Soçi görüşündə Azərbaycan tərəfi işğal olunmuş torpaqlardan erməni silahlı qüvvələrinin qeyd-şərtsiz çıxmasının ən mühüm şərt olduğunu bəyan etdi

 

Prezident İlham ƏLİYEV: "Ümid edirik ki, biz ən yaxın vaxtda danışıqlar yolu ilə, sülh yolu ilə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun ədalətli həlli tapacağıq"

 

Prezident İlham Əliyevin son on illik hakimiyyət dövrü xarici siyasətdə fəallığın, intensivliyin və səmərəliyin artması ilə yadda qalmış, Azərbaycan bölgədə müşahidə olunan neqativ geosiyasi dəyişiklik meyillərinə kifayət qədər rasional və təmkinli münasibət göstərmişdir. Ermənistanın dünya miqyasında təcavüzkar dövlət kimi tanınmasına nail olmaq və Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, dünya siyasətini istiqamətləndirən böyük dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək dövlət başçısı İlham Əliyevin xarici siyasətinin prioritet məqsədləri sırasında xüsusi vurğulana bilər. Aparılan uğurlu diplomatiya nəticəsində artıq beynəlxalq təşkilatlar haqqın və ədalətin Azərbaycanın tərəfində olduğunu etiraf edir, Ermənistanı təcavüzkar dövlət kimi tanıyırlar.

İşğal faktı ilə barışmayacağını hər zaman bəyan edən Azərbaycan danışıqların sonadək nəticəsiz qalacağı təqdirdə münaqişənin həllində güc yoluna əl atacağını gizlətmir. Söhbət ondan gedir ki, Ermənistan və Azərbaycan arasında 1994-cü il mayın 12-də atəşkəs rejiminin tətbiqini nəzərdə tutan Bişkek müqaviləsinin imzalanmasından 20 il keçsə də, Yerevanın qeyri-konstruktiv, təcavüzkar siyasəti üzündən beynəlxalq birliyin münaqişəni dinc yolla tənzimləmək cəhdləri hələ ki fayda verməyib. Ötən illərdə ATƏT-in Minsk qrupunun həmsədrlərinin (ABŞ, Fransa, Rusiya) vasitəçiliyi ilə aparılan gərgin danışıqlar prosesi bir neçə dəfə problemin real həlli müstəvisinə yönəlsə də, Ermənistan rəhbərliyinin aşkar siyasi cığallığı və qətiyyətsizliyi üzündən sülhə gəlmək mümkün olmayıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq səviyyəli müzakirələrin son vaxtlar yenidən intensivləşməsi müşahidə olunur. Aşkar görünür ki, dünyada baş verən mühüm geosiyasi dəyişikliklər fonunda Cənubi Qafqazdakı münaqişə ocaqlarının söndürülməmiş qalması ümumi siyasi mənzərəyə mənfi təsir göstərməklə yanaşı, bölgədə iqtisadisiyasi maraqları olan dövlətlərin mənafelərini ciddi şəkildə təhdid edir. Münaqişənin həlli məsələsinin regional müstəvidən çıxaraq beynəlxalq səciyyə daşıması da məhz bu amillə şərtlənir. Azərbaycan danışıqlar prosesində ədalətli, prinsipial və beynəlxalq hüquqa əsaslanan  mövqe nümayiş etdirir. Bu dəyişməz mövqeyi Prezident İlham Əliyev xarici ölkələrə səfərlərində, eləcə də ölkəmizə gələn nüfuzlu beynəlxalq təşkilatların və dövlətlərin rəhbərlərinin diqqətinə dəfələrlə çatdırıb. Rəsmi Bakı istənilən beynəlxalq gərginlik və münaqişənin ayrı-ayrı dövlətlərin siyasi iddiaları, "ikili standartlar" əsasında deyil, məhz aparıcı beynəlxalq təşkilatların qərar və qətnamələri əsasında həllinin tərəfdarı kimi çıxış edir.

Avqustun 10-da Soçi şəhərində "Boçarov Ruçey" iqamətgahında Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan prezidenti Serj Sarkisyanın birgə görüşü də maraqlı məqamları ilə diqqəti cəlb etdi. Prezidentlər əvvəlcə təkbətək, ardınca isə üçtərəfli görüşdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı çoxsaylı məsələləri müzakirə etdilər. Dövlət başçıları münaqişənin dinc yolla tənzimlənməsinə  yönəlmiş səyləri dəstəkləyərək sülh prosesinin intensivləşdirilməsi məqsədilə işlərin davam etdirilməsini vacib sayıblar. Doqquz aydan sonra ölkə rəhbərləri səviyyəsində birbaşa təmasların bərpa olunması Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesinə öz müsbət təsirini göstərəcək.

