Vətən yolunda şəhid olanların xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq

 

Xəbər verildiyi kimi, Ermənistan Respublikasının silahlı qüvvələrinin son günlər cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozaraq Silahlı Qüvvələrimizin mövqelərinə basqını zamanı döyüşlərdə həlak olmuş hərbi qulluqçular müdafiə naziri, general-polkovnik Zakir Həsənovun 2014-cü il 3 avqust tarixli əmri ilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif ediliblər.

Müdafiə nazirinin əmri ilə təltif olunanlar arasında əsgər Qarazadə Anar Vidadi oğlu da vardır. 

Avqustun 6-da  şəhidin doğulduğu Biləsuvar rayonunun Nərimankənd kəndində medalın təqdim edilməsi ilə  bağlı mərasim keçirildi.

Müdafiə Nazirliyinin, rayon ictimaiyyəti nümayəndələrinin və kənd camaatının iştirak etdikləri mərasimdə şəhid Anar Qarazadənin qısa və mənalı ömür yolundan ətraflı söhbət açıldı.

Bildirildi ki, Anar Qarazadə  Nərimankənd kəndində dünyaya göz açsa da, şərəfli ölümü ilə bütün Azərbaycanın övladı oldu. Bu günlər onun keçdiyi döyüş yolu hamı üçün nümunəyə çevrilib. Qeyd olundu ki, yağı düşmənə layiqincə cavab verən Anar canını səcdəgahı saydığı Vətənə qurban verməklə şəhidlik zirvəsinə ucaldı, həmişəyaşarlıq qazandı.

Mərasimdə iştirak edən  Müdafiə Nazirliyinin mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsi rəisinin müavini, polkovnik Abdulla Qurbani igid döyüşçü Anar Qarazadənin ölümündən sonra təltif olunduğu "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı şəhidin atası Vidadi Qarayevə təqdim etdi.

Medalı qəbul edən şəhidin ailə üzvləri, kənd sakinləri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə minnətdarlıqlarını bildirərək şərəfli ölümü ilə milyonların övladına çevrilən milli ordumuzun əsgəri Anar Qarazadə ilə fəxr etdiklərini söylədilər.

 

Azərbaycan. - 2014.- 7 avqust.- S. 6.