Məcburi köçkünlər dövlət qayğısından razıdırlar

 

Ağdamda yeni istifadəyə verilən 18-ci qəsəbədə 632 məcburi köçkün ailəsi yaşayacaq

 

Azərbaycan Respublikasının müstəqilliyinin bərpasından sonra keçdiyi tarixi yola, görülən işlərə qısa nəzər salsaq, ötən dövrün nə qədər siyasi, iqtisadi hadisələrlə zəngin olduğunu, dövlət quruculuğunun möhkəmləndirilməsində, xalqın rifah halının yaxşılaşdırılmasında qətiyyətli, sistemli addımlar atıldığını görərik.  Məhz bu inkişafın nəticəsidir ki, son illər dövlətimiz öz daxili resursları üzərində güclü iqtisadi zəmin yaratdı. Buna görə də xalqımız gələcəyə nikbinliklə baxır. Çünki  Azərbaycan bu gün regionun lider dövləti, Cənubi Qafqazda  isə investisiya kredit reytinqi qazanan ilk respublikadır. Bütün bu uğur və nailiyyətlər, təbii ki, xalqımızın və dövlətimizin bir nömrəli probleminə çevrilmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət nəticə verəcəyinə əminlik yaradan amillər kimi də səciyyəvidir.

Münaqişənin illərlə öz həllini tapmamasında maraqlı olan təcavüzkar Ermənistan işğalçılıq siyasətini davam etdirməkdə, beynəlxalq birlik isə buna göz yummaqdadır. Münaqişənin beynəlxalq norma və prinsiplərə əsasən sülh siyasəti ilə nizamlanmasında tərəflər arasında vasitəçilik missiyası daşıyan  ATƏT-in Minsk qrupunun fəaliyyətinin ürəkaçan olmaması birmənalı şəkildə  problemə ikili yanaşmanın hələ də davam etməsi kimi qiymətləndirilir.

Münaqişə öz  müsbət həllini tapana kimi Ermənistanın təcavüzkarlığının qurbanlarına çevrilmiş insanların həyat şəraitinin yaxşılaşdırılması onlara Azərbaycan dövlətinin diqqət və qayğısıdır. Son  on ildə bu istiqamətdə həyata keçirilən tədbirlər bunu bir daha təsdiqləyir.

Qeyd edək ki, son on ildə 380  min əmək qabiliyyətli məcburi köçkündən 161 min nəfəri büdcə təşkilatlarında və digər sahələrdə daimi, 200 min nəfəri isə müvəqqəti işlə təmin olunub. Ötən il bir nəfər məcburi köçkünə xərclənən vəsaitin həcmi təxminən 1100 manat olub ki, bu da dünyanın digər münaqişə zonaları ilə müqayisədə ən yüksək göstərici olmaqla, 2003-cü ildəkinə nisbətən 9 dəfə çoxdur.

1993-2013-cü illərdə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə 4,3 milyard manat həcmində vəsait sərf olunub. Məhz bunun nəticəsidir ki, məcburi köçkünlər arasında yoxsulluq həddi son on ildə 75 faizdən 15 faizədək azalıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə dövlət büdcəsindən ayrılmış vəsait hesabına məcburi köçkünlərə aylıq yemək xərci üçün verilən müavinətin miqdarı 3,6 dəfə artırılaraq, ötən ilin avqust ayından 18,1 manata çatdırılıb.

 O da qeyd edilməlidir ki, Azərbaycan  Prezidenti İlham Əliyevin istər  xarici ölkələrin və beynəlxalq təşkilatların rəhbərləri ilə 800-dən çox müxtəlif tədbirlərdə,  istərsə də qaçqın və məcburi köçkünlərlə bağlı 30 dəfədən artıq keçirdiyi görüşlərdə, o cümlədən yeni salınmış qəsəbə və məhəllələrin açılışında qətiyyətlə söylədiyi fikirlər Ermənistanın təcavüzü nəticəsində doğma yurd-yuvasından  didərgin salınmış insanlarda sabaha, o yerlərə qayıdışa böyük inam hissini gücləndirib.

Son günlər Ermənistan işğalçı qüvvələrinin cəbhə xəttində atəşkəsi pozaraq mövqelərimizə göstərdiyi həmlələrin qarşısının Azərbaycan ordusu tərəfindən qətiyyətlə alınması və düşmən tərəfin böyük itkilər  verərək geri çəkilməsi yurd-yuvasından didərgin düşmüş məcburi köçkünlərimizin ümidlərini bir daha cücərtdi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Ağdamdakı  "N" saylı hərbi  hissədə, sərhəddəki əsgər və zabitlərimizlə görüşməsi düşmən tərəfin təlaşına, məcburi köçkünlərimizin isə sevincinə  səbəb olub.