Soçi görüşündə Rusiya tərəfinin mövcud status-kvonun tezliklə, sülh və danışıqlar yolu ilə aradan qaldırılmasına maraqlı göründüyü aydın sezildi. Ermənistan prezidentinin isə danışıqlarda ənənəvi ampluasında qalaraq uğursuz arqumentlərlə çıxış etməsi onu bir daha gülünc vəziyyətə saldı. Azərbaycan torpaqlarının işğalı faktı və bu işğalın nəticələrinin aradan qaldırılması ilə bağlı BMT-nin məlum qətnamələri qarşısında S.Sarkisyanın irəli sürdüyü əsassız fikirlər onun "siyasi buqələmunluğundan" xəbər verdi.

Prezident İlham Əliyev bu görüşdə də öz ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə, Cənubi Qafqazda möhkəm regional sülhün bərqərar olmasına hamıdan çox çalışdığını, eyni zamanda işğal altında olan torpaqların qeyd-şərtsiz azad edilməsi ilə bağlı BMT-nin dörd qətnaməsinin yerinə yetirilməsini, qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına geri dönməsini və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının vacibliyini də əsas şərt kimi irəli sürdü. Prezident İlham Əliyev Rusiya Prezidentinin iştirakı ilə keçirilən bu formatlı görüşdə, BMT qətnamələrinə istinad edərək Ermənistanı işğalçı dövlət adlandırmış və bu dövlətin işğal olunmuş torpaqlardan qeyd-şərtsiz çıxmasının ən mühüm şərt olduğunu bəyan etmişdir. Prezident İlham Əliyev bu məsələ ilə bağlı bir daha bəyan etmişdir: "BMT Təhlükəsizlik Şurası Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Təəssüf ki, 20 ildən çox keçib, amma həmin qətnamələr hələ də kağız üzərində qalıb. Minsk qrupu həmsədrlərin şəxsində işləyir, tərəfləri yaxınlaşdırmağa cəhd göstərir, lakin bu, o qədər də yaxşı alınmır. Buna görə düşünürəm ki, Rusiya bizim yaxın dostumuz, tərəfdaşımız və qonşumuz kimi tənzimləmə prosesində, əlbəttə, xüsusi rol oynayır. Ümid edirik ki, biz ən yaxın vaxtda danışıqlar yolu ilə, sülh yolu ilə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun ədalətli həlli tapacağıq".

Azərbaycan son 20 ildə danışıqlar prosesində ədalətli, prinsipial və beynəlxalq hüquqa əsaslanan mövqe nümayiş etdirib. BMT ilə yanaşı, ATƏT-in, AŞ PA-nın, İƏT-in sənədlərində də Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı birmənalı qeyd olunub. Bütün bunlar hüquqisiyasi baxımdan xeyrimizə olsa da, reallıqda heç nə dəyişmir. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, sülh danışıqlarına sadiqdir. Ancaq işğalçı Ermənistan danışıqlar prosesində qeyri-konstruktiv mövqe nümayiş etdirir. Ölkə rəhbərliyi birmənalı şəkildə bildirib ki, sülh danışıqları nəticə verməzsə, digər vasitələrlə işğal edilmiş bütün torpaqlar azad olunacaq. Bu baxımdan da Azərbaycan ordu quruculuğu istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirir. Azərbaycan dövləti bu gün hərbi quruculuq prosesində müəyyən dövlətlərin və beynəlxalq təşkilatların mütərəqqi təcrübəsini mənimsəyir. Xüsusi vurğulamaq lazımdır ki, müdafiə məqsədilə ayrılan hərbi xərclərin ildən-ilə artması, eləcə də ölkədə hərbi təyinatlı məhsulların istehsalını həyata keçirən sənaye müəssisələrinin yaradılması da ordu quruculuğu baxımından vacib əhəmiyyətə malikdir. Azərbaycan müxtəlif xarici ölkələrdən müasir hərbi texnikalar alır, ordunun arsenalında olan bir sıra texnikaların modernləşdirilməsini həyata keçirir. Bu gün hər bir vətəndaş əmindir ki, Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında üzərinə düşən məsuliyyətli missiyanın öhdəsindən layiqincə gəlməyə, torpaqlarımızı düşmən işğalından azad etməyə tam qadirdir.

Azərbaycan rəhbərliyinin böyük uzaqgörənliklə yürütdüyü xarici syasət strategiyası ölkəmizin dünya siyasi arenasında rolunu getdikcə möhkəmləndirməkdədir. Beynəlxalq arenada ölkəmizin ildən-ilə artan nüfuzu üzləşdiyimiz bütün problemlərin milli maraqlarımıza uyğun qısa vaxt ərzində həll olunacağına əminlik yaradır.

 

Elnur HACALIYEV

 

Azərbaycan. - 2014.- 13 avqust.- S. 2.