Xaçmaz məktəbliləri qədim Gəncəyə doğru

 

"Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində IX-XI siniflərdə təhsil alan 40 şagirdlə Azərbaycanın dilbər guşələri olan qərb bölgəsinə yola düşürük. Məktəblilər tur-aksiyanın gedişi ilə bağlı tam təlimatlandırılıb. Bütün xərclər dövlət tərəfindən ödənilir. Olacağımız yerlərdə şagirdlərin istirahəti üçün hər cür şərait yaradılıb. Belə bir möhtəşəm tur-aksiyanın təşkilinə görə Prezident İlham Əliyevə minnətdarıq".

Bu sözləri avqustun 10-da xaçmazlı məktəblilərin bir qrupunun "Ölkəmizi tanıyaq" maarifləndirici tur-aksiyasında iştirak etmək üçün Gəncə-Göygöl-Şəmkir marşrutu üzrə yola salınması mərasimində qrupun rəhbəri, Xaçmaz Rayon Təhsil Şöbəsinin nümayəndəsi Azad Bədəlov AzərTAc-a müsahibəsində deyib.

Şagirdlərin əhval-ruhiyyəsinin yüksək olduğunu qeyd edən A.Bədəlov vurğulayıb ki, dövlət başçısının tapşırığına əsasən, həyata keçirilən tur-aksiya çərçivəsində məktəblilər dörd gün ərzində Gəncə, Göygöl, Şəmkir ilə yanaşı, yolüstü Yevlax şəhərində və Hacıqabul rayonunda da olacaqlar. Şagirdlərimiz getdiyimiz məkanların qədim tarixi, mədəniyyət abidələrini, turizm mərkəzlərini və digər görməli yerləri ilə tanış olacaqlar.

Xaçmaz rayonundakı Çarxı kənd tam orta məktəbinin IX sinif şagirdi  Cəmilə Novruzova 40 nəfərlik heyətdə yer aldığına görə çox sevindiyini bildirib: "Biz Cavad xanın timsalında azərbaycanlıların öz Vətənini necə dərin məhəbbətlə sevdiyini öyrənmişik. Qədim Gəncədə, Cavad xanın yurdunda olacağam. Bu, mənim həyatımda çox əlamətdar hadisədir".

Xaçmaz şəhərindəki 6 nömrəli orta məktəbin X sinif şagirdi Anar Nuriyev isə gedəcəkləri məkanların özünəməxsus gözəlliyinin olduğunu qeyd edərək deyib: "İlk dəfədir ki, yaşadığım rayondan kənara çıxıram. Təkcə ekskursiya edəcəyimiz şəhər və rayonlar deyil, eyni zamanda yolboyu görəcəyimiz məkanlar da mənim üçün maraq doğurur. Təşkilatçılara təşəkkür edirəm".

Tur-aksiyanın iştirakçısı, Xaçmaz şəhərindəki 2 nömrəli orta məktəbin  X sinif şagirdi Röya Xudaverdiyeva səfər ərəfəsi həyəcanlı görünür. O, fikrini belə ifadə edir: "Gəncə, Göygöl, Şəmkir, hamısı mənə doğmadır, əzizdir. Xüsusilə dahi Nizami yurdu Gəncəyə səfərimizi səbirsizliklə gözləyirəm".

 

Azərbaycan. - 2014.- 12 avqust.- S. 7.