Belarus nümayəndə heyəti Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında olub

 

Belarus Dövlət İdarələri İşçiləri Həmkarlar İttifaqının nümayəndə heyəti Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) olub.

Konfederasiyadan AzərTAc-a verilən məlumata görə, AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev qonaqları salamlayaraq hər iki ölkənin həmkarlar ittifaqı təşkilatları arasındakı sıx əməkdaşlıq əlaqələrinin inkişaf etməsindən məmnunluğunu bildirib.

Görüşdə qeyd olunub ki, bu əlaqələrin daha da genişlənməsi və möhkəmlənməsi təkcə iki ölkənin deyil, həm də beynəlxalq həmkarlar ittifaqı hərəkatının daha da qüdrətlənməsi yolunda atılan mühüm addımdır. Bir müddət bundan əvvəl Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının nümayəndə heyətinin Belarusa səfəri müvafiq qurumlar arasında əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verib. İndi isə Belarus nümayəndə heyətinin ölkəmizə səfəri bu istiqamətdə atılmış daha bir addım kimi səciyyələndirilə bilər.

Qonaqlar səfər çərçivəsində Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçilərinin Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən “Ülfət” istirahət kompleksi ilə tanış olub, Qubadakı Soyqırımı Memorial Kompleksini ziyarət edib, Qusarda yerləşən Şahdağ Qış-Yay Turizm Kompleksinə gediblər.

 

Azərbaycan. - 2014.- 9 avqust.- S. 4.