Qafqaz Müsəlmanları İdarəsinin sədri Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanı prezident seçilməsi münasibətilə təbrik edib

 

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanı prezident seçkilərində qalib gəlməsi münasibətilə təbrik edib.

AzərTAc xəbər verir ki, şeyxülislam Türkiyə Respublikasının tarixində ilk dəfə olaraq ümumxalq səsverməsi ilə keçirilən prezident seçkilərində inamlı qələbə qazanan R.T.Ərdoğana Türkiyə dövlətinin rifahı, türk millətinin səadəti, İslam birliyi naminə fəaliyyətində uğurlar arzulayıb.

Məktubda deyilir: “Bu, Türkiyə Respublikası ilə əbədi və qırılmaz tellərlə bağlı olan Azərbaycanın da uğurudur. Sevincimiz bir, kədərimiz birdir. Qoy, Uca Allah Türkiyə-Azərbaycan qardaşlığını daimi etsin, uca nəzərini dövlətlərimizin, xalqlarımızın və dövlət başçılarımızın üzərindən əsirgəməsin!”

Qafqaz Müsəlmanları İdarəsinin sədri bütün Azərbaycan müsəlmanları adından R.T.Ərdoğana səmimi təbriklərini çatdırıb, Uca Yaradandan cansağlığı, uzun ömür və Türkiyə dövlətinin qüdrəti, türk-İslam dünyasının yüksəlişi naminə fəaliyyətində yeni uğurlar diləyib.

 

Azərbaycan. - 2014.- 13 avqust.- S.4.