Qubadlı şəhidləri yad edildi

 

Sumqayıtdakı «Şəfa» sanatoriyasının mərasim evində Qubadlı RİH – nin təşkilatçılığı ilə 6 avqust 1992-ci ildə ölməzlik zirvəsinə yüksəlmiş 12 nəfər şəhidin anım mərasimi keçirilmişdir.

Mərasim öncəsi tədbir iştirakçıları Sumqayıt Şəhidlər Xiyabanına gələrək vətən yolunda canında keçən oğul qızlarımızın məzarlarını ziyarət etdilər, səhid qəbirlərinin üstünə tər çiçək dəstələri düzdülər, onların ruhuna dualar oxudular.

Qubadlı məcburi köçkünlərinin məskunlaşdığı «Şəfa» sanatoriyasının mərasim evində ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin müqəddəs ruhu bir dəqiqəlik sükutla yad edildi. Daha sonra qubadlılı şəhidlərin keçdiyi ömür yolundan bəhs edən sənədli videomateriallar nümayiş etdirildi. Şəhidlərin sağlığında lentə alınmış görüntülərdə ürəkləri həyat eşqi ilə çırpınan, böyük arzularla yaşayan  gənc döyüşçülərin nikbin, cəsur fikirləri zalda toplaşanların qəlbində şəhidlərə bir daha rəğbət oyatdı.

Anım mərasimində çıxış edən Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov bildirdi ki, artıq tarixə çevrilən həmin günlər hamımızın yaxşı yadındadır. Azğın ermənilər kəndlərimizə hücum edir, günahsız insanları qətlə yetirirdilər. Beş il qubadlılılar Ermənistandan Qarabağa - Şuşaya, Xankəndiyə, Laçına gedən yolu qorudular. Düşmən tərəfdən nəinki ağır texnika, heç minik maşını da bu yoldan keçə bilmədi. Məqsədlərinə çata bilməyən erməni faşistləri ölkədəki xaosdan ictifadə edərək,  geniş miqyaslı hucumlara başladı, Qubadlıya hər tərəfdən zərbələr endirdi. Biz düşmənlə mətinliklə döyüşdük,  238 nəfər şəhidlik zirvəsinə ucaldı. 200 nəfərdən artıq sakin ağır yaralandı. Döyüşlərdə 316 nəfər  əlil olmuş, 100 dən artıq sakinimiz itgin düşmüşdür.

M.İsaqov vurğuladı ki, torpaqlarımızın müdafiəsi zamanı rayonun Qaracallı  kənd ərazi nümayəndiliyinin sakinləri böyük fədakarlıq göstərmişlər. Təkcə bir döyüşdə – 1992-ci ilin 6 avqustda  Laçın rayonunun Qızartı Susuzdağ yüksəklikləri uğrunda gedən döyüşlərdə şəhid olan 12 nəfərin 8-i Qaracallı  kəndindəndir. Həmin döyüşdə göstərdikləri rəşadətə görə onlardan 4 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Qeyd edildi ki, üstündən neçə il keçməsinə baxmayaraq qubadlılar həmin anları unutmur, döyüşçülərinin şücaətlərini ehtiramla xatırlayırlar. Şəhid ailələrinə qayğı daim dövlət başçısının diqqət mərkəzindədir. Son illər respublikamızda şəhid ailələrinin sosial müdafiəsinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlər buna bariz nümunədir.

Mərasimdə şəhidlərin ailə üzvləri, döyüş yoldaşları  çıxış edərək ölkə başçısına minnətdarlıqlarını bildirdilər. Onlar Ali Baş Komandanın əmri ilə həmin ərazilərin düşmən tapdağından azad edilməsi uğrunda savaşa hazır olduqlarını vurğuladılar.

Tədbirdə vətən yolunda, torpaqlarımızın işğalçılardan təmizlənməsi uğrunda şəhidlik zirvəsinə ucalan igidlərin qəhrəmanlıqları sadalandı, onları şücaətinə həsr edilmiş şerlər səsləndirildi. Anım mərasimi rayon məktəblilərinin hazırladıqları ədəbi-bədii kompozisiya ilə başa çatdı.

 

Akif ƏLİYEV

 

Azərbaycan. - 2014.- 7 avqust.- S. 6.