Ali Baş Komandan təmas xəttindəki vəziyyətlə tanış olarkən bir daha Azərbaycan ordusunun düşmənə hər an layiqli cavab verməyə hazır, işğal altında qalan torpaqlarımızı azad etməyə qadir olduğunu bəyan etdibunu yüksək qiymətləndirdi: "Azərbaycan ordusunun peşəkarlığı, döyüş qabiliyyəti artır. Azərbaycan əsgər və zabitləri vətənə ləyaqətlə xidmət edirlər, öz vətənlərinə sadiqdirlər".

Münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində  həllinin mümkünlüyünə toxunan Ali Baş Komandan bir daha düşmən tərəfə ciddi xəbərdarlıq mesajı verdi: "...Bu gün düşmən panikadadır, isterikadadır. Biz bunu bilirik. Bizim kifayət qədər imkanlarımız var ki, qarşı tərəfdə nələr baş verdiyini bilək. Biz tam şəkildə hərbi və mənəvi üstünlüyü əldə etmişik... Biz öz torpağımızdayıq. Bir həftə  bundan əvvəl  həlak  olmuş şəhidlərimiz öz torpağında şəhid olmuşlar. Sual olunur: erməni əsgərinin - işğalçı qüvvələrin əsgərlərinin Ağdam ərazisində nə işi var? Bu gün Ermənistanın faşist rəhbərliyi, hərbi xunta öz ölkəsini uçuruma aparır. Onlar bizim torpaqlarımızı işğal ediblər, eyni zamanda, bütün Ermənistanı işğal ediblər. Erməni xalqı kriminal, korrupsioner rəhbərlikdən öz canını qurtarmalıdır. Əks təqdirdə Ermənistanı böyük fəlakətlər gözləyir. Əgər Ermənistan faşist dövləti öz çirkin əməllərindən əl çəkməsə, erməni dövlətinin mövcudluğu sual altına düşə bilər".

Dövlət başçısının  qeyd etdiyi  kimi, son həftə ərzində təmas xəttində baş verənlər  göstərir ki, Azərbaycan dövləti işğal altındakı torpaqlarımızı azad etmək istiqamətində istənilən varianta hazırdır: "Necə ki, siyasiiqtisadi meydanda ermənilərə qalib gəlmişik, döyüş  meydanında da onlara qalib gəlməyə qadirik".

Azərbaycan Prezidenti İlham Əliyev Ağdam rayonunda 632 məcburi köçkün ailəsi üçün salınan yeni qəsəbənin açılışında iştirak edərkən bir daha düşmənin təcavüzkar siyasətinə son qoyulacağına, doğma yer-yurdlarından qovulmuş insanların  pozulmuş hüquqlarının bərpa olunacağına əminlik yaratdı və onların sosial-məişət problemlərinin həlli istiqamətində bundan sonra da işlərin davam etdiriləcəyini, hər bir  məcburi köçkünün öz doğma kəndlərində, şəhərlərində yaşamaq arzusunda olduğunu bildirdi: "Əminəm ki, o gün də gələcəko günü yaxınlaşdırmaq üçün əlimizdən gələni edirik. Son illər ərzində 80-dən çox qəsəbə tikilmişdir. Azərbaycan dövləti bundan sonra da məcburi köçkünlərin problemlərinin həlli üçün addımlar atacaqdır. Hazırda  məcburi köçkünlərdən 190 mini yeni evlərə, mənzillərə köçürülübdür. Ağdam rayonunda isə bu qəsəbə sayca 18-cidir. Artıq yeni tikilmş 17 qəsəbədə vətəndaşlar yaşayır. Ağdam rayonunun əhalisi indi 190 min nəfərdir. Onlardan 90 mini artıq Ağdam rayonunda məskunlaşmışdır".

Şəhid anası Məryəm Cəfərovanın həmin görüşdə söylədiyi fikirlərdə də bu savaşda haqqın qalib gələcəyinə bir daha əminlik ifadə olundu. Əlbəttə, bu əminlik dövlət başçısı İlham Əliyevin atdığı hər bir addımdan, apardığı sosial-iqtisadi, həmçinin hərbi inkişafa  hesablanmış siyasətdən,  eləcə də qətiyyətlə söylədiyi fikirlərdən qaynaqlanır: "Münaqişənin həlli qaçılmazdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Dağlıq Qarabağda, Şuşada, Xankəndidə, işğal edilmiş digər torpaqlarda Azərbaycan bayrağı qaldırılacaqdır".

Yerləşdiyi  geosiyasi məkanda yüksək mövqeyə malik olan Azərbaycan artıq həm də beynəlxalq amilə çevrilib. Bu  isə münaqişənin tezliklə ədalətli həllində Ermənistana çox ciddi siqnaldır.

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan. - 2014.- 9 avqust.- S. 1.