədər vacibdirsə, Ermənistan üçün daha önəmlidir. Status-kvonun dəyişməsinin vacibliyini həmsədrlər də dəfələrlə açıq bildiriblər, lakin təəssüf ki, ortada bir nəticə yoxdur. Çünki Ermənistan müxtəlif bəhanələr gətirməklə münaqişənin sülh yolu ilə həllini uzadır.

Sülh danışıqlarına gəldikdə, onu da qeyd etmək lazımdır ki, bu məsələ ilk vaxtlardan regional müstəvidən çıxıb. 1994-cü ildən başlayaraq problemin həlli ilə bağlı bir neçə variant nəzərdən keçirilib. Amma bütün həll variantları məhz Ermənistanın qeyri-konstruktivliyi ucbatından alınmayıb. Azərbaycan problemin həllinə dair vasitəçilərin təqdim etdiyi variantları dəstəkləsə də, Ermənistan bunu etməyib və həm birbaşa, həm də dolayı yolla regiondakı status-kvonun dəyişməz qalmasına çalışıb.

Məsələnin təəssüf doğuran tərəfi isə bütün bu proseslərin, xüsusən Ermənistanın nümayiş etdirdiyi ədalətsiz mövqeyin Avropanın və dünyanın gözü qarşısında baş verməsidir. Avropadakı mövcud münaqişələri qəti şəkildə aradan qaldıran beynəlxalq birliyin Azərbaycanın ərazi bütövlüyünün pozulmasına olan etinasız münasibəti, məsələyə yanaşmada ikili standartlardan çıxış etməsi, işğalçını öz adı ilə çağırmaqdan çəkinməsi nə qədər acı olsa da, gözümüzün önündə baş verən reallıqdır. Prosesə real təsir imkanlarına malik olanlar problemin birdəfəlik həlli üçün konkret təzyiq mexanizmlərindən istifadə etmək istəmirlər.

Bu günlərdə erməni hərbçilərinin həm işğal etdikləri ərazilərimizdə, həm də Azərbaycanla sərhəddə törətdikləri hadisələr, Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə basqın etmək cəhdləri Ermənistanın təcavüzkar və işğalçılıq siyasətinin növbəti təsdiqi oldu. Bununla bir daha sübut olundu ki, rəsmi Yerevan münaqişənin həllində maraqlı deyil. Düzdür, ermənilər bu hadisələrdə Azərbaycan ordusunun layiqli cavabını aldılar. Ciddi tələfat verərək geri çəkilmək məcburiyyətində qalan ermənilər Azərbaycan ordusunun gücünü və qüdrətini gördülər. Nə qədər gizlətməyə çalışsalar da, ayrı-ayrı erməni mənbələri Ermənistan ordusunun çox sayda canlı qüvvə  itirdiyini etiraf etdi. Döyüşlərdə ordumuzun 13 əsgərinin şəhid olmasına Azərbaycan vətəndaşlarının reaksiyası isə xalqımızın vətənpərvərlik ruhunun, torpaqlarımızı işğaldan azad etmək əzminin nə qədər yüksək olduğunu göstərdi.

Cəbhə xəttində baş verənlərə ayrı-ayrı dövlətlərin rəsmiləri də münasibət bildirdilər. Səslənən bəyanatlarda tərəflərin sülh sazişinə əməl etmələri barədə çağırışlar oldu, cəbhə xəttindəki hadisələrin narahatlıq doğurduğu bildirildi. O da vurğulandı ki, atəşkəsin pozulması aparılan sülh danışıqlarına kölgə salır. Məsələn, ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Cen Psaki keçirdiyi son brifinqdə deyib: "Biz ATƏT-in Minsk qrupunun həmsədri olaraq Dağlıq Qarabağ münaqişəsinin həlli üçün tərəflərə dəstək verməyə hazırıq". BMT-nin Baş katibi Pan Gi Mun da ATƏT-in Minsk qrupunun səylərini tam dəstəklədiyini, münaqişə bölgəsində gərginliyin artması ilə əlaqədar narahatlığı bölüşərək tərəfləri atəşkəs barədə sazişə hörmətlə yanaşmağa, münaqişənin qısa zamandasülh yolu ilə həllinə nail olmaq üçün dialoqu davam etdirməyə çağırıb.

