Atçılığa münasibət kökündən dəyişdirilməlidir

 

Ötən ilin dekabr ayında Bakıda UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin səkkizinci sessiyası keçirildi. Dünya bilicilərinin iştirak etdiyi bu mötəbər tədbirdə Azərbaycanda geniş yayılmış çövkən atüstü idman oyununun UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Mədəni İrs Siyahısına daxil edildiyi elan olunmuşdu. Elimizin milli ənənəsi ilə bağlı olan çövkən oyununun dünya səviyyəsində tanınması müstəqil Azərbaycanın beynəlxalq aləmdəki böyük nüfuzundan bir daha xəbər verir.

Ölkəmizdə atçılığın tarixi çox qədimdir. Herodot və Strabonun əsərlərində qeyd olunur ki, qədim Alban dövlətində atçılıq geniş inkişaf etmiş, böyük şöhrət qazanmışdı. Tarixçi alim R.Səttarzadə isə yazır: "Azərbaycan at cinsləri qədimdən xalq seleksiyası, sonralar bəzi Şərq atları qanının qarışdırılması nəticəsində formalaşıb. Bura Qarabağ atı, Dilboz atı, Quba Yorğası və Şirvan atı daxildir".

Kəndli məişətinin dayağı, məğrur kişilərin vüqarı, atüstü milli oyunların iftixarı, süvarilərin gücü-qüvvəti olan atlar ölkəmizin əvəzsiz sərvəti sayılırdı. Çövkən oyunu hələ min illər bundan əvvəl Azərbaycan torpağında geniş yayılmışdı. On birinci əsrin ədəbi yadigarı olan "Qobusnamə"də çövkən oyununun faydası və qaydaları haqqında ayrıca fəsil verilmişdi. Tarixin yaddaşında belə bir fakt da yaşayır: ötən əsrin əvvəllərində Böyük Britaniyanın kraliçasına Qarabağ cinsli "Zaman" adlı kəhər bağışlanmışdı. Azərbaycan atları beləcə böyük şöhrət qazanıb. Rəsmi sənədlərdə deyilir ki, hazırda dünya üzrə 260 cins atın ikisi Azərbaycana məxsusdur.

Bunlar Dilboz Qarabağ atlarıdır.

Dilboz atları əsasən Qazax bölgəsində bəslənilir. Minik-qoşqu tipli atlardır. Qədim Qazax mahalında ardıcıl xalq seçməsi yolu ilə yetişdirilib. Tədricən qonşu Tovuz, Şəmkir, Borçalı bölgələrinə, hətta Şəki mahalına da yayılıb. Qarabağ cinsi kimi, Dilboz atları da ölkənin qızıl fondu hesab edilir. El arasında deyirlər ki, Dilboz atları Qazağın Xanlıqlar kəndində Dilbazların nəslinin tövlələrində ardıcıl seçmə yolu ilə yetişdirilib. Bu işdə Allahyar bəy Zülqədirli sülaləsinin də böyük rolu olub. Dilboz cinsinin, daha doğrusu, Dilboz adının yaranma tarixi Nadir şah Əfşar dövrünə təsadüf edir. Rəvayətə görə, uğurlu döyüşdən qayıdan Nadir şah indiki Xanlıqlar kəndinin yaxınlığında dincəlirmiş. Burada ona qulluq göstərən çox zirək, dilli-dilavər Əli adlı şəxsi şah sorğu-suala tutur, qazaxlı gəncin hazırcavab və ağıllı olması diqqətini cəlb edir. Əlidən xoşlanan hökmdar ona öz ilxısından bir erkək və bir dişi at verilməsini əmr edir. Qazax atları ərəb və Qarabağ cinsləri ilə cütləşdirilir. Deyirlər ki, on doqquzuncu yüzillikdə Qazax qəzasında iyirmi mindən cox seçmə at var idi.

Elə bu baza əsasında 1933-cü ildə Ağstafa Atçılıq Zavodu yaradılıb. Məqsəd təmizqanlı ingilis atları ilə rəqabət apara biləcək atlar yetişdirmək idi. Təzə zavod öz təbii şəraitinə görə əlverişli sahə sayılan Böyük Kəsikdə yerləşirdi. İllər boyu uğurlu fəaliyyət göstərib.