Digər dövlətlərin də rəsmi qurumları təxminən bunlara oxşar bəyanatlar səsləndirdilər. Amma heç bir münasibətdə, heç bir bəyanatda Dağlıq Qarabağ probleminin həlli üçün qətiyyətli və konkret tələb ortaya qoyulmadı. Heç bir dövlət, xüsusən ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistandan BMT Təhlükəsizlik Şurasının, Avropa Şurasının, İslam Əməkdaşlıq Təşkilatının sənədlərinə əməl etməyi tələb etmədilər. Bu bəyanatlarda bilinmədi ki, işğal edən və işğala məruz qalan tərəflər hansılardır. Yenə də işğalçı öz adı ilə çağırılmadı. Beləliklə, Qərb ölkələri və beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həllinə növbəti dəfə ikili standartlardan yanaşdıqlarını bir daha nümayiş etdirdilər. Onlar Azərbaycan torpaqlarının işğal olunduğu faktını, bir milyondan artıq azərbaycanlının qaçqın-köçkün vəziyyətində yaşadığını bilsələr də, Ermənistanın işğalçılıq siyasətini pisləmədilər.

Avropanın yaxın keçmişində və elə bugünündə hansısa münaqişənin aradan qaldırılması üçün tərəflərdən birinə təzyiqlərin olunması, sanksiyaların tətbiq edilməsi təcrübəsi var. Keçmiş Yuqoslaviyada baş verən hadisələrdə Qərb konkret mövqe ortaya qoymuşdu. Bu gün Ukraynanın şərqində baş verənlərlə bağlı Avropa ölkələri Rusiyanı ittiham edərək bu ölkəyə qarşı bir sıra sanksiyalar tətbiq edirlər. Əslində, bu cür sanksiyalar, təzyiq metodları Ermənistana çoxdan tətbiq edilməli idi. Çünki bu ölkə indiyədək heç bir beynəlxalq təşkilatın sənədinin tələblərinə məhəl qoymayıb. Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov müsahibəsində bu məsələyə toxunaraq deyib: "Ermənistan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri başda olmaqla, nüfuzlu beynəlxalq qurumların qərarlarını icra etməkdən boyun qaçırır. Son günlər məhz onun təxribatının nəticəsi olaraq cəbhə xətti boyunca gərginlik artdı, atəşkəsin tam pozulması və hərbi əməliyyatların bərpa edilməsi təhlükəsi yarandı, çox sayda insan həlak oldu, sərhəddə yaşayan dinc əhalinin həyatı təhlükə ilə üzləşdi. Düşünürəm ki, Ermənistana qarşı ciddi sanksiyaların tətbiq edilməsi həm də bütün regionda təhlükəsizliyin təmin olunması üçün vacibdir. Üstəlik, dünyada analoji halların təhlili təsdiq edir ki, təcavüzkarı dayandırmağın ən effektli yolu ona qarşı təsirli praktiki tədbirlərin görülməsindən keçir".

Beynəlxalq ictimaiyyət, xüsusən Qərb dövlətləri Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım etmək niyyətlərində səmimi olduqlarını sübut etmək istəyirlərsə, ilk növbədə işğalçı Ermənistanı öz adı ilə çağırmalı, bu ölkəni təcavüzkar siyasətindən əl çəkməyə məcbur etməlidirlər. Əgər tərəflərə həqiqətən kömək etmək istəyirlərsə, o zaman Ermənistana ən azından siyasi təzyiq etməli və ya sanksiyalar barədə düşünməlidirlər. Lakin bu gün reallıq tamamilə başqa cürdür. Qərbin səmimiyyətinin ikili standartlarla müşayiət olunması onun Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstək niyyətinin, əslində, imitasiyadan başqa bir şey olmadığını göstərir.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan. - 2014.- 7 avqust.- S. 6.