Burada yetişdirilən "Qranuzov" ləqəbli ayğırın balaları Tbilisidə və Almatıda keçirilən yarışlarda birinci yerləri tutaraq yüksək prizlər və mükafat qazanmışdı. Digər ayğır - "Rubulnir"in balaları da iki, üç və beş yaşlarında Almatıda ümumittifaq yarışında birinci yerləri tutmuşdur. "Sarov" ləqəbli ayğırın balaları da yüksək göstəricilərə nail olmuşdu. İctimai bölmədə atçılığın təməl daşını qoyan məşqçilərdən Şirin Kazımovun, Əli Tağıyevin, Yasin İsmayılovun, Vəli Kazımovun, İsa Süleymanovun, məşqçi Nizami İsgəndərovun böyük əməkləri qeyd olunmalıdır.

1949-cu ildə atçılıq briqadiri Əsgər Eminov nümunəvi xidmət hesabına yetmiş madyanın hərəsindən bir bala aldığı üçün ona Sosialist Əməyi Qəhrəmanı adı verilmişdi. Bu, həmin Əsgər Eminovdur ki, Bakı cıdır meydanında çempion adını qazananda xalq şairi Səməd Vurğun onu bağrına basaraq qolundakı qızıl saatı hədiyyə etmişdi.

Bir-birinin ardınca gələn qələbələrdən ruhlanan çaparlar "Piyalə" və "Ox", "Baharbənd", "Yaylıq", "Sür, papaq", "Gərdək qaçırmaq" oyunlarına geniş meydan açdılar. Respublikanın qərb bölgəsində atçılıq idmanı sürətlə inkişaf etməyə başladı. Hələ 1958-1959-cu illərdə yeni üzə çıxan atüstü milli oyunların bir hissəsi Gəncə şəhərində nümayiş etdirildi. 1960-cı ilin may ayında ilk dəfə olaraq qərb bölgəsinin bir neçə kənd komandası arasında çövkən yarışı keçirildi. Bir ildən sonra "çövkən" yığma komandası Bakı cıdır meydanında respublika komandasına 2:1 hesabı ilə qalib gəldi. "Çövkən" Moskvada keçiriləcək yarışlarda iştirak etmək hüququ qazandı. 1951-ci ildə atçılıqda əldə edilən nailiyyətlərə görə respublikamıza SSRİ Nazirlər Sovetinin keçici qırmızı bayrağı verildi. Sonrakı ildə çaparlarımız Moskva, Kiyev, Pyatiqorsk, Tbilisi, Rostov, Daşkənd şəhərlərində və başqa yerlərdə keçirilən yarışlarda uğurla çıxış etdilər.

1967-ci ilin sentyabr ayında Moskva yarışında təcrübəli çapar Fikrət Hüseynovun komandası böyük uğur qazandı. Ümumittifaq atüstü xalq oyunlarının baş hakimi, Sovet İtiffaqı marşalı S.M.Budyonnı hünərvər çapara təbrik məktubu yolladı. Məktubda deyilirdi: "Çox hörmətli Fikrət Hüseynov! Qədim Azərbaycan xalq oyunlarının tədqiqi və bərpası uğrunda çəkdiyiniz zəhmət təqdirəlayiqdir. Sentyabr ayında Moskva cıdır meydanında keçirilən atüstü xalq oyunları üzrə yarışlarda azərbaycanlı igidlərin yüksək qələbəsi - birinci yeri tutması Sizin gərgin əməyinizin bariz nümunəsi kimi yadda qalacaqdır. Şəxsən sizi və Azərbaycanın yığma komandasının üzvlərini ürəkdən təbrik edirəm". Sonrakı illərdə də Gəncəbasar çaparlarının müəyyən uğurları olmuşdur.

Dilboz atçılıq təsərrüfatının direktoru Zəlimxan Gülalıyev bu yerlərə şöhrət gətirən, lakin bir vaxtlar laqeydlik üzündən doğma yurddan didərgin düşən atların taleyi barədə belə dedi:

- Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda oxuyarkən (indi Aqrar Universitet) təsadüfən əlimə bir qəzet keçmişdi. Həmin qəzetdə Qazaxın Dilboz atları haqqında hələ Böyük Vətən müharibəsi illərində respublika Mərkəzi Komitəsinin verdiyi bir qərar diqqətimi cəlb etdi. Qərarda deyilirdi ki, alman faşistlərinin Qafqaza yaxınlaşması ilə əlaqədar olaraq Dilboz cinsli atların qorunması məqsədilə onlar respublikanın mərkəzi rayonlarından birinə köçürülsün və müharibədən dərhal sonra həmin atlar öz yerlərinə qaytarılsın. Atçılıq mütəxəssisi olmaq arzusu ilə yaşadığıma görə bu qəzeti saxladım ki, haçansa lazım ola bilər. Sonralar Ağstafa Atçılıq Zavodunda direktor işlədiyim zaman həmin qərarın icrası ilə maraqlandım. Öyrəndim ki, otuzuncu illərdə Ağstafa zavodu yarananda Dilboz atlarını aparıb Şəki rayonundakı Daşüz camışçılıq sovxozuna təhvil veriblər. Qərarın bir hissəsinə əlüstü əməl olunsa da, ikinci bəndi, atların geri qaytarılması məsələsi nədənsə yaddan çıxmışdı. Müharibədən neçə il keçsə də, həmin atlar hələ də öz "vətəninə" qaytarılmamışdı.

Bu məsələ məni çox narahat edirdi. Ona görə də müxtəlif təşkilatlara ayaq döydüm. Heç bir maneə, laqeydlik məni fikrimdən daşındıra bilmədi! Çox get-gəldən sonra kənd təsərrüfatı nazirliyinin köməyi ilə Şəkidən on baş Dilboz atını alıb gətirə bildim. Bununla da 1997-ci ildə rayonumuzda yeni bir dövlət təsərrüfatı - Ağstafa Dilboz atçılıq müəssisəsi yaradıldı.

Həmin vaxtdan illər keçir. Təsərrüfatımız xeyli dirçəlib. Dilbozların şöhrəti qismən də olsa qaytarıldı. İlk uğur 2005-ci ilin dekabrında - ulu öndər Heydər Əliyevin xatirə günü münasibətilə Bakı cıdır meydanında keçirilən yarışlarda qazanıldı. Həmin yarışda 31 at iştirak edirdi. Bizim də "Patron" və "Səfir" adlı atlarımız seçilmişdi. Hər iki atımızın qaçışı mütəxəssisləri də, idmançıları da heyrətləndirdi. Hər iki at bu çətin məsafəni qətiyyətlə dəf edərək birinci və ikinci yerləri tutdu. Beləliklə, uzun illərdən sonra tilsim qırıldı.

Növbəti qələbə 2007-ci ildə möhtərəm Prezident İlham Əliyevin ad günü şərəfinə Şəki şəhərində keçirilən "Prezident kuboku" uğrunda yarışda oldu. "Marafon-45" adlanan atüstü turizm yürüşünə Dilboz cinsindən olan altı seçmə at çıxarmışdıq. Dilbozlara arxayın idik. Onlarla xeyli vaxt Bakı cıdır meydanında təlim- məşqləri keçirilmişdi. Məşqçimiz Şəmsəddin Atayev çaparlarla ciddi məşğul olur, atlarla davranmağın üsullarını dönə-dönə öyrədirdi.

Gərgin zəhmət öz bəhrəsini verdi. 45 kilometrlik marafon yürüşündə "Sərin" ləqəbli atla Ülviyyə Əliverdiyeva birinci yerə çıxdı. Onun arxasınca komandamızın digər üzvləri - Şamxal Əhmədov öz "Nabor"u, Emin Atayev "Səfir"i, İlqar Məmmədov "Nabran"ı, Kənan Balagözov "Nikkel"i, Tofiq Qasımov isə "Sadiq"i ilə mənzil başına çatdılar. Beləliklə, idmançılarımız birinci yerə çıxaraq Prezident kubokuna layiq görüldülər. Məsul yarışlarda əsl əzmkarlıq nümayiş etdirən çaparlarımız milli çövkən oyunu üzrə respublika çempionu oldular".

At muraddır, - deyərlər. Atın faydası hamıya bəllidir. Azərbaycan məişətinin, mərdliyinin, qeyrət və qüdrətinin arxası, dayağı sayılan atçılıq ötən əsrin doxsanıncı illərində nədənsə diqqətdən kənarda qalmışdı. İctimai təsərrüfatlar dağıldıqca atlar da tədricən yoxa çıxdı. Ən qəribəsi budur ki, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda atçılıq fakültəsi ləğv olundu. Hər sahədə atçılığa münasibət kökündən dəyişildi. Yalnız ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra ümumən atçılığın inkişafına, eləcə də atüstü oyunlara yeni həyat verildi.

2007-ci ildə "Atçılıq haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul olundu. May ayının 22-də Prezident İlham Əliyev "Atçılıq haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" fərman imzaladı. Atçılıq haqqında qanunvericiliyin məqsədi seleksiya- damazlıq işinin yaxşılaşdırılması, milli at cinslərinin və beynəlxalq genofonda daxil olan at damazlıq özəklərinin qorunub saxlanması, eləcə də yüksək keyfiyyətə və qiymətli irsi əlamətlərə malik cins atların yetişdirilməsi və təkmilləşdirilməsi üçün hüquqi zəmin yaratmaqla ölkədə atçılığın inkişafına nail olmaqdır.

Hazırda ölkəmizin bir neçə damazlıq təsərrüfatında cins atlar yetişdirilir: Ağstafa və Şəkidə Dilboz atları, Bərdə rayonunun Lənbəran qış otlaqlarında Qarabağ atları saxlanılır. Ağcabədinin Şahsevən kəndində, demək olar, hər ailədə at bəslənilir, könüllülərdən ibarət "Şahsevən" komandası müxtəlif yarışlarda fəal iştirak edir, mükafata layiq yerlər tutur. (Heyif ki, bu hünərvər komandanın atçılıq bazası yoxdur). Ümumən son vaxtlar fiziki və hüquqi şəxslər atçılığa böyük maraq göstərirlər. Onlar xaricdən təmizqanlı atlar alaraq respublikaya gətirir və onları şəxsi təsərrüfatlarında bəsləyirlər. Məsələn, Binə ərazisində yerləşən "Jokey" klubu yüksək tələblərə cavab verən atları yetişdirib yarışlara çıxarır. Novxanıda sərhədçi atçılıq klubunda sərhəd qoşunları üçün "Günay" atçılıq təsərrüfatında isə sırf idman atları yetişdirilir.

Təəssüflə deməliyik ki, bütün bunlara baxmayaraq, Qazax bölgəsində atçılığa münasibət ciddi narahatlıq doğurur. Xüsusən Ağstafa atçılıq təsərrüfatının vəziyyəti daha dözülməzdir. Neçə vaxtdır ki, müəssisə irəliləmək əvəzinə günü-gündən geri gedir. İşçilərə əməkhaqqı verilmir, müxtəlif təşkilatlara borclar aybaay artır. Ən qəribəsi budur ki, Ağstafa südçülük kompleksinin təşkili ilə əlaqədar olaraq zavodun xeyli torpaq sahəsi qeyri münbit yerlərlə əvəzləşdirilib, yaxud ayrı-ayrı fiziki şəxslərə verilib. Təsərrüfatda yaranmış hərc-mərclik barədə keçən il yanvar ayının 13-də mətbuatda çıxış etmişdik. Kənd təsərrüfatı nazirliyindən və Ağstafa Rayon İcra Hakimiyyətindən alınan cavablarda məqalədə qeyd olunan faktlar etiraf edilirdi.

Cavablarda deyilirdi ki, dövlət atçılıq müəssisələri təsərrüfat hesabı ilə fəaliyyət göstərir. Dəfələrlə müraciət olunmasına baxmayaraq, həmin təsərrüfatlara dövlət dəstəyi göstərilmir. Ağstafada atçılıq təsərrüfatının idarəetmə mexanizminin təkmilləşdirilməsi və ona maliyyə köməyinin göstərilməsi barədə Nazirlər Kabinetinə layihələr, təkliflər verilmişdir.

Aradan il yarım keçməsinə baxmayaraq bu layihələrin və təkliflərin hələ də nəticəsi yoxdur. Hələlik bəlli olan budur ki, atçılıq zavodunun direktoru Kamandar Yusifov anbardar işləyən oğlu ilə birlikdə baş-başa verərək 70 tondan çox otu satmış, yüzlərlə qoyun-quzunu tələf etmiş, baxımsızlıq ucundan mövcud texnika yararsız hala düşmüşdür. Bütün bunlara görə K.Yusifov və oğlu tutduqları vəzifələrdən azad edilmiş, Ağstafa Atçılıq Zavodu isə Qazaxdakı Dilboz təsərrüfatı ilə birləşdirilmişdir. Bu dəyiş-düyüşün ilkin nəticəsi barədə nə demək olar? Keçən il Ağstafadan gedən atlar Şəki şəhərində keçirilən yarışlarda müəyyən uğurlar əldə etmişdisə, cari ildə onlar yarışdan əliboş qayıtmışlar.

Qazax-Ağstafa bölgəsində atçılığın vəziyyəti və ona münasibət bax belədir. Xüsusən çövkən oyununun UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına salındığı bir vaxtda atçılığa bu cür yarıtmaz münasibət ciddi təşviş doğurur.

 

Əhməd İSAYEV

 

Azərbaycan. - 2014.- 3 avqust.- S. 5.